"Evimizə agent göndərirdilər..."
Tofiq
Bakıxanov: "Atamla əmimi həbsdən Mir Cəfər
Bağırov buraxdırdı"
İstedadın da
qanla, genlə nəsildən nəslə keçdiyi artıq
qəbul olunub. Bizdə isə bunu sübut etməyə
lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut
var. Hamısı da göz qabağında. Yəni indi müxtəlif
sənət sahələrində müvəffəqiyyətlə
çalışan istedadlı sənət adamlarının əksəriyyəti
bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların
övladlarıdır. Bu üzdən istedadın atadan
oğula keçdiyini söyləmək olar. Amma gəlin,
görək məşhurların övladları bununla
razılaşırlarmı? Valideynlərini necə
xatırlayırlar? Axı indi az qala sitayiş etdiyimiz
dühaları övladlarından yaxşı kim
tanıyır?
Bu rubrikada məqsədimiz
ömrünü millətinin inkişafına sərf edən
dahiləri yad etmək, onları indiki nəslə
tanıtdırmaq və sevdirmək, tanıyanlara isə yeni nə
isə deməkdir.
Rubrikamızın budəfəki qonağı görkəmli sənət dühası, mahir tarzən, ustad müəllim, xalq
artisti Əhməd Bakıxanovun yadigarı, xalq artisti, tanınmış bəstəkar Tofiq Bakıxanovdur.
- Atam 1892-ci ildə Bakıda anadan olub. Babam Məmmədrza bəy dövrünün
tanınmış ziyalılarından olub, özü də
musiqini sevən insandı. Atamgil ailədə
4 uşaq olub - Məmmədxan, Əhmədxan, Haşımxan
və bacıları Tacxanım. 19-cu əsrin
axırlarında Bakıda iki ailədə musiqi məclisləri
keçirilərmiş: biri bizim evdə, o biri də
İçərişəhərdə Mənsurovların evində.
O dövrdə nəinki Bakının, bütün Qafqazın
məşhur musiqiçiləri, xanəndələri bizim
evin qonağı olublar. Məşhur xanəndələrdən
Məşədi Məhəmməd, Keçəçi Məmməd,
Bakıdan Ağabala Ağasəidoğlu Məmmədrza bəyin
evinin əziz qonaqlarından idi. Atam
gözünü dünyaya açandan evimizdə həmişə
tar-kaman səsi eşidib.
Uşaqlıqdan atam tara həvəs göstərib. Atamgil
İranda yaşayanda dövrünün məşhur xanəndəsi
olmuş Əbülhəsən xan İqbal onların ən əziz
qonaqları olarmış. Atamla əmim bir
müddət ondan muğamları öyrənib. Əbülhəsən xan kamil muğamat bilicisi idi.
- Atanızın
İrana səfəri mərhum babanızın bir müddət
hökumətdən qaçaq düşməsi ilə
bağlı idi, yoxsa məhz Əbülhəsən xandan dərs
almaq üçün getmişdi?
- Xeyr, babam Bakıda
axtarışda olduğu üçün ailəsilə
İrana köçmüşdü. Atamın gəncliyində
Bakıda yüksək rütbəli bir çar
çinovnikini öldürürlər. Yaxın
adamlardan biri babama deyir ki, "siz Bakıxanovlardan olduğunuz
üçün sizi də şübhəli şəxs kimi həbs
eləyəcəklər". Bu hadisədən
sonra babam ailəsini də götürüb İrana
mühacirət edir. Atamgil ələ
keçməsin deyə, bir müddət Zəncanda, bir
müddət Rəştdə, bir müddət də Tehranda
yaşayırlar. İranda yaşayanda da
babamın evi Bakıdan gedən qonaqlarla dolu olurmuş. Hətta atam deyirdi ki, Stalin İrana gələndə,
bizim evdə qonaq olub. Kiçik əmim Haşımxan
da Tehranda anadan olub. Axırda elə olur ki,
rus kazakları babamı tanıyıb həbs edirlər və
Bakıya gətirirlər. Babam həbs
olunandan sonra atamgil də Bakıya köçürlər.
Babamı siyasi dustaq kimi Xarkova sürgün eləyirlər.
- Bəlkə
Məmmədrza bəyin həmin hadisədə doğrudan da
iştirakı olub?
