Fərhad Bədəlbəyli: Atam, mən
və Niyazi bir yerdə
"bir vaqon" araq içmişik
"Atam 6 ay xalq düşməni
kimi Ülvi Rəcəblə küçələrdə
dolaşdı"
İstedadın da qanla, genlə nəsildən nəslə keçdiyi artıq qəbul olunub. Bizdə isə bunu sübut etməyə lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut var. Hamısı da göz qabağında. Yəni indi müxtəlif sənət sahələrində müvəffəqiyyətlə çalışan istedadlı sənət adamlarının əksəriyyəti bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların övladlarıdır. Bu üzdən istedadın atadan oğula keçdiyini söyləmək olar. Amma gəlin, görək məşhurların övladları bununla razılaşırlarmı? Valideynlərini necə xatırlayırlar? Axı indi az qala sitayiş etdiyimiz dühaları övladlarından yaxşı kim tanıyır?
Bu rubrikada məqsədimiz ömrünü millətinin inkişafına sərf edən dahiləri yad etmək, onları indiki nəslə tanıtdırmaq və sevdirmək, tanıyanlara isə yeni nə isə deməkdir.
Rubrikamızın budəfəki qonağı dünya şöhrətli pianoçu, xalq artisti, Milli Musiqi Akademiyasının rektoru, professor və ən nəhayət, görkəmli mədəniyyət xadimimiz Şəmsi Bədəlbəylinin yadigarı Fərhad Bədəlbəylidir.
- Atam 1911-ci il fevral ayının 23-də Şuşa şəhərində anadan olub. Atamın çox maraqlı ömür yolu olub. Mən deyərdim ki, Çar Rusiyasının dövründə anadan olmuş atam, sonradan Azərbaycan Xalq Cümhuriyyətində də yaşayıb, daha sonra 11-ci Qızıl Ordunun əsgərlərini görüb, erməni-müsəlman davasının şahidi olub və nəhayət, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra -1937-ci ildə onu bir müddət xalq düşməni elan eləyiblər. İki qardaşını o dövrdə Sibirə sürgün elədilər. Biri Sərvər Bədəlbəyli idi, indi onun adına Sumqayıtda küçə var. Sürgündən qayıdandan sonra Sumqayıt şəhərinin salınmasında yaxından iştirak edib. Necə deyərlər, Sumqayıtı tikənlərdən biri məhz mənim əmim - mühəndis Sərvər Bədəlbəyli olub. Onu Sibirə heç nəyin üstündə göndərmişdilər, tələbə yoldaşları ilə bir məclisdə olanda, nəsə söz deyibmiş, həmin sözü də o saat "NKVD"-yə çatdırıbmışlar.
O biri əmim Davud Bədəlbəylini isə həyat yoldaşına görə sürgünə göndərmişdilər. Onun xanımı Şəkinin tanınmış zadəganları Əmircanovlar nəslindən olduğuna görə, əmimə deyiblər ki, "ya onu boşamalısan, ya da onunla sürgünə gedəcəksən". Əmim də xanımını tək buraxmayıb və onunla sürgünə getməyə razılaşıb. Stalin öləndən sonra, 1955-ci ildə Bakıya qayıtdı, uzun müddət Bakı Energetika Texnikumunun direktoru işlədi.
Amma Əfrasiyab əmimlə atamı allah saxlayıb. Düzdür, atam da 6 ay xalq düşməni kimi Ülvi Rəcəblə küçələrdə dolaşdı. Sonradan Moskvada SSRİ-nin daxili işlər komissarı olan Yejov vəzifəsindən uzaqlaşdırılandan sonra atam bəraət aldı. Atam həyatın hər üzünü görmüş insan idi.
- Üzeyir bəylə də xalauşağı sayılırsınız...
- Mənim babam Bədəl bəy dövrünün tanınmış maarifçilərindən idi. Yuxarı Sovetski küçəsində babamın məktəbi yerləşirmiş. Həmin məktəbdə o, uşaqlarla tez-tez tamaşalar hazırlayırmış. Bu yaxınlarda M.Ə.Rəsulzadənin bir məktubunu mənə verdilər. Həmin məktubda Məhəmməd Əmin bəy bildirir ki, "Sağ olsun Bədəl bəy ki, müsəlman cocuqları ilə məşğul olur və bu cür tamaşalar hazırlayır". Rəhmətlik Əfrasiyab əmimlə tanınmış balerinamız Qəmər Almaszadənin toyu məhz həmin məktəbin binasında olub. Həmin toyda Hüseyn Cavidlə Üzeyir bəy də iştirak edib.
