Ən yaxın tarix
İlk və
yeganə qadın spiker
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.
İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.
(əvvəli ötən şənbə sayımızda)
Elmira Qafarovanın ömrünün 4 ili - 1983-cü il dekabrın 1-dən 1987-ci il dekabrın 22-dək Azərbaycan SSR-in xarici işlər naziri kimi keçdi. Ancaq o, qaynar fəaliyyətindən geri çəkilmədi.
Bəzi dövlət məmurları iş otaqlarının qapısını arxadan bağlayıb, xidməti telefonunu katibəyə həvalə edib... vəzifə masası arxasında dissertasiyalar yazırdılar və belələri ində də var. Elmira xanım kabinet elmlər doktoru olmağa çalışmadı.
Zəngin dünyagörüşü və mütaliə sahibi olan filologiya elmləri namizədinin yanına akademiklər, professorlar məsləhətə gəlirdilər. Namizədlik dissertasiyasını aspirant ikən müdafiə etmişdi. Elmira xanım fransız dili ilə yanaşı, ingilis dilini də mükəmməl öyrənmişdi və xarici diplomatlarla ingiliscə danışardı.
HAŞİYƏ. "Günay" qəzetinin 2002-ci il 23 mart sayında peşəkar jurnalist Aqşin Kazımzadə Elmira Qafarova haqqındakı məqaləsində belə yazırdı: "Buxarestdə, Macarıstan Xarici İşlər Nazirliyində olarkən bu nazirliyin ən iri və nüfuzlu departamentlərindən birinin rəhbəri Dyerd Nanovski mənə demişdi:
- Azərbaycanda xarici işlər naziri çox gözəl bir xanım idi. Mən Bakıya gələndə o, artıq parlamentdə spiker idi. Çox təəssüflənirəm ki, onunla görüşmək mənə qismət olmadı... Mən məmnuniyyətlə onun əlini öpər və Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının tribunasından söylədiyi ağıllı və parlaq nitqinə ürəkdən valeh olduğumu bildirərdim! BMT aparatında uzun illər boyu işləmiş bir adam kimi mənə inanın: bu cür sanballı, məzmunlu, proqram xarakterli nitqlər söyləmək hər diplomatın, hətta professional və ya bizim təbirincə desək, karyeralı diplomatın da hünəri deyil!"
Macarıstan diplomatı
1984-cü ilin oktyabr günlərini xatırlayır. BMT-nin
34-cü sessiyasında Azərbaycanın xarici işlər
naziri Elmira Qafarova çıxış edir. Dünyanın bütün ölkələrinin
nümayəndələri Azərbaycan xalqının
elçisinə heyran kəsilirlər. BMT
kürsüsündən iyirmi doqquz il
bundan əvvəl səslənmiş bu sözlər bu gün
də müsəlmanlara ikili münasibət göstərənləri
rüsvay edir: "Bütün sahələrdə irqi
ayrı-seçkiliyi şirnikləndirənlər hansı
demokratiyadan, hansı vətəndaşlıq
hüquqlarından, siyasi və ya sosial-iqtisadi hüquqlardan
danışa bilərlər".
Doğma Bakıya qayıdıb qəzetlərə
Amerika səfəri barədə müsahibələr verən
nazirdən yaxın rəfiqələri və iş
yoldaşları ərkyana xahiş etdilər:
- Elmira xanım, ürəyimizdən
bir arzu keçir. Nə olar, Nyu-York
görüşlərindən bir kitabça hazırla,
hamı oxusun.
Elmira xanım
onların istəyinə əməl etdi, növbəti məzuniyyətini
sanatoriya və ya istirahət evində keçirmədi.
Bakı şəhərinin indiki Rəşid Behbudov
küçəsindəki 8 nömrəli evin 130-cu mənzilində
ömür-gün yoldaşı Fuadı Dövlət Tikinti
Komitəsinə, qızı Gülnarəni konservatoriyaya,
oğlu Oqtayı Xalq Təsərrüfatı İnstitutuna
yola saldıqdan sonra atasından yadigar qalmış yazı
masasının arxasına keçir, Amerika xatirələrini
qələmə alırdı. Əsərin əlyazmasını
əllinci illərdə Azərbaycan Dövlət Universitetində
komsomol təşkilatının katibi işləmiş tarix
elmləri doktoru, professor Seyfəddin Qəndilov oxudu, xoşuna
gəldi, ürək sözlərini müəllifə
bildirdi:
- Elmira xanım, yaxşı olar
ki, əlyazmanı mənim rəyimlə birlikdə "Azərnəşr"ə
təqdim edəsiniz.
Belə də oldu.
