"Döymə Kərəmi"
şah əsərin
(Aşıq Faxrət Sultanovun işıqlı xatirəsinə)
Böyük Azərbaycanın qədim Şirvan bölgəsinin hər obasında əsirlər boyu yaradıcı insanlar olub, var və bundan sonra da yetişəcəkdir desəm, yəqin bu fikrim mübahisə mövzusuna çevrilməz.
Bu bölgənin
aran hissəsi sayılan, indiki Ucar rayonunun ərazisində də ta Həbibidən tutmuş, Məlikballı
Qurbandan üzü bəri istedadlı insanlar zaman-zaman yetişməkdə, yaşayıb-yaratmaqda
davam edir.
Həbibinin vətəni Bağman-Bərgüşad
kəndinin 2-3 kilometrliyində
"Yuxarı Şilyan"
adında bir kənd də var.
Bu kəndlə mənim doğulub, boya-başa çatdığım Boyat kəndinin arası 10 kilometr ola, ya olmaya. Bu kəndin əhalisi, nəqliyyat vasitələri bizim kəndimizin içərisindən işlədiyindən, iki kəndin camaatı bir-birini yaxşı tanıyır. Şilyanlılar sətiraltı məna verən ibarələrdən məharətlə istifadə edən, güclü yumor hissinə malik, hazırcavab, zarafat eləməyi sevən olsalar da, özlərinə zarafat eləyəndə tez küsən, bir sözlə çox maraqlı camaatdı.
Şirvan aşıq musiqisinə, dastanlara, folklora, el nəğmələrinə, təmtəraqlı toy şənliklərinə həmişə önəm vermiş və bu missiyanın daşıyıcıları olan aşıqları da elə mühitin özü yetişdirir.
Yuxarı Şilyan kəndində də aşıqlar zaman-zaman yetişmiş, bir nəsil digərini əvəz etmişdir.
Belə aşıqlardan biri də Aşıq Soltan Məhərrəmov olmuşdur. Cəmi 45 il həyat sürən (1900-1945) Aşıq Soltan Azərbaycan aşıq ənənələrini yaşatmaqla, onu həm təkmilləşdirilməsinə xidmət etmiş, ifaçı aşıq olmaqla yanaşı, yaradıcı aşıq kimi də fəaliyyət göstərmiş, çoxsaylı şeirləri dillərdə əzbər olmuşdur (Aşıq Soltanın həyat və yaradıcılığı haqqında filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyevin müəllifi olduğu "Şirvanlı Aşıq Soltan ocağı" adlı kitabda geniş söz açılmışdır).
Aşıq Soltanın beş övladından sayca dördüncüsü olan Faxrət (1931) uşaqlıqdan aşıq sənətinə meyl göstərmiş, atasının oxuduğu şeir və dastanları elə göydəcə mənimsəmiş, hələ 11 yaşındaykən isə atasının dəstəsində nağara çalmağa başlamışdır.
Necə deyərlər "Ustad uşağından şagird olmaz". Faxrətin də ilk ustadı atası Aşıq Soltan olmuş, saz çalmağı, söz deməyi və aşıqlıq sənətinin digər sirlərini də məhz atasından əxs etmişdir.
Qanlı-qadalı müharibə illərinin sonlarında, aclıq - maddi ehtiyac duyulan bir zamanda, 14 yaşındakən atasını itirən kiçik Faxrəti çətin həyat sındıra bilməmiş, o, kolxoz və ev təsərrüfatında anası Nənəqız Cavad qızına kömək etməklə yanaşı, dərslərindən geri qalmamış, xüsusi istedadı ilə həmyaşıdlarından seçilmişdir.
Yeniyetmə çağlarında müstəqil aşıq qismidə fəaliyyətə başlayan Aşıq Faxrət, kəndinin istedadlı həmyaşıdlarından aşıq dəstəsi formalaşdıraraq, toy-düyünləri məharətlə idarə etmişdir.
O, təhsili də diqqətdən kənarda qoymamış, Bakıdakı o vaxtkı Krupskaya adına Kitabxanaçılıq texnikumunun (indiki Mədəni-Maarif kolleci) "Mədəni-maarif" şöbəsini bitirmiş, uzun illər kənd klubuna rəhbərlik etmişdir.
