Elza İbrahimovanın 75 illiyi
Dövlət
Filarmoniyasında qeyd olundu
Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar, xalq artisti Elza İbrahimovanın 75 illik yubileyi qeyd olunub.
Bəstəkarlar
İttifaqının katibi Lalə Hüseynova sənətkarın
həyat və yaradıcılığından, Azərbaycan
musiqi sənətinin inkişafına verdiyi töhfələrdən
söz açıb: "Bəstəkarın əlli ildən
artıq bir dövrü əhatə edən
yaradıcılığı mahnıdan tutmuş operayadək
musiqinin müxtəlif janrlarını əhatə edib".
Yubiley gecəsində
çıxış edən Dağıstanın Axtın
Rayon İcra Hakimiyyəti başçısının
müavini Almaz Şuayev qeyd edib ki, Elza İbrahimovanın
mahnılarını təkcə Azərbaycan müğənniləri
yox, Dağıstan sənətçiləri də oxuyurlar:
"Bəstəkarın xatirəsi hər iki xalqın qəlbində
əbədi yaşayacaq".
Şair Vahid Əziz Elza
İbrahimova ilə bağlı xatirələrini
danışıb, Azərbaycan musiqisindəki xidmətlərindən
söz açıb.
Gecədə Gülarə
Əliyeva adına "Dan ulduzu" Fnsamblının, Səid
Rüstəmov adına Xalq Çalğı Alətləri
Orkestrinin müşayiəti ilə Elza İbrahimovanın
mahnıları ifa olunub.
Yubiley tədbirində
filarmoniyanın foyesində Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin hazırladığı, sənətkarın
həyat və yaradıcılığına həsr olunan sərgi
nümayiş etdirilib.
Elza İbrahimova 1938-ci ildə
Hacıqabulda anadan olub. Bakıda 8 saylı
Musiqi Məktəbini,
1957-ci ildə A.Zeynallı
adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini,
1964-cü ildə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının
bəstəkarlıq şöbəsini
bitirib. "Afət",
"Şeyx Şamil"
və "Yanan laylalar" operalarının,
romansların, sonataların,
kvartetlərin və onlarla sevilən mahnının müəllifidir.
Elza İbrahimova 2012-ci il fevralın 11-də
74 yaşında vəfat
edib.
Ekspress. - 2013.- 7-9 dekabr.- S. 31.