Ulu, nadir və unudulmaz...
Bu gün
Heydər Əliyevin vəfatının 10-cu ildönümüdür
Bu gün zəmanəmizin
görkəmli siyasətçisi,
dövlət xadimi və öndəri, çağdaş Azərbaycanın
memarı Heydər Əliyevin anım günüdür.
Heydər Əliyev o nəhəng və nadir tarixi şəxsiyyətlərdəndir ki, Vətəni üçün doğulmuş, missiyası doğma milləti və Azərbaycan naminə idi: o, bütün həyatını xalqının tərəqqisinə, müstəqil Azərbaycanın güclənməsinə, dünyada tanınmasına həsr etmişdi. Həm də sadəcə həsr etmədi, misilsiz missiyası ilə tariximizə əbədi həkk olunmuş nailiyyətlərə, Azərbaycanımızın müstəqilliyini əbədi edən, buna zəmin hazırlayan müqəddəs bir işin memarı oldu.
Artıq bütün ölkəboyu ulu öndərin vəfatının onuncu ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir, Fəxri Xiyabanda mərhum prezidentin qəbiri ziyarət edilir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvan şəhərində doğulub. 1940-1969-cu illərdə Azərbaycan dövlət təhlükəsizlik orqanlarında işləyib. 1967-69-cu illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədri olub. 1945-ci ildə Sov.İKP üzvlüyünə qəbul olunub. 1969-cu ildə Azərbaycan KP MK-nin birinci katibi olub. 1982-87-ci illərdə Sov.İKP MK Siyasi bürosunun üzvü olub, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini işləyib. 1987-ci ilin noyabrında Qorbaçovla fikir ayrılığına görə vəzifəsindən istefa verib.
1990-cı ilin 20 Yanvar faciəsi, xalqının üzləşdiyi müsibətlər Heydər Əliyevi yenidən siyasətə qayıtmağa məcbur etdi. 1991-93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Milli Məclisinin sədri, oktyabrın 3-də isə ölkə prezidenti seçilib. 1998-ci ilin oktyabrında ikinci dəfə Azərbaycan prezidenti seçilib. 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Azərbaycan tarixinin çağdaş mərhələsi, 1969-cu ildən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövrdə müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub.
Bir vaxtlar Heydər Əliyevin məsləhətçisi olmuş Camal Camalov bu günlərdə Moskvada "Cihan" agentliyinə maraqlı açıqlamalar verib. O, mərhum prezidentin sayəsində Azərbaycanın çox inkişaf etdiyini və Azərbaycan xalqının dincliyə qovuşduğunu söyləyib: "Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov 1987-ci ildə Heydər Əliyevi istefaya məcbur etdi. Bunun ardından da Dağlıq Qarabağda müharibə başladı" ("ANS-Press").
Heydər Əliyevlə xatirələrini bölüşən Camalov onunla ilk dəfə 1982-ci ildə - keçmiş SSRİ-nin lideri Leonid Brejnevin dəfn mərasimində qarşılaşdıqlarını bildirib. Hakimiyyətə gələn Yuri Andropov onu noyabr ayının sonlarında Moskvada yeni vəzifəyə təyin etdi. Dekabrın 7-də Heydər Əliyev Kremlin Sarayında SSRİ baş nazirin birinci müavini kimi vəzifəsinin icrasına başladı. "Dekabrın 22-də məni Əliyevlə görüşməyə çağırdılar. Dekabrın 23-də onun Kremldəki qəbul otağında məsləhətçi kimi işə başladım. Hər gün işə səhər saat 08:00-də gəlir, gecə saat 01:00 - 02:00 radələrinə qədər işləyirdi. Hətta bəzən şənbə və bazar günləri də işləyirdi. 63 nazirlik və təşkilatların rəhbərliyi ona tapşırılmışdı və onlara görə məsuliyyət daşıyırdı. Bunlara baxmayaraq, hər gün ürəyi Azərbaycanda idi. Moskvaya gələn Azərbaycanlı məmur, şair, yazar və məşhur şəxslər mütləq Əliyevin Kremldəki kabinetinə gələr onunla görüşərdilər. Bu görüş və danışıqlar gecə saatlarına qədər davam edərdi", - deyə Camalov xatırlayıb.
SSRİ liderlərindən yalnız Andropovun Əliyevə çox dəyər verdiyini söyləyən Camalov deyir: "Andropov da bilirdi ki, SSRİ-nin ayaqda qalması üçün güclü və nüfuzlu bir şəxs lazımdır. O dövr də Əliyev Kommunist Partiyasının Siyasi Bürosunda ən güclü adlardan biri idi. Əliyevin dövründə SSRİ-nin baş naziri Nikolay Tixonov 80 yaşında idi. Tixonov H.Əliyevi gördüyü işlərə görə qısqanırdı. Siyasi Büro üzvlərinin çoxu yaşlı idi. Əliyev isə ən gənc, çalışqan, təsirli məmurdu. Andropovun məqsədi o idi ki, Tixonovdan sonra Əliyevi baş nazir vəzifəsinə təyin etsin. Amma onun ölümü hər şeyi alt-üst etdi".
