İKT-nin üçüncü
proqramının hədəfləri
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf
etdirilməsi
Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması üçün əsas əlamətlərdən biri də "elektron hökumət"in qurulmasıdır. Son 10 illikdə Azərbaycan dövləti "elektron hökumət"in qurulması məqsədilə müxtəlif tədbirlər görüb, o cümlədən indiyədək iki dövlət proqramı qəbul edilib. Birinci proqram 2005-2008-ci illəri, ikinci proqram 2010-2012-ci illəri əhatə edib.
Hökumət görülən tədbirlərin davam etdirilməsi üçün daha bir proqramın qəbulunu vacib bilib. Bu proqram "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" adlanır. Təəssüflər olsun ki, proqramın layihəsinin hazırlanması və ictimai müzakirəsinin keçirilməsinin üzərindən bir neçə ayın ötməsinə baxmayaraq hələ də proqramdam bir xəbər yoxdur. Düzdür, yeni proqramın qəbul edilməsi ləngisə də proqramda nəzərdə tutulan tədbirlər davam etdirilir. Əslində, proqram görüləcək işlərin ümumi planını özündə əks etdirir və proqramın qəbulu formal əhəmiyyət daşıyır. Biz bu təcrübəni əvvəlki proqramların qəbulu zamanı da gördük. Birinci (2005-2008-ci illər) proqramın müddətinin başa çatmasından sonra ikinci proqramın (2010-2012-ci illər) qəbulu arasında iki illik fasilənin olmasına baxmayaraq Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı məqsədilə zəruri tədbirlər görüldü.
Lakin bununla belə qeyd edilməlidir ki, belə proqramın hazırlanması və bu istiqamətdə görüləcək işlərə dair aparılan müzakirələrin açıqlığı önəmlidir.
Üçüncü proqramının məqsədi "elektron hökumət"in formalaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində ölkədə indiyədək aparılmış işlərin davam etdirilməsi, bu sahədə ardıcıl və məqsədyönlü addımların atılması ilə müasir informasiya cəmiyyətinin tələblərinin təmin edilməsidir. Proqramın layihəsində göstərilir ki, dövlət proqraminda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bəzi məsələlərin həlli nəzərdə tutulur.
İlk növbədə "elektron hökumət"in formalaşdırılması işini sürətləndirmək üçün sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi planlaşdırılır.
Bundan başqa, dövlət orqanlarının zəruri informasiya sistemləri və ehtiyatlarının müəyyənləşdirilmiş tələb və standartlara uyğun qaydada yaradılmalı, inteqrasiyası, təhlükəsizliyi təmin edilməli və mövcud informasiya sistemləri və ehtiyatları təkmilləşdirilməlidir. Dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi prosesi təkmilləşdirilməli, vahid informasiya fəzası yaradılmalıdır.
Modern və çevik idarəetmə təmin edilməli, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi artırılmalı, şəffaflıq təmin edilməli və bürokratiya aradan qaldırılmalıdır. Bununla "hökumət-vətəndaş" münasibətlərində yeni müstəviyə keçid təmin edilməlidir.
Proqramda nəzərdə tutulur ki, əhaliyə elektron xidmətlərin göstərilməsinin keyfiyyəti və əlçatanlığı artırılmalı, əhatə dairəsi genişləndirilməlidir.
Həmçinin yerli özünüidarəetmə orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi təmin edilməlidir. Yeni proqramla "elektron hökumət" inkişaf etdirilən zaman bir neçə istiqamət əsas götürüləcək. Bunlar "elektron hökumət" infrastrukturunun inkişaf etdirilməsi, dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi, "elektron hökumət" portalının təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi, İKT sahəsində kadr potensialının gücləndirilməsi istiqamətləridir. Sadalanan istiqamətlərlə yanaşı proqram vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, dövlət qulluqçularının İKT biliklərinin artırılması üzrə təlimlərin keçirilməsi, müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi iqtiqamətlərində də inkişaf nəzərdə tutulub.
Öncə də vurğuladıq ki, proqram icra edilən zaman informasiya sistemləri və ehtiyatları yaradılacaq və təkmilləşdiriləcək. Bu məqsədlə informasiya sistemlərinin monitorinqi həyata keçiriləcək, sahələr üzrə dövlət orqanlarının zəruri informasiya sistemləri və ehtiyatları yaradılacaq və mövcud informasiya ehtiyatları təkmilləşdiriləcək, fərd haqqında olan məlumatlar Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə əlaqələndiriləcək, yerli özünüidarəetmə orqanlarının zəruri informasiya sistemləri və ehtiyatları yaradılacaq və mövcud informasiya ehtiyatları təkmilləşdiriləcək.
Dövlət proqramı elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirləri də nəzərdə tutur. O cümlədən dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr davam etdiriləcək və elektron xidmətlərin təşkili və göstərilməsi təkmilləşdiriləcək.
Elektron xidmətlərin portativ (mobil) qurğular üzərindən həyata keçirilməsi (mobil xidmətlər) sistemi inkişaf etdiriləcək və elektron ödənişlər genişləndiriləcək.
Yerli özünüidarəetmə orqanlarında elektron xidmətlərin tətbiqi və inkişafı həyata keçiriləcək.
