"Müasir musiqini həzm
edə bilmirəm"
Nəzakət Teymurova: "Sənətçi
xanımın əri çox səbrli olmalıdır"
Bu gün yenə
muğamdan danışacağıq. Yalnız
ona görə yox ki, müsahibimiz muğam
ifaçısıdır, həm də o səbəbdən
ki, Azərbaycan musiqisini hara çevirsən, kökü
muğama dayanır. Bu səbəbdən
muğamımızın qədrini bilməli, sevməli, əzizləməliyik
ki, başqalarına da sevdirə bilək, özgələrinin
də yanında "xətri əziz" olsun...
Müsahibimiz Opera və
Balet Teatrının solisti, respublikanın xalq artisti Nəzakət
Teymurovadır. Opera solistləri arasında
ən gənc xalq artisti fəxri adını alanların
siyahısında hələlik Nəzakət xanım birinci
yerdə dayanır. Təbii ki, buna onun
haqqı var. Necə deyərlər, dili də var, dilçəyi
də. Çünki sənətdə gənc
yaşda şöhrətin ən uca zirvəsinə yüksəlmək
heç də hamıya qismət olmur. Amma
səhnəmizin Leylisinin zirvəyə gedən yolu o qədər
də asan olmayıb. Elə indi də çətinlikləri
var...
- Nəkazət xanım, sizcə,
"daş ürəklərdə yatan daşları əritmək"
qüdrətinə malik olan muğamın sirri nədədir?
- Muğam xalqımızın əvəzsiz
nemətidir. Bütün xarici ölkələrdə
muğam yüksək səviyyədə qarşılanır.
Xanəndələrin ifasından asılı
olmayaraq, həmişə muğamı böyük həvəslə
dinləyirlər. Muğamımız
neçə əsrlərdən bəri inkişaf edib və
bu günə kimi gəlib çıxıb. Mən muğama tərif verə bilmirəm. Muğam nota alınmır, muğam sərbəstliyi
sevir. Mən neçə ildir bu sənətdəyəm,
amma muğam elə bir sənətdir ki, öyrəndikcə
öyrənirsən. Muğam çərçivə
daxilində, eyni zamanda, sərbəst bir janrdır. Oxuduqca, yeniliklər üzə çıxır, hər
dəfə bir yenilik görürsən. Bu
da xanəndənin muğama baxışından
asılıdır. Muğamın sevilməsi
onun öz tilsimi ilə bağlıdır. Muğamda qəribə bir sirr, tilsim, cazibə var.
Muğamı dinlədikcə, insanın damarlarında qanı
coşur. Onu qavramaq isə insanın
düşüncəsindən asılıdır.
- Səhv eləmirəmsə, siz
adğamlısınız. Muğamı
seçməyiniz birbaşa doğulduğunuz məkanla
bağlı deyil ki?
- Təbii. Ağdamda
hər bir evdən, hər bir ailədən "səs"
çıxır. Sadəcə olaraq onu
işlətməyi bacarmaq lazımdır. Mənim
xanəndə olmağıma gələndə isə,
heç bilmirdim ki, xanəndə olacağam. Orta məktəbdə oxuyanda, mən "Ana
Kür", "Anacan" mahnısını ifa edirdim.
O zamanlar musiqilər də başqa cür idi. Ciddi musiqilər
var idi... Nə isə, evimizdə fikir
ayrılığı olduğu üçün mən sənədlərimi
əvvəlcə Energetika Texnikumuna verdim. Oradan da
müsabiqə yolu ilə Asəf Zeynallı adına
Musiqi Məktəbinə daxil olmuşam. Sonra da
konservatoriyaya girdim. 1995-ci ildən Opera və
Balet Teatrında çalışıram. Müsabiqə
yolu ilə gəlmişəm, oxumuşam, səsimi bəyəniblər.
Bu teatrda mənim ilk rolum "Leyli" olub.
- Ailənizdə oxuyan olubmu, yoxsa
elə siftəni siz eləmisiniz?
- Anamın, bacımın səsi
var. Anam müsabiqələrdə iştirak edib və
Bakıya dəvət olunub. Amma ailəsi icazə
verməyib. Bacım da əvvəlcə
oxuyub, festivallarda iştirak edib. O da ailə qurandan sonra
yoldaşı icazə vermədi. İndi-indi el
şənliklərində iştirak edir. Amma
professional səhnədə hələlik təkcə mənəm.
- Deyirsiniz ki, ananıza və
bacınıza oxumağa imkan verilməyib. Bəs sizin
Energetika Texnikumunu Asəf Zeynallı adına
Musiqi Texnikumuna dəyişməyinizi evdə necə
qarşıladılar?
