Elə bil dünən idi tələbəlik
illəri
Şamil
Salmanov-80
Müəllifin şəxsi
arxivindən
Əzizim Teyyub!
Səni bərk-bərk, kövrək-kövrək bağrıma basıram, öpürəm. Səni Suğra salamlayır. Həyat yoldaşını salamlayırıq.
Əzizim Teyyub!
Sən gözəl
dost, gözəl insansan. Mənim üçün isə
qardaşsan. Sənə məktubu gec yazıram. Buna görə
bəraət istəmirəm. Axı, bizə heç vaxt bəraət
gərək olmamışdır. Həmişə səmimi
olmuşuq, bir-birimizə inanmışıq. Nə demişiksə,
doğru demişik.
Sən Moskvaya gedəndən sonra xeyli vaxt ünvanını əldə edə bilməmişəm. İndi isə onu əldə etmişəm. Lakin bu müddət ərzində səni bir an olsun belə unutmamışam; ayrılığınla kövrəlmişəm. Dəfələrlə şeir kitabını oxumuşam. Mən indi, məhz indi səni daha yaxşı hiss edirəm, şairliyini başa düşürəm. Bu barədə ona görə yazmağa xüsusi ehtiyac duyuram ki, sən həyatı ploeziya kimmi yaşamış, poeziya kimi qəbul etməyi bacarmısan. İnanıram ki, indi də beləsən, indi də poeziya ilə yaşayır və mübarizə edirsən. Bəli, qardaş, həyat mübarizədir. Böyük və ağır mübarizə. İnsan yaşamaq üçün mübarizəyə inamı itirməməlidir. İnamsız mübarizə yoxdur, həyat yoxdur.
Mübarizəsiz və inamsız həyat heç vaxt böyük həyat, böyük tale adlandırılmağa layiq deyildir. Belə həyat böyük mənadan, böyük fəlsəfədən mərhumdur, ucuz və qiymətsizdir. Bizə qədər də, bizdən sonra da hamı xoşbəxt, ağrısız yaşamaq, yaratmaq və düşünmək istəmiş və istəyəcəkdir. Bu, təbiidir, qanunidir; heç kəs bunun əleyhinə deyildir. Lakin bir şeyi unutmamalıyıq ki, insan həyatdan yalnız almağa deyil, ona nəsə gözəl, yeni, olmamış bir şey əlavə etməyə borcludur. Sənin şeirlər kitabını oxuyarkən mən həyat haqqında belə düşündüm. Bəlkə sən heç də bunları ifadə etmək istəməmişsən. Lakin sənin həyat fəlsəfən mübarizədən ibarət olduğuna görə şeirlərinin də əks-sədası mübarizə olmuşdur.
Əzizim Teyyub! Mən şəxsən səndən eşitmək istəyirəm: Necəsən? Vəziyyətin nə yerdədir? Həkimlər nə deyir? Özünü yaxşımı hiss edirsən? Sağalmaq əlaməti vardırmı? Ümidsizləşmə. İnamsızlaşma. Bilirsənmi, heç vaxt?! Bunların heç biri sənə yaraşmır. Səni kişisən, əsl kişi. Sən şairsən, əsl şair.
Əgər məktub yazmaq imkanın yoxsa, yazma. Özünü incitmə.
Sənə nə lazımdır? Nəyə ehtiyacın vardır? Yaz, mütləq yaz.
Hər ikimiz səni, həyat yoldaşını salamlayırıq.
Bakı həsrəti ilə,
Şamil
Suğra
6
sentyabr 1964
Şamil Salmanovla dostluğumuzun tarixində tələbəlik
illəri xüsusi yer tutur. 1954-cü ildə
Bakı Dövlət Universitetinin filologiya fakültəsinin
jurnalistika şöbəsinə daxil olanda, Şamil Salmanov həmin
fakültənin dil-ədəbiyyat fakültəsinin ikinci
kursunda idi.
