Elektron məlumat
bazasının üstünlükləri
İnformasiya və kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
Elektron məlumat bazası Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların rəsmi mətnini özündə
əks etdirir. Qeyd edək ki, elektron baza
ABŞ Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) tərəfindən
Azərbaycan hökumətinin əməkdaşlığı
ilə 2004-2005-ci illərdə işlənib hazırlanıb.
2006-cı ilin martından Ədliyyə
Nazirliyinin sərəncamına verilib, 2009-cu ildə "Green
Yapım" MMC tərəfindən saytda və proqram təminatında
axtarış sistemi və digər zəruri işlər
görülüb.
Məlumat
üçün bildirək ki, elektron məlumat bazasında Azərbaycan
Respublikasının dövlət müstəqilliyi elan edildikdən
sonra, yəni 1991-ci ildən başlayaraq bu günə kimi qəbul
edilmiş 21138-dən yuxarı normativ hüquqi aktlar və
normativ xarakterli aktlar (Azərbaycan Respublikasının
qanunları, dövlət başçısının fərman
və sərəncamları, Nazirlər Kabinetinin qərar və
sərəncamları, Milli Məclisin, Konstitusiya Məhkəməsinin,
MSK-nın qərarları, təlimatları və izahları,
yerli icra hakimiyyəti orqanlarının, yerli
özünüidarə orqanlarının, Mərkəzi
Bankının normativ xarakterli aktları, Məhkəmə-Hüquq
Şurasının qərarları, Tarif (qiymət)
Şurasının qərarları, 17 məcəllə,
BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri
(Dağlıq Qarabağ münaqişəsinə dair),
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
qərarları yerləşdirilib və bazanın yenilənməsi
daim təmin edilir.
Elektron Məlumat Bazasının üstün cəhətlərinə
gəlincə, Asan Axtarış Sistemi - qeyd olunduğu kimi,
müxtəlif parametrlər üzrə axtarış
imkanları istənilən sənədi tapmaq imkanı verir.
Əlaqəli sənədlər bölməsinin
olması - axtarış nəticəsində tapılan hər
bir sənəddə onun qəbul edildiyi tarix, nömrəsi, qəbul
edən orqan, qüvvədə olub-olmaması barədə məlumat
qeyd olunur. Əsas məqam odur ki, hər
bir sənəd üzrə "əlaqəli sənədlər"
bölməsi var ki, bir sənədi açmaqla, onunla
bağlı olan bütün sənədlərə
çıxış əldə etmək mümkündür.
Qeyd edək ki, normativ hüquqi aktların vahid
internet elektron bazası yalnız hüquqşünaslar, tələbələr
üçün deyil, geniş ictimaiyyət üçün
nəzərdə tutulmuş əvəzsiz qanunvericilik
toplusudur. Hüquqlarımızı
müdafiə etmək üçün əvvəlcə
onların nədən ibarət olduğunu bilməliyik. Ona görə də həyatımızın
ayrı-ayrı sahələrini tənzimləyən
qanunvericilik sahəsində baza biliklərinə sahib olmaq hər
kəs üçün vacibdir.
Artıq ölkəmizdə uşaqların hər
biri haqqında da elektron məlumat bazası olacaq.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına
görə, Nazirlər Kabineti "Uşaq
hüquqlarının həyata keçirilməsinə dair
elektron məlumat bankının təşkili və
aparılması qaydası"nı təsdiq
edib.
Qeyd edək
ki, elektron məlumat bankının istifadəçiləri
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, Daxili işlər, Ədliyyə, Təhsil,
Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi,
Gənclər və İdman nazirlikləri, Dövlət Sosial
Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar,
yerli icra hakimiyyətinin qəyyumluq və himayə
orqanlarıdır. Nazirlər Kabinetinin
yaydığı məlumata görə, sözügedən
qayda qüvvəyə mindiyi tarixədək istifadəçi
tərəfindən dövlət orqanlarında hər bir
uşağa dair mövcud olan məlumatlar 6 ay müddətində
elektron məlumat bankına daxil edilməlidir.
Elektron məlumat
bankında qeydiyyata alınmış uşağın elektron
anketi 18 yaşına çatdıqdan 25 il
sonra məhv edilir. Hər bir uşaq barədə
fərdi məlumatlar elektron məlumat bankına daxil edilir.
