"Aktrisa gərək
ailə qurmasın"
Zərnigar Ağakişiyeva: "Ömür boyu özüm özümü
qəbul edə bilməmişəm..."
Bir-neçə
obrazından sitat gətirmək kifayətdir
ki, adını çəkmədən
söhbətin kimdən getdiyi bəlli olsun. "Kökdən düşmüş
piano"dan "Kimə
getdi bu yanmış?
Neynirəm su satandır, su
içirdəcəkdi buna, amma bu... kabab
yedirdir. Baş əy
köpək qızı, baş əy".
"Təhminə"dən "Nədi, efirdən göz eləyən kimi Leninqrada qanadlandın. Cəhənnəmə get. Adə, heç olmasa isti geyin,
ora soyuqdur, ay axmaq."
Bəli, Zərnigar xanım Ağakişiyevadır "Azadinform"un əməkdaşının həmsöhbəti. Həyatın bütün zərbələrinə sinə gərib sənətdə öz sözünü artıqlaması ilə deyən, şəxsi həyatındakı uğursuzluqları umuruna belə almadan irəli getməyi, yaşamağı bacaran xalq artisti, azad - tənha qadın Zərnigar Ağakişiyeva.
- Qubadan Bakıya ticarət texnikumuna qəbul olmağa gəlmişdim. Burda fikrimi dəyişdim ki, rəssam olmaq istəyirəm. Sənədlərimi rəssamlıq məktəbinə aparanda, sənədləri qəbul edən adam dedi ki, "neynirsən rəssam olmağı, qız üçün tibb texnikumu yaxşıdır". Mənə qəribə gəldi ki, bu niyə qaramat tökür işimə. Çıxdım, atama dedim ki, "gedək, pis adamlar var burda". Sonra məsləhətləşdik, sənədlərimi verdim incəsənətə. Atam, anam savadlı insanlar deyildi, amma çox incə qəlbli, uşağı heç nəyə məcbur etməyən, arzularının qarşısına sədd çəkməyən adamlar idi. "Ötən ilin son gecəsində" anamı oynamışam, daha doğrusu, oynamamışam, sadəcə, anamın həyatını yaşamışam. Atam da uşaqkən necə məcbur etməzdi, mən böyüyəndən sonra elə istəklərimlə hesablaşardı. Özləri elə tərbiyə etmişdilər, başqa cür ola bilməzdi. Valideynlərimə çox minnətdaram. İldə iki dəfə burdan maşın tutub Qubaya onların məzarlarını ziyarətə gedirəm. Yeganə övladlarıyam.
- Bacı-qardaşınız yoxdur?
- Bir qardaşım var, ana bir, ata ayrı, onunla da doğmalaşmadıq, həmişə yad olduq. Bayaq tədris teatrından danışırdıq, dedim ki, İlham Rəhimli, İsrafil İsrafilov, Əlabbas Qədirovla tədris teatrında işləyirdik. Həmin illər də iş stajıma daxildir. 40 ildir mən sənətdəyəm. İsmayıl Osmanlı, Tofiq Kazımov, Mehdi Məmmədovla bir yerdə işləmişəm. Çox nəhəng sənətkarlar görmüşəm. Niyə bunları deyirəm, çünki bu illər ərzində tamaşaçının məni qəbul etməsini, sevməsini hiss etmişəm. Özüm özümü qəbul etməsəm də, məni sənətə bağlayan tamaşaçı məhəbbəti olub. İlham yazan kitabda o dövrün tamaşaları, o tamaşalardan şəkillər verilib. Şəkillərə baxıram, mən onları görməmişəm, arxivlərdən tapmışıq. O vaxt muzeydən gəlib tamaşaları çəkərdilər. İndi elə şeylər də yoxdur. Şəkillərə baxıram özümü tanıya bilmirəm, inana bilmirəm ki, o xarakterlər məndən keçib.
- Bir-birinə bənzəyir, yoxsa rəngarəng xarakterlərdir?
- Onu rolu alanda həmişə düşünmüşəm, analizdən keçirmişəm ki, biri digərinə oxşamasın, oxşarlıq varsa da, onu dəyişməyə çalışıram. Həmin xarakter əvvəlki xarakter kimi hadisələri yaşamır axı, onun da həyatı bir başqadır. Həmin başqalığı verə bilmək artıq sənətkarın ustalığından asılıdır.
- Haradasa oxumuşam ki, əgər bir obrazın mimikaları belə əvvəlkini, yaxud aktyorun özünü
xatırlatmırsa, o sənətkarlıqdır...