Məni qrup yoldaşlarının,
demək olar ki, hamısı ilə tanış etmişdi:
Arif Səfiyev, Yaşar Qarayev, Ağacavad Əlizadə, Tofiq
Hacıyev, Hüseyn Kürdoğlu, Firudin Ağayev, Solmaz Məlikova,
Rəşxəndə İsrafilova, Cəfər Cəfərov,
Vaqif Hüseynov...
Bu qrup fakültədə
seçilirdi. Elə bil Elmlər
Akademiyasının humanitar institutunun bir filialı, ya da
Yazıçılar İttifaqının gənc ədəbi
qüvvələr bölməsi idi. Təsadüfi deyil
ki, 1955-ci ildə "Uşaqgəncnəşr"in
buraxdığı (kitabı Nəbi Xəzri tərtib
etmiş, redaktorları Süleyman Rüstəm, Yusif
Əzimzadə və Mustafa Əfəndiyev olmuşdu) "Gəncliyin
səsi" kitabında ikinci kurs tələbəsi Şamil
Salmanovun "Mənalı həyat kitabı", qrup
yoldaşlarından Yaşar Qarayevin "Bakı gecəsi",
Ağacavad Əlizadənin "Bakı" şeirləri dərc
olunmuşdu. Arif Səfiyevin "İşıq seçməsi",
Hüseyn Kürdoğlunun "Yol üstündə tək
qovaq", Tofiq Hacıyevin "Oktyabr" şeirləri
almanaxın ikinci sayına daxil edilmişdi.
O vaxtlar universitetin ədəbi-yaradıcılıq
dərnəyinə Bəxtiyar Vahabzadə və Yusif Şirvan
rəhbərlik edirdi. Dərnəyin özəyi
Şamilgilin qrupu idi. Respublika mətbuatı
səhifələrində dərc olunması məsləhət
görülən əsərlərin "opponentləri"
onlar idilər. Məşğələlərdə
istedadlı qrup yoldaşım Rəfiqə Mayılova (pedaqoji
elmlər doktoru, professordur), Hökumə Əliyeva, Məryəm
Həsənova da fəal iştirak edirdilər. Tofiq
Bayram, Məmməd Araz, Arif Cəfərov, Sərdar Əsəd,
İlyas Tapdıq, Əsgər Ələsgərov, Famil Mehdi,
Məstan Əliyev və başqaları dərnəkdə
yeni əsərlərini oxuyurdular.
Filologiya fakültəsinin rəhbərləri
- Muxtar Hüseynzadə və Əlövsət Abdullayev dərnəyin
işinə qayğıkeşliklə yanaşır,
Bakının digər ali məktəblərində,
tələbə yataqxanalarında, Xəzər gəmiçiliyi
müəssisələrində ədəbi görüşlər
keçirilirdi.
Universitetin filologiya fakültəsinin
nəzdində böyük Azərbaycan şairi Məhəmməd
Füzulinin vəfatının 400 illiyi ilə əlaqədar
"Füzulini öyrənən dərnək"də fəaliyyətə
başlamışdı. Dərnəyin üzvləri
arasında universitetin digər fakültələrində
oxuyan tələbələr, aspirant və gənc müəllimlər
də vardı. Məşğələləri
professor Həmid Araslı və baş müəllim Firuz
Sadıqzadə aparsa da, bir füzulişünas da Şamil
Salmanov idi. Onun tövsiyəsi ilə mən
dərnək məşğələlərində təhlil
olunan Füzuli qəzəllərini ayrıca bloknota qara
tuşla köçürürdüm, həmişə
yanımda gəzdirirdim. Bu "Füzuli dəftərçəsi"ni indi saxlayıram. Əvəzsiz
və etalon insan olan dostumun anım dəqiqələrində
"Füzuli dəftərçəsi"ndən bir qitə
tapıram. Bu qitədə Şamil Salmanov
obrazının müqayisəli cizgilərini görürəm;
Hər kimin var isə zatında
şərafət
küfrü,
İstilahi-ümum ilə
müsəlman
olmaz.
