"Azad sənətkaram..."

 

Xanəndə Cabir Abdullayev: "Bu sənətdə həmişə dostlarıma güvənmişəm"

 

 Təxminən iki il öncə ustad xanəndəmiz Ağaxan Abdullayevdən qəzetimiz üçün müsahibə alırdım. Şübhəsiz ki, söhbətimizin mövzusu muğamın, xanəndəlik sənətinin vəziyyəti ilə bağlı idi.

   Ağaxan müəllim növbəti suallardan birini sualla cavablandırdı. Soruşdu ki, respublikada muğamatı tamam-kamal bilən neçə xanəndə var. Mən bir neçə seçmə oxuyanı gözlərimin önünə gətirəndən sonra "Ağaxan müəllim, zənnimcə, indi respublikamızda 7-8 nəfər xanəndə var", - deyə cavab verdim. Hamımızın yaxşı tanıdığımız beş sənətçinin adını çəkəndən sonra dedi ki, "indi siz mənə altıncı bir oxuyanın adını çəkin ki, filankəs həqiqətən xanəndədir".

   Bir qədər tərəddüddən sonra mən görkəmli sənətçimizin bu fikri ilə razılaşaraq ona haqq qazandırmalı oldum. Çünki Ağaxan müəllimin dediyi beş sənətçidən savayı tanıdığım və xanəndə hesab etdiyim bir neçə sənətçini də gözlərimin önünə gətirərək xəyalımda nə qədər götür-qoy etsəm də, nə qədər ölçüb-biçsəm də, həqiqətən onları xanəndə səviyyəsində görə bilmədim.

   Bizim o söhbət zamanı ustad xanəndəmiz Yaqub Məmmədov hələ dünyasını dəyişməmişdi. Deməli, Yaqub müəllim haqq dünyasına qovuşandan sonra muğam sənətini yaşatmaq vəzifəsi 3-4 nəfər xanəndənin öhdəsinə düşürdü. Amma o gündən bəri Ağaxan müəllimin "beşinci xanəndə" haqqında dediyi sözlər qulaqlarımda səslənir və məni elə hey bu haqda düşündürürdü. Düzünü deyim ki, mən o vaxt istedadlı gənc müğənni Cabir Abdullayevin imkanlarına indiki kimi yaxından bələd olsaydım, cəsarətlə deyərdim ki, "Ağaxan müəllim, dediyiniz həmin o beşinci xanəndə Musiqi Akademiyasında xalq artisti Arif Babayevin sinfini bitirmiş Cabir Abdullayev ola bilər". Həmin o Cabir ki, gözünü açandan ailələrində böyük qardaşı Vahid Abdullayev kimi bir xanəndənin səsini eşidib, ondan öyrənib.

       - Cabir müəllim, nə vaxtdan oxuyursunuz?

   - Gözümü açandan ailəmizdə böyük qardaşım Vahidi oxuyan görmüşəm. Vahid çox istedadlı, sənətə tələbkarcasına yanaşan xanəndəydi. Onun uzun illər Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda müəllimlik fəaliyyəti də dediklərimin təsdiqi ola bilər.

   Nə isə, uşaqlıqdan oxumağa böyük həvəsim olub. İlk dəfə isə Respublika sarayında Sov.İKP-nin otuzuncu qurultayına həsr edilmiş hökumət konsertində oxumuşam. Onda on yaşım var idi və mən o tədbirdə çıxış edən ən balaca iştirakçıydım.

   - Nə oxudunuz o qurultay konsertində?

   - Demək, biz yeddi nəfər ifaçı "Qarabağ şikəstəsi"ni oxumalıydıq. Ağdamın "Şur" ansamblı onda çox şöhrətli bir ansambl idi. Çıxış üçün bizə beş dəqiqə vaxt ayrılmışdı. Qurultay konsertində iştirak etmək üçün biz 13 gün Bakıda qalıb, Niyazinin rəhbərliyi altında gündə iki dəfə məşq eləyirdik. "Qarabağ şikəstəsi"ni yeddi nəfər hərə bir ağız oxuyurdu. Amma mən o şikəstənin ortasında bir ağız "Segah" oxuyurdum.

   - Kimlər idi o yeddi nəfər?

