Qarabağ kamançası da var...
Arzu Səlimova: "İstərdim
kamança irəlidə
olsun, başqa millətlər ona yiyə durmasın"
Arzu Səlimova hərbçi ailəsində anadan olub. Atası musiqiyə bağlı imiş, gözəl səsi varmış, muğam oxuyarmış.
Uşaqlıqdan musiqiyə bağlanan Arzu xanım Bakıda 7 saylı musiqi məktəbini, Asəf Zeynallı adına Musiqi Texnikumunu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Kamança üzrə Şəfiqə Eyvazovadan, dirijorluq üzrə Süleyman Ələsgərovdan dərs alıb ("Media forum").
Ali məktəbi bitirəndən sonra Musiqi Akademiyasında dirijorluqdan dərs deyib, baş müəllim işləyib. 1986-cı ildə Orta Asiya və Qafqaz respublikaları arasında keçirilən musiqi müsabiqəsində birinci yeri tutub.
"Kamança üçün pyeslər məcmuəsi" (23 pyesdən ibarət) adlı dərsliyin müəllifidir. Tələbələrindən əməkdar artist İsmayıl Həmidov, Toğrul Əsədullayev, Ceyhun Muradov, Oqtay Şərifovun adlarını sadalamaq olar.
Hazırda Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində və Əhsən Dadaşov adına xatirə xalq çalğı alətləri ansamblında çalışır. Kamanlı alətlərdən ibarət ansamblın yaradıcısı və rəhbəridir.
Milli Konservatoriyada həmkarlarımdan maraqlı bir məlumat eşitdim: Arzu Səlimova heç kimin ağlına gəlməyən bir ideyanı reallaşdırıb, yalnız kamanlı alətlərdən ibarət ansambl yaradıb. Bakının mərkəzində, "Köhnə univermaq" kimi tanınan ticarət şəbəkəsinin yaxınlığında məskunlaşan Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin səsyazma evinə üz tutdum. Kamanlı alətlərdən ibarət ansamblın axşam məşqi gedirdi. Mən gənc ifaçıların repertuarındakı bütün əsərləri dinlədim, gözəl ifalardan zövq aldım. Hər partiya öz yerində səslənirdi, digər milli və ya Avropa alətlərinin cəlb edilməsinə heç lüzum da yox idi. Ansambla cəlb edilən bəm kamança, böyük və kiçik çağanaq, qabaq kəmanə, çəqanə və qopuz - sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadənin kolleksiyasındandır.
Arzu Səlimova yaratdığı ansamblın tarixçəsini bölüşdü:
- Bu alətlər miniatür rəsmlərdə də təsvir edilib. Mən fikirləşmişdim ki, kamanlı alətlər dəmi də, nağaranı da, bir sözlə, bütün alətləri əvəz etsin. Prosesi təkmilləşdirdim, ansamblın yaradılmasına çalışdım. Alətlərin hələ bir neçəsini də sifariş vermişik usta düzəltsin. Bu alətlər içində Qarabağ kamançası da var. Onu da bu ansambla daxil edəcəyik.
- Orkestr ideyası necə yarandı?
- Günlərin birində səsyazma evinin musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovla rastlaşdım. Soruşdu işlər necədir, orkestrdə ifa edən kamançaçılar necədir, dedim yaxşıdır. Əvvəllər kaman alətlərindən ibarət ansambl yaratdığımı deyəndə maraqlandı, məni otağına dəvət etdi, xeyli söhbətləşdik.
10 il
əvvəl belə bir ansambl yaratmışdım.
O ansamblda kamançaların
dörd partiyada bölüşdüyünü deyəndə Ramil müəllim qayıtdı
ki, olar siz onu yenidən
canlandırasınız, mən
baxım... Düzü, qorxdum, çox
əziyyətli işdir
axı. O zaman düz il
yarım ansambl fəaliyyət göstərdi,
sonra məhv etdilər işlərimizi.
Nöqsan tutmağa nə
var ki, əsas
işi başa gətirməkdir. Ramil
müəllim dedi ifaçı heyəti sizdən, məşğul
olun, biz də dəstək olarıq. Məşqlərə başladıq. Ansambla əvvəl nağara və fortepiano əlavə
etdim. Bir aydan sonra Ramil müəllim gəldi, dinlədi, çox bəyəndi.
Ansamblın heyətində olan
yeniyetmələr püxtələşmiş
uşaqlardır, hansı
əsəri təqdim
edirsən, ifa edirlər. Ramil müəllimin təşəbbüsü
ilə aprel ayının 17-dən ansambl
yenidən yığılıb.
Bura AzTV-nin məkanıdır.
"Azərbaycan televiziyası və radiosunun kamanlı alətlərdən ibarət
kamera ansamblı"
9 orkestr və ansambl heyətindən biridir. Bu ansambla
kamançalardan əlavə
qədim kamanlı alətlər daxil edilib. Fikrimiz var 7 qədim
kamanlı aləti bura cəlb edək. 4-ünü gördünüz. 3-ü də gələcək.
- Repertuarınızdakı
kompozisiyalar haqda bir qədər danışardınız.
- "Sarı gəlin" xalq mahnısı, "Dilcan"
xalq rəqsi, Fikrət Əmirovun
"Lay-lay"ı, Hacı
Xanməmmədovun "Gözünə
qurban"ı, "Yadıma
düşdü"sü, "Yaşa könül"ü...
Əsərləri dinləyərkən digər alətlərin səsini eşitməsək
də, kamanlı alətlərin düzgün
qaydada partiturada paylaşması tam orkestr formasının yaranmasına
xələl gətirmir.
Ansambl izdihamlı səslənir.
- Bu ansamblı
yaratmaq milli musiqimizə nə verir?
- İstərdim
kamança həmişə
irəlidə olsun.
Başqa
millətlər ona yiyə durmasın. Çünki bu, bizim alətdir. Yaddan çıxan kamanlı
alətlərimiz də
kamançamızla bərabər
inkişaf etsin. Arzu edirəm ki, qədim kamanlı alətlərin hamısı
bərpa olunsun və biz onları ansambla cəlb edək. Həm də kamança ifaçılarına - gənc
kadrlara iş yeri olsun, onlar
da özlərinə yer tapsınlar.
- Repertuarınızda
ciddi ölçülü
əsərlər ifa olunur. Bəs muğama diqqət?
- Muğamı
yəqin gələcəkdə
repertuara salacağıq.
Digər
alətləri də bu ansambla daxil
etmək ideyamız var, amma solo ifada kamanlı alətlərin fonunda.
Gələcəkdə daha mürəkkəb
əsərlərimiz də
olacaq.
- Partituraları
özünüz yazırsınız?
- Mənə klavir verilirsə, onun əsasında partituranı işləyirəm.
Hətta
nağaranı da partiyalara bölürəm.
Yaxşı ideyalar çoxdur,
hər bir insanın beynindən gündə onu gəlib-keçir. Bəzilərini çox tez unuduruq, bəzi ideyalar isə reallaşır, insanlara sevinc gətirir, insanın ruhunu şad edir. Kamanlı alətlər ansamblı hələ ilk addımlarını
atır, gün gələcək, böyük
zallara çıxacaq,
tamaşaçıların zövqünü oxşayacaq.
Arzu xanım o gələcək
günü səbirsizliklə
gözləyir.
Gün gələcək...
Kəmaləxanım ƏSƏDULLAYEVA
Ekspress.-2013.-7
avqust.-S.-15.