Gər qara daşı
qızıl
qan ilə rəngin edəsən,
Təbə təğyir verib,
ləli-Bədəşxan
olmaz.
Eyləsən tutiyə təlimi
ədayi-kəlimat,
Nitqi insan olur,
əmma
özü insan olmaz.
Hər uzun boylu
şücaət
edə bilməz dəva,
Hər ağac kim
boy ata,
sərvi-xuraman
olmaz.
Elə bil dünən
idi 1957-ci ilin oktyabrın 16-sı. Bilirdik
ki, Nazim Hikmət Bakıdadır, universitetə də gələcəkdir.
Səhər elektrik
qatarının üçüncü vaqonunda (Şamil müəllim
Yeni Suraxanıdan qatara minib, bir yer də yanında boş
saxlayardı, "Bülbülə" stansiyasında o yer
"qapanardı") görüşdük. Yol boyu Şamil müəllim Nazim Hikmətdən
danışdı, şeirlərindən misallar gətirdi.
Dedi ki, Nazim Hikmətlə görüşdə şairin
"Şərqdən gəlirəm" şeirini əzbərdən
söyləyəcəkdir. Üzümə baxıb
soruşdu;
-Bəs sən nə edəcəksən?
- Mən bunu oxumaq istəyirəm.
Şamil müəllim Nazim Hikmətə
həsr etdiyim şeirin əlyazmasını oxudu və rəyini
bildirdi;
- Mirzə, yaxşıdır, ancaq
sonluğu tapılmayıb.
...Bakı Dövlət
Universitetinin ikinci mərtəbəsindəki böyük akt
zalı ağzınadək dolmuşdu. Fakültəmizin
dekanı, istəkli müəllimimiz Əli Sultanlı
tapşırmışdı ki, çıxış edənlər
qabaq cərgədə əyləşsinlər. Şamil, mən, Ağacavad deyilən yerlərdə
idik. Nazim Hikmət, sağında-solunda Universitetin rektoru
akademik Yusif Məmmədəliyev, Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin sədri Mirzə İbrahimov, Süleyman Rüstəm
zala daxil olanda hamı bir nəfər kimi ayağa qalxdı,
alqışlar kəsilmək bilmirdi. Əlamətdar
tarixi görüş gecəsini rektorumuz giriş sözü
ilə açdı. Sonra dekanımız
Əli Sultanlı çıxış etdi. Professor çıxışının sonuna yaxın
bir yerində dedi: "Qəlbi yalnız mübarizə
eşqiylə, Türkiyənin parlaq gələcəyi naminə
döyünən Nazim Hikmət türk şeirinin
Prometeyidir!" Müəllimimin coşğun
ehtirasla söylədiyi bu sözlər qəlbimi riqqətə
gətirdi. Bəyaz saçlı Prometeyə baxdım və
şeirimin sonluğunu dodaqaltı öz-özümə
pıçıldadım:
O ağ
saçlar, o ağ saçlar,
O ağ
saçlar deyim nədir, -
Türkiyənin sabahından,
Ağ günündən bir
müjdədir!
Görüş başa çatanda gözlərində
sevinc yaşları parlayan tələbələr Nazim Hikmətdən
ayrılmaq istəmirdilər. Ağacavad Əlizadə
bizə xəbər verdi ki,
dekanımız çıxış edənləri, həmçinin
fakültənin müəllim və aspirantlarından bir
neçəsini rektorun otağına gəlməyi
tapşırıb. Şamil ilə mən də
getdik. Rektorumuz akademik Yusif Məmmədəliyev
əziz qonağa bir daha minnətdarlığını
bildirdi və yadigar olaraq şəkil çəkdirməyi təklif
etdi. Oxuculara təqdim olunan bu şəkildə Yusif Məmmədəliyevin
sol tərəfində, beşinci kurs tələbəsi
Şamil Salmanov, sağ tərəfində dördüncü
kurs tələbəsi, "Müjdə"nin
müəllifidir. Bəs qalanları kimlərdir?
Birinci cərgədə (sağdan-sola); Nazim Hikmət,
Süleyman Rüstəm, Yusif Məmmədəliyev.