Atamın Üzeyir bəylə qohumluğuna gəldikdə, onu deyə bilərəm ki, Bədəl bəylə Üzeyir bəy doğmaca xala oğlu idilər. Ona görə də bir-biri ilə sıx təmasda olublar. Atamla Əfrasiyab əmimin bəxti onda gətirib ki, Üzeyir bəy kimi qohumları olub. Onların böyük sənətkar kimi yetişmələrində də Üzeyir bəyin rolu çox olub. Xüsusilə Şəmsi Bədəlbəylinin yetişməsində. Atamın bütün ömrü demək olar ki, Üzeyir bəylə bağlı idi. Azərbaycan Musiqili Komediya Teatrını da atam məhz Üzeyir bəyin təklifindən sonra yaradıb. İlk dəfə həmin teatrda Üzeyir bəyin "O olmasın, bu olsun" və "Arşın mal alan" operettaları tamaşaya qoyulub. Onun direktor olduğu illərdə "Muzkomediya" doğrudanda qüvvətli teatrlardan idi. O teatrdan əvvəl isə atam Opera Teatrında rejissor idi. Atam orta təhsilini Bədəl bəyin öz məktəbində başa vurandan sonra Üzeyir bəy onu konsevatoriyaya dəvət eləyir - tar sinfinə. Çünki atam uşaqlıqdan tar çalırmış. Ancaq sonradan Şəmsi müəllim öz fəaliyyətini rejissor kimi davam etdirdi. Bu işdə mərhum Cəfər Cabbarlının ona böyük təsiri olub. Çünki Əfrasiyab Bədəlbəyli ilə Cəfər Cabbarlı arasında böyük dostluq əlaqələri mövcud idi və bu dostluq Şəmsinin rejissor kimi fəaliyyət göstərməsinə də təsir edib. Əvvəlcə Şəmsi müəllim Moskvaya gedir və məşhur rejissorların yanında bir müddət assistent kimi çalışır. Bizim evdə bir foto var, Cəfər Cabbarlı ilə atam Şekspirin "Maqbet" tamaşasının dekorasiyalarına baxarkən çəkilib. Atam həm də musiqiçi olduğuna görə Üzeyir bəy ona təklif eləyir ki, operettaları səhnəyə qoymaq üçün ayrıca teatr yaratmaq lazımdır. Çünki o dövrdə operettalar Opera Teatrında hazırlanırdı. Deyəsən, 1940-cı ildə Musiqili Komediya Teatrı açılır. Atam həmin teatra gözəl aktyor ansamblı yığa bilib. Azərbaycanın Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Münəvvər Kələntərli kimi görkəmli aktyorlarını o teatra cəlb eləyə bilmişdi.
Sonralar atam yenidən
Opera Teatrında işlədi. Üzeyir bəyin
"Koroğlu", Borodinin "Knyaz İqor", Rossininin
"Sevilya bərbəri", Vasif Adıgözəlovun
"Ölülər" operalarını və digər
başqa operaları səhnəyə qoydu.
Bunlardan başqa, atam
uzun müddət Azərbaycan Dövlət
Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifəsində
işləyib. Rəhmətlik Niyazi də
filarmoniyanın baş dirijoru idi. O zamanlar atam
dünyanın bir çox məşhur müğənnilərinin
konsertlərini filarmoniyada təşkil edirdi. Qara Qarayev, Fikrət
Əmirov kimi böyük bəstəkarların əsərlərinin
ilk ifaları filarmoniyada olurdu.
- Şəmsi Bədəlbəyli
ailədə necə idi? Uşaqları ilə
necə rəftar eləyirdi?
- Mənim yadıma gəlmir ki, nə
vaxtsa atam mənim üstümə qışqırsın. Ailədə çox mehriban insan idi. Çox xeyirxah idi. Bəlkə də
ailəmizin illər uzunu qarşılaşdığı
çətinliklər atamı insanlara qarşı mehriban eləmişdi.
O, insanlığa çox dəyər verirdi. Buna
misal olaraq sizə bir əhvalat danışmaq istəyirəm.
Bir dəfə ailəliklə qatarda Moskvaya
gedirdik. Nahar vaxtı idi. Stolun üstü ləziz yeməklərlə dolu
idi. Nədənsə, çörək
çatmırdı, az idi. Necə
oldusa, mən axırıncı balaca tikə çörəyi
ağzıma qoyanda, atam güldü. Dedi ki, "Mən
sənin atanam, dinmirəm, amma gələcəkdə belə
hərəkət eləmə. Çünki
kiminlə bir stol arxasında oturmusansa, axırıncı tikəni
onunla bölüşməlisən". Düzdür,
mən utanıb qıpqırmızı qızardım. Amma mənim üçün ən böyük dərs
o oldu ki, axırıncı tikəni özüm yeməməliyəm.
