"Mən olmayanda gör hələ nə
danışacaqlar?"
Anar:
Yazıçılar Birliyinə sağmal inək kimi baxanlar
belə inəyin üstünə qonan milçəkləri
qovmurlar...
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar "Kulis.az" "Mən də
yaşamışam" layihəsinin qonağı olub və
maraqlı açıqlamalar verib. Müsahibəni ixtisarla təqdim
edirik.
- Xalq yazıçısı Anar
Azərbaycan üçün kimdir?
- Bütün ömrü, şüurlu həyatı
boyu xalqının ədəbiyyatı, dili, mədəniyyəti
yolunda çalışmış adam.
- Keçdiyiniz həyat
yolunu qısa olaraq necə izah edərdiniz?
- İzn verin bu suala
çox-çox illər qabaq yazdığım şerimin bir
bəndiylə cavab verim:
Özgələrçün
əlləş, çalış,
Özün
üçün yaşamamış,
Yaşamağa
başlamamış
Öldüyüm
üçün ağlaram.
- Bu sual Sizə tez-tez
verilir. Və Siz də bir qədər emosional
cavab verirsiniz həmin suala. Sədrliklə
bağlı sualı nəzərdə tuturam. Cavablarınızda niyə məhz AYB-nin üzərində
dayanılmasını, Bəstəkarlar İttifaqı, Rəssamlar
İttifaqı rəhbərliyinə bu sualın nə səbəbə
verilmədiyini deyirsiniz. Ancaq "Şəhidlər
dağ"ını Siz yazmısınız, Mixail
Qorbaçovun qarşısında Azərbaycanın haqq
davasını Siz aparmısınız. Uman
yerdən küsərlər, bəlkə elə buna görədir
hər şey. Yəni, sizi daha yaxın hesab edirlər...
- Bu mövzuda mənə
dəfələrlə sual verilsə də, hər halda əhəmiyyətli
məsələ olduğu üçün, ətraflı
cavab verəcəm. Amma əvvəlcə, izninizlə, yenə
bir köhnə şeirimi misal gətirim:
İncidərlər, əzərlər,
Çərlədərlər,
üzərlər
Sonra da deyərlər
ki,
"Uman
yerdən küsərlər".
Ciddi
söhbətə keçsək, mən də soruşuram, illər
boyu bir neçə mətbuat orqanı və bəzi saytlarda
mənim ünvanıma, Yazıçılar Birliyinin
ünvanına olmazın böhtanlar, yalanlar, təhqirlər
yağdıranlar nədən küsüblər və bizdən
nə umurlar? Məhz onlar kimi
düşünməyimizi, hadisələri ancaq onlar kimi qiymətləndirməyimizi,
heç vaxt, heç kəsdən asılı olmayan öz
müstəqil mövqeyimizi, münasibətimizi bir
qırağa qoyub onların dediyini deməyimizimi istəyirlər?!
Adını belə çəkmək istəmədiyim
birisinin işi-peşəsi yazıçılara çirkab
atmaqdırsa, "Yazıçılar Birliyinə
tüpürürəm" demək tərbiyəsizliyindən
belə çəkinmirsə və qəzet də bu
xuliqanlığa öz səhifələrində yer
ayırırsa, sizcə biz buna cavab verməməliyik? Deməsinlər, eşitməsinlər. Çörəkləri Yazıçılar Birliyinə
sataşmaqdan çıxanlar tipik mafioz qanunlarıyla hərəkət
edir. Nəinki özləri hər cür
iftira və yalanlar uydurur, hətta Birliyimiz haqqında
az-çox obyektiv söz deyənləri, yaxud hətta adicə
məndən müsahibə alanları da dərhal
qaralamağa, vurub sıradan çıxarmağa tələsirlər.
