Tələbə-məzun dövlət elektron məlumat bazası

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması müasir dünyanın prioritet məsələlərindən biridir. Bu baxımdan təhsil sisteminin idarə edilməsi, təhsildə baş verən problemlərin vaxtında aşkar olunması, onların həlli ilə bağlı müvafiq qərarların qəbulu, dövlət orqanlarının təhsil sistemi ilə informasiya mübadiləsi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə etməklə daha effektiv həyata keçirilə bilər.

   Azərbaycan prezidentinin "Tələbə-məzun dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında" 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı İKT-dən istifadəni nəzərdə tutmaqla təhsilin daha səmərəli idarə olunmasına və dövlət orqanları arasında informasiya mübadiləsinin sürətləndirilməsinə şərait yaradıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaratdığı "Tələbə-məzun" dövlət elektron məlumat sistemi fərdi məlumatların informasiya sistemlərini (FMİS) dövlət qeydiyyatına alıb.

   "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin Əsasnaməsi Azərbaycan prezidentinin 2010-cu il 23 fevral tarixli fərmanı ilə təsdiq edilib. Sistemin istifadəçiləri aliorta ixtisas təhsili müəssisələri, eyni zamanda Prezident Administrasiyası, Milli Məclis Aparatı, Nazirlər Kabineti, Baş Prokurorluq, Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə, Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadır.

   TQDK-ın sədri Məleykə Abbaszadə prezident İlham Əliyevin 2010-cu il 23 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"yə uyğun olaraq yaradılan bu sistemin əhəmiyyətindən danışaraq bildirib ki, bu fərman İKT-dən istifadəni nəzərdə tutmaqla təhsilin daha səmərəli idarə olunmasına və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə xidmət edəcək. Sistemə Azərbaycanın aliorta ixtisas təhsil müəssisələrinin qoşulduğunu deyən M.Abbaszadə onu da qeyd edib ki, tələbə və məzunlar haqqında məlumatlardan bir sıra dövlət orqanları, o cümlədən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Maliyyə, Təhsil və Müdafiə nazirlikləri, digər qurumlar istifadə edəcək.

   TQDK sədri onu da bildirib ki, "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin istifadəyə verilməsi təhsilin daha səmərəli istifadə edilməsinə və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə xidmət edəcək: "TQDK-nın ünvanına hərbi komissarlıqlardan, şəhər və rayon təhsil şöbələrindən Azərbaycan vətəndaşlarının qəbul imtahanlarında iştirak etmələri, tələbələr sırasında olub-olmamaları haqqında minlərlə sorğu daxil olur. Bu sorğuları cavablandırmaq vaxt itkisinə gətirib çıxarırdı. Əsasnaməyə əsasən, sistemə 12 dövlət qurumu qoşulmalıdır. İlkin olaraq pilot layihə kimi sistemə Maliyyə Nazirliyi qoşulub. Bütün ali məktəblərin sistemə qoşulması məcburidir".

   Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə qeyd edib ki, son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biridir: ""Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan prezidentinin 2011-ci il 23 may tarixli fərmanı ölkədə İKT-nin inkişafına təkan verib. Dövlət orqanlarının təhsil sistemi ilə informasiya mübadiləsi İKT-dən istifadə etməklə daha effektiv həyata keçirilə bilər. Təqdim olunan bu sistem "e-hökumət"in əsas istiqamətlərindəndir və təhsilin inkişafında mühüm rolu olacaq".

   Qeyd edək ki, yeni yaradılan sistem tələbə-məzun məlumat bazasından və bu bazaya məlumatların daxil edilməsi, dəyişdirilməsi, mühafizə olunması, axtarışların aparılması və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksindən ibarətdir. Sistemə giriş TQDK-da yerləşən mərkəzi serverdən idarə olunan korporativ şəbəkə vasitəsilə mümkündür. Məlumat bazaları da TQDK-nın serverində yerləşdirilib. Sözügedən korporativ şəbəkəyə isə internet infrastrukturu vasitəsilə qoşulmaq mümkündür. Sistemin informasiya təminatı həm TQDK, həm də aliorta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir, eyni zamanda sistemin istifadəçiləri müxtəlif səviyyəli məlumata çıxış statusuna malikdir. Mərkəzi icra hakimiyyəti orqanları isə daha geniş miqyaslı məlumat almaq imkanına malik olacaq.

   Yeri gəlmişkən, Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı imtahan vermək istəyən 664 nəfərin TQDK tərəfindən keçirilən test imtahanında iştirak etmədiyi aşkarlanıb. Müxtəlif idarə və təşkilatlar, nazirliklər tərəfindən TQDK-ya daxil olan məktublar əsasında ali məktəbi bitirdiyini bildirən, lakin TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etməyən 734 nəfər müəyyən olunub. Abbaszadə vurğulayıb ki, rəhbərlik etdiyi qurum 2005-ci ildən magistraturaya qəbul imtahanı keçirir: "Magistraturaya sənəd verən şəxslərin sənədləri araşdırılan zaman sənəd verən 2917 nəfərin TQDK tərəfindən bakalavr pilləsinə keçirilən imtahanlar vasitəsilə ali məktəbə daxil olmadığı aşkarlanıb".

