Mir Cəfər
Bağırov və Teymur Quliyev
Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır?
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb...
Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub
müəllimin Mir Cəfər
Bağırovla bağlı arxivlərdən gün
işığına çıxardığı
materialları, müxtəlif sənədləri qəzetimizin
hər şənbə sayında "Mir
Cəfərin məhkəməsi necə
hazırlanmışdır" başlığı
altında təqdim edirik. Əslində,
bu layihəni Mir Cəfərin
məhkəməsi ilə, məhkəmənin ətrafında
cərəyan edən hadisələrlə və ictimaiyyətə
məlum olmayan maraqlı faktlarla
yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki,
sonu-bucağı yoxdur. Teyyub
müəllim arxivdən elə faktlar, elə
sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə
alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini
təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır" başlığını
yalnız rubrika kimi
saxlayırıq.
Yeddi ildən sonra - 1960-cı il aprelin 25-də "Mikoyan
yoldaşın dediklərinin əksinə hərəkət edən"
Salam Aydınbəyov onun
özünə ərizə yazmışdı.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində
saxlanılan sənədlə tanış olun:
"Sov.İKP
MK Rəyasət Heyətinin üzvü
Anastas İvanoviç Mikoyan yoldaşa
Aydınbəyov Salam
Müxtədiroviç tərəfindən
ƏRİZƏ
1953-cü ildə hazırda partiyadan çıxarılmış Yaqubovun vaxtında mən Azərbaycan SSR ticarət
naziri vəzifəsindən sübutsuz və yalan dəlillərlə
azad edilmişəm. O gündən qara kölgə altına salınmışam,
komsomol, partiya və sovet orqanlarında zəngin təcrübəyə
malik olsam da, adi müəllim
işləmək məcburiyyətindəyəm. Deməliyəm
ki, Mustafayev də katib olarkən məsələmə laqeyd yanaşmışdır. Mənə belə
münasibətin əsil səbəbini Sizə izah edirəm. 1952-ci ildə Daniyalovun
səhvlərindən Sov.İKP MK-ya məlumat verdim. Bir il sonra
Bağırovun ifşa olunması vəziyyətindən
və Yaqubovun zəifliyindən istifadə
edən Daniyalov bütün
fəaliyyətimi Bağırovla əlaqələndirdi. Həqiqət
isə bunun əksinədir. Mənim atam Müxtədir Aydınbəyov Əlibəy
Zizikskinin bandası tərəfindən qətlə
yetirilmişdir və Bağırov da 1918-ci ildə Zizikskinin müavini kimi bandanın tərkibində
idi. Mən hədsiz etibar
qazanmış Bağırovun əslində cildə girmiş düşmən olmasını təsəvvür
edə bilməzdim, üstəlik fəaliyyətimin çox hissəsi Dağıstanda keçmişdir.
Anastas İvanoviç, bütün
həyatım boyu mən də atam kimi
xalqımızın xidmətində durmuş
və partiyamıza sadiq qalmışam. Sizdən xahiş edirəm ki, səkkiz il müddətində
çəkdiyim əzablardan və sarsıntıdan məni xilas edəsiniz. Əmin ola
bilərsiniz ki, bundan sonra da bütün
qüvvə və bacarığımı Kommunist
partiyasının işinə sərf edəcəyəm.
İmza:
S.Aydınbəyov
25.04.1960-cı il".
Müəllifin qeydi:
Salam Aydınbəyovun "1918-ci ildə
atasının Əlibəy Zizikski və onun müavini
Bağırov tərəfindən öldürülməsi"
iddiası tamamilə yanlışdır. Tarixi
həqiqəti arxiv sənədləri təsdiq
edir.
1918-ci ildə Azərbaycan və
Dağıstan xalqlarının düşmənləri
müsavatçılar deyil, bolşevik donunda daşnaklar, o cümlədən
Mikoyan olmuşdur. Həmin
vaxt Azərbaycanda Demokratik
Respublika, Dağıstanda Dağlı
Respublikası bərqərar idi.
1918-ci il il noyabrın 28-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti ilə Dağlı Respublikası
arasında müqavilə bağlanmışdı. Azərbaycan
tərəfi Dağlı hökumətinə on
milyon rubl yardım
göstərmişdi. Dağıstan
xalqlarının Rusiyanın tabeliyindən çıxaraq Azərbaycanla
birləşməsi üçün məqam
yaranmışdı. Belə bir şəraitdə
bolşevik əksiqilabçılar qanuni hökumətə qarşı gizli fəaliyyət göstərirdilər.
1918-ci ilin oktyabrında Bakı Sovetinin üzvü, əslən
Dağıstanın Axtı kəndindən olan
Qazıməmməd Ağasiyev həmkəndlisi
Müxtədir Aydınbəyovla birlikdə sovet
hakimiyyətini bərpa etmək məqsədilə Bakı Soveti tərəfindən Dağıstana
göndərilmiş və təbliğatçılar yerindəcə
qətlə yetirilmişdir. Bunun Əlibəy Zizikskiyə və Mir Cəfər Bağırova nə dəxli
vardır?
