Milli rəqs sənəti parçalanıb...

 

Şəhriyar Cəfərov: "Azərbaycanda bu gün baletmeystr qıtlığı var"

 

"Əgər bu rəqqasə gəlindirsə, 30 kişinin arasında nə işi var?"

 

Tanınmış rəqqas Şəhriyar Cəfərov vaxtilə rəqs sənətinin sirlərini dünyaca məşhur rəqqas Mahmud Esenbayevin yanında öyrənməyə başlayıb. Sonradan bu sahədə biliklərini və təcrübəsini artıraraq peşəkar balet ustası və baletmeystr kimi yetişib. Amma onun istedad və imkanlarından istifadə edilmir. Şəhriyar "Ekspress"in əməkdaşı ilə söhbətində milli rəqs sənətinin vəziyyətinin heç ürəkaçan olmadığını deyib.

       - Şəhriyar müəllim, Azərbaycan rəqqaslıq məktəbinin bugünkü vəziyyətini necə qiymətləndirirsiz?

   - Azərbaycanın rəqs sənəti bu gün iki yerə parçalanıb; peşəkarlar və qeyri-peşəkar toy rəqqasları. Çoxlu peşəkar istedadlı rəqqaslarımız var. Amma bu gün peşəkar səhnədə oynanılan mili rəqslərimizin quruluşları çox zəifdir. Azərbaycanda bu gün 3-4 dövlət rəqs ansamblı fəaliyyət göstərir: Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, ikincisi Dövlət Rəqs Ansamblı. Bundan başqa "Cəngi" ansamblı da var. Bu ansamblların repertuarları çox zəifdir. Ümumiyyətlə, son illər səhnədə süjetli rəqslərə rast gəlməmişəm. Sovet dövründə "kolxoz-sovxoz" ideyalı olsa da, çox gözəl süjetli rəqslər mövcud idi. Onlarda mövzu, dramatizm var idi. Baxanda da adam zövq alırdı. Hər rəqsin özünün süjet xətti var idi, sanki rəqs hərəkətləri ilə kiçik bir tamaşaya baxırdıq. Bu gün ansambllar gürcü və ləzgi millətinin üslubunda olan səhnə libası tikdirirlər və səhnədə bu libaslar bizim milli folklor geyim mədəniyyətinə yad olan tərzdə təqdim olunur. Yeni aranjmanda musiqi yazdırırlar və mili rəqslərimizə yad olan formada, millilikdən uzaq hərəkətlə yalnız rəqqas kütləsiylə sənhəni doldururlar. Ortalıqda isə bir məna yoxdur. Mən bir misal çəkim, rəhmətlik Əlibaba Abdullayevin məşhur "Bulaq başı" rəqsi vardı. Mövzu və süjet baxımından çox imkanlı rəqsdir. Burda oğlanlar guya at çaparaq səhnəyə çıxırlar, qızlar durna kimi süzərək bulaq başına gəlib səhənglərini doldururlar. Bulaq başında oğlan qızı görür, ona vurulur, bir-birini sevən iki gəncin məhəbbət səhnəsi var. Ümumiyyətlə, bizim folklorda rəqslər üçün çox imkan var. Rəqs də bir millətin mənəvi sərvətidir. Biz muğamımızla dünyaya səs salmışıq. Aşıq sənətimiz də dünyada tanınır. Dünya bizi folklorumuzla tanıyır. Amma biz bu gün rəqslərimizdə folklorumuzu görmürük, yalnız kütləvi məzmunsuz rəqslərdir. Duet rəqslər ümumiyyətlə oynanılmır. Çünki burada tutarlı mövzu lazımdır. Amma onları hazırlayacaq baletmeystrlər yoxdur, axı. Azərbaycanda bu gün həqiqətən də baletmeystr qıtlığı var.

   - Bəs yaşlı sənətkarlar?