   - Aydın Məmmədov, Şahin Babayev, Paşa müəllim, Hüseyn Hüseynov, İsrafil müəllim, Ramiz Bəşirov və bir də mən. Ümumiyyətlə, o böyük konsertdə 10 yaşlı uşağın tanınmış sənətçilərlə birlikdə "Segah" oxuması sənət aləmində böyük hadisə kimi qiymətləndirildi.

   - Qazandığınız o uğurdan sonra fəaliyyətinizdə bir dəyişiklik oldumu?

   - Dəyişiklik deyəndə ki, sənətçilər məni özləri ilə toylara aparırdılar. Görürdüm ki, camaat mənim oxumalarımdan böyük zövq alır, hər zənguləm, hər nəfəsim alqışlarla müşayiət ounurdu. Bütün bunlar mənə ilham verirdi, elə bil ki, səsimə yeni güc, yeni qüvvət gəlirdi. Oxumaqdan usanmırdım. Lakin sən demə, qarşıda məni heç ağlıma gətirmədiyim xoşagəlməz bir hadisə gözləyirmiş. Keçid dövrü ilə əlaqədar, səsim büsbütün dəyişdi. Elə bil ki, heç məndə belə bir səs olmayıbmış. Bu, mənə çox ağır gəlirdi, mənən əzab çəkirdim, kənddə toy-zad olanda gedib mağara söykənir, həsrətlə toyu seyr edirdim. Oxuya bilmədiyim üçün az qala ürəyim partlayırdı. Ondan da artıq insanların biganəliyi, laqeydliyi məni ağrıdırdı. Gözlərim yaşla dolurdu ki, axı dünənə kimi mən gələndə bu adamlar məni böyük təmtəraqla mağara aparırdılar. İndi isə elə biganəlik göstərirdilər ki, elə bil heç mən bu dünyada yoxam. Elə bil mənim kimi oxuyan heç əvvəldən olmayıb. Bu, mənə çox pis təsir eləyirdi.

   - Bəs sonra necə oldu ki, yenidən səsiniz açıldı?

   - Allaha qurban olum, bəlkə də Allahın möcüzəsiydi. Moskvada hərbi xidmətdəydim. Gəlməyimə də çox az qalmışdı. Mənə bir otaq verdilər ki, "bunu təmir elə, səni buraxaq get". Yavaş-yavaş divara rəng vururdum. Bir gün elə bil ki, qəfildən mənə oxumaq həvəsi gəldi. Oxudum və gördüm ki, səsim açılıb. Təəccübdən və heyrətdən tüklərim biz-biz oldu. Sevincimdən bilmirdim neyləyim, dəhşətə gəlmişdim. Bir neçə gündən sonra əsgərliyi qurtarıb Bakıya gəldim. Burada da maraqlı bir hadisə oldu. Gəlib gördüm ki, qardaşım Sabirin toyudur. O da xanəndədir, hal-hazırda Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləyir. Toyda Süleyman Abdullayev oxuyurdu. Elə oxuyanların əksəriyyəti ordaydı. Bir-bir "Qarabağ şikəstəsi" oxuyurdular. Bizim bir dostumuz var, o, məni çəkib gətirdi ki, mən də oxuyum. Mən də hələ hərbi geyimdəydim. Rəhmətlik qardaşım Vahid də bilmirdi səsim açıldığını. O, mənə göz elədi ki, oxumayım. Axı "Qarabağ şikəstəsi"ni oxumağa güclü səs lazımdı. Növbə mənə çatanda mikrofonu götürüb inamla oxudum. Hamı təəccüb içində qalmışdı ki, axı bu nə olan şeydir? Təsəvvür edin ki, mən altı il oxuya bilməmişdim. Bəli, həyatımda Allahın belə bir möcüzəsini gördüm.

   - Yəqin ki, bu həm də sizin ifaçılıq aləminə ikinci gəlişiniz oldu?