- Şuluqluq eləyəndə,
necə tənbeh eləyirdi?
- Mən atamın tək oğul
övladı olduğuma görə məni dəcəl
böyüdüb. Mən şuluqluq eləyəndə
deyirdi ki, "oğlan uşağı döyər də,
döyülər də. Oğlan
uşağı dəcəl olanda möhkəm olur, çəkişə-çəkişə
bərkiyir". Baxmayaraq ki, mən pianist
idim, amma fiziki cəhətdən sağlam olmuşam.
- Fərhad müəllim, deyirlər,
istedad genlə valideyndən övlada ötürülür. Amma bəzi hallarda bunun əksinin şahidi oluruq.
Siz buna necə baxırsınız?
- Əlbəttə,
burda genetik faktor var. Amma bu da doğrudur ki, superistedadlı
adamların övladları istedadsız olur. Məsələn, İohann Sebastyan Baxın
övladları da bəstəkar idilər, amma Baxın yerini
verə bilmədilər. Mənim fikrimcə,
övladın valideynin sənətini məcburən davam etdirməsi
də düzgün deyil. İncəsənət
elə bir sahədir ki, burda seçim təbii olmalıdır.
Götürək bizim nazirimiz Polad
Bülbüloğlunu. Polad
Bülbülü uşaqlıqdan izləyən bir gənc idi
və musiqi ilə də uşaqlıqdan məşğul
olurdu. Əgər Polad müəllim məşhur
müğənni və bəstəkar olubsa, bu o demək deyil
ki, onu Bülbül məcbur eləyib. Mən
də musiqini öz istəyimlə seçmişəm. Amma mən böyük bəstəkarlarımızı
tanıyırdım ki, öz uşaqlarını məcburən
bəstəkarlıq fəkültəsinə qəbul elətdirirdilər.
Amma həmin adamlar bəstəkar kimi sənətdə
uğur qazana bilmədilər.
- Şəmsi Bədəlbəyli
kimlərlə dostluq edirdi?
- Şəmsi müəllimin
ən yaxın dostları maestro Niyazi və qardaşı
Əfrasiyab Bədəlbəyli, Lütfəli Abdullayev, Nəsibə
Zeynalova idi. Xalq şairi Süleyman Rüstəm
də onun ən yaxın dostu idi. Atam rəhmətə
gedəndə Süleyman Rüstəm çox təsirli bir
şer yazdı ki, "Şəmsisiz qalmışıq".
Atamın SSRİ-nin başqa respublikalarında
da yaxın dostları vardı. Məşhur
gürcü rejissoru Dodo Aleksidze ilə yaxın əlaqələri
vardı. Yəni o vaxt SSRİ-də
yaşayan bütün tanınmış musiqiçilər,
rejissorlar və digər mədəniyyət xadimləri onunla
yaxın təmasda idilər.
- Onun hansı xüsusiyyətlərini
özünüzdə hiss edirsiniz?
- İnsanlara
qarşı xeyirxah olmaq hissi onda güclü idi və bu
keyfiyyət ondan mənə keçib. Şəmsi
müəllim heç vaxt vəzifəcə özündən
aşağı olanları incitməyib. Bu
xüsusiyyət məndə də var.
- Bəs fərqli cəhətləriniz
hansıdır?
- O, məndən qat-qat savadlı
idi. Şəmsi müəllim həm milli
psixologiyamızı, həm rus mədəniyyətini, həm
də Avropa mədəniyyətini gözəl bilirdi. Biz isə rus dilli uşaqlar idik, məktəbdə
rus bölməsində təhsil almışdıq. İndi-indi biz öz milli mədəniyyətimizi
öyrənməyə başlamışıq. Şəmsi müəllim isə milli musiqimizi,
muğamatımızı, klassik ədəbiyyatımızı
çox gözəl bilirdi. O, ərəb əlifbasını
bilirdi və bəzən Əfrasiyab əmimlə məktublaşanda,
bu əlifbadan istifadə edirdi.
Mənim özümdən
böyük iki bacım var. Səfərlərə gedəndə
çox vaxt məni özü ilə aparırdı. Sonralar mənim qastrol səfərlərimdə də
atam mənimlə gedərdi. Mən atamla
Moskvada, Leninqradda, hətta Parisdə bir yerdə olmuşam.