   - Onlar artıq çox yaşlanıblar. Amma elələri də var ki, ansambllara dəvət almırlar. Gözəl istedadlı yaşlı baletmeystrlərimiz var. Mən onlardan Fərhad Vəliyevin adını çəkə bilərəm. Amma Dövlət Mahnı və Rəqs ansamblında onun heç bir rəqsi getmir. Əlibaba Abdullayevin köhnə rəqsldərini indiki aranjmanla qursalar gözəl alınar. Bu gün rəqslərimizə kim quruluş verir - Afaq Məlikova. Afaq xanım gözəl rəqqasədir, xalq artistidir, "Şöhrət" ordeni var, prezident təqaüdçüsüdür, demək olar ki, bütün titulları qazanıb. Amma Afaq xanım bu titulları rəqqasə olaraq alıb. Axı hər aktyor rejissor ola bilmədiyi kimi hər rəqqasə baletmeystr, xoreoqraf deyil. Baletmeystr olmaq üçün əvvəllər QİTS-də (SSRİ Dövlət Teatr və İncəsənət İnstitutu) təhsil alırdılar. Afaq xanımın baletmeystr təhsili yoxdur. SSRİ dağılandan sonra Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində 1997-ci ildə xoreoqrafiya fakültəsi açılmışdı. Mən həmin fakültənin məzunuyam, 2007-ci ildə bitirmişəm. Yəni baletmeystr olmaq üçün təhsil şərtdir, təhsil olmasa, adamda fitri istedad olmalıdır. Afaq xanımın qurduğu rəqslər çox zəifdir. Misal üçün Afaq xanım "Mirzeyi-Vağzalı" rəqsinə quruluş verib. Otuz nəfər oğlanın müşayiəti ilə səhnəyə libasda xanım rəqqasə çıxır. Bunu da Təranə Muradova ifa edir. Əgər bu, gəlindirsə, 30 kişinin arasında nə işi var? Əgər gəlin yox, rəqqasədirsə, o dövrdə toylarda kişilərin arasında xanım rəqs etmirdi. Bir də dədə-babadan görmüşük ki, gəlin qadınların əhatəsində oynayıb...

   - Əgər bunların düzgün olmadığını deyirsinizsə, peşəkar baletmeystrsiz, gedin, ansambl yaradın, rəqslərə quruluş verin, desinlər ki, dili var, dilçəyi də var.

   - Mənim 10 peşəkar rəqqasdan ibarət "Rəqsin sultanları" adlı rəqs qrupum var. Bu gün toy məclislərində, el şənliklərində, konsertlərdə çoxsaylı rəqs qruplarına rast gəlirik, əksəriyyəti də özfəaliyyət dərnəklərdə bir-iki hərəkət öyrənən qeyri-peşəkarlardır. Mənim quruluşumda bir çox rəqslər var ki, qrupdakı həmkarlarımla bərabər bu rəqsləri istər televiziya verlişlərində, istərsə də dövlət əhəmiyyətli konsert proqramlarinda yüksək səviyyədə təqdim edirik. Repertuarımızda da milli rəqslərlə yanaşı, Avropa bal rəqsləri, maraqlı xoreoqrafik kompozisiyalar və duet rəqsləri də var.

   - Türkiyənin "Anadolu atəşi" rəqs qrupunun yaranma tarixi çox da uzağa getmir, amma az zaman ərzində bütün dünyada məşhurlaşdılar. Dünyanın bütün ölkələrindən rəqqaslar o qrupda oynamağa can atır. Halbuki Türkiyədə bizdəki kimi uşaqların dövlət hesabına balet və ya rəqs öyrənməyə imkanı yoxdur. Valideynlər çox böyük pulların müqabilində xüsusi müəllim tuturlar ki, uşaqları rəqs öyrənsinlər. Əgər bu imkan bizdə varsa, niyə "Anadolu ateşi"ndən bizdə yoxdur?

