"İndi sevib-sevilmək asanlaşıb..."

 

Amaliya Pənahova: "Uşağın formalaşmasında həm valideynin, həm də orta məktəbin böyük rolu var"

"Bu adlara onları özləri yox, tamaşaçı layiq görməlidir"

 

Amaliya Pənahova özlərinə titul verən müğənnilərdən danışdı

 

   Xalq artisti Amaliya Pənahova özlərinə titul verən müğənnilərdən danışıb.

 

   "Lent.az"a açıqlama verən aktrisa titul və ləqəbin teatr, kino aləmində olmadığını söyləyib: "Biz bilirik ki, dünyanın əksər ölkələrində fəxri adlar yoxdur. İndi titul dediyiniz isə ləqəblərdir. Teatrkino sahəsində isə ləqəblərə rast gəlmək olmaz. Bu yalnız şou-biznesdə var. Özlərinə titul verənlərə nə deyim, vallah? Hər halda tamaşaçı yaxşı bilir, kim "Diva", kim "Tac", kim "Kraliça"dır. Özünə deməklə deyil ki... Bu adlara onları özləri yox, tamaşaçı layiq görməlidir".

 

   Sevimli aktrisamız, xalq artisti, sənətşünaslıq doktoru, keçmiş millət vəkili, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova "Aalem.az" saytının "İlk sevgi" rubrikasının qonağı olub. Aktrisa sevgi, məhəbbət, ailə ilə bağlı fikirlərini bölüşüb, öz həyatı ilə bağlı maraqlı faktlar açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

 

   - İlk sevgim 4-cü sinifdə olub. Çox gözəl xatırlayıram. Necə unuda bilərəm ki?! (gülür). İlk sevgi unudulmazdır. O vaxtın sevgisi başqa cür idi. İndi sevib-sevilmək asanlaşıb. O vaxtın şəraiti indiki kimi deyildi. Hər şey örtülü idi. Telefon, internet yoxuydu. İndi, maşallah, hər şey var. Əvvəllər birinin sinifdə parta yoldaşından xoşu gələrdisə, adını masanın üstünə yazardı, yaxşı mənada söz atardı, üstünü tabaşirə bulayardı... Mən də sinifdə bir oğlanı sevirdim. Dərsə gəldiyim zaman baxırdım ki, görüm o da dərsə gəlib, ya yox? Məktəb vaxtı uşaqların bir-biri ilə zarafatı necə olur, sizbilirsiniz. Biz də şıltaq zarafatlar edib bir-birimizdən küsərdik. Elə zarafatla da başıma o qədər kitab vurmuşdu ki... (gülür).

   Qadınlar kişilərə nisbətən hər zaman sevgilərini ürəklərində daşıyır. Yəni, sevdiyini demir. Elə mən də demədim. Yazıq oğlan heç bilmədi ki, onu sevmişəm. Çünki sevdiyimi deməkdən çəkinirdim. Amma o məndən cəsarətli idi. Sevdiyini demişdi. Həm də bu, uşaq vaxtlarında olan sevgi idi. O qədər də ciddi sayılmırdı.

   İlk sevgim puç olandan sonra 30 ildən artıq Azərbaycan radiosunun aparıcı diktoru, 3 ildir dünyasını dəyişən həyat yoldaşım, xalq artisti Yusif Muxtarovla tanış oldum. Tanışlığımız ali məktəbdən başlayıb. Eyni ildə ali məktəbə daxil olub bir fakültədə təhsil alırdıq. İlk dəfə onu gördüyüm günü belə xatırlayıram. Baxımlı, yaraşıqlı, xaraktercə ciddi bir oğlan idi. Elə gümanlarım da illər ərzində doğruldu. Aramızda olan danışıqdan, razılıqdan sonra anası və qohumları bizə elçi gəldilər. Sözün düzü, həmin gün çox həyəcanlı idim. Yaxınları gəlib "hə"mi aldılar. Ali məktəbin 3-cü kursunda oxuyanda nişanlandıq. Toyumuzu bir neçə il gözləməli olduq. Çünki qayınatam həmin ərəfələrdə dünyasını dəyişmişdi. Həm də ali məktəbi bitirməyimizi gözlədik. Nəhayət, təhsilimizi başa vurduqdan bir il sonra evləndik. Toyumuz Azərbaycanın bütün adət-ənənələrinə uyğun oldu. Unudulmayan ziyafət idi.

   Evliliyimizdən 2 övladımız - Aynur və İlqar dünyaya gəldi. Hazırda ikisi də ailə həyatı qurub. Uşaqlarım ailə quranda, yoldaşımla mən müdaxilə etmədik. Özləri sevib-seçdilər. Biz də razılıq verdik. Düşünürəm ki, bir uşağın böyüyüb başa çatmasında, formalaşmasında həm valideynin, həm də orta məktəbin böyük rolu var. Valideynorta məktəb uşağa nə qədər güclü baxsa, ortaya yaxşı bir övlad çıxacaq. Mən övladlarımdan çox razıyam.

   Bəzən görürük ki, bir ailədən iki övlad eyni cür təhsil, tərbiyə alır, amma fərqli xüsusiyyətlərə malikdir. Yaxşını, pisi ayırd edə bilən övlad özünə yaxşı həyatı seçir. Bu baxımdan, övlada qadağa yox, sadəcə, pislə yaxşını anlatmaq gərəkdir. Amma nəzarət də yaxşıdır. Uşağı başsız da buraxmaq olmaz, çox qadağa da qoymaq olmaz. Çünki insan elədir ki, "yox" deyilən hər hansı bir şeyə maraq göstərir. Biz övladlarımıza nəyisə qadağan etmədik. Sadəcə, onlar ailədə bizim nəyi qəbul edib-etmədiyimizi görüb, ona görə də davranıblar.

 

Ekspress. - 2013.- 30 noyabr - 2 dekabr.- S.20.