1987-ci ildə Elmira Qafarovanın "Amerika
görüşləri" kitabı Azərbaycan
oxucularına çatdırıldı. Kitabın cild səhifəsində
deyilir: "Elmira Qafarovanın "Amerika görüşləri"
kitabı xatirələr tərzində yazılmış
maraqlı əsərdir.
Kitabda müharibə
və sülh problemləri əsas yer tutur. Kitab geniş oxucu kütləsi üçün zəngin
publisistik dildə yazılmış gözəl vəsaitdir".
İyirmi altı il
əvvəl Azərbaycanın Xarici İşlər naziri, ədəbiyyatçı
və publisist, milli dəyərlərimizin canlı
daşıyıcısı, son dərəcə sadə və
mədəni bir qadının kitabının ilk
oxucularından biri olduğum üçün fəxr edirəm.
Gəlin, əsərin bəzi
parçalarını birlikdə nəzərdən keçirək.
Kitab belə başlayır:
"İnsanın məskun olduğu planet birdir və bizim
dünyamızın da bir Ana yolu var. İnsan əzəldən
bu yolu - əmin-amanlıqla həyat sürmək yolunu
seçib. Çox nəsillər dəyişib.
İlin fəsilləri kimi zaman da gah
qarlı-boranlı, gah aydın-günəşli olub. Lakin bu yol ibtidai insan üçün də, yüksək
inkişaf mərhələsinə qalxmış xalqlar
üçün də həmişə karvan yolu olub. Harada isə dünyanın bir bucağında, lap elə
mərkəzində də bu yoldan sapmalar, xəbis niyyətlə
bu yoldan çıxanlar meydana gəlib.
Bu yol enişdən-yoxuşdan,
uçurumdan-düzəndən keçib. Ancaq bəşər karvanını bu Ana yoldan
döndərən olmayıb. İnsanlar əzəldən
dərk ediblər ki, yaşamağın yeganə yolu budur -
sülh yolu. Hərb cəhdləri -
ölüm yoludur".
Müəllif söhbətini davam
etdirir:
"Təyyarədə oturub, səfər
adamlarına məxsus gah qüssə, gah sevinc hissləri
keçirərkən də, bugünki siyasi həyatın ən
uca zirvələrindən - Birləşmiş Millətlər
Təşkilatının mötəbər
kürsüsündən dünya xalqlarının nümayəndələri
ilə dialoq apararkən də, ən uzaq qitənin doğma və
yad adamları ilə səmimi qəlbdən söhbət edərkən
də, doğma torpaqda uşaqlara, dostlara, həmkarlarıma
öz təəssüratlarımı danışarkən də
fikrimi çulğalayan bu olub - dünyanın Ana yolu var...
Bu gün hər bir dərrakəli
adama bəllidir ki, hamı Ana yolun məcrasına toplaşmalıdır.
İnsanları və partiyaları, dövlətləri
və sistemləri bir-birindən ayıran, bir-birinə
qarşı qoyan nə varsa, onlar da bax, bu məcra mühitindən
həll olunmalıdır. Bütün
mübahisələrə, inadkar "mənəm, mənəm"
öyünmələrinə son qoymağa da, insafsız həll
olunmuş hər məsələnin ədalətli həllinə
də, toxla acın tarixi mübarizəsinə də... ancaq və
ancaq burada, bu həyat yolundan kənara çıxmadan cavab
tapmaq lazım gələcəkdir".
Elmira Qafarova o vaxt
Sovet rejimi çərçivəsini milli dəyanəti ilə
qıraraq, BMT-nin o zamankı Baş katibi Peres de Kuelyarla
görüşüb söhbət etmişdi. Elmir
xanım bununla bağlı yazırdı:
"Yeri gəlmişkən,
bir görüş haqqında. BMT-nin Baş katibi Peres de
Kuelyarla söhbət mənim xatirimdə əbədi
yaşayacaqdır... Biz BMT-dəki işlərimizdən,
onun nəcib və xeyirxah fəaliyyətindən,
hamımızı maraqlandıran məsələlərdən
söhbət açdıq, səmimi fikir mübadiləsi
apardıq. Axırda mən onu Bakıya dəvət
etdim. Baş katib dedi ki, SSRİ-də səfir işlədiyi
zaman Bakıda olmuşdur. Respublikamız,
xalqımız haqqında xoş xatirələr onun qəlbində
silinməz izlər buraxmışdır. Ertəsi
gün mən Peres de Kuelyara Nizaminin nəfis şəkildə
buraxılmış kitabını və əllə
toxunmuş suvenir xalça hədiyyə göndərdim".