Rayon, eləcə də respublika çərçivəsində keçirilən mədəni-kütləvi - dövlət əhəmiyyətli tədbirləri, xüsusən məhsul bayramlarını Aşıq Faxrətsiz təsəvvür etmək çətin olardı. O, hər yerdə - böyüklüyündən, kiçikliyindən asılı olmayaraq iştirakçısı olduğu məclislərdə sürəkli alqışlarla qarşılanmış, gül-çiçək dəstələri ilə "təltif" edilmişdir.
Mənim şəxsi müşahidələrimə görə, bizim Boyat kəndində gördüyüm toylardan yadımda qalanlar: - boylu-buxunlu, yaraşıqlı sifəti, çatma qaşları, kərpici bığları, iti baxışları, şəstli, bir az da ədalı yerişi, mağarda süzəndə ayaq hərəkətləri görünməyən, ayağının ucunda yeriyəndə uçduğu guman edilən, başını sazın gövdəsinə sıxanda qartalın qayaya sərildiyi təsəvvürü yaradan, səliqəli və ütülü qəlfeyi şalvarı, düymələri boğazına qədər bağlanan iki döş cibi olan köynəyi, enli kəməri, arxasını yuxarı qaldırdığı, qabağını isə alnının ortasına qədər endirdiyi, çıxaranda iki qat yığılan açıq qəhvəyi rəngdəki hündür buxara papağı, dördkünc burunlu, yeriyəndə cırırltısı da havacat "çalan", par-par parıldayan - baxanda ayna kimi baş daramaq imkanı verən, qarmonvarı xrom çəkmələri, çox çatımlı ifadə tərzi, sözləri dəqiq və eşidilən şəkildə oxuması, Azərbaycan xalq dastanlarının mahir bilicisi və söyləyicisi, meydangirliyi, məclisi bir anda ələ almaq qabiliyyəti, məclislərdə rast gəlinən hər ağıl sahibini onun "öz dilində" dindirməyi, sifarişçiləri ustalıqla yola verməyi, ağsaqqala, ağbirçəyə, gəlinə-qıza xüsusi ehtiramla yanaşması, dinləyicilərin yorğunluğunu almaq üçün yeri gələndə yumora əl atması, olmuş hadisələri və düşünülmüş ifadələri dilə gətirərək, insanlara şən əhvali-ruhiyyə bəxş etməsi, məclisin "kontengenti"nə uyğun repertuar seçə bilməsi, musiqiçilərlə, xüsusən də balabançı və aşıq-xanəndə ilə bir ürək kimi vurması - var idi Aşıq Faxrətin.
Şirvanda aşıq dəstəsinin üzvləri adətən 6 ifaçıdan ibarət olur - aşıq sazla, xanədə-aşıq qavalla, balabançı (həm də zurnaçı), dəmçi (züyçü), nağara və qoşanağara ilə hərəkət edərdilər.
Elə Aşıq Faxrətin də dəstəsi 6 ifaçıdan ibarət olmuşdur: - Aşıq Faxrət (həm də dəstə rəhbəri), Eyvaz Ağayev - xanəndə-aşıq, Ağasoltan Fətəliyev (ara-sıra Boyatlı Həsənqulu Həsənquliyev) - balabançı (həm də zurnaçı), Xankişi Səlimov - dəmçi (züyçü), Qasım Qasımov - nağaraçı, Ziyəddin İslamov, və ya Məhər Məhərrəmov - qoşanağaraçı.
Olmazdı Aşıq Faxrətin "Döymə Kərəmi"sindən. Ustad balabançı Ağasoltanın müşayiətilə yaranan kollektiv musiqinin ecazkar ritmindən, Aşıq Faxrətin pərdədən-pərdəyə ustalıqla keçib bəmini bəm, zilini zil eləyərək tək məclisdəkiləri yox, bütün əhatəni qaltanlı səsinin ahənginə salması, qırğı kimi şığıyaraq mağarın tozunu dumana döndərməsi, sazı sinəsindən boybuna, boynundan çiyninə qaldırması-endirməsi, Köroğlunun sivri qılıncla həmləsi ilə müqaisə oluna bilərdi.
Onun "Şirvan gözəlləməsi", "Şirvan şikəstəsi" adamın ruhuna sığal çəkirdi.