   TQDK Azərbaycanda saxta diplomu olan şəxslərin sayını da açıqlayıb. M.Abbaszadə qeyd edib ki, 1992-2011-ci illər ərzində 22332 nəfər TQDK-nın qara bazasına düşsə də, onların əlində diplom var. Hazırda ölkə prezidentinin sərəncamı ilə TQDK tərəfindən hazırlanmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"ndə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan vermiş 1 milyon 978 min 226 adam haqqında məlumat var. Onlardan 615582 nəfər tələbə adını qazanıb. M.Abbaszadə hesab edir ki, bu ildən saxta diplomlarla bağlı faktlar olmayacaq: "Bu ildən etibarən yəqin ki, belə faktlar olmayacaq. Çünki hər il diplom alanda onların əmri bu bazaya daxil olacaq".

   TQDK sədrinin sözlərinə görə, Təhsil Nazirliyi ali orta ixtisas təhsil müəssisələrinin "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulması nəticəsində həmin təhsil müəssisələrinə müraciət edənlərin özləri haqqında məlumatları vaxtında, tam düzgün əldə etməsini təmin edəcək: "Təhsil Nazirliyini həmin sistemə qoşandan sonra 1992-ci ildən bu günə kimi ali məktəblərə qəbul olan olmayan şəxslər diplomlarının saxta olmadıqlarını dəqiqləşdirmək üçün avtomatik olaraq bizə müraciət etməyəcək. Onların imkanı olacaq ki, rayon təhsil şöbələrində aparatın işçiləri yoxlasın ki həqiqətən o tələbə müəyyən universitetdə oxuyub, yoxsa yox. Mənə elə gəlir ki, təhsil sahəsində aparılan işlərin nəticələri göz qabağındadır bu istiqamətdə mütəxəssislərin sıx əməkdaşlığı daha da yaxşı nəticələrə gətirib çıxara bilər".

   Qeyd olunur ki, TQDK Təhsil Nazirliyinə xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşları haqqında məlumatları "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nə daxil etməyi təklif edib. Xaricdə təhsil alaraq diplomları tanınmış Azərbaycan vətəndaşları haqqında TQDK-da məlumat yoxdur: "Diplomları tanınmış şəxslər haqqında da məlumatları bu sistemə daxil etmək mümkündür. Həmin məlumatları daxil etsəniz, sistem daha mükəmməl olar. Dövlət tərəfindən xaricə göndərilənlər haqqında bizdə ilkin məlumatlar var. Amma onlar təhsillərini bitirdikdən sonra diplomların tanınması proseduru Təhsil Nazirliyi tərəfindən aparılır. Bizdə bu barədə məlumat yoxdur".

   Abbaszadə deyib ki, öz maliyyə vəsaitləri hesabına xarici ölkələrdə ali təhsil alan Azərbaycan vətəndaşları da sonda diplomlarını tanıtmaq üçün Təhsil Nazirliyinə müraciət edirlər. Buna görə həmin şəxslər barəsində məlumatlar Təhsil Nazirliyində toplanır.

   Qeyd edək ki, artıq Azərbaycanın ali məktəblərində elektron idarəetmənin tətbiqinə başlanıb. Təbii ki, bu, "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin daha səmərəli istifadə edilməsinə səbəb olacaq: "Dövlət xətti ilə təhsil alanlar barədə məlumatların yeni yaradılmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"ndə öz əksini tapması mühüm məsələdir. Ancaq öz hesabına xaricdə təhsil alanlarla bağlı məlumatların bu sistemdə yerləşdirilməsi məsələsi birgə müzakirə edilməlidir".

   TQDK-nın məlumat bazalarının aparılması elektron arxivlə sektorunun müdiri Sahib Mərdanov isə bildirib ki, Azərbaycanda növbəti tədris ilindən təhsil müəssisələri akademik müvəffəqiyyətlər haqqında məlumatları da "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nə daxil edəcəklər. Onun sözlərinə əsasən, təhsil müəssisələri tərəfindən xarici ölkələrə köçürülmüş tələbələr, təkrar təhsil almış şəxslər haqqında məlumatların bu sistemə daxil olunması məqsədəuyğundur. Sistemdə sorğuların aparılması üçün axtarış sistemi nəzərdə tutulub. Sistemdə hər hansı tələbənin anketini almaq imkanı yaradılıb. Bu da həmin tələbə haqqında tam məlumat almağa şərait yaradacaq.

   Onu da qeyd edək ki, "Tələbə-məzun dövlət elektron məlumat sistemi"ndə 1992-ci ildən bu günə qədər ali məktəblərə imtahan vermiş 1 milyon 978 min 226 adam haqqında məlumat var. Artıq ali təhsil məktəbinə qəbul olunanlar haqqında məlumata elektron sistemində rast gəlmək mümkündür.

 

   

Ulduzə QARAQIZI

 

Ekspress.-2013.-3-5 avqust.-S.10.