"Mənə Şərqin Kafkası deyirlər"

                      

                 Natiq Rəsulzadə: "Mənə dissident adı qoymuşdular ki, bu, Sovet yazıçısı deyil, bizdən deyil"

 

"Məni Kafkaya da, Soljenitsına da, lap Lev Tolstoya da bənzədə bilərlər. Amma mən çox istərdim ki, ədəbiyyat tarixində heç kimin davamçısı kimi yox, Natiq Rəsulzadə kimi qalım".

   Bu sözləri yazıçı Natiq Rəsulzadə Kulis.Az-a müsahibəmində deyib. Müsahibəni təqdim edirik.

       - Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin sizi Azərbaycanın Frans Kafkası adlandırmışdı, Sabir Rüstəmxanlı isə sizi Aleksandr Soljenitsinə bənzətmişdi. Bu iki fərqli şəxsin Sizi iki fərqli yazıçıya bənzətməsi nə ilə bağlıdır?

   - Vladimir Doroxin seçilmiş əsərlərimin təqdimetmə mərasimindəki çıxışında bir az böyük səslənsə də, dedi ki, Natiq Rəsulzadəni nəinki Azərbaycanın, Şərqin Kafkası kimi tanıyıram. Vladimir Doroxin həqiqətən sürrealist, absurd səpkidə yazılmış hekayələrimi, povestlərimi oxuyub və mənimlə görüşəndə həmişə deyir ki, filan-filan əsərinizi oxudum. Böyük çıxmasın, məni Kafkaya da, Soljenitsına da, lap Lev Tolstoya da bənzədə bilərlər. Amma mənim əqidəm, mənim mövqeyim lap cavanlıqdan belədir ki, əgər sən yazıçısansa, sənətçisənsə sənin öz yolun olmalıdır.

   Əlbəttə, Kafka da, Soljenitsın da böyük yazıçıdırlar. Amma mən çox istərdim ki, ədəbiyyat tarixində Natiq Rəsulzadə kimi qalım. Heç kimin davamçısı kimi yox. Kafkaya çox böyük hörmətim var. Onu oxuyanda dəhşətə gəlirsən ki, 27 yaşında gənc belə bir əsər yazıb. Onun şah əsəri "Qəsr" yarımçıqdır, amma əsəri oxuyanda adam bilmir ki, əsər necə bitəcək. Çünki nə detektiv, nə kriminaldı... Həyatın, insan psixologiyasının elə dərinliklərinə toxunur ki, adam məəttəl qalır. O ki qaldı Soljenitsına, mən Moskvada, Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyanda Soljenitsın artıq qadağan olunmuşdu. O zaman onu Sovet yazıçısı kimi qəbul etmirdilər, tənqid edirdilər, söyürdülər. Lakin ədəbiyyat institutunda elə əsərlər əldən-ələ gəzirdi. Yadımdadır, onun böyük həcmli "İvan Denisoviçin bir günü" hekayəsini, hətta ona povest də demək olardı, oxudum. Sovet senzurasına olan nifrətim daha da artdı ki, oxuculara lazım olan maraqlı, dərin bir əsəri niyə qadağan edirsiniz?! Və sonra Soljenitsının başına gələnlər mənim başıma gəldi, ancaq kiçik miqyasda. Yetmişinci illərin sonlarında, "Litinstitut"u bitirəndən sonra "Gecə süvarisi" adlı əsərim çap olundu. İndiki zaman üçün orda qorxulu, qadağan olunmalı bir şey yox idi. Ancaq o vaxt Sovet dövrünün qızğın vaxtı idi. Senzuranın qızğın çağı idi. Necə deyərlər, senzuranın xəncəri soldan da, sağdan da kəsirdi. Və o əsərə görə məni çox incitdilər. Hətta o zaman çox dəbdə olan bir söz var idi, dissident, hətta mənə dissident adı qoymuşdular ki, bu, Sovet yazıçısı deyil, bizdən deyil.