Əlibəy Harunbəy
oğlu Zizikski
qubalı idi, polkovnik
rütbəsi vardı, "İttihad"
partiyasından Azərbaycan parlamentinin üzvü idi. 1928-ci ildə
daşnak Mirzoyanın Azərbaycana rəhbərliyi
vaxtı sədaqətli dostu
M.C.Bağırov Tiflisdə işləyərkən Azərbaycan
Dövlət Siyasi İdarəsi Hərbi
Kollegiyasının qərarı ilə güllələnmişdir.
Əlli
yaşında Əlibəy Zizikskinin həyatına son qoyan
daşnak gülləsi 28 ildən sonra, 1956-cı ilin may
ayının 17-də Mir Cəfər Bağırovu nişan
almışdır...
1959-cu il iyul
ayının 8-də Azərbaycan Kommunist Partiyasının
birinci katibi seçilmiş Vəli Yusif oğlu Axundov Salam
Aydınbəyovu yaxşı tanıyırdı. "Mir Cəfər
Bağırovun adamı" 1953-cü ilin
oktyabrında nazir vəzifəsindən
uzaqlaşdırılanda Vəli Axundov Mərkəzi
Komitədə şöbə müdirinin
müavini vəzifəsində işləyirdi.
Təkcə o, Salam
Aydınbəyova yardım əlini uzatmışdı. Azərbaycan
Tibb İnstitunun rektoru Bahadur Eyvazovdan xahiş etmişdi ki, Salam Aydınbəyovu ixtisasına uyğun pedoqoji işlə
təmin etsin. Rektorun
qayğısı sayəsində keçmiş
ticarət naziri hörmətli pedaqoq kimi tələbələrin
sevimlisi olmuşdu.
Salam Aydınbəyovun
1960-cı il aprelin 25-də yazdığı məktub bir aydan
sonra, may ayının 27-də Bakıya göndərilmişdi.
Vəli Axundov
məsələni MK Bürosunun müzakirəsinə
çıxarmışdı:
"Azərbaycan
KP MK-nın MK Büro iclasının
1960-cı il 16
avqust tarixli qərarı
S.M.Aydınbəyov
yoldaşın A.İ.Mikoyan yoldaşa ünvanladığı
məktubu barədə
R.Məcidov və
M.Mehdiyev yoldaşlara tapşırılsın ki. Salam Müxtədir
oğlu Aydınbəyovun Mikoyan yoldaşa yazdığı məktubunu
araşdırıb,təkliflərini təqdim etsinlər.
Azərbaycan KP
MK katibi V.Axundov".
1960-cı il
sentyabr ayının 13-də MK-nın şöbə
müdirləri birinci katibə aşağıdakı
arayışı çatdırmışlar:
"Azərbaycan
KP MK-ya
S.Aydınbəyovun
ərizəsi barədə
S.M.Aydınbəyov
yoldaşın Sov.İKP MK Rəyasət Heyətinin
üzvü A.İ.Mikoyan yoldaşa yazdığı ərizəsi
ilə tanış olduq. Öz ərizəsində S.Aydınbəyov yoldaş Azərbaycan SSR Nazirlər Soveti tərəfinlən respublika
ticarət naziri vəzifəsindən azad edilməsinə dair qərarı
əsassız hesab edir
və xahiş edir ki, rəhbər partiya-sovet
işində təcrübəsini nəzərə alaraq, müvafiq işlə
təmin olunsun.
S.Aydınbəyov yoldaşın vəzifəsindən
kənarlaşdırılması üzrə materiallarla
tanış olduqdan və onunla
şəxsən söhbətimizdən sonra
bu qənaətə gəldik ki, 1953-cü il oktabrın
29-da Azərbaycan SSR Nazirlər Sovetinin qərarı
ilə onun respublika
ticarət naziri vəzifəsindən
çıxarılması həqiqətən əsassızdır
və tendensiyalı xarakter
daşıyır. Belə ki,
S.Aydınbəyov yoldaş ticarət nazirliyi tərəfindən mal
dövriyyəsi və kapital qoyuluşuna aid doqquz aylıq planların yerinə yetirilməməsi,
kadr axınına yol
verilməsi və nazirliyin fəaliyyətinə
qeyri-qənaətbəxş rəhbərliyinə görə
vəzifəsindən kənar edilmişdir. Buna göz yumulmuşdur ki, S.Aydınbəyov yoldaş
1953-cü il aprelin sonundan həmin il noyabr ayınadək, yəni cəmi 6 ay nazir vəzifəsində
olmuşdur. Buna
görə də S.Aydınbəyov yoldaşı aylıq
planların yerinə yetirilməməsində
günahlandırmaq düzgün deyildir. Kadr axını məsələsinə gəldikdə
deməliyik ki, S.Aydınbəyov yoldaş həqiqətən nazirliyin
ayrı-ayrı işçilərindən şübhələnərək
onları işdən azad etmiş
və ya aşağı vəzifəyə
keçirmişdir ki,
bunları özü də bizimlə
söhbətdə inkar etmədi.