Buna da hər kəs tab gətirmir, geri çəkilir, hədə-qorxu
gələnlərdən "qəbahəti"
üçün üzrxahlıq eləyir. Hər
fürsətdə qəsdimizə duranlar sonra da şikayətlənirlər
ki, niyə bizi müdafiə etmirsiniz. Lap Məşədi
İbad yada düşür: "Aç qapını, gələk
səni öldürək". Qəti fikrim
budur ki, müxalifətə ən böyük ziyanı məhz
bu sayaq yazılar - başqa cür düşünən,
başqa mövqedə olan ziyalıları təhqir edən,
pisikdirən, onları itələyib uzaqlaşdıran
yazılar vurur. Demokratiyadan dəm vuran bu
adamların tolerantlıq, fərqli fikrə
dözümlülük haqqında sanki heç təsəvvürləri
yoxdur. Obyektivlik naminə onu da deməliyəm
ki, belə yazılar, təəssüf ki, iqtidar mətbuatında
da yer alır. Kiminsə siyasi
baxışlarıyla razılaşmamaq təbiidir, amma buna
görə onun bütün fəaliyyətinin, hətta
başqa sahələrdə xidmətlərinin üstündən
qələm çəkmək düz deyil. Belə yazılar da ilk növbədə iqtidara zərər
gətirir. Demokratiya o deməkdir ki, siyasi rəqibini
opponent kimi görəsən, düşmən kimi yox.
Qorbaçovla
deyişməyimi yada saldınız. Sağ olun ki, bunu
xatırlayırsınız, bir dəfə
çıxışa yazılmadığım
üçün Qorbaçovun mənə söz vermədiyini
daima başıma qaxırlar, amma səhəri gün məndən
üzr istəməsini və bu üzrxahlığın mətbuatda
dərc edilməsini sanki unudublar. Onu da
"unudublar" ki, SSRİ prezidentinin düz
gözünün içinə onu Qanlı yanvar
qırğınında günahlandırmışdım.
Mənim Birliyin sədri olmağıma görə
narazılıqlarından başqa Yazıçılar Birliyinə
konkret olaraq daha hansı iradları var, bir dəfə
söyüşsüz, təhqirsiz, yalan-böhtansız, adam dilində bunu izah etsinlər. Az-çox konkret iradları budur ki, niyə görə
mən belə uzun müddətdə bu vəzifəni tuturam.
Əvvəla ölkəmizdə məndən də
uzun müddətdə müəyyən vəzifələrdə
işləyənlər var, onlarla heç kəsin işi
yoxdur. Mən 1987-ci ildə, hələ
Sovet dövründə, amma yenidənqurmanın havası əsməyə
başlayanda o vaxtkı Kommunist Partiyası Mərkəzi Komitəsinin
göstərişiylə deyil, yazıçıların
öz təklifiylə bu təşkilata rəhbər
seçilmiş ilk şəxsəm. Yazıçıların
üç qurultayında yekdilliklə yenidən Birliyin sədri
seçilmişəm və yenə də
yazıçıların əksəriyyəti bu vəzifədən
getməyimi təklif etsə, həmin gün istefa ərizəmi
verməyə hazıram. Amma desinlər
görək axı küsənlər nədən
küsüblər və umanlar nə umurlar? Bir dəfə də olsun bu barədə
aydın-açıq bir söz eşitmədim. Yaxın dostlarımın rəhbərlik etdiyi
başqa Yaradıcılıq təşkilatları haqqında
deyəndə mən məhz bunu nəzərdə tuturdum.
Yazıçılar Birliyinin rəhbərliyindən
başqa heç bir siyasi, ictimai ya elmi idarənin rəhbərliyi
müzakirə olunmur. Niyə? Bilmirəm.
Həm də
gördüyümüz mühüm işlərə göz
yumaraq mütləq qurdalayıb tərs məlumat verməyə
çalışırlar. Mən Birliyin rəhbəri
işlədiyim Sovet dövründə yüzdən artıq
yazıçı ev aldı. İndi quruluş, şərait tamamilə dəyişib,
əvvəlki imkanlar yoxdur, amma yenə də hörmətli
prezidentlərimiz, əvvəlcə rəhmətlik Heydər
Əliyevə, sonra da İlham Əliyev cənablarına
müraciət edərək yazıçılar
üçün bir neçə mənzil düzəldə
bildik. 34 nəfər razı,
iki-üç nəfər narazı qaldı və mətbuatda
əlüstü bunun ətrafında qalmaqal yaratdılar.