   O vaxt Yazıçılar Birliyinin sədri rəhmətlik İmran Qasımov idi. Onun mənə qarşı münasibəti çox yaxşı idi. Amma kitab çıxandan sonra o da bir az nəsə... (gülür) Hər halda vəzifə adamı idi, gərək özünü elə göstərəydi. İmran Qasımov məni çağırdı ki, tez gəl yanıma. Mən də qaçaqaç getdim. Onu deyim ki, kitab çıxandan sonra yaxşı bir şey gözləmirdim. Mənə elə bilirdim ki, artıq İmran Qasımov deyəcək yığ şələ-şüləvi get respublikadan. Belə ola bilərdi, bir addım qalmışdı. Çünki mənim yeni əsərlərim süni surətdə nəşriyyatların tematik planlarından çıxardılırdı. Adlarını çəkmək istəmirəm, bu gün özlərinə demokrat deyən insanlar, o zaman o nəşriyyatların baş redaktorları, direktorları idi. Onlar mənə deyirdi, sən nə danışırsan, çap edə bilmərik. Mən də cavab verirdim ki, bu kitaba görə məni incidirlər də, sən nə bilirsən ondan sonra yazdığım kitabda nə yazmışam? Bəlkə Sovet xalqını, Sovet rejimini tərifləyirəm. Əlbəttə ki, tərifləmirdim (gülür). Mən də çətin vəziyyətdə qalmışdım. Cavan adam, özü də yazıçı. Yazıçı kitab yazırsa, gərək həmişə öz zəhmətinin bəhrəsini görsün də. Siyirməyə qoymaq üçün yazmır ki... Qısası, getdim İmran Qasımovun yanına. Dedi ki, artıq sərbəst nəfəs ala bilərsən. İndiyəcən onun sözü yadımdadır. Dedim, nə olub? Dedi, Heydər Əliyeviç oxuyub kitabı, deyib ki, burda kriminal yoxdur, niyə onu sıxma-boğmaya salıblar? Bu hadisədən sonra məni tənqid atəşinə tutan vəzifə sahibləri mənə zəng edirdilər ki, Natiq, sürücü göndərirəm o kitabdan bir dənə yaz göndər. Mən də etiraz etmirdim, imzalayıb göndərirdim.

   Mən o zaman senzuradan keçməyən şeylər yazırdım. Bax, elə "Gecə süvarisi"ndən danışdıq. Bu əsərə sosial tərəflərinə görə senzura ilişirdi. 80-ci illərin ortalarında narkomaniyadan böyük bir roman yazdım. Uşaqlığım "Təzə pir" məscidinin yanında keçib. Hadisələr gözümün qabağında baş verirdi. Küçədə açıq-aşkar oturub nəşə çəkirdilər. Romanı yazanda artıq püxtələşmiş, tanınmış bir yazıçı idim. Məsələni araşdırırdım. Sovet dövründə onlara narkoman deyirik. İndiki zamanda onlara narkoman demək olmaz, anaşa çəkirdilər. Ancaq bu yenə də böyük bir bəladır və bu bəla getdikcə dərinləşirdi. Romanın bir fəslində Qarabağdan, Stepanakertdən, o vaxt Stepanakert deyirdik, narkotiklər ordan keçərək Bakıya gəlir. Yenə senzura işə qarışdı ki, elə şey olar? Belə şey ola bilməz. Qarabağ bizim ərazidi, ordan necə keçə bilər? Uydurma şeylərdir filan. Üstündən bir neçə il keçdi, Sovet quruluşu dağıldı və həqiqətən belə bir xəttin mövcud olması faktı təsdiqləndi.

   - Əməkdar incəsənət xadimisiniz...

   - Bəli, əlli yaşımda verilib.

   - "Şöhrət" ordeni də almısınız...

   - Altmış illik yubileyimdə verilib.

   - Bircə qalır Xalq yazıçısı fəxri adı. Bu ada iddianız varmı? Ümumiyyətlə, yazıçılara fəxri adların verilməsinə münasibətiniz necədir?