- Mən ömür boyu özüm özümü qəbul edə bilməmişəm, özümdən xoşum gəlməyib. Hətta səsimdən zəhləm gedir. Xüsusən Rusiya aktyorlarından bu fikri çox eşitmişəm ki, onlar da özlərinə vurğun deyillər. Şəhəri piyada çox gəzirəm, zövq alıram Bakının gözəlliyindən, insanlardan. Kimlərsə yaxınlaşıb ürək sözlərini deyirlər. Onların gözlərindəki sevgini, parıltını görəndə, çox ruhlanıram. Başa düşürəm ki, əməyim boşa getməyib. Bu günlərdə İlham Rəhimli haqqımda kitab yazıb. O qədər gözəl analiz edib yaradıcılığımı ki, özümü özümə göstərib.
- Siz teatra gələndə, orda
Nəcibə Məlikova, Ətayə Əliyeva, Hökümə
Qurbanova, Leyla Bədirbəyli
kimi aktrisalar
vardı...
- İlk dəfə gələndə, məni bir aktrisaya dublyor verdilər, gözləri ilə məni parçalayırdı. Gözləri açıqca deyirdi ki, "rədd ol burdan". Çıxıb getdim. İnstitutun rektoru o vaxt Rahim müəllim idi, dedi ki, "sən niyə baş teatrdan çıxıb getmisən, başqaları yalvarır ki, ora düşə bilsin". Dedim ki, məni çəkmədi. Sonra təkrar qaytardılar və bu dəfə Leyla Bədirbəyliyə dublyor verdilər. Düşündüm ki, yenə eyni vəziyyəti yaşayacam. Məşqlər başlandı, Leyla xanım əsərin oxunuşunda məni çağırdı yanına. Məsləhətlər verdi, isti münasibət, səmimiyyət göstərdi. Tamaşa təhvil veriləndə, Leyla xanım xaricə istirahətə getdi, baş rol mənim ifamda premyera oldu. Ostrovskinin əsəri idi, Səməndər Rzayev, İsmayıl Osmanlı- ağır texnika ilə bir səhnədə oynadım. Tamaşa, ilk rolum çox gözəl qəbul olundu.
- "Sevil"də Dilbərə
qədər çox rollarınız olmuşdu?
- Xeyli oynamışdım artıq. O tamaşa lentə yazıldı, televiziyada verildi, ona görə yadda qalıb. İndiki nəzərlə o tamaşaya baxanda düşünürəm ki, kaş, arada fransız sözləri işlədəydim, Dilbər axı Fransada təhsil alıb. Yaratdığım obraza çox vaxt təsviri sənət, rəssam nəzərləri ilə baxıram. Elə bil bir insanın portretini çəkirsən də, onu yaradırsan axı.
- Yəqin bu rəssam
olmaq istəyinizdən irəli gəlir...
- Ola bilər, deməli, içimdə nə isə bir rəssam duyğuları yatır, hərdən baş qaldırır. Dilbər çox qabarıq surətdir. Bir dəfə səhnədə Sevilin övladını qucağına aldığı Balaşın çıxılmaz vəziyyətdə qaldığı yerdir ki, Dilbər gəlib çıxır, barmağını uzadıb Balaşa deyir "rədd elə bunu burdan, at bayıra". Qabaq sıradan bir kişi, özü də düz mənim iki addımlığımdan qayıdasan ki, "nə yıxıb bunu yerə ağzına-ağzına döyəsən..." Ürəyim düşdü ki, o, kişi həmin emosiya ilə ayağa qalxsa, mənim ağzım onun ovcunun içində olacaq. İndi gözləyirəm ki, Sevil replikanı desin, mən səhnənin o başına keçməliyəm, keçim. Safurə İbrahimova ağzını açan kimi, tamamlamağını gözləmədən mən keçdim səhnənin o biri başına və xətadan sovuşdum.
- Sonra
küçəyə çıxmağa qorxmurdunuz?
Dilbərə böyük nifrət
yaratmışdınız axı...
- Sonra artıq tamaşaçıda həmin nifrət qalmır axı, Dilbər qara günə qalır, tamaşaçının arzuladığı vəziyyətə düşür, yazıq olur.
- Bəlkə də ondan da güclü
obrazlarınız olub, amma
lentə alınmayıb...
- Əlbəttə. A.Kamyunun "Anlaşılmaz qətl" tamaşasındakı ana obrazı əvəzedilməzdir. Ona görə onu deyirəm ki, həm də son illərin tamaşasıdır, Əsgər Əsgərov hazırlamışdı.