- Xeyr, babamın
doğrudan da bu hadisədən xəbəri olmayıb. Sadəcə olaraq babam Abbasqulu ağa Bakıxanovun
qardaşı Cəfərqulu ağanın nəslindən idi.
Babam Cəfərqulu ağanın nəvəsi
idi. Bu qardaşlar çar generalları
olsalar da, o qədər də yuxarı dairələrdə
sevilən insanlar olmayıblar. Elə
Bakıxanovlar nəslindən olduğu üçün də
həmin qətl hadisəsində şübhəli bilinərək
həbs olunub, ancaq günahsız olduğunu sübut eləyə
bilməyib. Həmin qətli törədən
adamın soyadı Staroselski olub. Özü
də azərbaycanlıymış. Qardaşı
Petroqraddan nənəm Mələkxanıma məktub göndərmişdi.
Babam onun qardaşının əməlinə
görə sürgünə göndərildiyi
üçün üzrxahlıq edirdi. 1918-ci
ildə babamı həbsdən azad eləyiblər. Onun Zirədə bağı vardı. Həbsdən
qayıdandan az sonra, 1918-ci ilin yayında
Zirəyə bağa gedəndə - o vaxtlar avtomobil az-az
adamlarda olurdu, babam da qazalaqda gedirmiş - yolda onların
qarşısına avtomobil çıxıb və at
hürküb qazalağı aşırıb. Onda
babam dünyasını dəyişib.
- Eşitdiyimə
görə, Əhməd müəllim tarı sol əllə
çalırmış?
- Bəli, atam tarı
sol əllə çalırdı. Bunun da maraqlı
tarixçəsi var. Atamgilin evində gözəl bir tar
varmış. Bu tarı babam, Məmmədxan əmim
çalırmış. Sonradan əmim də
məşhur tarzən kimi filarmoniyanın solisti oldu. Ona respublikanın əməkdar artisti adını da
vermişdilər.
Atam o tardan rahat istifadə
edə bilmədiyinə görə, günlərin birində
evdə heç kim olmayanda, tarı
söküb simlərini elə düzüb-qoşur ki, sağ
əllə çalmaq mümkün olmur. Sonra da
başlayır sol əllə çalmağı öyrənməyə.
O, solaxay deyildi, yazını sağ əllə yazırdı.
Atam nəinki Azərbaycanda, bütün Şərqdə
sol əllə çalan yeganə tarzən idi.
Rəhmətlik
Üzeyir bəy bizimlə qapıbir qonşu idi. İndi
onun ev muzeyi yerləşən küçə
o vaxt Ketsxoveli adlanırdı. Sonra Zərgərpalana
köçdük. Üzeyir bəy
atamın istedadını yüksək qiymətləndirirdi.
Bir dəfə hansı kitabdasa "Əbu-əda",
"Nəva" muğamlarının olduğunu oxuyur. Kimdən soruşursa, bilən olmur. Ona deyirlər ki, bilsə, Əhməd Bakıxanov
biləcək. O da zəng eləyib atamdan xahiş edir
ki, tarını götürüb onlara getsin. Atam
tarını götürüb Üzeyir bəyin evinə
gedir. Üzeyir bəy atamdan soruşur ki,
"Əbu-əda", "Nəva" və
"Nişapur" muğamlarını bilirmi? Atam həmin muğamları Üzeyir bəy
üçün çalır. O zaman Üzeyir bəy
deyir ki, "mən axtardığımı tapdım" və
atamı konservatoriyada muğam dərsi deməyə dəvət
eləyir. Atam 1973-cü ildə dünyadan
köçənə qədər konservatoriyada
muğamatı tədris eləyib. Konservatoriyada
işə başlayandan sonra isə orda muğam məclisləri
təşkil olunur, Üzeyir bəylə birlikdə
muğamları nota köçürürlər. Elə həmin ildə də mərhum Müslüm
Maqomayev atamı radioda solistlər ansamblı yaratmağa dəvət
edir. O dövrdə Müslüm Maqomayev Azərbaycan
Radio Komitəsində musiqi redaksiyasının baş
redaktoruymuş. Ansambl 10 il fəaliyyət
göstərir. 1937-ci ildə həm atamı, həm
də əmimi həbs eləyirlər. Guya
ki, onlar İran musiqisini təbliğ edirlər. O vaxt
şayiələr yayılmışdı ki, guya Əhməd
Bakıxanov İran casusudur, onun evindən silahlar
tapılıb. Anam Məsməxanım Üzeyir
bəyə bu barədə məlumat verir. O da anama deyir
ki, "Mən Mir Cəfər Bağırovla bir vaqonda Moskvaya
gedəcəyəm. O zaman ona bu barədə xəbər verərəm".