Yazıçılar Birliyinin
mükafatlarını təsis etdik. İsa
Muğanna kimi böyük yazıçımızı
mükafatlandırdıq, yaratdığımız Münsiflər
heyəti katibliyin heç bir müdaxiləsi olmadan layiqli
müəllifləri mükafatlandırdı. Bunu da tərs yozdular, əleyhimizə çevirdilər.
Hətta təqdimatlar, yubileylər keçirməyimizi
də bizə irad tuturlar. Heç onu demirlər
ki, bəzən elə yazıçıların yubileylərini
keçiririk ki, başqa heç yerdə bu yubileylər
keçirilmir. İdarə heyətimizdə,
redaksiya heyətlərimizdə müxalifət
partiyalarının üzvləri də təmsil olunub. Birlikdə heç bir yerliçiliyə, əliəyriliyə
imkan verilmir. Bütün bunlar məgər
naqis cəhətlərdir ki, bizə bu qədər daş
atırlar? Təəssüf ki,
Yazıçılar Birliyinə sağmal inək kimi baxanlar
belə inəyin üstünə qonan milçəkləri
qovmağa təşəbbüs göstərmir. Əksinə, peşmansan birini fəxri ada,
mükafata, ordenə təqdim edəsən, onu-on beşi inciyəcək
ki, bəs mən niyə yada düşmədim. Heç kəs heç nə almayanda isə hamı
sakit oturur yerində. Bizim təklifimizlə
hörmətli prezidentimiz 50 yaşlı və 20 gənc
yazıçıya illik təqaüdlər təyin etdi.
Bilsəniz hər il bu təqaüdlər
müəyyənləşən zaman başımız nə
ağrılar çəkir. Bəziləri məsələni
belə qoyur ki, bu təqaüdü məhz bu il
almasam, yaşaya bilməyəcəm. Əzizim,
bu təqaüdü almadığın və bir ildən sonra
almayacağın vaxtda necə yaşayırdın və necə
yaşayacaqsan bəs? Yox, kimə deyirsən?
Mütləq bu il almalıyam, almasam
dünya dağılar. Hədə, böhtan, təhqir
- ən iyrənc iftiralara əl atırlar. Elələri
də var ki, təqaüdün yalnız bir dəfə
verildiyini bildiklərinə görə təqaüd
aldıqları müddətdə Yazıçılar
Birliyindən razı, təqaüd müddəti qurtaran
günün səhəri dərhal narazı olurlar, hətta o
qədər hirslənirlər ki, Birliyin üzvlüyündən
çıxırlar. Çıxsınlar.
Birlik könüllü təşkilatdır,
heç kəsi bura dəvət etmirik və heç kəsin
də getdiyini ürəyimizə salmırıq.
- Həyatda ən
böyük qorxunuz nədir?
- Qorxularımdan biri də,
mən dünyadan gedəndən sonra bəzilərinin bəd,
ya lap xoş niyyətlə haqqımda uyduracaqları "xatirələrdir".
Sağlığımda, bəzən hətta mənim
öz yanımda mənimlə bağlı elə hadisələr
uydururlar ki, düşünürəm, ilahi, mən olmayanda
gör hələ nə danışacaqlar?
- AYB sədri postuna
görə aldığınız mənəvi zərbələr
çox oldu?
- Çoxdan da çox.
Necə bilirsiniz, bütün ömrünü təmənnasız
olaraq ədəbiyyata həsr etmiş, Yazıçılar
Birliyinin rəhbəri kimi də ancaq və ancaq ölkəsinə,
xalqına, ədəbiyyatına bacardığı qədər
xeyir verməyə çalışan bir adam
hər gün, hər yerindən kal duran uğursuzun
hücumlarına məruz qalırsa, bu azmıdır? Yenə
də şerimdən sitat:
Ədəbiyyat
çabalayır
kəndlə
şəhər arasında
Yazır, yazır hey
yazırlar
Axşam səhər
arasında
Mətbuat zəhərlədikcə
artır
qanımda şəkərim
Böylə keçdi
ömrüm mənim
Şəkər
- zəhər arasında.
- AYB sədri olmaqla nələri
itirdiniz, nələri qazandınız?
-
İnsanların hamısına olmasa da,
yazıçıların bir çoxuna inamımı itirdim.