   - Mən bu gün öz ansamblımla konsert vermək istəyirəm, amma öz vəsaitim hesabına bunu etməyə imkan verilmir. Bütün teatrların qapısını üzümə bağlayıblar...

   - Niyə?

   - Çünki mən rəqs sənətində olan çatışmazlıqları hər yerdə tənqid edirəm. Tənqid etməliyəm də, çünki mən bu işin peşəkarıyam və bunların aradan qalxmasına çalışmalıyam. Mən özüm həm də balet artistiyəm. 1984-cü ildən 1986-cı ilədək Moskvada Mahmud Esenbayevin rəqs məktəbinə getmişəm. 1986- 1994-cü illərdə Bakı Xoreqrafiya məktəbində təhsil almışam. 1993-cü ildən 1999-cu ilədək Opera və Balet Teatrının balet truppasında solist kimi çalışmışam. İki ali təhsilim var: 1995-1999-cu illərdə Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru ixtisasını, 2003-2007-ci illərdə həmin Universitetin Xoreoqraf-pedaqoq ixtisasini bitirmişəm. Bizim vaxtımızda Bakı Xoreoqrafiya məktəbində həqiqətən də əsl sənət öyrədirdilər. Amma bu məktəbin indiki tədris sistemi bərbad gündədir. Çünki ora balet ustası deyil, pianoçu rəhbərlik edir. Məktəbin teatrı vardı, oranı söküb yerində yaşayış binası tikdilər. Xoreoqrafiya məktəbində dərs deyən müəllimlərin bir neçəsini çıxsaq, tədrislərin səviyyəsi aşağıdır. Bu gün xoreoqrafiya məktəbində milli rəqslər çox aşağı səviyyədə öyrədilir. Milli rəqsdən cəmi bir müəllim dərs deyir. Məktəbin məzunlarının bir çoxunun ifa səviyyəsi aşağıdir. Bu gün xoreoqrafiya məktəbində Azərbaycan irsi, folklor rəqsləri tədris olunmur. Bu, faciədir. Tədris olunan rəqslər də nöqsanlı şəkildədir, milli kaloritdən əsər-əlamət qalmayıb. Belə məzunlar kimə lazımdır? Ona görə indiki gənclər başqa xalqların milli rəqslərini mənimsəyir. Xoreoqrafiya məktəbinin binasına baxanda aydın görünür ki, oranı tamamilə bağlamaq istəyirlər. Çünki xoreoqrafiyanın binası 1986-cı ildə açılıb, amma iniyədək təmirə dayanmayıb. Belə şeyləri açıq-aşkar hər yerdə deyirəm, sonra da mənə təzyiq edirlər. Tənqidi fikirlərimə görə, 1999-cu ildə heç bir əsas olmadan məni Opera və Balet Teatrından uzaqlaşdırdılar. Elə oldu ki, o dövrdə Rəfiqə Axundova və Maqsud Məmmədov kimi böyük sənətkarları da teatrdan uzaqlaşdırdılar. Mən də bu cür sənətkarların teatrdan uzaqlaşdırılmasının əleyhinə olduğumu açıq-aydın deyirdim. Bundan başqa, maaşların azlığı, milli kadrların azlığını deyirdim. Başqa millətin nümayəndəsinə tez fəxri ad verirdilər, o da ad alan kimi Azərbaycanı tərk edib gedir. Belə şeyləri mətbuatda tənqid etdiyimə görə məni teatrdan uzaqlaşdırdılar. Opera və Balet Teatrında işlədiyim illərdə Musiqi Komediya Teatrının balet truppasında müəllim-məşqçi kimi işləyirdim. Opera və Balet Teatrından uzaqlaşdırıldıqdan sonra məhkəməyə müraciət etdim ki, məni qanunsuz işdən çıxarıblar. Elə oldu ki, rəhmətlik Hacıbaba Bağırova da təzyiq etməyə başladılar ki, məni oradan qovsun. O da məni yanına çağırıb dedi ki, ya sən tənqidi çıxışları kəsməlisən, ya da mən səni işdən çıxarmağa məcbur olacağam. Gördüm ki, burada işləməyə rahat şərait yoxdur, çıxıb Türkiyəyə getdim. İki il İstanbul Opera və Balet Teatrında işlədim, bir neçə tamaşada solist olaraq çıxış etdim, amma sonra ailə vəziyyətimlə əlaqədar geri qayıtdım. Bununla da balet fəaliyyətimi dayandırdım. Amma iki beynəlxalq müsabiqəyə qatıldım. 2003-cü ildə Qırğızıstanda keçirilən Beynəlxalq İssık-Kul estrada müsabiqəsində 1-ci yerə layiq görüldüm. 2009-cu ildə Antalyada Beynəlxalq Rəqs Müsabiqəsində də birincilik qazandım. Sağ olsunlar, yerli telekanallar mənim fəaliyyətimə həmişə yer ayırıblar. Müsabiqələrdə qazandığım uğurlarla bağlı verilişlər və süjetlərlə təqdim olunub. Amma rahat işləməyə imkan yoxdur.