Ümumiyyətlə, yaratdığımız hər obrazın arxasında rejissorun da əməyi durur. Zəhmətləri danılmazdır, rolu birgə proqramlaşdırıb ortaq məxrəcə gəlirik.
- Zərnigar xanım, Stanislavski deyib ki, aktrisa gərək ailə
qurmasın, ona sadiq
qalıb şəxsi həyatınızı düşünmədiniz?
- Onu
Tofiq Kazımov da deyirdi. Ona görə deyirdilər ki, aktrisanın fikri evdə, uşaqda qalmamalıdır.
Gərək bütünlüklə sənətə həsr etsin özünü.
Bizim dövrümüzdə ya
gərək öz sahəndən kiminlə isə ailə quraydın, ya kənardan biri ilə evlənsən, sənətdən gedəydin,
ya da subay
qalmalı idin. Hər bir kişi istəyir ki, evə gələndə,
evin qadını evdə olsun, onu qarşılasın, xörəyini versin. Hansı kişi
qəbul edər ki, onun xanımı
qastrollarda, mehmanxanalarda
qalsın, o, da evdə tək. Elə ailə, uşaq saxlamaq olar?
- Sənət yoldaşlarınızdan
sevdiyiniz olmadı?
- Münasib yaş dövrünə düşmədik. Mən eyni
dövrdə oxuduqlarımızın
hamısından yaşca
böyük idim, teatrda isə əsasən məndən
çox böyüklər,
ya da çox
kiçiklərlə ünsiyyətdə
olduq. Rus bölməsində oxumuşdum,
birdən-birə ətrafdakılara
adaptasiya ola
bilmirdim. Nə bilim, bunlar bəhanədir, əsas odur ki, tale belə
gətirdi, Allahın yazısıdır.
- Kənarda kimisə çox böyük məhəbbətlə sevsəydiniz,
bəlkə də sənəti atıb ailə qurardınız...
- Bəlkə də... 13 il
birinə bağlandım,
bir yerdə yaşadıq, sonra anladım ki, bu adam ailə
qurmağa layiq deyil. Əvvəla, mənim sənətimə
mane olmurdu, deyirdi işlə. Əvvəl bu
xoşuma gəlsə
də, sonra acığıma gəldi
ki, niyə bu mənim mehmanxanalarda,
uzaqlarda olmağımı
qəbul edir? Bir də ailə üçün yaranmamışdı
elə bil, hər şeyə biganə idi. Mən də artıq tamaşaçı tərəfindən
sevilmişdim, o sevgi üstün gəldi.
Elələri də olurdu,
yaxın düşməyə
ürək eləmirdi
ki, birdən sənəti atmaz. Qadınlar istəyir ki, kişi
onun üzərində
qələbə çalsın,
amma kişilər güclü xarakterli, ağıllı qadınları
sevmirlər. Xəyanətlə yoxam, dözə
bilmərəm. Allah məni səhnə üçün yaradıb.
Bir dəfə anam dedi ki,
mən uşaq olanda, qaraçı anama deyib ki,
bu uşaq məşhur olacaq. Anam deyir, dərd
məni götürdü
ki, bu hələ
uşaqdır, necə
məşhur ola bilər. İndi başa düşürəm
ki, o qaraçı mənim özfəaliyyət
dərnəyində çıxışlarımı
görüb, başa düşüb ki, aktrisa olacağam, avam anama ona
görə belə deyib. Anam da elə bilib ki, qaraçı
uzaqgörəndir. Hələ
beş yaşımdan
səhnələrdə idim.
Anam 40 hörük hörərdi
mənə, həmişə
səhnələrdə şeir
deyərdim. O vaxt
Ələsgər Ələkbərov
məni Qubada səhnədə görüb
deyib ki, bundan bir şey
çıxacaq...
Çıxdı, özünü bütünlüklə sənətə
həsr etdi, peşman da deyiləm. Əgər künc-bucaqda qalsaydım,
peşman olardım.
Şükür ki, tamaşaçı da sevib dəyərləndirir,
dövlət də sağ olsun, 66 yaşımda təminatım
var. Ömür boyu qaçhaqaçda olmuşam,
məşqlər, qastrollar,
əziyyətlər... İndi istəyirəm
12-yə qədər yatıram,
rahat yaşayıram.
Xalq artisti, ömürlük təqaüdçüyəm, bütün
bunlar dəyərdir mənə. Bu güzəran üçün
özünü həsr
etməyə dəyərmiş.
Bu gün məni
yaşadan qüvvə
odur ki, zəhmətim hədər
getmədi.
Ekspress .-2013.-3-5 avqust.-
S.20.