   - Hər şey Allahın əlindədir. Altı il batan səsimi Allah mənə yenidən qaytardı. İnsanlar buna möcüzə kimi baxırdılar. Nə isə, siz dediyiniz kimi, bundan sonra mənim sənətə ikinci gəlişim başlandı. Rəhmətlik Səxavət burda "Qarabağ" adlı bir ansambl yaratmışdı. O ansambla indi onun qardaşı Firuz Səxavət rəhbərlik edir. Bir müddət o ansamblda oxudum. Hərdən toylara da gedirdim. Amma Qarabağda başlayan hadisələr imkan vermirdi ki, bir arın-arxayın sənətimizin dalınca düşək. Hadisələr qızışandan sonra burda qalmağı özümə sığışdırmadım. Getdim rayona, kəndimizdə hərbi hospital var idi, bir müddət o hospitalda çalışdım. Qanlı döyüşlər zamanı yaralılarla, əsgərlərlə bir yerdə olmuşam, bacardığımı əsirgəməmişəm. Bəzən bir-iki ay döyüşlər ara verəndə, yəni ki, yaralılar az olanda, orada təşkil etdiyim "Şəfa" ansamblı ilə gedib döyüşçülər qarşısında konsertlər verirdik. Mən oradakı oğlanların hamısını özümə qardaş hesab edirdim. Çox gözəl, çox qeyrətli oğlanlarımız orada şəhid oldular. Orada hamı məni tanıyırdı. Sakitlik olanda, gəlib mənə deyirdilər ki, "sizi toya aparmaq istəyirik". Deyirdim bir şərtlə gedərəm ki, pul götürməyəcəyəm. Götürsəm də, o pulların hamısını gətirib hospitala verəcəm ki, fonda qoysunlar, lazımi işlərə xərcləsinlər. Yadımdadır, 1993-94-cü illərdə mən o fonda 68 min manat pul keçirmişdim.

   - Sonra hansısa bir məktəb qurtarıb-elədinizmi?

   - Atəşkəs başlayandan sonra Bakıya gəldim. Bir müddət toylara-zada dəvət edildim. 1997-ci ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının muğam şöbəsinə daxil olaraq Arif Babayevin tələbəsi oldum. Təhsil illərində Arif müəllimdən muğamın sirlərini mükəmməl öyrəndim.

   - Bunu mavi ekrandakı çıxışlarınızdan da görmək olur. Bəs indi harda işləyirsiz?

   - Hələlik heç yerdə işləmirəm, "azad" sənətkaram. Düzdür, bir neçə yerdən dəvət almışam, lakin qəti qərara gəlməmişəm. Fikirləşirəm, götür-qoy edirəm.

   - Ali musiqi təhsili almaqda qarşınıza hansısa məqsəd qoymuşdunuz?

   - Ola bilər ki, kimsə bu sənətə şəxsi məqsədlər güdərək gəlir. Ancaq fikirləşirəm ki, ilahi mənə belə bir səs bəxş edibsə, əslində bu xalqa məxsusdur. Çünki mənim oxumalarımı xalq eşidir, xalq bəyənir, feyziyab olur. Odur ki, mən bu ilahi verginin, ilahi əmanətin qədrini bilməli və onu qorumalıyam. Bütövlükdə isə, xalq musiqimizin yaşaması və inkişafı üçün ustad xanəndələrimizin sənətkarlıqlarından bəhrələnərək mən də öz qabiliyyətim səviyyəsində onların ifaçılıq ənənələrini davam etdirməliyəm, yaşatmalıyam. Sənətə gəlməkdə, ali təhsil almaqda mənim əsas məqsədim də elə budur.

   - "Segah" muğamını daha çox ifa eləyirsiz...

 

   - Təbii ki, muğamlarımızın hamısı gözəldir. Amma mənim ən çox sevdiyim və həmişə ifa etdiyim "Segah" muğamıdır. Elə bil ki, "Segah" oxumaq istəyi, qabiliyyəti bizim qanımızda, canımızdadır. "Segah"da bir Vətən yanğısı, Vətən həsrəti, Vətən nisgili var. Özümü "Segah"a daha yaxın hesab eləyirəm. Həm də "Segah"da xüsusi bir şirinlik var. "Segah" bəlkə də ilahinin bizə verdiyi paydır.

   - Muğamların hamısını oxumusunuz, yoxsa hələ oxumadıqlarınız var?

