Teatr elitar yerdir,
şou məkanı deyil...
Sabir Məmmədov:
"Aktyorluq sənətində
maddi problem həmişə
olub, həmişə
də olacaq"
Müsahibimiz Akademik Milli
Dram Teatrının aktyoru,
əməkdar artist Sabir
Məmmədovdur. "Azdrama"nın aparıcı aktyorlarından
sayılan Sabir Məmmədov bu etimadı isə öz əməyi ilə qazanıb. İllər uzunu xırda rollarda oynaya-oynaya öz sözünü deyəcəyi zamanı gözləyib. Amma rejissorlardan
əsas rol qoparmaq üçün heç bir intriqaya getməyib və bunun nəticəsidir
ki, indi tamaşalarda əsas qəhrəmanları rejissorlar
ona həvalə edirlər.
-
Son zamanlar diqqətinizi
dublyaja yönəltmisiniz...
- O da bizim işimizdir. Yəni aktyorun fəaliyyət dairəsinə dublyaj da daxildir.
- Aktyorluq fakültəsində təhsil
alan tələbələrin
böyük əksəriyyəti
teatrda çıxış
etməkdən çox,
filmlərə çəkilməyi
arzulayır. Bilmək istərdim, nə
əcəb kinorejissorlar
sizin bacarığınızdan
bəhrələnmək istəmirlər?
- Niyə ki, kinolara da
çəkilmişəm. Sadəcə
olaraq, indi kinolar az
çəkilir, ona görə mən də çəkilmirəm.
- Bu gün Azərbaycan teatrının
ən böyük problemlərindən biri də gənc kadrların çatışmazlığıdır.
"Gənc" obrazları 40-50 yaşlı
aktyorlar yaradırlar.
Sizcə,
buna səbəb nədir? Ümumiyyətlə, o dövrün gəncləri
ilə indikiləri nə fərqləndirir?
- Mənim fikrimcə, elə indiki gənclər də aktyor olmağa böyük maraq göstərirlər.
Sadəcə olaraq onlar bir az əziyyətə qatlaşmaqdan çəkinirlər.
Amma kimin ki arzusu var,
yəqin həmin adam əziyyətlərə
sinə gərib özünü aktyor kimi yetişdirəcək.
O ki qaldı "gənc" obrazları yaşlı aktyorların yaratmasına, elə rollar var ki,
onları 40 yaşdan sonra oynamaq mümkündür.
Peşəkarlıq baxımından belədir.
Götürək Hamleti,
bu rolu 25 yaşlı aktyorun oynaması qeyri-mümkündür...
- Amma Həsənağa Turabov təxminən elə o yaşda oynamışdı...
- Həsənağa
müəllim Hamleti oynayanda, yaşı 25-dən
yuxarı idi... Bir də ki, o, Həsənağa Turabov idi. Elə fövqəladə istedada malik aktyorlara da az-az
hallarda rast gəlinir. Digər tərəfdən, Hamlet kimi rolları gənc aktyora həvalə etmək rejissor üçün böyük risq tələb edən addımdır.
- Maraqlıdır,
sizi teatra nə gətirdi?
- Mənim aktyorluq sənətinə
gəlməyim elə
bir fövqəladə
hadisə olmayıb. Aktyor olmaq arzum olub.
Lap uşaqlıqdan bunu istəmişəm.
Özüm də Həsənağa
Turabovun kursunu bitirmişəm. Həsənağa müəllimin bizə olan sevgisi və
öyrətmək həvəsi
məndə bu sənətə, yəni peşəkar aktyor olmağa ikinci dəfə həvəs oyatdı. Allah ona qəni-qəni rəhmət eləsin, çox istəyirdi ki, tələbələri
əsl aktyor kimi yetişsinlər.
Ona görə də biz həvəslə çalışırdıq.
- Aktyor kimi işə haradan başladınız?
- İnstitutu
(Mədəniyyət və
İncəsənət Universiteti
-İ.) bitirəndən sonra
təyinatımı Sumqayıt
Teatrına verdilər.
O vaxt aktyorları teatrlara təyinatla göndərirdilər. 1989-cu ildə isə rəhmətlik Həsənağa
müəllim məni
bu teatra dəvət etdi. Amma təəssüf ki, onunla bir
tamaşada oynamaq mənə qismət olmadı...
- Aktyorun oynadığı rollar arasında onun tanınıb səhnəyə
vəsiqə qazanmasına
səbəb olan rol olur. Maraqlıdır,
sizin aktyor kimi tanınmağınızı
Sumqayıt Teatrında
oynadığınız "Bəxt üzüyü"
tamaşasındakı "Hüseyn" rolu ilə bağlayırlar. Özünüz bu fikirlə
razısınızmı?
- Doğrudur, amma mən deməzdim
ki, bu bir
təsadüfdür. Hər aktyorun
taleyində belə bir obraz olur.
Elələri var ki, bu rol onların
bəxtinə tez çıxır, bəzilərinə
də gec. Mənim də bəxtimə "Bəxt üzüyü"
tamaşasındakı "Hüseyn" obrazı düşüb. Amma mən
buna o qədər də önəm vermirəm. Onsuz da aktyor olmaq istəyən nə vaxtsa həmin rolu tapacaq.
- Nədənsə
son illərin tamaşaları
süni təəssürat
bağışlayır. Sizcə, bu
sünilik quruluşdan
irəli gəlir, ssenaridən, yoxsa aktyor oyunundan?
