Dədə Şəmşir yad edildi
Aşığın
120 illiyinə həsr olunmuş beynəlxalq
elmi konfrans keçirildi
Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu və
"Aşıq Şəmşir Mədəniyyət
Ocağı" İctimai Birliyinin birgə təşkilatçılığı
ilə Aşıq Şəmşirin anadan
olmasının 120 illiyinə həsr olunmuş
"Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir
mərhələsi" mövzusunda beynəlxalq
elmi konfrans keçirilib.
İnstitutun mətbuat xidmətindən
APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan,
Türkiyə, İran, Rusiya (Dağıstan) və
Qırğızıstandan qabaqcıl elm və tədris
müəssisələrini təmsil edən nümayəndələr
iştirak edib.
AMEA Folklor İnstitutunun direktoru
Muxtar Kazımoğlu (İmanov) bildirib ki, tədbirin
keçirilməsində əsas məqsəd 120 illik yubileyi
münasibətilə böyük sənətkarı bir daha
yad etmək, aşıq sənətinin dünəninə, bu
gününə, müəyyən mənada problemlərinə
baxmaqdır: "Aşıq Şəmşir dərin köklərlə,
qırılmaz tellərlə özündən əvvəlki
klassik aşıq sənətinə bağlıdır və
özündən sonrakı nəslə bir mənəvi
körpüdür. O, 70-dən çox
saz havasını məharətlə ifa edib, lentə
yazdırıb. Aşıq Şəmşir 500-dən çox şeir yazıb,
20-yə yaxın dastanı məclislərdə canlı şəkildə
söyləyib, xalq arasında dastan ifaçılığının böyük zirvəsini fəth edib. Nəhayət, aşıq sənətinin
vacib tələblərindən biri olaraq 30-dan çox şagird yetişdirib. Aşıq Şəmşirin
şeirləri də, ifa etdiyi
saz havaları da, şagird yetişdirməsi də bir məcrada -dastan ətrafında
birləşib".
AMEA-nın vitse-prezidenti, akademik
İsa Həbibbəyli Azərbaycanın ən zəngin
folklor sərvətlərinə malik ölkələrdən
biri olduğunu bildirib.
Qeyd edib ki, Aşıq Şəmşirin
irsi yalnız Azərbaycanın deyil, türk xalqlarının
və onlarla eyni mədəni məkanda yaşayan qonşu
xalqların da filoloq və musiqişünas alimləri
üçün maraqlı və dəyərli tədqiqat
obyektidir.
Konfrans öz işini
"Qurbani", "Dadaloğlu", "Manas",
"Aşıq Ələsgər" adlı bölmələrdə
davam etdirib, həmin toplantı-yığıncaqlarda 30-dan
artıq elmi məruzə dinlənilib, məruzələr ətrafında
müzakirələr aparılıb.
Ekspress. - 2013.- 7-9 dekabr.- S. 31.