   - Olmaz ki, heç kəsi tənqid etməyəsən, hər bir şəraitin olsun və rahat pul qazanıb sənətin inkişafına xərcləyəsən?

   - Axı elə şeylər baş verir ki, adam sakit dura bilmir. Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə 30 noyabr 2012-ci ildə əmr imzalayıb ki, bütün rəqqaslar işdən sonra filarmoniyadan kənar hər hansı yerdə çıxışları ilə bağlı rəhbərliyi məlumatlandırmalı və bununla yanaşı hər hansı bir çıxışlarından əldə etdikləri gəlirin 20 faizini filarmoniyanın hesabına keçirməlidirlər. Niyə? Bu barədə Əmək Məcəlləsində bir göstəriş varmı? Rəqqas işdən sonra azaddır. Məgər filarmoniya Vergilər Nazirliyidir ki, insanlardan vergi tutur? Mən gecə çörək pulu qazanıramsa, siz buna şərik çıxmalısınız? Guya dövlət filormaniyanı təmin etmir. Rəqqas Filarmoniyanın verdiyi cüzi maaşla necə dolansın? Bunlar rəqqaslara öz qulları kimi baxırlar. Əlbəttə, Murad Adıgözəlzadə rəqqaslara yüksək maaş versə, onlar küçələrə düşməzlər. Murad Adıgözəlzadə bir çox yerdə çıxış edib pul qazananda, gətirib filarmoniyaya 20 faizini verirmi?

   - Bu gün Opera və Balet Teatrının səhnəsində yalnız köhnə baletlərdir. Azərbaycan 22 ildir ki, müstəqildir, amma bizim tarixlə bağlı heç bir balet yoxdur. Bunun səbəbi nədir?

   - Bunun səbəbi milli məfkurəyə malik baletmeystrin olmamasıdır. Hər il dövlətin büdcəsindən külli miqdarda pul xərcləyib xaricdən baha qiymətə baletmeystr, balet ustaları gətirirlər. O pulu özümüzünkülərə versinlər, görün ortalığa hansı tamaşalar çıxa bilər. Opera və Balet Teatrının rəhbəri Akif Məlikov teatrda yaradıcı siyasətini düzgün qurmayıb. Nəyə görə 22 ildə cəmiyyətimizə lazım olan balet tamaşaları qurulmur? "20 Yanvar", "Xocalı", "Qarabağ" mövzuları balet tamaşalarında öz əksini tapmır? Bu mövzulara ilk dəfə müraciət edən baletmeystr mənəm. Amma lazımsız mövzulara baletlər qurulur. Opera və Balet Teatrının bugünkü repertuarının bir qəpiklik dəyəri yoxdur...

 

  

AYXAN

 

Ekspress.-2013.-31 avqust-2 sentyabr.-S.21.