- Sünilik deyəndə, bilmirəm nəyi nəzərdə tutursan. Amma teatra gələn adam bilir
ki, teatra gəlir. İkincisi də, tamaşanın
canlı, orijinal alınması üçün
həm ssenari, həm quruluş, həm də aktyor oyunu biri-biri
ilə harmoniya yaratmalıdır. Burada tamaşanın
musiqisindən, səhnə
tərtibatından da çox şey asılıdır. Ona görə
də, siz dediyiniz ittihamı təkcə aktyorların və yaxud da
rejissorların üzərinə
yıxmaq düz deyil. Tamaşanın
hazırlanmasında iş
kompleks şəkildə
aparılmalıdır, əgər
bu vəhdət pozulursa, tamaşa siz dediyiniz kimi,
süni alınır.
- Teatr aktyor Sabir Məmmədov
üçün hansı
anlamı daşıyır:
adi iş yeri, yoxsa "Azdrama"nın qabağında quraşdırılan
böyük afişada
yazılan kimi "məbəd"?
- Bəli, teatr məbəddir. Amma mənim fikrimcə, teatr elitar bir
yerdir. Teatra gələn tamaşaçılar
seçilmişlərdir. Teatrı şou və yaxud digər əyləncələrin nümayiş
etdirildiyi məkan kimi başa düşmək yanlışlıqdır.
Ümumiyyətlə, teatr bir elmdir. Təkcə Stanislavskinin bu
elmlə bağlı
8 cildlik kitabı var. Teatrla bağlı qalaq-qalaq kitablar yazılıb. Və indi
də teatr sənətilə bağlı
elmi araşdırmalar
davam edir, yeni tamaşa formaları, yeni metodlar işləyirlər.
Tamaşanın psixoloji, etik-estetik
yönlərini, tamaşaçıya
təsir formalarını
arayıb-axtarırlar. Tamaşalar barəsində elmi işlər yazılır.
O cümlədən, aktyorluq
sənəti, rejissorluq
sənəti də ayrı-ayrılıqda elmdir.
Ona görə də, teatra əyləncə məkanı kimi baxmaq olmaz.
- Bəs nə üçün yüngül şoular teatr tamaşalarını
qabaqlayır və daha çox tamaşaçı kütləsi
cəlb edir?
- Şou
çoxsaylı insan kütləsini əyləndirmək
üçün nəzərdə
tutulur, teatrın isə öz tamaşaçıları olur.
Bayaq dedim ki, teatrın tamaşaçıları yüksək
intellektə malik seçilmiş insanlardır.
- Sizcə, üç tərəfi bağlı, bir tərəfi açıq
olan balaca bir məkanın- səhnənin gücü
nədədir ki, insanları özünə
cəlb edir?
- Səhnə tamaşadakı obrazların
ruhu yaşayan bir məkandır. Hər bir pyesdə dramaturqun ruhu var, bu da
rejissor və aktyorlar tərəfindən
tamaşaçılara səhnə
vasitəsilə ötürülür.
Təsəvvür edin, tamaşaçı
aktyorun yaratdığı
obraza baxıb özü haqda düşünür. Xarici
görünüşündən tutmuş, mənəviyyatına
qədər...
- Teatrın mənəvi tərəfindən
danışdıq, indi
də keçək maddiyyat məsələsinə.
Deyirlər, yaxşı tamaşanın
hazırlanması üçün
yaxşı da pul, vəsait lazımdır. Habelə aktyorun
özü maddi cəhətdən təminatlı
olmalıdır. Bu fikirlə razısınız?
- Əvvəla,
səhnədə belə
şeylər adamın
yadından çıxır.
Səninlə söhbətdən sonra səhnəyə çıxacağam. Bütün elədiyimiz
bu söhbətlər
elə burada qalacaq, səhnəyə çıxanda mən artıq Sabir Məmmədov kimi yox, "kefli İsgəndər" kimi
düşünəcəyəm. İkinci də bu sənətdə
maddi problem həmişə
olub və olacaq da. Və bu sənəti maddiyyatla ölçmək
düzgün deyil.
Onu da deyim ki,
istedadı olan öz maddi vəziyyətini
qura bilir. Bununla bağlı yaşanan əzablar geridə qalır. Əgər aktyor bütün
diqqətini sənətinə
yönəldirsə, sənətdən
onun əvəzini alır.
- Bəs bu gün "Azdrama"nın hansı problemi sizi daha çox
narahat edir?
- Akademik Milli Dram Teatrının bu gün zəngin
repertuarı var. Klassiklərdən
tutmuş, müasir dramaturqlarımızın əsərləri
səhnəyə qoyulur.
Bu barədə heç bir narahatçılığımız yoxdur. Məni narahat edən
aktyorluq və rejissorluq sənətinin inkişafıdır. Mən
istərdim "Azdrama"nın kollektivi dünya səhnələrində
çıxış etsin.
Çox
istərdim tez-tez festivallara gedək, dünyada bizi tanısınlar. Doğrudur, ildə
bir dəfə də olsa, xarici
festivallarda iştirak edirik, amma bu
azdır.
- Sizcə Akademik Milli Dram Teatrının aktyor və rejissor bazası buna imkan verirmi?
- Əlbəttə,
bizim teatrda çox istedadlı, təcrübəli aktyor və rejissorlar cəmləşib. Sadəcə
olaraq elə bir təkan lazımdır ki, bu kollektivi Avropaya
tullasın...
İLTİFAT
Ekspress.-2013.-17-19 avqust.- S.19.