Mir Cəfər Bağırov və
Teymur Quliyev
Mir Cəfərin
məhkəməsi necə
hazırlanmışdır?
Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...
Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.
Teymur Quliyev Bağırovdan sonra Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində 11 ay 17 gün çalışdı - 1953-cü ilin aprelin 20-dən 1954-cü il fevralın 17-dək.
Həmin qısa müddətdə hökumət iclaslarında müzakirə olunan bir məsələyə dair Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində geniş material saxlanılır.
1953-cü il oktyabr ayının 29-da Teymur Quliyev "Bağırovun adamı" Salam Aydınbəyovu respublikanın ticarət naziri vəzifəsindən kənarlaşdırmışdı. Adı 1953-cü ildə Azərbaycan KP MK və BK-nın birləşmiş plenumunda hallandırılmış Aydınbəyov kimdir və günahı nədir?
Bu sualın cavabı arxiv sənədlərindədir. Salam Aydınbəyovun 1939-cu il oktyabrın 20-də yazdığı tərcümeyi-halında deyilir: "Mən, Salam Müqtədiroviç Aydınbəyov 1912-ci ildə Bakıda inqilabçı fəhlə ailəsində anadan olmuşam. Atam inqilabi fəaliyyətinə görə əksinqilabçılar tərəfindən öldürülmüşdür. Mən anamın himayəsində böyümüş, dövlət təqaüdü almışam.
1926-cı ildə Zaqafqaziya Dəmir Yolu Azərbaycan SSR Yalama stansiyası natamam orta məktəbinin 5-ci sinfini bitirmişəm. 1927-1931-ci illərdə Dağıstan MSSR-in Dərbənd şəhərində əvvəlcə ikinci dərəcəli orta məktəbdə, sonra pedaqoji texnikumda təhsilimi başa çatdırmış, orta pedaqoji təhsil işçisi diplomu almışam. 1931-ci ilin sentyabrından 1932-ci ilin sentyabrınadək Yalama dəmir yolu natamam orta məktəbində müəllim işləmişəm. 1932-ci ilin sentyabrından 1935-ci ilin iyul ayınadək Bakı şəhərində Ali Kənd Təsərrüfatı Məktəbində oxumuş, təhsilimi başa vurduqdan sonra, 1936-cı il sentyabr ayınadək Quba Kənd Təsərrüfatı Texnikumunda iqtisadiyyat fənni üzrə müəllim işləmişəm. 1936-cı ilin sentyabrından 1937-ci ilin noyabrınadək Dağıstan MSSR Axtı rayon Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində çalışmışam. 1937-ci ildən 1939-cu ilin may ayınadək ÜİLKGİ Dağıstan Vilayət komitəsində tələbə-gənclər şöbəsinin müdiri işləmişəm. Sonra Azərbaycan K(b) P MK-ya müraciətimlə əlaqədar Dağıstan Vilayət Partiya Komitəsinin qərarı ilə işimdən azad olunaraq Bakıya gəlmişəm. 1939-cu ilin oktyabrından Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin təlimatçısıyam.
Atam Müqtədir Aydınbəyov dahi rəhbərimiz Stalindən tərbiyə almış fəal inqilabçı olmuş, bütün həyatını fəhlə sinfinin işi uğrunda mübarizəyə həsr etmişdir. 1907-ci ildə neft-mədən fəhlələri arasında apardlığı inqilabi fəaliyyətinə görə beş il müddətinə Arxangelsk diyarına sürgün olunmuşdur. O zaman atam Balaxanıda tətil komitəsinə rəhbərlik edirdi və bilavasitə Stalin yoldaşın göstərişlərini yerinə yetirirdi. Atam ikinci dəfə həbsə alınaraq Bayıl türməsinə salınmışdı. Nəhayət, 1918-ci ildə Bakı Kommunası partiya təşkilatı tərəfindən Sovet hakimiyyətini bərpa etmək tapşırığı ilə Quba şəhərinə göndərilmiş və burada əksinqilabçı müsavatçılar tərəfindən vəhşicəsinə öldürülmüşdür.
1925-ci ildən ÜİLKGİ-nin, 1939-cu ildən ÜİK(b)P-nin üzvüyəm. Özümün və arvadımın qohumlarından heç kəs repressiyalara məruz qalmamış, ağqvadiyaçı qoşunların və milli hökumətlərin müəssisələrində olmamışdır. Təkcə doxsan yaşlı əmim keçmişdə molla olduğuna görə səsvermə hüququndan məhrum edilmişdir. Əmimlə mənim heç bir əlaqəm olmamış və hazırda da yoxdur.
Komsomol və partiya orqanlarında işlədiyim vaxtlarda heç bir cəza almamış, antipartiya və müxalifət qruplarında olmamışam. Mənim və arvadımın qohumlarından xaricdə olanı yoxdur. Arvadım fəhlə ailəsindədir, valideynləri 1933-cü ildə vəfat etmişlər. Ailəm özümdən, evdar arvadımdan və iki uşaqdan ibarətdir.
İmza: Aydınbəyov".
