Xalq sənətçisini
tanımalıdır...
Təyyar Bayramov: Ustad sənətkarların illərlə
gəldikləri əzab-əziyyətli
yolu Muğam müsabiqəsi sayəsində
beş-altı aya keçdik
Bir zamanlar gənclərin maraq göstərmədiyi muğam sənətinndə bu gün çox sayda istedadlı xanəndə meydana çıxır. Bu xanəndələrin tanınmasında, meydana çıxmasında şübhəsiz ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən muğam müsabiqələri böyük rol oynayır. Belə gənclərdən biri öz gözəl ifası ilə az zamanda xalqın sevimlisinə çevrilən, I Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, əməkdar artist Təyyar Bayramovdur.
- Təyyar bəy, özünüz haqda oxucularımıza məlumat verərdiniz...
- 1976-cı ildə Ağdam rayonunda doğulmuşam. Musiqiyə həvəsim olduğunu görən valideynlərim məni Ağdam şəhərindəki uşaq musiqi məktəbinin tar sinfinə qoymuşdular. Rayonun işğalı ilə əlaqədar şəhərdən çıxası olduğumuza görə musiqi təhsilimi yarımçıq qoydum. Sonralar Haxçıvan Universitetinin hüquq fakültəsini bitirdikdən sonra əmin oldum ki, mənim xəmirim musiqi ilə yoğrulub. Odur ki, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsinə daxil olub oranı bitirdim. Eyni zamanda, Akademik Opera və Balet Teatrının solistiyəm. Özümü çox xoşbəxt hesab edirəm ki, qismətimə xalq artisti Mənsum İbrahimovun tələbəsi olmaq düşüb. Əslində, mənim bu sənətə gəlişim birbaşa Mənsum müəllimin adı ilə bağlıdı.
- Sizi xalqa Muğam
müsabiqəsi tanıtdı. O günləri necə
xatırlayırsınız?
- Bu müsabiqə irimiqyaslı və çox dəyərli bir tədbir idi. Belə mühüm bir müsabiqədə iştirak etmək bir çoxları kimi mənim də ürəyimdən idi. Lakin eşidəndə ki, müsabiqədə yalnız 25 yaşadək olan gənclər iştirak edə bilərlər, çox məyus oldum. Çünki 28 yaşım olduğuna görə mənim o müsabiqədə iştirak etməyim mümkünsüz idi. Ancaq hər-halda "Space"də sənədlərin qəbulu davam edirdi. Elə həmin ərəfədə görkəmli sənətçilərimiz Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Ramiz Zöhrabov, Ramiz Quliyev, Həkim Qəni və Hadir Axundovdan ibarət münsiflər heyətinin üzvləri müsabiqə iştirakçılarının yaş həddini 25-dən 30-a qaldırmağı məqsədəuyğun hesab etdilər. Çünki respublikada gözəl səsi, yaxşı ifaçılıq məharəti olan gənc muğam ifaçılarının böyük bir qrupu bu yaş həddinə görə müsabiqədən kənarda qalmalı olmuşdular. Bundan sonra mən də sənədlərimi aparıb təqdim etdim...
O müsabiqə milli musiqimizin inkişafı və təbliği, həmçinin də istedadlı gənc muğam ifaçılarının üzə çıxarılması baxımından çox möhtəşəm bir tədbir idi. Müsabiqəyə respublikanın əksər bölgələrindən gənc ifaçılar qatılmışdılar. Əgər birinci turda o müsabiqədə 570 nəfər iştirak edirdisə, finala 20 nəfər vəsiqə aldı. Axıra qalan 12 nəfər isə ümumilikdə qalib hesab edildi. Tamaşaçıların verdikləri qiymətlərə əsasən, I, II, III yerləri tutanlardan başqa qalan 9 iştirakçının hər birinə müsabiqənin qalibi diplomu təqdim edildi. I-III yerə çıxan ifaçıların isə hər birinə Heydər Əliyev Fondunun mükafatı olaraq hədiyyə qavallar və fərqli pul mükafatları verildi. Münsiflər və tamaşaçılar müsabiqənin qalibi kimi birinci yerə məni, ikinci yerə İlkin Əhmədovu, üçüncü yerə Babək Hiftəliyevi layiq gördülər.
- Müsabiqəyə hansı bölgədən daha çox iştirakçı qatılmışdı?
- Çox qəribədir ki, illərdən bəri işğal altında qalmasına, sakinləri yurd-yuvalarından pərən-pərən düşməsinə baxmayaraq, həmişə olduğu kimi, bu dəfə də oxuyanlar arasında qarabağlılar üstünlük təşkil edirdi. Görünür, biz illərdən bəri Qarabağımızı itirsək də, Qarabağın bizlərə ərməğan etdiyi səs nəsildən-nəslə keçərək yenə də əvvəlki təravətlə yaşamaqdadır.