Üzeyir bəy Moskvaya gedəndə, yolda bu barədə
Mir Cəfər Bağırova məlumat verir. Deyir ki, "Bizim konsevatoriyanın iki müəllimini
-Bakıxanov qardaşlarını həbs eləyiblər".
Bağırov soruşur ki, "hansını,
solaxay Əhmədxanı?" Üzeyir bəy
də təsdiqləyir. Bağırov
yanındakı köməkçisinə tapşırır
ki, bir yerə qeyd eləsin, Moskvadan qayıdandan sonra yadına
salsın. Bağırov özü
qubalı olduğu üçün atamın nəslini
yaxşı tanıyırdı. Doğrudan
da, Bağırov Moskvadan qayıdandan sonra atamgili həbsxanadan
buraxırlar. 1941-ci ildə həbsdən
çıxandan sonra atam yenidən Azərbaycan Radio Komitəsinin
nəzdində Xalq Çalğı Alətləri
Ansamblını yaradır. Bir dəfə
onlar radioda "Humayun" muğamını ifa eləyəndə,
yüksəkvəzifəli dövlət məmurunun qeyri-millətdən
olan arvadı komitənin sədrinə zəng vurub deyir ki,
"bu nədir, ancaq qəmli musiqi verirsiniz". O da
atamgilə deyir ki, çıxışı saxlayın. Atam da deyir ki, "Veriliş gedə-gedə
çıxışı saxlaya bilmərik". Buna görə yenidən ansamblı
dağıdırlar. Bu hadisədən bir
müddət sonra Radio Komitəsinin sədri dəyişir və
atamı yenidən ansambl yaratmaq üçün radioya dəvət
eləyirlər. Ondan sonra atam
ömrünün sonuna qədər həmin ansambla rəhbərlik
edir.
- O dövrdə Əhməd
müəllim ansambla kimləri cəlb eləmişdi?
- O ansamblın solistləri
tanınmış xanəndələr olub. Əvvəllər
solistlər Hüseynqulu Sarabski, Cabbar Qaryağdıoğlu,
Seyid Şuşinski, Zülfi Adıgözəlov idi.
Sonradan Xan Şuşinski, Əbülfət Əliyev, Həqiqət
Rzayeva, Hüseynağa Hacıbababəyov, Rübabə
Muradova, Zeynəb Xanlarova, Yaqub Məmmədov, İslam Rzayev,
Əlibaba Məmmədov və başqaları gəldi. Çalğıçıların əksəriyyəti
atamın öz tələbələri idi. Sonralar onlardan Əliağa Quliyev, Həbib Bayramov,
Əhsən Dadaşov, Baba Salahov, Sərvər İbrahimov
xalq artisti adını aldılar. Bəstəkarlardan
Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı
Xanməmmədov, Ağabacı Rzayev, Ələkbər
Tağıyev və Arif Məlikov atamın tələbələri
olub.
- Əhməd
müəllim kimlərlə dostluq eləyirdi?
- Atamın dostları əsasən
sənət yoldaşları idi. Özü də
atam dostlarını çox istəyirdi. Rəhmətlik
Seyid Qarabağdan gələndə, atam ikiotaqlı evimizin bir
otağını ona verdi. Əbülfət
Əliyev də Qarabağdan gələndə, neçə
müddət əmimgildə qaldı. Rübabə
Muradova İrandan gələndə, illərlə bizdə
qaldı. Atam gənclərə çox
köməklik göstərərdi. Bir dəfə
müharibənin qızğın çağlarında Fikrət
Əmirovu da davaya aparırlarmış, o da atamın
yanına gəlib deyir ki, "tarımı satmaq istəyirəm,
pul lazımdı". Onda atam ona pul verib
tarı özündə saxlayır, müharibədən
qayıdandan sonra özünə qaytarır.
- Bakıxanovların digər
böyük qolu İrandadır. Onlarla əlaqəniz
varmı?