Həyatının son illərində atam Teatr Cəmiyyətinin
sədri idi. O vaxt SSRİ-nin ən yaxşı
teatrlarını Bakıya qastrola dəvət eləyirdi. Yəni Bakının mədəni həyatında
atamın böyük rolu olub. Çox
şadam ki, bu gün mənim rəhbərlik etdiyim Musiqi
Akademiyasının yerləşdiyi küçə məhz
Şəmsi Bədəlbəylinin adını
daşıyır. Mən təkcə Şəmsi Bədəlbəylini
demirəm, ümumiyyətlə, Üzeyir bəy Hacıbəyli,
maestro Niyazi, Əfrasiyab Bədəlbəyli, Fikrət
Əmirov, Qara Qarayevin və digər dahilərimizin
yaşadığı dövr Azərbaycan mədəniyyətinin
qızıl dövrü idi. İndi baxanda, əlbəttə,
biz daha kasıbıq.
- Şəmsi müəllimin
hobbisi nə idi?
- Atam futbolu çox sevirdi. "Neftçi" uduzanda, ona çox təsir eləyirdi,
ürəyi ağrıyırdı. Futbolun
əsl fanatı idi.
- Hansı yeməkləri
xoşlayırdı?
- Əlbəttə,
milli xörəkləri çox sevirdi. Ən
çox xoşladığı isə "Şüyüd
plov" idi. Mənim nənəmin bir tərəfi
Qacarlar nəslindəndi. Ona görə nənəm
tez-tez "İran plovu" bişirirdi.
- Mənim bildiyimə görə,
siz 1947-ci ildə anadan olmusunuz. Bəs niyə
Şəmsi müəllim gec evlənib?
- Atam iki dəfə evlənib. Onun birinci həyat yoldaşı Barat Şəkinskaya
olub. Sonra boşanıblar və mənim
anamla evlənib.
- Rəhmətlik
Elçin Məmmədov sizin qardaşınızdır?
- Yox, Elçin Mehdi Məmmədovun
oğlu idi. Amma buna baxmayaraq, biz Elçinlə
çox yaxın dostlar idik və mən onu bir qardaş kimi
çox istəyirdim.
- Şəmsi müəllim
harda dincəlməyi xoşlayırdı?
- Ən çox
Soçidə dincələrdi. Amma bizim
Bakı bağlarını, ənciri, üzümü
çox xoşlayırdı. Və
çox vaxt da Zuğulbada istirahət eləyərdik.
- Siz gənc vaxtlarınızda
qastrollara tez-tez getmisiniz. Atanız ona bu səfərlərdən
nə gətirməyi tapşırırdı?
- Atam üçün həmişə
xaricdən yaxşı kostyumlar gətirirdim. Türkiyədən,
Fransadan, Portuqaliyadan gözəl dəri pencəklər gətirirdim.
Hətta "O qızı tapın" filmində
çəkiləndə, atam mənim aldığım dəri
pencəkdən istifadə eləmişdi. Atam
həmişə geyiminə diqqət eləyib və səliqəli
geyinməyi xoşlayırdı. Hansı təzə
dəb çıxırdısa, atam o dəbə uyğun
geyimlər alırdı. Paltar alanda da ən
bahalı firmaların mallarını alırdım onun
üçün.
- Siqaret çəkirdimi?
- Həddindən çox. Mən həmişə siqaret çəkdiyinə
görə onunla mübahisə edirdim. Çünki
ürəyi xəstə idi. Atam ürəyi
xəstə ola-ola siqaret çəkdiyi üçün mən
siqaretə nifrət elədim və çəkmədim.
Çəkəndə də "Marlboro" və
"Kent" çəkirdi.
- Xaricdən gələndə ona
siqaret gətirirdinizmi?
- Heç vaxt siqaret gətirməmişəm.
- İçməyi
necə, vardımı?
- İçirdi,
özü də möhkəm. Atam, mən
və bir də maestro Niyazi bir yerdə "bir vaqon" araq
içmişik. 13 yaşımdan məclislərdə
atama piyalə yoldaşı olmuşam.
- Son günlərini necə
xatırlayırsınız?
- Ağır günlər idi. Ona görə də mən o günləri həmişə
unutmağa çalışmışam. 1985-ci ilin may
ayı idi. Həmişəki kimi ürəyi
ağrıyırdı, xəstəxanaya da özüm
apardım. Mən qayıtdım evə, 3
saatdan sonra zəng eləyib qara xəbəri dedilər. Əvvəlcədən bilirdik ki, ürəyi
çox zəifdir. Düz 43 il xəstə
ürəklə yaşadı. Bir dəfə
İranda hamama gedəndə, qəflətən ürəyi
gedib. Onda həkim ona demişdi ki,
"Cavan oğlan, sizin 3-4 illik ömrünüz
qalıb". Amma atam o ürəklə 43 il yaşadı. Bəlkə də,
ondan artıq yaşayardı, amma həyatının son illərində
atamı çox incitdilər.
İLTİFAT
Ekspress.- 2013.-24-26
avqust.- S.11;21.