Bütünlükdə S.Aydınbəyov yoldaş
işlədiyi müddətdə ticarət nazirliyi
aparatının möhkəmləndirilməsində düzgün tədbirlər həyata keçirmişdir. Onu kadr axınına görə
günahlandırmaq ədalətsizdir. Tutduğu
vəzifəsindən azad edilənlər
həqiqətən qeyri-təşəbbüskar
işçilərdir.
Bunu da göstərmək
lazımdır ki, "Trud" qəzetinin 1953-cü il 2 avqust
tarixli nömrəsində dərc olunmuş "Aydınbəyov
kadrları necə qiymətləndirir" sərlövhəli
məqaləyə Azərbaycanr SSR Nazirlər Soveti tərəfindən
heç bir münasibət göstərilməmişdir. Deyilənləri nəzərə alaraq, belə hesab edirik ki, S.Aydınbəyov
yoldaşın respublika ticarət naziri vəzifəsindən azad
edilməsi üçün yetərincə
əsas yoxdur. Partiya-sovet
işində böyük təcrübəyə
və ali iqtisad təhsilinə
malik olan Aydıbəyovun
layiq olduğu münasib işlə təmin olunmasını
təklif edirik.
R.Məcidov
M.Mehdiyev
13 sentyabr
1960-cı il".
Birinci katib Vəli
Axundov arayışı Büro iclasının müzakirəsinə
çıxarır və 1950-cı il oktyabr ayının 28-də
Azərbaycan KP MK Bürosunun iclası aşağıdakı
qərarı qəbul edir: "R.Məhidov və M.Mehdiyev
yoldaşların arayışı nəzərə
alınsın və Salam Müxtədir oğlu Aydınbəyovun
Azərbaycan SSR Ticarət naziri vəzifəsindlən azad edilməsi
üzrə qərardakı "nazirliyə rəhbərliyi təmin
etmədiyinə görə" sözləri "başqa
işə keçməsilə əlaqədar"la əvəz
olunsun".
Vəli Axundov
"başqa işə keçməsi ilə əlaqədar"ı
Salam Aydlınbəyovun özünün təklifi ilə elə
həmən gün həll etmişdir - "Bağırovun
adamı" Tibb İnstitunun müəllimliyindən kafedra
müdiri vəzifəsinə yüksəldilmişdir.
Salam Aydınbəyov
ömrünün sonunadək, yəni 1967-ci ilin oktyabrınadək
bu vəzifədə çalışmışdır. Həmin
il oktyabr ayının 19-da vəfat etmişdir.
"Kommunist" qəzetinin son səhifəsində dərc
olunmuş nekroloqda deyildiyi kimi, görkəmli alim və pedaqoq
S.Aydınbəyov tibb kadrları hazırlanmasına ciddi diqqət
yetirir, böyük elmi-tədqiqat işi aparırdı. O, siyasi iqtisada dair 40-dan çox elmi əsər və
iki monoqrafiya
yazmışdır. S.Aydınbəyov uzun illər Azərbaycan və Dağıstan partiya təşkilatlarında rəhbər
işdə çalışmışdır. 1946-cı ildə
Dağıstan Vilayət Partiya Komitəsinin
katibi seçilmiş,
1948-ci ildən 1951-ci ilədək Dağıstan MSSR Nazirlər
Sovetinin sədri vəzifəsində
işləmişdir. 1951-ci ildə Azərbaycana
qayıtmış, Azərbaycan KP MK-da
şöbə müdirinin müavini, sonra isə
respublikanın ticarət naziri vəzifələrində
çalışmışdır. Salam
Müxtədir oğlu Aydınbəyov üçüncü
çağırış SSRİ Ali Sovetinin deputatı olmuş,
Lenin, Qırmızı Əmək
Bayrağı ordenləri və medallarla təltif
edilmişdir.
Vəli Axundov
"Bağırovun adamı"nın xatirəsini əbədiləşdirməkdə
də qətiyyətli addım atmışdır. Birinci katib
1948-ci il avqustun 27-də Teymur Quliyevin imzaladığı və
Mir Cəfər Bağırovun təqdir etdiyi "Fəxri
xiiyabanın salınması haqqında" qərara
müvafiq olaraq, Salam Aydınbəyovun Fəxri Xiyabanda dəfn
olunmasına icazə vermişdir.
Yeri gəlmişkən,
Vəli Axundov vəfat edəndə Birinci Fəxri Xiyabanda
basdırılmamış, mətbuatda nekroloqu dərc
olunmamışdır.
Bəs Teymur
Quliyevin aqibəti necə olmuşdur?
əvvəli və ardı var
Teyyub Qurban
Ekspress.-2013.- 31 avqust-2 sentyabr.- S.15.