"İstedadsızın içində alov olmur"

 

Cənnət Səlimova: Ən böyük titulumu hələ qazanmamışam...

 

Milli teatr yarandığı gündən bu sənətin fədailərinin, böyük sənətkarların çiynində durub. Heç şübhəsiz ki, zəmanəmizdə belə fədailərdən birixalq artisti Cənnət Səlimovadır.

 

   Cənnət xanım bir çox teatrlarda çalışıb. Hazırda Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissordur. Tale onu övlad payından məhrum etsə də, Cənnət xanım hazırladığı bütün tamaşaları öz övladı kimi sevir...

 

   - Cənnət xanım, bildiyimə görə, BDU-nun filologiya fakültəsini bitirmisiniz. Sizi filologiyadan teatra nə apardı?

 

   - Uşaqlıqdan teatra həvəs göstərmişəm. Orta məktəbi bitirəndən sonra da bu sənətə gəlmək istəyirdim. Ancaq atam razı olmadı. Qabağıma şərt qoydu ki, "əvvəlcə ali təhsil al, sonra nə istəyirsən elə". Ona görə də, teatra yaxın olan sahəni - filologiyanı seçdim. Ancaq universitetdə oxuduğum illərdə də teatrdan uzaq qalmadım, tez-tez tamaşalara baxmağa gedirdim. ADU-nu (indiki BDU-red.) bitirəndən sonra Leninqrad Teatr, MusiqiKinematoqrafiya İnstitutuna daxil oldum. 1967-ci ildə Leninqraddan qayıdandan sonra bir müddət rəhmətlik Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən aktyorluq kurslarında dərs dedim. Sonra Rus Dram Teatrında rejissor kimi fəaliyyətə başladım. 25 il bu teatrda tamaşalar hazırlamışam, eyni zamanda respublikamızın bir çox teatrlarında tamaşalara quruluş vermişəm. Nəhayət, 1991-ci ildə Bakı Kamera Teatrını yaratdım. Daha sonra bu teatr Gənc Tamaşaçılar teatrı ilə birləşdirildi...

 

   - Bu, hansı ehtiyacdan doğdu?

 

   - Mənim üçün gənclərlə işləmək çox maraqlıdır. Çünki bu, sırf mənim məktəbimdir. SSRİ dövründə teatr sənətində bir sıra nəhəng sənətkarların məşhur məktəbləri var idi və onların sinfinə hər adam düşə bilmirdi. SSRİ dağılandan sonra teatr sənəti üçünyeni dövr başlandı. Mən də yeni teatr yaratmaq fikrinə düşdüm.

 

   - Uzun illər teatrlarda tamaşalar hazırlamısınız və gənclərlə işləmisiniz. Yeni nəsillə o dövrün gənc aktyorları arasında hansı fərqlər var?

 

   - Heç bir fərq yoxdur. Sadəcə olaraq o dövrdə bizim sənət daha çox prestijli idi. Digər tərəfdən, o dövrdə maddiyyat çox önəm kəsb etmirdi. Hamı təxminən eyni miqdarda və vaxtlı-vaxtında maaş alırdı. Səhnəyə çıxan gənc aktyor az bir zaman ərzində məşhurlaşa bilirdi. Amma indi aktyor sənətinə gələn gəncləri mən qəhrəman adlandırardım. Əsasən gənclərlə işlədiyimə görə bu qənaətə gəlmişəm. Bu gənclər həqiqətən sənəti çox sevirlər. Teatrı hamımız sevirik. Ancaq teatr yalnız alqış və təzimlərdən ibarət deyil. Teatr gündəlik ağır zəhmət deməkdir. Bunlar gündəlik ağır zəhmətdən sonra ayın axırında cüzi miqdarda maaş alırlar. Gənc aktyorlarda sənətə olan vurğunluq məni sevindirir. Onlar hətta bilə-bilə ki, kənarda da pul qazana bilərlər, teatrı atmırlar. Bax, onların bu keyfiyyəti mənim üçün böyük önəm kəsb edir. Çünki teatr üçün ancaq sədaqət lazımdır.

 

   - Bəzən bu sədaqət bir çoxları üçün ailədə problem yaradır. Xüsusən də qadın sənətçilər arasında. Və bu insanlar ailələrinin dağılmasını sırf sənətlə əlaqələndirirlər. Necə bilirsiniz, sənət doğrudanmı xoşbəxt ailə qurmağa mane olur, və yaxud əksinə...

 

   - Mən belə şeyləri başa düşə bilmirəm. Hamının ailəsi var. Aktyorluq, ümumiyyətlə, incəsənət də digər peşələr kimi adi peşədir. Ədil İsgəndərovun gözəl ailəsi olub, bizim digər böyük sənətkarların gül kimi ailələri olub. Başqa sənətlərdə də belə şeylər olur. Mənim üçün aktyorluq, rejissorluq həkim peşəsi kimi bir şeydir. Hər şey adamın özündən asılıdır. Ailədə problem yaratmadan hər bir peşə ilə məşğul olmaq olar. Nigar Rəfibəyli gözəl ana idi. Bununla yanaşı Azərbaycanın görkəmli şairlərindən biriydi. Şer yazmaq üçün o ailəsini atmalıydı?

 

   - Teatr sənətində irəli getmək problemi var. Bəziləri istedadı olmaya-olmaya, belə deyək, müxtəlif yollarla tamaşalarda baş rolları oynayırlar, şan-şöhrət yiyəsi olurlar...

 

   - Mən inanmıram ki, kimsə istedadı olmaya-olmaya irəli gedə bilsin. Siz məni bağışlayın, hoppanıb-düşməklə, təlxəklik etməklə, obraz yaratmaq başqa-başqa şeylərdir. Teatrda işləmək üçün istedad, qabiliyyət əziyyət çəkmək lazımdır. Əgər səndə istedad, bacarıq yoxdursa, deməli sənin istəyin yoxdur. İstedad insanın içərisindəki alovdur, onu üzə çıxarmaq üçün işləmək, zəhmət çəkmək lazımdır. Ancaq istedadsızın içində həmin alov olmur, buna görə bir-iki ay işləyəndən sonra istedadsızlığını başa düşür irəli getmək üçün başqa vasitələrdən istifadə edir. Həmin başqa vasitə isə təmamilə başqa peşədir. Onlar səhnənin imkanından başqa yolla getmək üçün istifadə edirlər. Belələri haqda ümumiyyətlə, danışmaq istəmirəm. Çünki mən sırf aktyorlarla işləyirəm.

 

   - Siz sənətkara lazım olan şan-şöhrətə, bütün titullara sahibsiniz. Daha nələr qalıb?

 

   - Mən ən böyük titulu qazanmamışam. Bu da mənim özümün fikirləşdiyim əsl rejissorluq səviyyəsidir. Yəni mən hələ öz aləmimdəki yüksəkliyə qalxa bilməmişəm hər gün zəhmət çəkib çalışıram ki, o zirvəyə qalxım.

 

   - Elə bir əsər varmı ki, çox istəsəniz , səhnəyə qoya bilməmisiniz?

 

   - Belə tamaşalar çox olub. Mən Hüseyn Cavidin "İblis" əsərini səhnəyə qoymağı çox istəmişəm. Ancaq qoya bilməmişəm. Rus Dram Teatrında işləyəndə "Şeyx Sənan"a quruluş verdim bu tamaşa mənim üçün ən dəyərli tamaşalardandır.

 

İltifat HACIXANOĞLU

Ekspress. - 2013.- 7-9 dekabr.- S. 19.