Arxivdə Salam Aydınbəyovun "Qadro uçotu şəxsi vərəqəsi" də (1939-cu ildə rus qrafikasının "k"sı əlifbamızda yox idi, "kommunist" də "qommunist" yazılırdı - T.Q.) saxlanılır. Buradakı qeydlərdən bəlli olur ki, S.Aydınbəyov Azərbaycan, rus, ləzgi və kumık dillərini yaxşı bilir. O, 1935-ci ildə Bakıda Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı məktəbinin müdavim olarkən təhsilini əla qiymətlə bitirdiyinə görə Fəxri Fərmanla təltif edilmişdi.
Salam Aydınbəyovun şəxsi işindəki sənədlərdə M.C.Bağırovun imzası 1939-cu ilin dekabrın 20-dən 1953-cü il aprelin 18-dək on beş ili əhatə edir. Tanış olun:
"Azərbaycanr Qommunist (bolşeviklər) Firqəsi Mərkəzi Qomitəsi Bürosu iclasının 16 dekabr 1939-cu il tarixli protoqolundan çıxarış
1939-cu ildən firqənin üzvü, firqə bileti H2607355, Aydınbəyov Salam Müqtədir oğlu AQ(b)F MQ qadrolar şöbəsinin qomsomol qadroları bölməsinin təlimatçısı təsdiq edilsin.
AQ(b)F MQ-nin katibi M.C.BAĞIROV"
"AK(b)P MK Bürosu iclasının
17 iyul 1940-cı il tarixli qərarı
MK-nın kadrlar şöbəsinin təlimatçısı S.M.Aydınbəyov yoldaşa məzuniyyət verilməsi barədə
MK-nın kadrlar şöbəsinin təlimatçısı S.M.Aydınbəyovun bir aylıq məzuniyyətə çıxmasına icazə verilsin. Azərbaycan K(b)P MK maliyyə-təsərrüfat bölməsinə tapşırılsın ki, Aydınbəyov yoldaşı həkim-nəzarət komissiyasının rəyinə uyğun olaraq kurorta putyovka ilə təmin etsin. S.Aydınbəyov yoldaşın ağır maddi vəziyyfətini nəzərə alaraq ona aylıq məvacibi məbləğində maddi yardım göstərilsin.
AK(b)P MK katibi M.C.BAĞIROV".
1942-ci ildə Moskvada Ali Partiya Məktəbini müvəffəqiyyətlə bitirərək Bakıya qayıdan Salam Aydınbəyov təlimatçılıqdan bölmə müdiri vəzifəsinə yüksəlmişdi.
"Azərbaycan K(b)P MK Bürosu iclasının 1942-ği il 24 fevral tarixli qərarı
Azərbaycan K(b)P MK- nın kadrlar şöbəsinin mətbuat və nəşriyyat üzrə bölməsinin müdiri haqqında
Salam Müqtədir oğlu Aydınbəyov yoldaş, 1939-cu ilin martından partiya üzvü, partiya bileti H 2607355, Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsinin mətbuat və nəşriyyat üzrə bölmə müdiri təsdiq edilsin.
AK(b)P MK katibi M.C.BAĞIROV".
Bir aydan sonra S.Aydınbəyov raykom katibi vəzifəsinə irəli çəkilmişlir:
"Azərbaycan K(b)P MK Bürosu iclasının 1942-ci il 27 mart tarixli qərarı
Azərbaycan K(b)P Xaçmaz rayon komitəsinin birinci katibi haqqında
Salam Müqtədir oğlu Aydınbəyov yoldaş, 1939-cu ilin martından partiya üzvü, partiya bileti H2607355, Azərbaycan K(b)P MK-nın kadrlar şöbəsi mətbuat və nəşriyyat üzrə bölmə müdiri vəzifəsindən azad olunmaqla Xaçmaz rayon partiya komitəsinin birinci katibi təsdiq edilsin
ÜİK(b)P MK-dan xahiş olunsun ki, bu qərarı təsdiq etsin.
AK(b)P MK katibi M.C.BAĞIROV".
Xaçmazda Salam Aydınbəyov cəmi beş ay işləyir. 1942-ci il sentyabrın 25-də Azərbaycan K(b)P MK Bürosunun Mir Cəfər Bağırov tərəfindən imzalanmış bu qərarı dərhal qüvvəyə minrmişdir: "RƏHBƏR İŞÇİLƏRİN ÜİK(b)P DAĞISTAN VİLAYƏT KOMİTƏSİNİN SƏRƏNCAMINA GÖNDƏRİLMƏSİ HAQQINDA"
Həmin qərarla Azərbaycandan Dağıstana - Əziz Əliyevin sərəncamına ezam olunmuş 21 nəfər məsul işçi arasında Xaçmaz rayon partiya komitəsinin birinci katibi Salam Müxtədir oğlu Aydınbəyov da vardı...
1953-cü il aprel ayının 18-də Azərbaycan SSR Ali Sovetinin dördüncü çağırış sessiyasında Mir Cəfər Bağırov hökumətin tərkibini deputatların müzakirəsinə təqdim etmişdi. Salam Aydınbəyov respublikanın ticarət naziri təsdiq olunmuş və həmin ilin oktyabrında isə məhşər ayağına çəkilmişdi.
əvvəli və ardı var
Teyyub Qurban
Ekspress.- 2013.-17-19 avqust.- S.15.