Aşıq Faxrət Azərbaycan muğamlarının gözəl bilicilərindən və ifaçılarından idi. Onun boğazından qaynaqlanan, dodağından süzülən hər muğam parçasının yaratdığı ovqat dinləyicini dünyasından qoparırdı elə bil.
Aşıq Faxrət oxuyanda adamın tükü biz-biz olardı. Adam elə həyəcanlanardı ki, elə bil ki, ustad aşığın yaratdığı dramatik obrazların əsli elə sən özünsən.
Aşıq Faxrət oxuyan zaman ona təqdim olunan xələtı (pulu, parçanı, yaylığı və s.) musiqinin axarından ayrılmadan, ifanı dayandırmadan, dinləyicilərin fikrini yayındırmadan və eyni zamanda xələt sahibinə sifətinin və gözünün mimikası ilə sənətkar ehtiramını çox incə şəkildə bildirməklə, sağ əlinin qoşalaşmış şəhadət və orta barmaqları ilə xələti uzadan əlin bilənginə ehmalca toxunaraq onu alar, baş və şəhadət barmaqları ilə sazın taziyənəsini (mizrab) tutsa da, çəçələ və üzük barmağı ilə verilən xələti hörmət əlaməti olaraq bir müddət əlində gəzdirər, sonra isə diqqət çəkmədən müsiqiçilərin stolundakı pul məcməyisinin içindəki pulların üstünə qoyardı.
Aşıq Faxrətin ifa tərzini izləmək, hərəkətlərinə baxmaq, oxumalarını dinləmək, hər dəfə bir teatr tamaşasının ümumi mənzərəsini xatırladırdı adama...
Mən Aşıq Faxrətdən yazmaq qənaətinə gələndə Yuxarı Şilyana gedib, onun dəstə üzvlərindən həyatda olan balabançı Ağasoltan Fətəliyevlə (onu Ağa çağırırlar), xanəndə-aşıq Eyvaz Ağayevla (ona Yetim Eyvaz da deyirlər, bu ilin iyun ayında allahın rəhmətinə qovuşduğunu eşitdim (1937-2013), Allah yerini rahat eləsin!) və kənd camaatından bəziləri ilə söhbətlər də apardım. Bu, Ramazan bayramına - 2012-ci ilin avqust ayının 18-nə təsadüf elədi.
Ağanın söylədiklərinə görə, "xırda-xuruş umu-küsüləri nəzərə alınmasa, çox mehriban kollektiv olub Aşıq Faxrətin dəstəsi".
Biz Aşıq Faxrətlə 30 il toy məclislərinə, konsertlərə bir getmişik. Şirvanda Aşıq Şakirdən sonra Aşıq Faxrət olub sayılıb-seçilən aşıq.
Küdrüdə, Laza (Qəbələ rayonununda ləzgi kəndi) qışlağında Aşıq Faxrət toy aparan zaman səs-küy yayıldı ki, böyük bir ilan Aşıq Faxrətin ecazkar səsinin sehrinə düşüb və toyxananın yaxınlığında şaxə qalxaraq onun avazına qulaq asır. İlanı öldürmək istəsələr də, aşıq buna razılıq verməyib.
1976-cı ildə Bakıda keçirilən festivalda iştirak edən Aşıq Faxrətin dəstə üzvlərinin çıxışları sürəkli alqışlarla müşayiət olunub.
Ötən əsrin 70-ci illərində ölkəmizdə yaranan 2-3 ailə ansanblının biri də "Sultanovların ailə ansanblı" olmuşdur.
Aşıq Faxrət sazda, oğlanları - Natiq balabanda, Ətraf nağarada, Nüsrət qoşanağarada, Soltan qarmonda ifa edər, Sübhan və qızları Dilbazi, Sənubər, Nənəqız və Zülfiyyə xor şəklində oxuyar, həyat yodaşı Maviyə xanım isə yaxşı bayatılar deyərdi.
Ansanbl 1970-1988-ci illər ərzində respublikada keçirilən bir çox nüfuzlu dövlət tədbirlərində, o cümlədən Respublika Sarayında nümunəvi konsert proqramları ilə çıxışlar etmiş, tədbirin larureatı olmuşdur.