Burada fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi
Azərbaycan qanunvericiliyinə müvafiq qaydada həyata
keçirilir. Elektron məlumat
bankının idarə olunmasına, məlumat bankına məlumatların
yerləşdirilməsinə və ondan istifadəyə nəzarəti
məlumat bankının administratoru olan Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata
keçirir. Administrator elektron məlumat
bank sisteminin təhlükəsizliyinə cavabdehlik
daşıyır, bankın fasiləsiz fəaliyyətini və
daxil edilən məlumatların mühafizəsini təmin
edir, elektron məlumat bankında qeydiyyata alınmış
uşaq barəsində məlumatları mərkəzi serverə
daxil edir, müvafiq statistik məlumatlar hazırlayır və
təhlillər aparır. NK
vurğulayır ki, dövlət orqanları, hüquqi və
fiziki şəxslər məlumat bankından məlumat almaq
üçün bilavasitə məlumat bankının
administratoruna sorğu vasitəsilə müraciət edirlər.
Sorğunun daxil olduğu gündən 7 iş günü
müddətində onun icrası təmin edilir. Məlumat bankından statistik məlumatlar
adsızlaşdırılmış şəkildə, "Fərdi
məlumatlar haqqında" qanunla müəyyən edilmiş
hallarda və qaydada verilir. Bankda
toplanmış məlumatların konfidensiallığı
administrator tərəfindən təmin edilir.
Yeri gəlmişkən,
bu ilin fevralında, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi "Uşaq
hüquqları sahəsində elektron informasiyanın təşkili
və idarə edilməsi qaydaları"nın
həyata keçirilməsi üzrə fəaliyyət
planı hazırlayıb. Komitənin sədri Hicran
Hüseynova deyib ki, bu qaydalar Nazirlər Kabineti tərəfindən
bu il yanvarın 15-də təsdiq edilib. Hazırda fəaliyyət planı həyata
keçirilir.
Bundan
başqa, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) mətbuat xidmətindən verilən xəbərə
görə, 2012/2013-cü tədris ili üzrə
buraxılış imtahanlarına hazırlıq işləri
çərçivəsində komissiya tərəfindən
"Şagird-məzun elektron məlumat bazası"
yaradılaraq istifadəyə verilib. Artıq
respublika üzrə 77237 şagird haqqında məlumat
məktəb əlaqələndiriciləri
tərəfindən bazaya
daxil edilib.
"Şagird-məzun
elektron məlumat bazası"na təhsil
şöbələrinin nümayəndələri öz
tabeliyində olan bütün məktəblərin
buraxılış siniflərində təhsil alan şagirdlər
haqqında, məktəb əlaqələndiriciləri öz
məktəblərinin buraxılış siniflərində təhsil
alan şagirdlər haqqında, şagirdlər isə özləri
haqqında məlumatlarla tanış ola biləcəklər.
Təhsil müəssisəsinin məsul şəxsinin vəzifəsi
buraxılış sinfində təhsil alan
şagirdlərin qeydiyyatını aparmaq, bütün məlumatlar
daxil edildikdən sonra məlumatları təsdiq etməkdən
ibarətdir. Məlumatı sistemdə olmayan və
ya təsdiq edilməyən şagirdlər yekun qiymətləndirmədə
iştirak etməyəcək və bunun nəticəsi olaraq təhsil
sənədi almayacaqlar. Bu sistemə respublikanın
ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin
buraxılış siniflərində təhsil alan
200 mindən artıq şagird haqqında məlumatların
daxil edilməsi nəzərdə tutulur. Sistemdən
rayon (şəhər) təhsil şöbələri, təhsil
müəssisələrinin məsul işçiləri və
buraxılış siniflərinin şagirdləri istifadə
edə biləcəklər.
Yeri gəlmişkən,
ötən il Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda
çalışan sürücülərin peşəkarlığının
artırılması üçün sürücülər
üzrə məlumat bazasının
yaradılacağını açıqlamışdı. Sözügedən bazada ictimai nəqliyyatda
çalışan sürücülərin əmək fəaliyyətinin
tam olaraq qeyd olunması bildirilirdi. Artıq
bir dəfə işdən uzaqlaşdırılan
sürücü, başqa marşrutda və ya ərazidə
işə düzələ bilməyəcək. O da
bildirilir ki, qüsursuz işləyən, sərnişinlə etik
davranan, onlara hörmətlə yanaşan, yol hərəkəti
qaydalarına əməl edən sürücülər isə
xüsusi proqramlar vasitəsilə əlavə təkmilləşdirmə
kurslarına cəlb olunacaqlar. Amma hələlik
qeyd edilən istiqamətlərdə hansı addımların
atılması məlum deyil. Onu da
xatırladaq ki, oxşar sistem "Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL)
artıq tətbiq olunur. Ekspertlər avtobus
qəzalarının sayının artması fonunda bu gün
üçün həmin bazanın yaradılmasının zəruriliyini
vurğulayırlar.