- Qardaşlarım çox
narazı idilər. Hələ o vaxt evdə deyəndə ki,
sənədlərimi götürüb Asəf Zeynallı adına Musiqi Texnikumuna vermək istəyirəm,
böyük qardaşım məni Ukraynaya apardı ki,
imtahanların vaxtı keçsin. Elə oldu ki,
o vaxt imtahanların vaxtı avqust ayınadək uzandı.
Oradan qayıdan kimi də sənədlərimi
götürüb "Asəf Zeynallı"ya verdim. Mən
hər şeyi qismətlə bağlayıram...
- Sənətə gələndə,
çoxmu təzyiqlərlə üzləşmisiniz?
- Hər bir insanın
qarşısına maneələr çıxır. Gərək başını aşağı
salıb sənətin arxasınca düşəsən.
Maneələrə mən əhəmiyyətsiz
bir şey kimi baxıram. Namərdlərin
cəzasını Allah özü verir. Ancaq
ailədəki söz-söhbətlərə gəlincə, sənətkaram,
müxtəlif ölkələrə səfərlərə
gedirəm. Əlbəttə, bu da müəyyən
qədər narazılıqlara səbəb olur. Amma illər boyu əzab çəkib bu sənətə
gəlirsənsə, bəhrəsini görməlisən.
Mən fəxr edirəm ki, Azərbaycan musiqisini
dünyada tanıdıram. Buna da maneə
olmamalıdır. Sənətkarların
ürəyinə dəymək olmaz. Müğənninin
ürəyinə dəyəndə, o, yorulur, bezir, ruhdan
düşür. Şəxsən mənim
ürəyimə kimsə dəyəndə, içimdən
oxumaq gəlmir. Səsimdəki həzinlik,
məlahət itir.
- Bəs sənətiniz bu gün
öz ailənizdə problem yaratmır ki?
- Müəyyən mənada
yaradır. O mənada ki, sənətçi xanımın əri
çox səbrli olmalıdır. Bəzən
istəmədiyin halda əlavə problem yaranır. Bu gün sənəti elə vəziyyətə
qoyublar ki, problemlər istəmədiyin halda yaranır. Çünki oxuyanların sayı çoxalıb.
Baxırsan ki, nə səsi var, nə də
qabiliyyəti, üstəlik xarici görünüşü,
geyimi də heç nəyə dəyməz. Belələri özlərinə müğənni
deyir və bizlərə də problem yaradırlar. Oxumağı çox ucuzlaşdırıblar,
hamıya asan gəlir. İnsanlar müxtəlif
düşüncələrə malikdirlər. Belələri
başa düşmürlər ki, kənardan baxanda
gülünc, boş adam kimi
görünürlər. Bu da özəl
kanalların əməlidir. Böyük
çıxmasın, bizim dövrümüzdə efirə
çıxmaq böyük prestij sayılırdı.
Amma indi kim gəldi pulunu verib efirə
çıxır. Telekanallarda pulunu alıb həmin
bayağı musiqiləri az qala camaata
yedizdirirlər. Mən efirə ilk dəfə
1993-cü ildə çıxmışam. O vaxt bir
muğamla televiziyaya çıxmaq üçün gedib,
saatlarla boynumuzu büküb gözləyirdik. Neçə
dəfə məşqlər edirdik. Həm
də o vaxt müəllimlərimiz də efirə
çıxmağa icazə vermirdilər ki, birdən
yaxşı oxumarıq.
- Sənətdə gənc
yaşda çox şeyə nail olmusunuz, indi nəyin
arzusundasınız?
- İnsan o
dünyada deyə bilər ki, "mən nəyisə fəth
etmişəm". Muğam elə bir zirvədir
ki, onu heç kəs fəth edə bilməz. Mən isə hələ yolun başındayam.
Ancaq heç bir zirvəyə ucalmaq istəmirəm.
İndi arzulayıram ki, muğamın sirlərini
dərindən öyrənim. Muğamın
cazibəsini içimə yığmağa
çalışıram, o aləmdən ayrılmaq istəmirəm.
Muğam bir başqa aləmdir.
- Nəzakət xanım, deyirlər
opera müğənninin səsini batırır...
- 18 ildir burada
çalışıram. Hələ ki, elə
bir problemim yoxdur. Səs formalaşandan
sonra ona heç nə təsir göstərə bilməz.
Amma zəif səs operada ifadan sonra bata bilər.