49 yaşında rəhbər seçildiyim bu təşkilatın
üzvləri arasında elə sifətlər gördüm
ki, bundan əvvəlki yarıməsrlik ömrümdə bu
sayaq insanların da olduğunu heç təsəvvür edə
bilməzdim. Əlbəttə, bu sözləri
yazıçıların əksəriyyətinə şamil
etmək ədalətsizlik olardı - istər cavanlara, istər
yaşlılara. Amma nə gizlədim, bəzi
xoş münasibət bəslədiyim, hətta ağır məqamlarında
yardım əli uzatdığım insanların bu qədər
üzüdönük, maddi marağına nail olmayanda bu qədər
nankor çıxmasını təsəvvür etməzdim.
Yaxud hər mərhələdə məndən yalnız dəstək
alan, yüz xahişini yerinə yetirib, yüz birinci xahişinə
əməl olunmayan adamın bir an içində ən
qatı əleyhdarıma çevrilməsinə, üzümə
gülə-gülə demə illərlə içində
gizlətdiyi paxırının, nifrətinin, kin-küdurətin
birdən-birə püskürməsinə mat qaldım.
Yaşı ötmüş birinin açıq ağ
yalan söyləməsi də, ədəbiyyatda ilk
addımlarını atan, hətta istedadı belə olan gəncin
də çox tez çürüməsi kimi adamın ürəyini
incidir. Bəs nə qazandım? Əsəblərimin, səhhətimin
pozulmasını, öz yaradıcılığıma həsr
edə biləcəyim ən gözəl, ən məhsuldar
illərimi başqalarının dərd-sərinə həsr
etməyimi, əvəzində bir quru sağ ol nədir,
yalnız növ-növ tənbehlər, iradlar, iddialar eşitməyimi.
Nə deyəcəklərini bilirəm. Bəs bu qədər şikayətçisənsə,
niyə hələ də oturmusan orda? Ona
görə ki, bu qədər əmək, əsəb, enerji həsr
etdiyim bir işin darmadağın edilməsini istəmirəm.
Axı hamı yaddaşsız deyil, demək olar
ki, keçmiş Sovet məkanında Yazıçılar
İttifaqlarının tamamilə dağıldığı,
ya parçalandığı, ədəbi mətbuat
orqanlarının sıradan çıxdığı,
Moskvanın özündə yazıçı təşkilatının
beş-altı yerə ayrılıb hələ də
bir-biriylə əmlak davası apardığını bilmirlər
məgər? Ən çətin dövrlərdə
Yazıçılar Birliyini də, onun binasını da
qoruduq, ədəbi mətbuat orqanlarımızın nəinki
hamısını saxladıq, hətta artırdıq da,
Ədəbi Tərcümə Mərkəzi yaratdıq və
dövlətin dəstəyi ilə Birlik də, onun ədəbi
orqanları da, Tərcümə Mərkəzi də büdcəyə
salındı. Sovet dövründə dörd filialımız
vardısa, indi bütün Azərbaycanı əhatə edən
12 filialımız, onların bəzilərinin öz mətbu
orqanları var. Moskvada, Gürcüstanda, İstanbulda da
bölmələrimiz yaranıb. İndi
çoxdan bəri Yazıçılar Birliyi göz
dağı olanlar üçün xətirləri xoş olsun
deyə bütün bunları havayamı sovuraq? Məni düz başa düşsünlər,
heç də özümü əvəzolunmaz şəxs
hesab etmirəm, gec-tez bu vəzifədən gedəcəyimi də
aydın dərk edirəm. Amma onu da istəyirəm
ki, gənclərin, ya nisbətən gənclərin
sırasından elə etibarlı, bacarıqlı və ədəbi
cəhətdən get-gedə daha artıq nüfuz qazanacaq
namizədlər hazırlayaq ki, bu qədər çətinliklər
hesabına qoruyub saxladığımız ocağımız
dağılmasın.
- Xaraktercə çox sərt
insan təsiri bağışlayırsınız...
- Əksinə,
özümü çox vaxt günahlandırıram ki, bəzən
kifayət qədər sərt davrana bilmirəm.
-
Almadığınız orden, titul qalıbmı?