Nəqliyyat
üzrə ekspert Seymur Yunusov bildirib ki, məlumat bazasına
marşrut sistemində işləmək istəyən
insanların adları daxil ediləcək: "Özəl
şirkətlər sürücülərin adının
bazada olub-olmamasına, onun iş fəaliyyətinə
xüsusi diqqət yetirəcəklər. Məsələn,
sürücü işində hansı səhvlərə yol
veribsə, eyni zamanda sürücülük vəsiqəsi
olmadan ictimai nəqliyyata üz tutan insanların
qarşısı alınacaq. Təsəvvür
edin ki, 10 ilin sürücülərinin əksəriyyəti hələ
də bu vərdişlərə yiyələnməyib. Bu baxımdan düşünürəm ki, elektron məlumat
bazasının formalaşdırılması çox vacib məsələlərdən
biridir. Hətta elektron baza elə
formalaşdırılmalıdır ki, ictimai nəqliyyatdakı
sürücülük peşəsinə, hörmət
artsın. Yəni, burada dərəcələr
olmalıdır. Məsələn, birinci, ikinci dərəcəli
sürücü, ali avtobus
sürücüsü olmalıdır. Yəni, sürücülər
ali avtobus sürücülük rütbəsini
almaq üçün hədsiz əmək sərf etməlidirlər.
Hansısa səhvə yol verən
sürücünün də qazandığı rütbə əlindən
alınmalıdır. Yəni,
sürücülüyün ciddi, çox hörmətli
peşə olmasına şərait
yaradılmalıdır".
Ekspert onu da qeyd
edir ki, ictimai nəqliyyatda sürücülük, birbaşa əhalinin
həyatı təhlükəsizliyi ilə
bağlıdır. Ona görə də bu işlərə
biganə yanaşmaq olmaz: "İlk növbədə də
bu dərəcələri tətbiq etməzdən əvvəl
maaş sisteminə keçirilməlidir. Amma hazırda
şirkətlər maaş sisteminə
keçiddən qorxurlar. Bu gün sahibkar hər
bir sürücüdən gündəlik hesab tələb
edir. Sürücülər də
dayanacaqdan kənar saxlamaqla və digər üsullardan istifadə
edib həmin vəsaiti qazanmağa çalışırlar.
Düzdür, ilkin mərhələdə
sahibkarlar müəyyən qədər uduzacaqlar. Amma sonradan əhalidə də belə vərdiş
formalaşacaq ki, avtobuslar yalnız dayanacaqda dayanır.
Bu da yalnız o halda ola bilər ki,
sürücünün harada gəldi sərnişin
götürməkdə marağı olmasın. Maaş sisteminə keçid bu problemi həll edə
bilər. Bundan başqa ictimai nəqliyyatda
xidmətin keyfiyyətini artırmaq üçün gün ərzində
2 növbəli sistem olmalıdır. Onlar
şəhər nəqliyyatı ilə bağlı ən son
kurslara göndərilməlidir".
"Müstəqil Nəqliyyatçılar" Məsləhət
və İnformasiya İctimai Birliyinin sədri Natiq Ələkbərov
isə bildirir ki, məlumat bazası sürücülərin
hərəkətinə nəzarət xarakteri
daşıyır: "Ümumiyyətlə, sərnişindaşımada
sabit sürücü kontingentinin formalaşması problemlidir.
Amma bu bazanın yaradılması həmin
problemi həll etmiş olmayacaq. Çünki
ilk növbədə sürücülərin işlədiyi
müəssisələrin özündə bu məsələyə
ciddi yanaşılmalıdır. Sürücülərin
məlumat bazası yaradılandan sonra yaxşı olardı
ki, onların peşə hazırlığı məsələsi
həllini tapsın. Çünki bu
gün sərnişin daşımada həddindən artıq
qeyri-peşəkar sürücülər
çalışır. Onlar da qəzalara
səbəb olurlar, həm sərnişinlərə
davranışlarında, həm də nəqliyyat vasitələrinin
idarəçiliyində aşağı xidmət göstərilər.
Təsəsvvür edin ki, bir marşrutdan qovulan
sürücü heç bir heç bir problemlə
qarşılaşmadan başqa bir marşrutda işləyə
bilir. Əgər məlumat bazası
yaradılarsa, işdən qovulan avtobus sürücüləri
başqa ərazi üzrə marşrutda işləyə bilməyəcəklər
ki, bu da digər sürücülərə nümunə
olacaq. Yaxşı olar ki, məlumat
bazasında bütün bunlar nəzərə alınsın.
Yəni sürücü işə
götürülərkən onun xarakteri yazılsın.
Bundan başqa, o, iş yerini dəyişdikdə bunu nə
üçün etdiyi barədə də məlumatlar qeyd
olunmalıdır. Və düşünürəm
ki, işində nümunəvi olan sürücülər
mütləq mükafatlandırılmalıdır".
Ulduzə QARAQIZI
Ekspress.-27-29
aprel.-S.10.