- Ümumilikdə o müsabiqə sizə nə verdi?
- Müsabiqə iştirakçıların həyatında böyük dəyişikliklərə səbəb oldu. Necə deyərlər, iştirakçıları on-on beş il irəli atdı. Bizim bir çox ustad sənətkarlarımızın illərlə gəldikləri əzab-əziyyətli yolu biz beş-altı ayda keçdik. Tanınmaq barədə deyirəm. Bilirsiz, indi sənətkarın xalq arasında tanınması çox mühüm şərtdir. Bizim rayonlarda elə sənətkarlarımız olub və indi də var ki, xalq onları heç də yaxşı tanımır. Əgər sənət, sənətçi xalq üçündürsə, onda xalq onu görməli, dinləməli və yaxından tanımalıdır. Bu baxımdan populyarlıq lazımdı. Sevinirəm ki, sonralar Beynəlxalq Muğam Müsabiqəsinin qalibi adına layiq görülməklə xalqımın mənə bir vaxtlar göstərdiyi etimadı doğrultdum.
- Opera və Balet Teatrına müsabiqənin qalibi olduqdan sonra dəvət olundunuz?
- Xeyr, ondan bir neçə ay əvvəl teatrın rəhbərliyi məni sınaq çıxışına dəvət etmişdi. "Leyli və Məcnun" tamaşasında İbn Səlam rolunu artıq bir neçə dəfə oynamışdım. Rəhbərlik də gördü ki, mənim səhnə bacarığım, ifa tərzim, səs tembrim bütünlüklə onları təmin edir, məni teatra solist götürdülər. Bir solist kimi çox böyük etimad göstərərək mənə Müslüm Maqomayevin "Şah İsmayıl" tamaşasında Şah İsmayıl rolunu oynamağı etibar etdilər. Əlbəttə, başa düşürdüm ki, bu, teatrın rəhbərliyi tərəfindən mənə göstərilən çox böyük etibardı, həm də olduqca məsuliyyətli işdi. Sağ olsun teatrın kollektivini, bu etimadı doğrultmaq üçün mənə olmazın köməyi göstərdilər. Sevindirici haldır ki, mənim "Şah İsmayıl" tamaşasındakı premyeram Şah İsmayılın rolunun gözəl ifaçısı olmuş görkəmli sənətkarımız Əlövsət Sadıqovun 100 illiyinə təsadüf elədi. Əlbəttə, bu mənim üçün çox fərəhli və qürur doğuran unudulmaz bir hadisə oldu. Öz ifamda nəyə nail olmuşamsa, bunu aylarla mənimlə çalışıb lazımi istiqamət verən teatrın baş rejissoru Hafiz Quliyevin və tarzən Elxan Mansurovun göstərdikləri yaradıcılıq köməyinin nəticəsi hesab edirəm. Ümumiyyətlə, bu teatrda çox sağlam ab-hava mövcuddur. Burda istedadlı gənclərə çox qayğı ilə yanaşırlar. Sözügedən müsabiqədə qalib gələn başqa gənclər də bu teatra dəvət ediliblər. Bir sənətkar kimi yetişmələri üçün onların da üzərində səylə çalışırlar.
- Yaradıcılığınızla bağlı daha hansı işlər var?
- Səhnə sənəti başqa xüsusiyyətlərlə yanaşı, həm də sənətçidən yüksək dərəcədə fəallıq, işgüzarlıq tələb edir. Teatrda işim tək Şah İsmayılla bitmir, başqa tamaşalar da var. Teatrın iş prinsipi elədir ki, istəsən, o tamaşalarda epizodik rollarda oynaya bilərsən. Passivləşməməkdən ötrü bu, çox vacibdir. Dövlətin işidir də, biz də öz fəaliyyətimizlə dövlətin mədəniyyətinə, incəsənətinə xidmət göstəririk. Əgər Azərbaycan incəsənətində gələcəkdə cüzi bir mövqe tutsam, o mənim üçün böyük fəxr olardı. Və buna görə də yəqin ki, mənim fəaliyyətim yalnız teatrdakı rollarımla məhdudlaşmayacaq. Əgər bu sənətə gəlmişiksə, çalışıb nəsə eləməliyik. Efirdəmi, ya hansısa mədəniyyət saraylarındamı əlavə konsertlər vermək, kasetlər çıxarmaq kimi işlərlə həmişə milli musiqimizin təbliğinə, sevilməsinə çalışacağam. Amma şübhəsiz ki, indi mənim əsas işim, əsas fəaliyyət sahəm operadır. Elədir ki, hər işin öz vaxtı, öz məqamı var. Allah qoysa, yeri gələndə, hamısı olacaq...
AYXAN
Ekspress.-2013.-20 avqust.- S.15.