- Zərif kinayəylə
verdiyiniz bu suala belə cavab verə bilərəm ki, uzun illərin
halal zəhmətiylə qazandığım ordenlərə,
titullara görə minnətdaram. Almadıqlarımı
isə siz özünüz müəyyənləşdirin.
Bu məni o qədər də
maraqlandırmır.
- Azərbaycan ədəbiyyatında
Anarın çəkisi nə qədərdir?
- Bu ciddi söhbətimizə
bir az yumor qataq. Dünya ismaililərinin rəhbəri
Ağa xanı hər il çəkir və
çəkisi ölçüsündə ona qızıl
verirlər. Bir vaxtlar "İsgəndər bəy"
adlı Sovet-Albaniya bədii filmi çəkmişdilər və
filmi Kann festivalına təqdim etmişdilər. Sən demə Ağa xan həmin bu İsgəndər
bəyin sülaləsindənmiş. O vaxt Fransa qəzetləri
yazıblarmış ki, bu il Ağa
xanın çəkisi ağırlığında ona rus
kürüsü verəcəklər. İndi
siz də çəkimin müqabilində mənə nə
boyun olacağınızı desəz, çəkimi müəyyənləşdirərəm
(gülür).
- Kamran Bağırovun,
Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun,
Əbülfəz Elçibəyin, Heydər Əliyevin və
İlham Əliyevin hakimiyyəti illərində AYB sədri
olmusunuz. Adını sadaladığım rəhbər
şəxslərin Sizə qarşı münasibətləri
necə olub?
- Normal. Onlar
mənə, mən də onlara qarşılıqlı
hörmət bəsləmişik. Bəzən
bu sualı alt məna nəzərdə tutaraq verirlər, yəni
bütün hakimiyyətlər boyu vəzifədə
qalmışam. Ağıllarına gəlmir
ki, əgər mən hansısa iqtidarın adamı
olsaydım, ondan sonra, ya ondan əvvəl gələn və
ona müxalif olan iqtidar məni yola verməzdi. Heç vaxt iqtidarda olana "bəli, bəli"
demədiyim kimi, heç vaxt da iqtidardan gedənin dalınca
danışmamışam. Həmişə
öz mövqeyim, öz düşüncə və
davranış tərzim olub. Heç kəsdən
heç vaxt heç bir imtiyaz, fəxri ad, orden-filan və sair
istəməmişəm. Zəhmətimə
qiymət veriləndə səmimi təşəkkür
etmişəm və bu da elementar qanacaq əlamətidir. Sənə hörmət edənlərə eyni
hörmət göstərmək insanın mərifət və
nəzakət borcudur.
- Sizə rəğbət
bəsləyən oxucularınızın sayı artıb, ya
azalıb?
- Nə bilim, bununla əlaqədar
sosioloji ya statistik araşdırma aparmamışam. Amma
Bakıda və Azərbaycanın hər guşəsində, ən
uzaq yerlərdə, məni rəğbətlə, xoş sifətlə
salamlayırlarsa, avtoqrafımı istəyirlərsə, birgə
foto çəkdirməyimizi xahiş edirlərsə, ölkədə
Anar adı bu qədər populyardırsa, bədxahlarım məni
"ifşa" etməkdən bu qədər zövq
alırlarsa, məni gözdən salmağa bu qədər canfəşanlıq
edirlərsə, deməli, hər halda unudulmamışam, hələ
də gündəmdəyəm. Maraqlıdır
ki, hətta məni bəyənməyənlər özləri
əsərlərimdən dilimizə girən adları
daşıyır - Tural, Aysel, Günel. Deməli,
valideynləri hər halda mənim "Dədə
Qorqud"umla tanış olublar və bu
adları bəyəniblər ki, övladlarına veriblər.
Yeri gəlmişkən, bizim ailəmiz Azərbaycana beş yeni ad bəxş edib. Mən
ilk Anaram, bacım Fidan, bacım qızı Aysel,
övladlarım Tural və Günel. Biz bu
adların ilk və uzun zaman yeganə
daşıyıcıları olmuşuq.
Bir də
ki, oxucuların kəmiyyətindən çox, keyfiyyəti əhəmiyyətlidir,
sayından çox, səviyyəsi vacibdir. Sənin əsərlərini başdan-ayağa oxuyub
onları dərindən anlayan, ürəkdən duyan,
yazılarınla yetişən, yazılarınla yaşayan bir
nəfər varsa, bu yüz təsadüfi, ötəri oxucuya
dəyər.
