İKT sahəsində beynəlxalq əməkdaşlıq genişlənir

 

İnformasiyakommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Bakı Biznes Mərkəzində 19-cu "Bakutel" beynəlxalq sərgi və konfransının silsilə tədbirləri çərçivəsində "Azərbaycan - ABŞ İKT Forumu" keçirilib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə keçirilən forumun ilk plenar iclası Azərbaycanın ilk telekommunikasiya peykikosmos sahəsi üzrə Azərbaycan-ABŞ tərəfdaşlığında gələcək imkanlar" mövzusuna həsr edilib. Forumda iki ölkənin nazirləri, yüksək səviyyəli dövlət nümayəndələri, İKT və iqtisadiyyat sahəsində tanınmış şirkət və təşkilatların nümayəndələri Azərbaycan-ABŞ tərəfdaşlığının gələcək planlarını, telekommunikasiya sahəsi üzrə iki ölkə arasında ticarət və investisiya imkanlarını müzakirə ediblər.

 

   Tədbirdə qeyd olunub ki, qeyri-neft və xüsusən də informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişaf planının bir hissəsi olaraq, 2013-cü ilin əvvəlində ilk telekommunikasiya peykini orbitə buraxan Azərbaycan 2015 və 2016-cı illərdə daha iki peykin buraxılmasını planlaşdırır.

 

   Forumun "Azərbaycanın İKT sahəsi: ticarət və investisiya imkanları" mövzusunda keçirilən plenar iclasına qoşulan ABŞ - Azərbaycan Ticarət Palatasının həmsədri Reza Vaziri ölkəmizdə son 5 ildə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf etdiyini bildirərək, belə forumların İKT sahəsinin gələcək inkişafı məqsədilə qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli olduğunu vurğulayıb.

 

   Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə iqtisadiyyatın neft gəlirləri, enerji asılılığının azaldılması, eyni zamanda qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək məqsədilə iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə yönələn "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlandığını, elmtexnologiya potensialının gücləndirilməsi hesabına sənayenin innovasiyalar əsasında inkişafının nəzərdə tutulduğunu bildirib. Nazir qeyd edib ki, bu gün məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri sırasında ilk növbədə qeyri-neft sektorunun inkişafına xidmət edən əsas istiqamətlərdən biri kimi İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsinə diqqət edilir. Bu baxımdan, dünyanın İKT sahəsində aparıcı dövləti kimi, ABŞ təcrübəsinə və bu sahədə əməkdaşlığa xüsusi önəm verildiyini deyən Ə.Abbasov enerji potensialına malik bir ölkə kimi ölkəmizə bir sıra dövlətlərin, o cümlədən ABŞ-ın da maraq göstərdiyini, enerji siyasətində hər iki ölkənin maraqlarının üst-üstə düşdüyünü vurğulayıb.

 

   Azərbaycanın təşəbbüslərini dəstəklədiklərini söyləyən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan iqtisadiyyatı üçün diversifikasiyanın böyük əhəmiyyət kəsb etdiyini, bu addımın digər iqtisadi sahələrə, o cümlədən İKT sahəsinin inkişafına töhfə verəcəyini, bu töhfədən bütün ölkə vətəndaşlarının faydalanacağını bildirib. Azərbaycanın kiçik olmasına baxmayaraq, güclü inkişafa malik dövlət olduğunu qeyd edən diplomatın sözlərinə görə, ölkəmizin regionda qazandığı iqtisadi üstünlüyü, tutduğu mövqe ABŞ - Azərbaycan şirkətlərinə əməkdaşlıq üçün yeni imkanlar aca bilər. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsinə də toxunan səfir xüsusən ÜTT-ün İnformasiya Texnologiyaları (İT) Sazişinə qoşulan ölkələrin sayının artaraq 78-ə çatması və sazişin əhəmiyyətinə aydınlıq gətirib: "ÜTT-yə, həmçinin bu sazişə qoşulmaqla Azərbaycan sənayesi qazanacaq. Eyni zamanda əqli mülkiyyət hüquqlarının qorunması Azərbaycanda texnoloji "start-up"-ların çiçəklənməsinə rəvac verə bilər".

 

   Daha sonra tədbir çərçivəsində "Azərbaycanda son 10 ildə inkişaf dinamikası"na dair mini-sərgi turu təşkil edilib. Forum iştirakçıları arasında olan "Sazz 4G" İnternet provayderi "AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə forumun "Azərbaycan-ABŞ İKT əməkdaşlığında yeni üfüqlər: çağırışlar və imkanlar" mövzusuna həsr edilmiş müzakirələrində çıxış edib. C.Mollazadə Azərbaycanla ABŞ arasında münasibətlərin ölkəmizin müstəqilliyinin ilk illərindən başladığını və bugünədək iki ölkənin çoxtərəfli əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsinə qədər necə uğurla inkişaf etməsindən danışıb. Onun sözlərinə görə, Azərbaycan-Amerika əməkdaşlığının əsas istiqamətlərinə ölkəmizdə neftqaz sektorunun inkişafından əlavə müxtəlif infrastruktur layihələrinin reallaşması, qeyri-neft sektorunda qarşılıqlı ticarətin genişlənməsi, həmçinin də telekommunikasiya sahəsindəki əməkdaşlığın dərinləşməsi də daxildir (anspress). C.Mollazadə bildirib ki, bütün bu nailiyyətlər isə ölkəmizin Birləşmiş Ştatların regionda vacib tərəfdaşı olduğunu bir daha təsdiqləyir.