İkinci cərgədə (sağdan-sola); Firəngiz Qədirli,
Hökumə Əliyeva, Yusif Şirvan, Elmira Qafarova, Aydın
Əbilov, Raya Əliyeva, Yavər Eyvazov, Ağacavad Əlizadə,
Vəli Məmmədov, Gülhüseyn Hüseynoğlu, Vəli
Məmmədov.
Bakı Dövlət Universitetində
Nazim Hikmətlə görüşdən üç gün
sonra, 1957-ci il oktyabrın 19-da "Ədəbiyyat
və incəsənət" qəzetində "Müjdə"
dərc olundu. Bundan sonra illər boyu bu söz
Şamil müəllimlə telefon
danışığımızda "vətəndaşlıq
hüququ" aldı.
- Mirzə, sənə müjdə
verirəm - aspiranturaya qəbul olundum.
- Mirzə, sənə müjdə
verirəm - "Azərbaycan gəncləri" qəzetində
Rəsul Rzanın mənim şeirlərim barədə məqaləsi
çıxıb.
- Mirzə, sənə müjdə
verirəm - şeirlər kitabım əlimdədir!
Altmışıncı
illərdə Şamil müəllimin "müjdə"lərinin
izahlı lüğətində böyük bir şəxsiyyətin
- Rəsul Rzanın adı başda idi. İyirminci
yüzilliyin sonunda professor Şamil Salmanov Rəsul Rza ilə
bağlı intibahdan belə bəhs edirdi: "Xalq şairimiz
Rəsul Rzanın 1964-cü ildə ilk Azərbaycan
ensiklopediyasının baş redaktoru təyin edilməsi bizim
hamımızı sevindirdi. Onun bu məsul və ciddi vəzifəyə
irəli çəkilməsi bir tərəfdən Rəsul
Rzanın şəxsi keyfiyyətləri ilə, mütəfəkkir
bir ziyalı olması ilə bağlı idisə, digər bir
səbəbi o zamanın sovet məkanında demokratik meyllərin
getdikcə sürətlə təşəkkül tapması
ilə bağlı idi. Deməliyəm ki, Rəsul
Rza bu dövrü, onun mütərəqqi meyllərini öz
şəxsiyyətində çox parlaq şəkildə təmsil
edən nadir sənətkarlardan biri idi. O da çox əlamətdardır
ki, həmin dövr yalnız onun sənətində,
poeziyasında deyil, bütün düşüncə,
bütün fəaliyyət tərzində, həyat və
zaman hadisələrinə münasibətində, ziyalı və
vətəndaş mövqeyində təcəssüm edirdi.
O vaxt mən Rəsul müəllimlə
sıx əlaqə saxlayırdım. O, mənim şeirlərim
haqqında mətbuatda böyük, son dərəcə dərin
bir məqalə ilə çıxış etmişdi. Ktiraf etməliyəm ki, bu yalnız mənim şeirlərim
haqqında böyük sənətkarın sözü deyildi,
yeni Azərbaycan poetik gəncliyi haqqında söz idi. Rəsul müəllim bizə "poeziya necə
olmalıdır", "əsrin poeziyasından nə tələb
olunur" kimi məsələləri izah edir, bizdə poetik mənlik
hissi və şüuru formalaşdırırdı. Mən tez-tez Ensiklopediya redaksiyasına gedir, Rəsul
müəllimlə görüşürdüm. Bundan əlavə, redaksiyada dostlarım işləyirdi,
onlarla da görüşürdüm. Və bütün
oradakı müşahidələrim əsasında deyə bilərəm
ki, Rəsul müəllim redaksiyada əsl iş şəraiti
yaratmışdı. Mən hətta belə bir
yerdə işləməyi özümə böyük bir
xoşbəxtlik sayırdım. Ensiklopediyada əsl elmi
iş gedirdi, sözlük tərtib olunur, müzakirəsi
keçirilirdi, ayrı-ayrı məqalələr
yazılırdı və bu prosesdə meydana çıxan
problemlərin həlli yolları inadla axtarılırdı. Bütün bunlar bilavasitə Rəsul müəllimin
rəhbərliyi altında gedirdi.