Xanəndə-aşıq Aşıq Eyvaz Ağayev. Aşıq Eyvazın görüşünə Aşıq Faxrətin oğlanları Nüsrət, Soltan və Sübhanla getmişdik. Onun ayaqları imtina etdiyindən eyvanda, sürahının yanında sərilmiş palazın üstündəki döşəkçədə oturaraq mütəkkəyə dirsəklənmişdi. Gəldiyimizə çox sevindi. Həyat yoldaşı Gülxanım xanım bizi limonlu, mürəbbəli çaya qonaq elədi, həyətlərindəki innabdan daddıq. Aşıq Evaz toylarda həmişə ayaq üstə oxumağına işarə edərək "O qədər ayaq üstə durmuşam ki, indi də ayaq üstə dura bilmirəm", - dedi.
O, Aşıq Ələsgərdən, Məlikballı Qurbandan mənim eşitmədiyim şeir nümunələrini əzbərdən dedi. Aşıq Eyvaz Aşıq Faxrət haqqında danışarkən, ilk növbədə onun çox punktual və dəqiq bir adam olduğunu dilə gətirdi: "1959-1979 illər ərzində Aşıq Faxrətlə eyni aşıq dəstəsində fəaliyyət göstərmişəm, ailə-məişət qayğılarımız, çörəyimiz-süfrəmiz bir olub, aramızda pul söhbəti olmayıb. Biz Ucar, Zərdab, Kürdəmir, Cəlilabad, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Quba, Qusar,.. Azərbaycanın bütün rayonlarında toy məclislərində olmuşuq. Xeyli müddət əvvəlcədən, Quba kəndlərindən isə azı 3 ay qabaqcadan toy behi olurdu Aşıq Faxrətin".
...Aşıq Faxrət dəstəsi ilə İmişlinin Kür qırağında yerləşən Almuradlı kəndinə toya gedərkən, adı çəkilən kəndin qarşı tərəfində yerləşən, Zərdabın Əlvənd kəndindən Kürü bərə ilə keçməli olurlar. Gecəykən Kürü keçmək qərarına gələn dəstə üzvləri Əlvəndli gəmiçi Neməti çətinliklə yola gətirsələr də, 6 nəfərdən ibarət dəstə üzvlərindən "süddənyanığı" olan nağaraçı Qasım (bir oturuma çəki ilə 30 kilo yeyən Qasıma, Gonbul Qasım da deyirdilər) bərəyə minməkdən qorxur. O, Neməti dilə tutaraq "sən bu beş nəfərdən nə qədər haqq alacaqsansa, mən o haqqı sənə təkbaşına ödəyərəm, sən onları Kürün o biri tayına keçir, sonra gəl məni apar" deyir. Gəmiçi Nemət gecə vaxtı Kürü iki dəfə o yan, bu yana keçməyin peşəkar bərəçi olaraq nə olduğunu bildiyindən nağaraçı Qasımın təklifi ilə heç cür razılaşmır ki, razılaşmır. Belə olanda, dəstə üzvləri öz musiqi alətləri və avtomobilləri ilə bir yerdə gəmiyə minməli olurlar.
Kürün ortasında Nemət deyir: "Mənim siz tərəflərə yolum düşmür, sizin də toylarda iştirak edə bilmirəm, elə mənim payımı burada, bərədə çalın, özü də "Dilin can incidəndi" mahnısını oxuyun, yoxsa bərəni qaytarıram geri".
Aşıq Faxrətin naəlac qalan dəstə üzvləri bir yandan gəminin batacağı qorxusunu yaşasalar da (xüsusən də nağaraçı Qasım), "gəmi kapitanı"nın istəyini yerinə yetirməli olurlar - ay işığında Kürün qoynunu köndələn şəkildə yara-yara üzbəüz sahilə can atan bərənin "göyərtə"sində.
Musiqi nömrəsini ifa edə-edə gözlərini Kürün parıltısı göz qamaşdıran, baş gicəlləndirən sularından çəkə bilməyən nağaraçı Qasım gəminin artıq yükdən ləngər vurduğunu görüb, batarsa kök olduğundan onu suyun uzağa apara bilməyəcəyinə işarə etməklə həmkarlarına deyir: "Gəmi batsa haa, harada batsam, məni elə orada da axtararsınız..."
ardı var…
Fəxrəddin MEYDANLI
Ekspress.-2013.-3-5 avqust.-S.21.