Axı, operada mikrofonsuz oxuyuruq. Səsi
insana verən də Allahdır, alan da. Təbii ki, mikrofonsuz oxunan ifalar olduğuna görə
opera sənətində səsin üzərinə
ağırlıq çox düşür. Bir tamaşanın üzərində aylarla məşq
edirik. Bundan başqa, bir də
görürsən, soyuq dəyir, xəstələnirsən.
Lakin bu o demək deyil ki, bu qədər işdən
sonra səs batmalıdır. Səsdə
yorğunluqdan xırıltı əmələ gələ
bilər, amma batmamalıdır. Oxuduqca səs
açılır. Səsin dəyişməsi
isə yaşla əlaqədardır.
- Bəs sizcə, operanın
hansı çətinlikləri var?
- Burda gərək xanəndə
kimi ifa etməyəsən. Hansısa mənada
ifaya aktrisalığı da əlavə etmək
lazımdır. Yəni biri var xanəndə
kimi oxuyasan, bir də var "Leyli" və "Şahsənəm"
kimi. Baxan tamaşaçı da səhnədə Nəzakət
Teymurovanın yox, "Leyli"nin, "Şahsənəm"in
oxumağına daha çox diqqət kəsilir ki, bu xanəndənin
ifasında Leylinin, Şahsənəmin dərdi, fəryadı
hiss olunurmu?
- Kiminlə tərəf müqabili
olmaq sizə rahatdır?
- Elə bir arzum olmayıb ki, kiminləsə
sənətdə tərəf müqabili olum. Çünki
mən teatra gələndə, hər şeydən xəbərsiz
idim. Teatrda oxumaqla aktoyrluq qabiliyyəti cəmlənir.
Səsin varsa, aktyorluq edə bilmirsənsə,
bu sənin çatışmazlığındır. Tərəf müqabili ilə işləmək də
çətindir. Gərək elə bir
adamla işləyəsən ki, səni başa
düşsün. İfa edərkən
bütün hisslərini səsi ilə büruzə versin ki,
sən də onun ifasından həvəslənəsən.
Elə tərəf müqabilləri olur ki,
qarşında taxta kimi dayanır, oxuduğunu hiss edə
bilmir. Hər bir rolu daxilindən
keçirib, özününküləşdirib oxumaq
lazımdır. Məsələn "Leyli
və Məcnun"da ölüm səhnəsində mən
"Məcnun"dan şövq alıb oxumalıyam. Amma elə vaxt olur ki, səs mənə dəymir.
Tərəf müqabili taxta kimi hissiyyatsız
olanda, mən özüm də rolu həvəssiz oynayıram.
Amma belə olmaz, Şahsənəmi, Leylini
oynayırsansa, tamaşaçı səni oynadığın
obrazda tam görməlidir. Mənim son
dövrlər tərəf müqabilim Mənsum İbrahimov, Səbuhi
İbayev və İlkin Əhmədov olub. İlk rolumu da Mənsumla oynamışam. Mən sözün düzünü deməyi
xoşlayıram. Mənim üçün
Mənsumla bir tamaşada oynamaq çox asandır. Tərəf müqabilini o, çox gözəl
başa düşür. Aktrisa gərək
səhnədə tək qalmasın. Səbuhi
də yaxşı sənətçidir, tərəf
müqabili kimi də pis deyil. Amma mən əsasən
Mənsumla tərəf müqabili olmuşam deyə, onunla
işləmək mənim üçün çox
asandır. Rejissorumuz Hafiz Quliyev mənə
aktyorluğun incəliklərini öyrədənə kimi
çox əziyyət çəkib. Mənim
aktrisa kimi yetişməyimdə onun çox böyük rolu
var.
- Nəhayət, son sual. Müasir Azərbaycan musiqisini dinləyə
bilirsinizmi? Müasir musiqidən
razısınızmı?
- Mən daha çox ciddi işlərlə
məşğulam. Mən Üzeyir Hacıbəyovun, Şəfiqə
Axundovanın, Vasif Adıgözəlovun əsərlərini
oxuyuram. Bizim muğamlar o qədər
sanballı, o qədər ciddidir ki, mən onların
qarşısında bir söz deyə bilmirəm. O ki,
qaldı efirdə səslənən musiqiyə, demirəm ki,
bəyənmirəm. Söhbət bəyənməkdən
getmir. Sadəcə olaraq həmin
mahnılar mənə çatmır. Məncə,
musiqini ucuzlaşdırmaq olmaz. Ancaq
hazırda musiqini çox bayağılaşdırıblar.
Hər şey qarışıb bir-birinə.
Mən müasir musiqini həzm edə bilmirəm.
Ayxan
Ekspress.-2013.-24-26 avqust.-
S.19.