Musiqidə əbədiləşən ömür...
Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu gün onunla bağlı fikirlər keçmiş zamanda səslənsə də, o, təkrarolunmaz ifası ilə milyonların könlündə taxt quran əbədiyaşar sənətkardır. Onu qədim yunan mifologiyasının qəhrəmanlarından olan Orfeylə də müqayisə etmişlər. Əfsanəyə görə, Orfey səsi ilə insanlara işıq, ümid gətirirmiş.
Qeyri-adi ifası ilə milyonların qəlbini fəth etmiş, hələ sağlığında ikən əfsanələşmiş Müslüm Maqomayev də öz ecazkar səsi ilə insanlara işıq, ümid gətirdiyinə görə çox haqlı olaraq XX əsrin Orfeyi adlandırılmışdır. Bu gün artıq əbədiləşmiş, əfsanələşmiş Müslüm Maqomayevin zəngin tərcümeyi-halının hər anı bu böyük musiqiçinin mənalı ömür yoluna işıq salır...
Bəlkə də düz 71 il bundan əvvəl -1942-ci il avqustun 17-də Bakıda dünyaya göz açan bu uşağa babasının -görkəmli bəstəkar Müslüm Maqomayevin adı qoyulanda, heç kim zənn edə bilməzdi ki, çox keçməyəcək, bu adın daşıyıcısı dünyaya yeni, daha şöhrətli "Müslüm Maqomayev" təqdim edəcək. Deyilənə görə, balaca Müslüm babasını görməsə də, ağlı söz kəsəndən onun həyat yolu ilə maraqlanmış, babasının yolunu davam etdirməli olduğunu körpə qəlbi ilə duymuşdu. Bəstəkar Müslüm ağlına belə gətirməzdi ki, 1916-cı ildə yazdığı "Şah İsmayıl" operasındakı Aslan şahın ariyasını illər keçəcək, üzünü belə görmədiyi nəvəsi Müslüm Maqomayev ifa edəcək.
Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanmışdır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm medalla qayıtmışdı. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun şəklini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi.
Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, dünya şöhrətli "La Skala" Milan Teatrında təcrübə keçmiş, Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlamışdı.
1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda ilk solo, 1966-cı ildə Parisdə ilk konsertini vermiş, dünyanın əksər ölkələrində qastrolda olmuşdur. Ötən əsrin 60-70-ci illərində SSRİ-nin Qərb ölkələri ilə diplomatik münasibətlərinə Müslüm Maqomayev öz səhnə ustalığı ilə bir inam gətirmişdi.
1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Müslüm Maqomayevin dövlət imtahanı isə konsert zalına və binanın ətrafına çoxsaylı pərəstişkarların toplaşması ilə yadda qalmışdı.
Müslüm Maqomayevin sonrakı yaradıcılığı Moskva ilə bağlıdır. Rusiyanın görkəmli bəstəkarları onun üçün mahnılar yazmışlar. Lakin müğənninin repertuarından Azərbaycan musiqisi (Üzeyir Hacıbəyli "Sənsiz", "Sevgili canan" və s.) heç vaxt əskik olmamışdır. "Azərbaycan mənim atam, Rusiya isə anamdır. Mən həyatımı Azərbaycansız təsəvvür etmirəm", - deyən müğənninin repertuarında 600-dək əsər olub.
Azərbaycan musiqi mədəniyyətinə misilsiz töhfələr verən, təkrarolunmaz bariton səs sahibi Müslüm Maqomayev bir neçə nəsil üçün doğma və yaxın insana çevrilmişdi. Gənc yaşlarında yüksək və ağlasığmaz uğurlara nail olmuş Müslüm Maqomayev 31 yaşında SSRİ Xalq Artisti fəxri adına layiq görülmüşdü.
Müğənni səsinin qüdrəti, vüqarlı qaməti, gözəl siması, səhnə davranışı ilə hamını valeh etmişdi. Səsinin geniş diapazonu ona vokal sənətinin müxtəlif sahələrində, o cümlədən, opera, estrada janrlarında, caz üslubunda uğurlu ifalara imkan verirdi. Əlbəttə, müğənninin yaradıcılığında estrada janrının xüsusi yeri var. Bu janrda ifası ilə o, musiqisevərlərin və geniş kütlənin ürəyinə yol tapmış və oxuma tərzinin təkrarsızlığını dəfələrlə təsdiqləmişdi. Onu əbəs yerə Sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı adlandırmamışlar. Klassik ariyaları və mahnıları estradaya məhz Müslüm Maqomayev gətirmişdir.
Ənənəyə sadiq qalaraq, Müslüm Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində də müvəffəqiyyətlə sınamışdır. Onun yaradıcılığında Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan "Azərbaycan" mahnısı xüsusi yer tutur. Mahnının mükəmməlliyi, yüksək ifa tərzi, müğənninin əzəmətli görkəmi tamaşaçıda böyük qürur doğurur.
Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilmişdir. Dərin məzmunlu Nizami obrazını o, böyük məharətlə oynamışdır. Babası Müslüm Maqomayev Şah İsmayılı operada əbədiləşdirdiyi kimi, nəvəsi də Nizami obrazını kinofilmdə əbədiləşdirmişdir.
Məşhur opera müğənnisi Tamara Sinyavskaya sədaqətli, etibarlı ömür-gün yoldaşı kimi Müslüm Maqomayevin həyatını daha mənalı və maraqlı etmişdir.
Müslüm Maqomayevin iti müşahidəsi və gözəl qələmi olmuşdur. O, "Dahi Lansa" kitabını məşhur italyan mənşəli Amerika müğənnisi Mario Lansaya həsr etmişdir. "Mənim məhəbbətim melodiya" kitabında isə biz gözəl insan, dahi şəxsiyyət və dünya şöhrətli müğənnini, ən əsas isə vətənpərvər insanı, əsl azərbaycanlını görürük.
Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir.
Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat etmiş və Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir.
Təsadüfi deyildir ki, ötən il IV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk konserti məhz SSRİ xalq artisti, dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilmişdir (AzərTAs).
Azərbaycan xalqı yaşadıqca Müslüm Maqomayevin böyük sənəti və əziz xatirəsi yaşayacaq, onun ölməz musiqisi daim insanlara işıq, ümid bəxş edəcəkdir.
Ekspress.-2013.-17-19 avqust.- S.20.