O
istəyirdi ki, Ensiklopediyada Azərbaycan mövzusu əsas
mövzu olsun. Azərbaycanın tarixi, mənşəyi,
Azərbaycan xalqının bir xalq kimi kökü, soyu əksini
tapsın, Azərbaycan mədəniyyəti hərtərəfli
işıqlandırılsın, xüsusilə dilimiz, onun
tarixi, xüsusiyyətləri layiqincə təmsil olunsun."
(Bax: "Yaşıl rəngin işığı",
Bakı, "Nurlan" nəşriyyatı, 2000-ci il, səh.7-8).
Altmışıncı illərdə Azərbaycan
poeziyasında qığılcım kimi parlayan gənc
şair yetmişinci illərdə alimliyini təsdiq etdi,
doxsanıncı illərdə və yeni yüzilliyin əvvəlində
ədəbi aləmin Mikayıl Rəfilisinə çevrildi.
Onun "Müasir Azərbaycan ədəbi tənqidinin təşəkkülü
və inkişaf meylləri" avtoreferatını ən qiymətli
hədiyyə kimi şəxsi arxivimdə saxlayıram:
"Dostum Teyyub üçün. Ən xoş
arzularla. Şamil".
...Elə bil dünən idi. 1970-ci
il - şair-alimin namizədlik
dissertasiyasını müdafiə etdiyi elmi şuranın
iclası. Dissertantın rəhbərləri, o
zamanlar Elmlər Akademiyasının müxbir üzvü Məmmədcəfər
Cəfərov, rəsmi opponentləri akademik Məmməd Arif
Dadaşzadə və filologiya elmləri doktoru Abbas Zamanov idi.
Müzakirədə çıxış edən Qulu Xəlilov
buna işarə edərək dedi; "Mən
düşündüm ki, Şamilə nə üçün
bir akademik və bir doktor opponent seçilib. Sonra
özümə dədim ki, onun öhdəsindən elə məhz
bu cür təcrübəli yoldaşlar gələ bilər.
Şamil Salmanovun əsəri qüvvətli əsərdir".
...2006-cı il
avqustun 17-də təvəllüd günü münasibətilə
Şamil Salmanova zəng vurub təbrik etdim. O isə şeirlə
cavab verdi:
Əlvida demirəm,
yox, demirəm
mən,
Yenə göyərəcək
bu
çöl, bu çəmən,
Boynunu bükəcək
yenə bənövşə,
Çiçəklər
açacaq üzü günəşə.
Hər yarpaq üstündə
şeh danəsi
tək
Bir şair xəyalı
şəfəqlənəcək.
Düz bir aydan sonra, sentyabrın 18-də amansız əcəl
nadir və işıqlı bir insanı aramızdan
qopardı. Mənə "Mirzə, sənə
müjdə verirəm" deyən səs kəsildi.
Bu gün, avqustun 17-də əvəzsiz
dostumun 80 illiyi günündə "müjdə"ni
Şamil Salmanovun son nəfəsinədək divarları
arasında elmi fəaliyyət göstərdiyi mərkəzdən
- Milli Elmlər Akademiyasından gözləyirəm. Və dərhal
bu xəbəri Bakının səkkizinci mikrorayonundakı
köhnə doqquzmərtəbəli binanın doqquzuncu mərtəbəsində
aramsız xəstəlikdən üzgün
düşmüş vəfalı ömür sirdaşına,
mərhumun kişi qeyrətli qızına
və iki gül yarpağı olan nəvələrinə
çatdırmaq istəyirəm: Şamil Salmanovun həyat
yoldaşı Suğra xanım Salmanovaya AMEA rəhbərliyinin
təqdimatı ilə Prezident təqaüdü verilmişdir!
Teyyub QURBAN
Ekspress.-2013.-17-19 avqust.-
S.12;15.