Elmira xanım kitabında qeyd etdiyi
kimi, BMT-nin iclaslarından başqa, bu beynəlxalq təşkilatın
kitabxanasında da Azərbaycan həqiqətlərindən
danışmış, oxucu suallarına sərrast cavab
vermişdir: "BMT kitabxanası 400 yerlikdir. Həmin
gün auditoriyada bütün yerlər tutulmuşdu. Adamların bura gəlməkdə məqsədlərini
bilmək çətin deyildi. Görüşlər
zamanı nəinki öz inamını möhkəmlətmək
naminə, bəzən daha çox başqalarının
inamını qırmaqdan ötrü böhtan səciyyəli
suallar ortaya atılır və çıxışlar olur.
Mən belə hallarla az
qarşılaşmamışam. Ümumdünya
gənclər festivallarında və beynəlxalq gənclər
məclislərində, xarici nümayəndələrlə
ölkəmizdə olan görüşlərdə, xüsusən
də xaricə səfərlər zamanı. İstər
dostlar üçün, istərsə də bədxahlar
üçün eyni bir məqbul danışıq tərzi
var: düzünü danışmaq. Xalq yaxşı deyir:
düz əyrini kəsər. Əvvəllər təcrübəsiz
mühazirəçilər, müsahibələr, lap elə
adi vətəndaşlar xarici ölkə nümayəndələrilə
danışmaqdan bəzən ehtiyat edirdilər. Buna görə
də, mənim iştirak etdiyim məclislərdə həmin
natiqlərin necə çıxılmaz vəziyyətlərə
düşdüklərinin, pərt olduqlarının, yersiz inad
göstərdiklərinin az şahidi
olmamışam: "Sizin ölkənizin nə kimi çətin
problemləri var?", "Siz
dolanışığınızdan tam
razısınızmı?", "Ölkənizdə
uşaqlar üçün abad sinif otaqları
çatışırmı?", "Xidmət işlərindən
razısınızmı?"... Bunlara, hətta bunlardan da
açıq-saçığına, böhtan xarakteri
daşıyan suallara cavabın üç yolu var. Birincisi,
cavab verməmək, ikincisi, ancaq nailiyyətləri göstərmək...
Ən düzgünü isə həqiqəti
deməkdir, necə varsa, onu söyləmək".
Elmira Qafarova Nyu-Yorkda
heç nədən və heç kimdən qorxmadan-çəkinmədən
hamı ilə görüşüb söhbət etmişdi.
"Amerika görüşləri" kitabında oxuyuruq:
"Mühazirə qurtarandan sonra dəhlizdə və yolda mənə
qəribə suallar verilirdi. Bu suallar arasında
xoş niyyətlə verilənlər əksəriyyət təşkil
edirdi. Belə adamlarla danışmaq
xoş idi.
Mühazirədən sonra "Azərbaycan...
Azərbaycan..." sənədli filmi göstərilirdi.
Film maraqla
qarşılandı, alqışladılar. Orta
yaşlı bir qadın mənə yaxınlaşdı və
soruşdu: "Film xoşuma gəldi. Gözəl ölkəniz
var. Hər yerdə coşğunluq hiss olunur. Mən
belə həyatı xoşlayıram. İnsan daim hərəkətdə
olmalıdır... Bilirsiniz, bir şeyi başa
düşmədim. Siz uzaq keçmişdə
qazanılmış, məsələn, ədəbi bir
uğuru da Sizin inqilab
yaşadığınız əsrdə olub?"
Elmira xanım bu
sualın cavabında həmsöhbətini başa salır ki,
Azərbaycan xalqı ta qədim dövrlərdən mədəni
inqilabın beşiyi olmuşdur. Müəllif yazır:
"Bir misal söyləməyə imkan tapdım. Dedim ki,
dünyanın böyük əbədi siması Nizami fars dilində yazdığına görə,
doğulduğu, ömründə bir dəfə də
doğma yurdunun sərhədlərindən kənara
çıxmadığı halda, onu Azərbaycan şairi
hesab etmirdilər. Bu həqiqət inqilabdan sonra ədəbiyyatşünaslıq
elminin, ölkəmizdə həyata keçirilən ədalətli
mədəni siyasətin sayəsində öz yerini tutdu.
İndi bütün dünya Azərbaycan
klassikinin zəngin irsini və bu gün də müasir səslənən
çox qiymətli yaradıcılığını öyrənir,
sevir. Təkcə bunun üçün - əhalisinin
sayına və ərazisinin kiçikliyinə görə o qədər
də fərqlənməyən bir ölkə və xalq
böyük xalq adlandırıla bilərsə, biz bundan necə
danışmaya bilərik, bununla, necə fəxr etməyə
bilərik. Belə misallar
saysız-hesabsızdır. Həmsöhbətimin ikinci
sözü mənə xüsusilə xoş gəldi: "Mən
onda Nizaminin əsərlərini tapıb oxuyaram..."
(ardı var)
Teyyub QURBAN
Ekspress. - 2013.- 7-9 dekabr.- S.15.