   - Yenə retroya qayıdaq. Hələ 30-40 əvvəl Sovet İttifaqında elə respublikalar vardı ki, orda yazıçılara fəxri adlar verilmirdi. Məsələn, Ukrayna kimi böyük bir respublikada belə şey yox idi. Onların məşhur bir şairi vardı, adı səhv etmirəmsə Ales Qançar (Oles Qonçar - red.) idi. Sibirdə ədəbiyyat günlərinə bir yerdə getmişdik. Mən ondan soruşdum ki, sizdə fəxri ad var? O qorxa-qorxa dedi ki, bizdə yoxdu. Dedim, niyə belə qorxa-qorxa danışırsan. Cavab verdi ki, fəxri ad olsaydı bir-birimizi qırardıq. Fəxri adlara münasibətim yaxşıdır. Düşünürəm ki, hər halda olsa yaxşıdır. Fəxri ad nə deməkdir? Prezident, hökumət tərəfindən, respublika rəhbərliyi tərəfindən sənin fəaliyyətin qiymətləndirilir. Yeri gəlmişkən, bizim nazirlikdə işləyən bir-iki ağzıgöyçək şair var, harda müsahibə verirlərsə, tez mənim haqqımda Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli yazıçı deyirlər. Mən də müsahibələrimin birində dedim ki, mən o adla da, o ordenlə də fəxr edirəm. Mən fəxr edirəm ki, adı mənə böyük Heydər Əliyev, ordeni hörmətli prezidentimiz İlham Əliyev verib. Mən bunu niyə gizlətməliyəm? Bəyəm eybdi? Həmin məmurlar bu adı, bu ordeni alanda gizlədərlər. Mən bundan utanmıram, əksinə fəxr edirəm. Yenə deyirəm, bu adlar məncə lazımdı. Bilirsiniz niyə? Mənim 64 yaşım var, lap 80, 90 yaş olsun, yazıçılar, rəssamlar, bəstəkar uşaq kimidirlər. 40 il, 50 il işləyirlər. Əlbəttə, söhbət istedadlı adamlardan gedir. Hökumət tərəfindən bir qayğı, qiymətləndirmə olmayanda onlar ruhdan düşür. Amma rəhbərlik tərəfindən fəxri adlar veriləndə onlar ruhlanırlar. Mənə qalsa mən fəxri adları ləğv etməzdim. Qoy qalıb, yazıçılara, sənətçilərə hədiyyədir.

   - Qiymətləndirmədən danışdınız, bəzi yazıçılar xalqın onlara layiq olduğu qiyməti vermədiyindən şikayət edir. Siz də narazısınız, ya xalq sizə layiq olan qiyməti verir?

   - Mən siz dediyiniz kütlənin içində deyiləm. Çox yaxşı ki, deyiləm. Ana dilində yazanlar bir də görürsən, üç ildən bir, beş ildən bir oyanıb deyirlər ki, bunlar bizimki deyil. Bu nədir axı, Natiq Rəsulzadə, Çingiz Abdullayev, Maqsud İbrahimbəyov rusca yazır. Mənim heç vecimə deyil, onlarınkıyam, ya onlarınkı deyiləm (gülür). Bir şeyə təəccüb edirəm ki, 60 il bir sözü nə qədər çeynəmək olar? Çingiz Abdullayev kimi ikinci məşhur yazıçı bizim aramızda yoxdur. Əyri oturaq, düz danışaq, Çingizi Avropada da, Amerikada da tanıyırlar. Əməlli-başlı kitabları çıxır. Niyə onunla fəxr etməyək? Azərbaycan dilində yazmadığına görə? Yazıçılar Birliyinin 99 faizi Azərbaycan dilində yazır. O, kimə mane olur ki? Mənim oxucularım indiyə kimi qalıb. İnanmazsınız, internetdən elə gün olur ki, İsraildən, Avropa şəhərlərindən, Amerikadan, Moskvadan, Sankt-Peterburqdan 15, 20, 30 məktub alıram. Yazırlar ki, təzə əsərlərinizi oxuduq. Təəssüflər olsun ki, mənim oxucularım dünyaya səpələnib. Otuz il əvvəl hamı Bakıda idi. İndi müxtəlif yerlərdədir.

   - Azərbaycandan necə, məktub yazan var?