- Qarabağın bir kəndini
Nobel mükafatına deyişmərəm demişdiniz. Doğrudanmı Nobel Sizin üçün bu qədər
əhəmiyyətsizdir?
- Nobel mükafatı əhəmiyyətsiz
deyil, Qarabağın hər kəndi mənimçün əhəmiyyətlidir.
Həm də axı bu nisyə söhbətdir.
Heç kəs mənə Nobel mükafatı
verən deyil, heç kəs də bu, mükafatı
Qarabağ kəndlərinə dəyişmək fikrini
ağlına gətirmir. Bu söhbət
bir televiziya verilişində ondan doğdu ki, Orxan Pamukun Nobel
almasıyla bağlı, "belə bir alternativ sizin
qarşınıza çıxsaydı necə hərəkət
edərdiniz" deyə soruşdular. Mən
də belə cavab verdim. Əlbəttə,
Nobel ödülü hər bir yazıçı
üçün dünyada ən nüfuzlu mükafatdır və
onu almaq çox böyük fəxarətdir. Amma gerçəkçi olmaq lazımdır,
inanmıram ki, yaxın onilliklərdə bu mükafatı Azərbaycan
yazıçısı alsın. Ona
görə yox ki, bu mükafata layiq müəlliflərimiz
yoxdur, ya heç vaxt olmayıb. Bu
mükafata təqdim olunmaqdan əvvəl ciddi janrlarda
yazdığın əsərlərin gərək dünyada
tanınsın. Hansısa dilə, hətta
bir neçə dilə çevrilmək hələ əsas
şərt deyil. Əsas şərt bu dillərdə
çap olunandan sonra mətbuatda, ədəbi cameədə
necə rəylərlə qarşılanmasıdır. Əlbəttə, müəllifin siyasi bəyanatları,
özəlliklə dissident taleyinə, ya müxalif mövqeyinə
də əhəmiyyət verilir, amma əksər hallarda əsərin
bədii dəyəri və dünya ədəbiyyatında
doğurduğu rezonans nəzərə alınır. Məhz bu mövqedə durduğum üçün,
bəzən hissə qapılıb mənə "dünya
şöhrətli yazıçı" deyəndə ətim
tökülür. Mən özümü dünya
şöhrətli yazıçı hesab etmirəm, bizimkilərdən
kim özünü belə hesab edirsə
öz işidir. Mən çağdaş Azərbaycanın
üç-beş yaxşı yazıçısından
biriyəm və bunu da kim inkar edirsə ədalətli
adam deyil.
Bu günlərdə
hardasa oxudum ki, dostum Ramiz Həsənoğlunun mənim ssenarim
əsasında çəkdiyi "Sübhün səfiri"
filmi Oskar mükafatına təqdim edilib. Doğrusu,
bu məni çox rəncidə etdi. Mən
belə şouları sevmirəm. "Sübhün
səfiri" mənim fikrimcə çox dəyərli kino əsəridir
- rejissor, operator, rəssam işi baxımından, aktyor oyunu,
musiqi cəhətdən. Ssenariyə qiymət
verməyim düz olmaz. Amma Oskar
mükafatının tamam başqa formatları, parametrləri
var, texniki göstəricilərindən tutmuş, dünya
ekranlarında nümayiş etdirilməsinə, başqa beynəlxalq
festivallarda iştirak etməsinə, peşəkar
kinoşünasların dəyərləndirilməsinə, nəhayət,
filmdə dünyaca məşhur ulduzların çəkilməsinə
qədər. Niyə belə təşəbbüslə
özümüzü gülünc vəziyyətdə qoyuruq.
Hər halda bu mənim təbiətimə ziddir.
Mən nə özümü "yetərincə
dahi" adlandıranlardanam, nə "mən olmasam, mədəniyyətdə
boşluq yaranar" deyənlərdən. Əksinə,
belə iddialara gülürəm, bir az da
belə özündən razılara yazığım gəlir.
Ekspress.- 2013.-29 avqust.- S.15