Hakimiyyətə gələn Mixail Qorbaçovun təcrübə və dünyagörüşü baxımından Heydər Əliyevdən çox fərqləndiyinə diqqət çəkən Camalovun dediyinə görə, Qorbaçov özündən ağıllı və təcrübəli olan Əliyevlə əsla işləmək istəmirdi: "Buna görə də Nikolay Rıjkovu baş nazir təyin etdilər. O da siyasi baxımdan Əliyevdən zəif siyasətçi idi. Əgər Əliyev baş nazir təyin olunsaydı, hadisələr fərqli məcrada inkişaf edərdi. Hətta onun Dövlət başçısı kimi təyin olunması ehtimalı vardı. Əgər Əliyev Qorbaçovun yerinə prezident seçilsəydi, SSRİ də dağılmayacaqdı. Amma Politbüronun sədri Andrey Qrominkonun sayəsində Qorbaçov prezident seçildi və bu da çox çəkmədən ən böyük siyasi səhv elan edildi. Çünki SSRİ dağıınca, hamı Qorbaçovun necə bir lider olduğunu gördü".
Heydər Əliyevin istefaya göndərilməsin sonra Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ müharibəsinin baş verdiyini deyən keçmiş məsləhəçi, xüsusi olaraq vurğulayır ki, əgər Əliyev Politbüroda və baş nazirin birinci müavini vəzifəsində qalsaydı, Dağlıq Qarabağ müharibəsi baş verməyəcəkdi. Bundan qəti əminəm və ilk dəfə "Cihan" Xəbər Agentliyinə açıqlayıram - 11 May 1987-ci ildə Əliyev kabinetinə gəlir. O dövrdə belə bir qayda vardı: Politbüro üzvlərinə gündə 3 dəfə yemək gətilirdi. Yeməkləri də xüsusi kəşfiyyat orqanının işçiləri xüsusi qutuda gətirirdilər. Əliyev nahar etdikdən 10 dəqiqə sonra birdən pisləşdi. Dərhal həkim çağırdıq. Hər zaman gülərüzlü olan Əliyevin vəziyyətinin birdən pisləşməsi bizdə şübhə oyandırdı. Nə oldusa, o nahardan sonra oldu. Mayın 11-dən sentyabrın 2-nə qədər xəstəxanada yatdı. Hər zaman ürəyi yaxşı çalışan bir insana nə oldu ki, birdən ürəyi xəstələndi? Sentyabr ayında işə gəldikdən sonra Qorbaçov, Əliyevi səhhətində yaranan problemini bəhanə edərək istefaya məcbur etdi. Oktyabr ayının sonlarında Qorbaçovla ikitərəfli görüş keçirildi və istefa ərizəsi yazmağa məcbur edildi. Kremldəki kabinetini sonuncu dəfə noyabrın 23-də, günorta saatlarında tərk etdi. Çıxarkən mənə Azərbaycan dilində, "Mən bu qədər xidmət etdim, amma indi də bunların nə etmək istədiyini anlaya bilmirəm. Mən bunlara nə etdim? Mənlə niyə belə davranırlar?" - deyə suallar verdi".
***
1993-cü ilin yayında ikinci dəfə ölkə rəhbərliyinə gələn Heydər Əliyev başqa bir kimsənin öhdəsindən gələ bilməyəcəyi mühüm tarixi missiyanın icrasına başlayaraq müstəqil dövlətçiliyimizin memarı kimi suveren Azərbaycanın möhkəm özüllər üzərində ucalmasının təməlini atıb - məhz onun müdrik siyasəti nəticəsində yenicə müstəqillik qazanmış Azərbaycan hərc-mərclik bataqlığından çıxarılaraq sosial-iqtisadi problemlərini həll etmək, bazar iqtisadiyyatı münasibətlərini və demokratik prosesləri inkişaf etdirmək üçün, müstəqil neft siyasəti yürütmək üçün möhkəm zəmin qazanmış oldu.
Bu nəhəng və nadir tarixi şəxsiyyət milli özünüdərkdə misilsiz rol oynadı, qəti, aydın və yüksək prinsipləri, amalları, mənəvi dəyərləri rəhbər tutmaqla Azərbaycanın rəhbəri kimi Vətəni və milləti qarşısında yeni üfüqlər açdı.
2003-cü ildən ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir, əvvəllər inanılmaz görünən misilsiz uğurlara imza atır.
Ulu öndər hələ 2003-cü ildə - prezident seçkisi ərəfəsində xalqa müraciətində bəyan etmişdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Prezident İlham Əliyev son on ildə bu etimadı yüksək səviyyədə doğrultdu. "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm", - Azərbaycan lideri bəyan etmişdi.
Məhz bu dönməz siyasət nəticəsində son 10 ildə Azərbaycan regionun qüdrətli dövlətinə çevrilib, beynəlxalq arenada söz sahibi olub.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Müasir tariximizin ən mürəkkəb, taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən, yalnız Azərbaycanın deyil, eləcə də zəmanənin görkəmli şəxsiyyətlərindən biri kimi tarixə silinməz möhrünü vuran Heydər Əliyevin xatirəsi heç şübhəsiz ki, əbədi əziz tutulacaq. Onu kimsə unutmaz!
Zeynal Ziya
Ekspress.-2013.- 12 dekabr.- S.6.