   - Bakıda da oxucularım var. Seçilmiş əsərlərim bir xeyli tirajla çıxdı. Təsəvvür edin, indiki zamanda rusca kitab Bakıda 2400 tirajla çap olundu. Yazıçıların qarşısında internet problemi də var. İllərdir danışırıq ki, insanlar elektron kitablara üstünlük verməyə başlayıb. Eyib etməz, təki oxusun. Biz hazırda "Pen-Klub"da elektron kitabların mağazasını yaradırıq. Moskvada yerləşən nəhəng "LitRes" elektron kitab mağazasıyla əməkdaşlıq etdik. Kitablarımızı göndərdik, onlardan öyrəndik. Bir ildir onlarla əməkdaşlıq edirik. Artıq bir neçə aydır Rabitə nazirliyi də bizə kömək edir, mütəxəssislər verib. Biz yavaş-yavaş öz mağazamızı yaratmağa başlayırıq. Bilirsiniz, elektron kitab 10 dəfə ucuz başa gəlir. Sizə bir maraqlı hadisə danışım. Qabaqlar "Tarqovı"da kitab satılırdı. Bir dəfə ordan keçirdim, gördüm cavan bir qız mənim kitabımı elə kitablar düzülmüş masanın yanında oxuyur. İşim var idi, keçdim, bir 40 dəqiqədən sonra qayıdanda gördüm ki, həmin qız dayanıb yenə oxuyur. Satıcıya yaxınlaşdım ki, bu niyə belə oxuyur? Kitabı alıb getsin də. Satıcı dedi ki, sizin bu kitabınız bahadır, ona görə almayıb, əlli qəpik, bir manat verib mənim yanımda oxuyub verirlər.

   Kitabın oxunmadığı zamanda o kitabları ordan yığışdırmaq lazım deyildi. Mən kitab satışı ilə bağlı tez-tez ordakı satıcılarla danışırdım. Onlar deyirdi ki, mağazanın içində necə satılırsa, burdan ondan on dəfə çox satılır. Başa düşmürəm, niyə onları yığışdırdılar. Əksinə, orda 8 masa vardısa, gərək onu 18 edəydilər. Görünür lazım bilmədilər.

   - Bizim ölkədə kitab satışıyla dolanmaq mümkündü?

   - Azərbaycanda çətindir. Kitab gərək 3 min tiraj çıxsın ki, ondan naşir də xeyir götürsün, mətbəə xərcləri ödənilsin. Və müəllifə nəsə qalsın. Biz Sovet dövrünü görüb gəlmişik. Sovet dövründə çıxan bir kitabımıza görə 20 min rubl qonorar alırdıq. Bu pul 60-70-ci illərdə indinin manatından yüksək idi. İndi satılan kitablara görə müəllif min manatdan çox ala bilməz. Bu müəllifləri də barmaqla saymaq olar. Biz ona görə elektron kitabların mağazasını yaradırıq ki, müəlliflər nəsə qazana bilsin. Elektron kitabı dünyanın istənilən yerində olan Azərbaycan dilli insan oxuya bilər. Bir dollar, iki dollar cüzi pul göndərir və oxuyur. Avropada, Amerikada, Rusiyada belədir. İki il əvvəl Amerikadan, Kanzas ştatdan məktub aldım ki, biz sizinlə müqavilə bağlamaq istəyirik. Orda nəhəng "Booklend" elektron kitab mağazası var. "Booklend" "LitRes"dən də böyükdür. Dünyaya ingilis dilində və başqa dillərdə olan kitabları yayır. Mən də onlara ingilis, rus dillərində bir-iki proyekt göndərdim. Sonra gördüm yerləşdiriblər. Zəmanəyə uyğunlaşıb belə işlər görmək lazımdı. Çünki biz oturub gözləsək ki, oxucu oyansın və beş ildən, on ildən sonra, qayıtsın kağız kitablara... Oyanıb qayıtsa nə olacaq? İndi 200 nəfər oxuyur, onda oxuyacaq 400 nəfər. Heç vaxt 30 minə qayıdış olmayacaq. Zamanla ayaqlaşmaq lazımdır.

   - Bizim iki ən böyük ssenaristimiz - Rüstəm İbrahimbəyov və Ramiz Fətəliyev rus dillidir. Siz də ssenaristsiniz və siz də rus dilində yazıb yaradırsınız...