 

   Mollazadə eyni zamanda simsiz İnternet sahəsində Azərbaycanda 4G texnologiyası əsasında fəaliyyət göstərən Sazz 4G İnternet provayderionun yeni xidmətləri haqqında da məlumat verib. Dediyinə görə, sonuncu Bakutel sərgisindən ötən bir il ərzində Sazz 4G İnternet provayderi öz əhatə dairəsini əhəmiyyətli dərəcəcə genişləndirib. "Artıq Sazz şəbəkəsi ölkənin qərb və şimal rayonlarını da əhatə edir. Yaxın vaxtlarda isə Sazz 4G İnternetin əhatə dairəsinə cənub regionunun dörd şəhəri də daxil ediləcək".

 

   Qeyd edək ki, ilk "Azərbaycan - ABŞ İKT forumu" "AmCam Azərbaycan", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ABŞ səfirliyinin təşkilatçılığı ilə İnternet İdarəçiliyi Forumu və "Bakutel" İKT həftəsi çərçivəsində 2012-ci il noyabrın 7-də Bakıda keçirilib.

 

   Forumda Azərbaycan və ABŞ arasında İKT sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ hökuməti tərəfindən Beynəlxalq Rabitə və İnformasiya Siyasəti üzrə ABŞ koordinatoru Filip Vervyer imzalayıb.

 

   Yeri gəlmişkən, 19-cu "Bakutel" beynəlxalq sərgi və konfransının silsilə tədbirləri çərçivəsində Azərbaycan-İsrail İKT Forumu da keçirilib. Forumda Rabitə və İnformasiya Nazirliyinin rəsmiləri, İsrailin Azərbaycandakı səfiri, hər iki ölkəni təmsil edən şirkətlər, adamları, Azərbaycan-İsrail ticarət və sənaye palatasının prezidenti iştirak edib.

 

   Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə tədbir iştirakçılarına əvvəlcə nazir Əli Abbasovun salamlarını çatdırıb. Sonra qeyd edib ki, bu il keçirilən "Bakutel-2013" sərgi-konfransında İsrailin 13 şirkəti iştirak edir.

 

   Azərbaycan-İsrail İKT Forumunun əhəmiyyətindən danışan E.Vəlizadə burada hər iki tərəfi təmsil edən şirkətlərin bir-birini yaxından tanımasında və müzakirələr aparmasında böyük şəraitin yaradıldığını önə çəkib. Nazir müavini bildirib ki, Azərbaycanda İKT-nin inkişaf etdirilməsi dövlətin inkişaf strategiyasının tərkib hissəsidir.

 

   Daha sonra E.Vəlizadə Azərbaycanda kosmik sənayenin inkişafı üçün həyata keçirilən işlərdən, "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinin region üçün əhəmiyyətindən, genişzolaqlı internet xidmətlərinin genişləndirilməsindən danışıb.

 

   "Elektron hökumət" quruculuğunun Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını söyləyən E.Vəlizadə bu istiqamətdə İsraillə təcrübə mübadiləsinin aparılmasının vacibliyini ifadə edib. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi istiqamətində də əməkdaşlıq vacib məqamlardan biridir. Çünki ölkələr informasiya təhlükəsizliyinə qarşı təkbaşına mübarizə apara bilməzlər.

 

   İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz bildirib ki, hər iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var. "Bakutel-2013" sərgi-konfransında İsrailin milli pavilyonunun olmasından məmnunluq hissi keçirdiyini vurğulayan səfir burada məhsullarını böyük fəxrlə nümayiş etdirdiklərini diqqətə çatdırıb: "Azərbaycan Respublikası prezidentinin bizim stendə yaxınlaşması və tanış olması bizim üçün böyük şərəf idi".

 

   İsrail hökumətinin Azərbaycanla hər bir sahədə, o cümlədən İKT sektoru üzrə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayan R.Harpaz bu forumun bir başlanğıc olduğunu söyləyib: "Hökumət olaraq bizim əsas işimiz şərtləri və mühiti formalaşdırmaqdır. Artıq bu şərait var. Dünyada tanınmış şirkətlərimiz Azərbaycan bazarına daxil olur. Bu konfranslar həmin şirkətlərin fəaliyyəti üçün stimul verəcək".

 

   Azərbaycan-İsrail ticarət və sənaye palatasının prezidenti Aleks Kaplun da Azərbaycanda yaradılan şəraitdən məmnun qaldıqlarını söyləyərək bildirib ki, "Yüksək Texnologiyalar Parkı"nın yaradılması, xarici adamlarına kreditlərin təklif olunması olduqca təqdirəlayiqdir. Onun sözlərinə görə, İKT sahəsində vergilərlə bağlı güzəştlər xüsusi əhəmiyyət kəsb edir: "Bu gün İsraili Avropanın Silikon vadisi adlandırırlar. Çünki bizim ölkədə ən çox startaplar fəaliyyət göstərir. Bu sahədə Amerikadan sonra məhz İsrail liderdir. Çünki bunu bizdə məktəbdən öyrədirlər. Hazırda müxtəlif texnologiyalarımız var. Azərbaycanda bizim şirkətlərə verilən dəstəyə görə minnətdarıq. Azərbaycan mənim üçün doğmadır. Burada uzun müddət yaşamışam, burada mənim birinci övladım dünyaya gəlib. İsraildə olanda Azərbaycanı yuxuda görürəm. Ümid edirəm ki, bizim şirkətlər hər iki ölkə arasında olan yüksək münasibətlərdən yararlanaraq birgə fəaliyyət göstərəcəklər".

 

   Daha sonra forum panel bölmələrlə işini davam etdirib.

 

   Qeyd edək ki, 19-cu "Bakutel" beynəlxalq sərgi konfransı öz işini bu gün yekunlaşdıracaq.

 

Səhifəni hazırladı Qənirə MƏMMƏDLİ

Ekspress. - 2013.- 5 dekabr- S.9.