   - Muğamlarımızın hamısını bilirəm. Oxuduğum "Zabul", "Mirzəhüseyn segah"ı hazırda fondda saxlanılır. Azərbaycan televiziyasının muğam axşamında, başqa proqramlarda vaxtaşırı oxuyuram. Amma qarşıma belə bir məqsəd qoymuşam ki, hardasa yola vermək yox, tələsmədən bütün muğamlarımızı bir-bir oxuyum ki, daimilik fondda qalsın.

   - Sözsüz ki, müxtəlif bölgələrdə toylarda olursuz. Qarabağ məclisləri ilə başqa bölgələrin toy məclisilərində hansısa bir fərq görürsünüzmü?

   - Açığını deyim ki, siz deyən qədər də böyük bir fərq görmürəm. Çünki bir qayda olaraq bizi toylara bizim sənətimizə qiymət verən insanlar dəvət edirlər. İki il əvvəl mən Sankt-Peterburqa bir məclisə getmişdim. Məclisdəkilərin hamısı demək olar ki, Gürcüstanda yaşayan azərbaycanlılardan ibarət idi. İnanırsınızmı, mən o məclisdə oxuyanda, toy yaddan çıxdı. Məclis ancaq mənim üstümdə kökləndi. Axırda özüm də utandım ki, mənə belə yüksək qiymət verirlər, amma hiss eləmədim ki, hansı bölgənin toyundayam. Amma bir cəhət var ki, qarabağlıların toy məclislərində nə qədər istəsən muğam oxuya bilərsən. Bilirsən ki, məclisdə bundan bezən, narahat olan bir kimsə yoxdur. Çünki uşaqdan böyüyə qarabağlıların hamısının xəmiri muğamatla yoğrulub. Ümumilikdə isə, bu sənətdə mən həmişə dostlarıma güvənmişəm. Mənim elə dostlarım var ki, onlar heç də qarabağlı deyillər. Ancaq sənəti sevirlər. Sözün əsl mənasında onlar mənə təmənnasız olaraq qardaşlıq münasibəti göstəriblər. Az-çox əldə etdiyim sənət uğurlarına görə həmişə dostlarıma borcluyam. Allah-taala məni heç vaxt onlarsız eləməsin.

   - Xeyli vaxtdır ki, əvvəllər ecazkar səsləri ilə dinləyiciləri heyrətə salan "Qarabağ bülbülləri"nin yeni nəslini görmürük. Sizcə, doğrudanmı qarabağlı ailələrdə səsli uşaqlar doğulmur? Ya Qarabağ dağıldığına, pərakəndəlik yarandığına görə adam da belə fikrə düşür?

   - Qarabağın şəhid olması, yoxluğu fikri ilə razılaşa bilmirəm. Qarabağ var, Qarabağ yaşayır. Amma işğal olunub. Etiraf etmək lazımdır ki, qarabağlı ailələrdə doğulan səsli uşaqların sayı çox azdır. Uzağa getmirəm. Bir vaxt oturub sayırdıq ki, görək bizim sovetliyin ərazisində nə qədər oxuyan var. O uşaqların ən balacası mən idim. İnanırsınızmı, məndən sonra hələ eşitməmişəm ki, deyələr "filankəsin uşağının səsi var". Bu, çox müəmmalı məsələdir. Məncə, bu, belə qalmaz. Əvvəlki proses davam eləməlidir. Mən bunun səbəbini torpağın işğalında, insanların əvvəlki havadan, sudan, bir sözlə, Qarabağın səfalı iqlimindən ayrı düşmələrində görürəm. Allahın köməkliyi ilə tezliklə öz torpağımıza qayıdacağıq. Yenə də o yerlərin suyu, havası o prosesin davamına gətirib çıxaracaq. Yoxsa, indiki halda Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğulmaz" ifadəsinə başqa bir söz də əlavə etməli olacağıq: "Çadırda Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Arif Babayev, Qədir Rüstəmov doğulmaz". Halbuki xalqımızın bu cür oxuyanlara həmişə mənəvi ehtiyacı olub və olacaqdır. Odur ki, biz hökmən öz torpağımıza - dünyanın möcüzəsi olan Qarabağımıza qayıtmalıyıq.

 

   

AYXAN

 

Ekspress.-2013.-3-5 avqust.-S.19.