   - Kinoda dil əsas deyil, kinonun dili yoxdur. Azərbaycan dilində yazılan ssenarini Çin dilində də vermək olar. Mən nə qədər qayıtmaq istəmirəm, siz yenə məni məcbur edirsiniz ki, 40 il əvvələ qayıdım. O vaxt məşhur Kinematoqrafçılar İnstitutu Moskvada idi. Orda təhsil əla idi. Bizim məşhur ssenaristlərimiz, rejissorlarımız hamısı oranı qurtarıb. Bu yaxınlarda rəhmətlik Rasim Ocaqovun yubileyi idi. O da oranı bitirib. Sadalamaqla qurtarmır. Hamısı oranı bitirib. Orda da təhsil rus dilində aparılıb. Amma yeni nəsil də gəlir. Məsələn, İlqar Fəhmini göstərə bilərəm. İlqar Fəhmi çox fəal işləyir. Deyəsən, iki ilə dalbadal üç filmi gedib. Bu yaxınlarda hansısa saytda gördüm ki, rejissor Emin Mirabdullayev Varisin "Sənə inanıram" romanı əsasında 24 seriyalı serial çəkib. Düzdü, ssenari müəllifi Varis deyil, amma roman kinoya, ssenariyə yatır. Bu yaxınlarda Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova ilə məsələ qaldırdıq. Kinematoqrafçılar İnstitutu Gürcüstanda var, Rusiyada var, Avropa ölkələrində var. Biz də Bakıda yaratmaq istəyirik. Amma o institutu yaratmaq çox çətin məsələdir, amma hələ institut yoxdu, ustad sinifləri yaradırıq. Allah qoysa, yeni ildən gənc, cavan kinodramaturqların ustad sinifləri yaranacaq və mən orda kinodramaturqlarla işləyəcəm. Bu ilin may ayında ən yaxşı ssenari müsabiqəsi elan elədik. İnanmasınız, 140 ssenari gəldi. Onların 90 faizini gənclər yazmışdı. 140 nəfərin içindən çətinliklə 10 ssenari seçə bildik. Bu ssenarilər peşəkar şəkildə yazılmışdı. Bu 10 nəfərindən də arasından böyük çətinliklə üç nəfər qalib seçdik. Biz bu müsabiqədən sonra fikirləşdik ki, əgər bizim belə potensialımız var, Azərbaycanda ustad siniflər yaradaq. Sağlıq olsun, yeni ildən başlayırıq. Bu bizim balaca, mini Kinematoqrafçılar İnstitutu olacaq.

   - Siz də Qarabağ haqda yazmısınız. Yazıçı Seyran Səxavət Kulis.Az-a verdiyi müsahibədə Qarabağın ədəbiyyat mövzusundan çıxdığını deyib. Sizin bu məsələyə münasibətiniz necədir?

   - Çox yaxşı sualdır. Belə mövzulara reportyor kimi yanaşmaq olmaz. Bizdə elə yazıçılar var ki, bu gün nəsə bir hadisə oldu, sabah durub tez cızma-qara edirlər. İndi adlarını çəkmək istəmirəm, yazıçılar var idi, meydana bir milyon adam yığışan kimi başladılar povest, hekayə yazmağa. Mən elə yazıçılardan deyiləm. Elə böyük mövzuları gərək yazıçı həzm eləsin. Götür-qoy eləsin. Yesenin deyir ki, böyük bir şeyi görmək üçün, gərək uzağa gedəsən, çünki yaxından görünmür. Mən böyük mövzulara çox ehtiyatla yanaşıram. Qarabağ mövzusunda bir romanım var. Daha sonra Dövlət Gömrük Komitəsinin sifarişi əsasında yazmışam. O kitabda böyük fəsillər Qarabağa həsr olunub. Əsərin qəhrəmanı gömrükçüdür. O, 20 yanvarda Bakıda olub, Qarabağ müharibəsindən keçib, bir sözlə, sözün əsl mənasında qəhrəmandır.

   Yazıçılar bir-birinə oxşamır, biri belə deyir, biri elə deyir. Hərənin öz mövqeyi var. Mən Seyranla razılaşmıram. Çünki Tolstoy boyda yazıçı "Hərb və sülh" kimi əsər yazıb. Hər şey ədəbiyyat predmeti ola bilər. Çexovun yaxşı bir sözü var. Deyir külqabını verin, ondan hekayə yazım. Belə böyük mövzular ədəbiyyatın mövzusu olmayıb, nəyin mövzusu olacaq? Nəinki Qarabağ mövzusu, Azərbaycanın xalqının istənilən problemi yazıçıların birinci problemi olmalıdır. İstedadsız yazıçılar bununla spekulyasiya edir. Qabaqlar, 20 il əvvəl gəlirdilər ki, mən Qarabağdan əsər yazmışam, mənə kömək edin. Açıb oxuyanda görürsən ki, bu ümumiyyətlə cümlə qura bilmir. Belə adamlar əksinə mövzunu yıxır, gözdən salırlar.

 

 

Ekspress.-2013.- 14-16 dekabr.- S.19.