- Rəhmətlik Ziya
Bünyadov bir dəfə İrandan qayıdandan sonra dedi ki,
orda Tus şəhərində Bakıxanov nəslindən 60
adama rast gəldim. Bakı xanı Hüseynqulu
xan İrana gedəndən sonra da Bakıxanovlardan İrana gedən
çox olub. Azərbaycanda Şura
Hökuməti qurulandan sonra da bizim nəslin bir çox
nümayəndəsi İrana getdi. Bakıxanovlardan
olduğuna görə atam çox əziyyətlər çəkdi.
Evimizdə babamın böyük portreti
vardı. Başında buxara papaq, belində
qızıldan kəmər və xəncər. Yəni bəy paltarında. Repressiya
illərində atam həmin şəkli cırıb
yandırdı ki, evi axtaranda şəkli görməsinlər.
Bizim qohumları da
sıxışdırırdılar. Tanınmış
kamançaçalan Tələt Bakıxanovun bacısı
orta məktəbdə əlaçı idi. Ali məktəbə qəbul imtahanı zamanı
bütün suallara cavab versə də, ona demişdilər ki,
"səni familiyana görə qəbul eləyə bilmərik".
Bir də görürdün ki, evimizə agent
göndərirdilər. Gəlirdi,
qapımızı döyürdü, atama deyirdi ki,
"Əhməd müəllim, mən İrandan gəlmişəm.
Sizin adınız İranda məşhurdur.
Bu nə güzərandır, siz
yaşayırsınız? İstəyirsiniz,
sizi İrana aparaq. Orda qohumlarınız
sizə mülk hazırlayıblar". Müharibə
dövrü idi. Atam bu xəbərlə gələnlərə
deyərdi ki, "mən uşaqlarıma gündəlik bir tikə
çörək tapıramsa, buna da şükür.
Hökuməti sağ olsun ki, mənə əməkdar müəllim
kimi əlavə çörək payı verir". Müharibə dövründə əməkdar
müəllimlərə əlavə çörək
verilirdi. Bu hadisələrdən bir neçə il sonra, NKVD-də işləyən bir
tanışımız vardı, o, atama dedi ki, "əgər
artıq bir söz desəydin, səni Sibirə göndərəcəkdilər".
Belə şeylər çox olurdu.
- Tofiq müəllim,
eşitdiyimə görə, Əhməd Bakıxanov xalq
artisti adını alandan sonra cəmi 1 gün yaşayıb...
- Atam 1973-cü ildə
81 yaşında vəfat elədi. 1943-cü ildə
əməkdar müəllim adı vermişdilər. O,
ilk azərbaycanlı əməkdar müəllim idi. Anadan olmasının 60 illiyi münasibəti ilə
ona "xalq aristi" verməliydilər, amma "əməkdar
incəsənət xadimi" verdilər. 80 yaşı
tamam olanda isə xalq artisti adına təqdimatı
getdi. Vəfatından 40 gün əvvəl Mərkəzi
Komitənin iclasında 1-ci katib, ümumilli liderimiz rəhmətlik
Heydər Əliyev atama xalq artisti adının verilməsi ilə
bağlı fərmanı imzalayır. Və
deyir ki, hamı Əhməd Bakıxanovu xalq artisti kimi
tanıyır. Ancaq ölümündən
40 gün qabaq imzalanan fərman ölümündən 1
gün əvvəl elan olundu. Qanuna görə,
imzalanan fərman 1 gün sonra rəsmən qəzetlərdə
elan olunmalı idi. Bu elanı gecikdirən
adamlar vardı. Məsələn, necə?
Fikrət Əmirovun anadan olmasının 50 illiyi
idi, fəxri fərman verilmişdi, onu saldılar əvvələ.
Tutalım ki, İslam Səfərli xəstəydi,
ona da fəxri ad vermişdilər və atamdan əvvəl elan
elədilər. Nəhayət, fərman
televiziyada elan olunandan sonra, gəlib evimizdə çəkiliş
də apardılar.
- Xəstəliyi nə
idi?
- Atam xəstəlikdən
yox, xiffətdən öldü. Belə ki,
atamdan 40 gün əvvəl anam rəhmətə getmişdi.
Anamsız 40 gün dözə
bildi. Rəhmətliklər bir-birin çox istəyirdilər.
İLTİFAT
Ekspress.-2013.-31
avqust-2 sentyabr.- S.19;30.