Elektron imzadan istifadə genişləndiriləcək və mobil imza tətbiq ediləcək.
Qeyd edilənlərə nəzər yetirdikdə aydın olur ki, proqramda nəzərdə tutulan tədbirlərin bəziləri artıq həyata keçirilir. Baxmayaraq ki, proqram hələ qəbul edilməyib.
Proqramın icrası başa çatdırılandan sonra müəyyən müsbət nəticələrin əldə edilməsi gözlənilir.
Gözlənilir ki, proqramın tam icrasından sonra "elektron hökumət"in inkişafına və dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə şərait yaradan normativ hüquqi baza formalaşdırılacaq. Elektron xidmətlərin göstərilməsi zamanı istifadə olunan informasiya ehtiyatlarının və onlardan əldə edilməsi zəruri olan məlumatların tərkibinin müəyyən olunması və bu məlumatların "elektron hökumət" portalı vasitəsilə istifadəsi mümkün olacaq. Dövlət orqanlarının informasiya ehtiyatlarının elektron formaya keçirilməsinin sürətləndirilməsi, həmçinin dövlət informasiya ehtiyatlarının və sistemlərinin vahid tələblər əsasında yaradılması, inteqrasiyası və təhlükəsizliyi təmin ediləcək.
Bunlarla yanaşı proqram çərçivəsində həyata keçirilən işlər vahid informasiya fəzası formalaşdırılmasına imkan verəcək, "elektron hökumət" portalının işi təkmilləşdiriləcək, elektron xidmətlərdən istifadə sadələşdiriləcək və dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Proqram vasitəsilə dövlət orqanları arasında elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatan olmasının artırılması, əhatə dairəsinin genişləndirilməsi, yerli özünüidarəetmə orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi təmin ediləcək.
İnzibati hesabatlılıq gücləndiriləcəck və bu yolla vətəndaş məmnunluğu artırılacaq, "hökumət-vətəndaş" münasibətlərində yeni müstəviyə keçid təmin olunacaq.
Nəhayət, dövlət orqanları tərəfindən xidmətlərin İKT-nin nailiyyətlərindən istifadə edilməklə, həyata keçirilməsi nəticəsində izafi xərclər ixtisar ediləcək.
Xatırladaq ki, Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsi istiqamətində ilk real addım 2003-cü il fevralın 17-də atılıb. Prezident tərəfindən həmin tarixdə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" təsdiq edilib. Bu strategiya Azərbaycanda informasiya cəmiyyətinə keçid üçün sahələr üzrə qarşıda duran hədəfləri müəyyənləşdirdi.
Milli strategiya İKT-dən istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən edir.
Milli strategiyanın əsas məqsədi İKT-nin imkanlarından istifadə etməklə ölkənin inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Milli strategiya İKT-dən istifadə etməklə sosial yönümlü sahələrin inkişaf etdirilməsi, telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, elektron hökumət, İKT ilə əlaqədar hüquqi-normativ bazanın yaradılması, elektron iqtisadiyyatın formalaşdırılması, elmi-texniki və istehsal potensialının yüksəldilməsi, informasiya təhlükəsizliyinin təmin olunması kimi məsələlərin həllini vacib hesab edib.
Milli strategiyanın həyata keçirilməsi üçün Azərbaycanda 2 proqram və bir sıra qanun və tədbirlər sənədi qəbul olunub. Qeyd etdiyimiz kimi birinci proqram 2005-2008-ci illəri, ikinci proqram 2010-2012-ci illəri əhatə edib.
Birinci proqram 2005-2007-ci illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində, gənclərin inkişafında və ümumiyyətlə, Azərbaycanın tərəqqisində müasir texnologiyalardan istifadəyə şərait yaratdı.
İlk proqramın məqsədi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək və bu yolla ölkənin hərtərəfli tərəqqisi üçün xidmət göstərmək, eyni zamanda İKT-nin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsini təmin etmək, müəyyən edilən məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələri planlaşdırmaq və icra etməkdən ibarət oldu.
Dövlət proqramında üç istiqamətdə fəaliyyət təşkil edildi. Birincisi rabitə və informasiya texnologiyaları sahəsində iqtisadi-struktur islahatlarının aparıldı, ikincisi rabitə və informasiya texnologiyaları sahəsində modernləşmə və yeni texnologiyaların tətbiqinin həyata keçirildi, üçüncü informasiya cəmiyyətinə keçid üzrə layihələrin hazırlanması və həyata keçirilməsi təmin olundu.
Birinci proqramda görülmüş işlər sayəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atıldı.
Dövlət Proqramının yerinə yetirilməsi üzrə nəticələr və sahə üzrə baş verən dəyişikliklər nəzərə alınmaqla növbəti mərhələnin tədbirləri müəyyənləşdirildi. Bu tədbirlər "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutuldu.
İkinci Dövlət Proqramı 4 əsas istiqamət - milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırıldı. Proqramın müddəti 2012-ci ildə başa çatsa da müəyyənləşdirilən istiqamətlər üzrə tədbirlər hələ də davam etdirilir.
Vasif CƏFƏROV
Ekspress.-2013.- 14-16 dekabr.- S.10.