"Sirkin yeri o qədər də münasib yer deyil"
Vaqif Bağırzadə: "Nə
hansısa parka yaxın deyil ki, tamaşaçı
uşağını birbaşa bura gətirsin, nə də
metroya..."
Bakı Dövlət Sirkinin direktoru
Vaqif Bağırzadənin APA-ya müsahibəsi
- Vaqif
müəllim, dekabrın 27-dən sirkdə yeni tamaşalar
nümayiş olunacaq. İstərdik söhbətimizə
elə bundan başlayaq. Yeniliklər
varmı?
- Məktəblilərin
mövsümi tətillərində onlar üçün
müxtəlif proqramlar hazırlayırıq. Çalışırıq
ki, yeni proqramlarda təkrar nömrələrə yer verməyək.
Bu dəfə Rusiya, Ukrayna və İspaniyadan
sirk ustaları gələcək. İspaniyadan
ailəvi klounlar qonağımız olacaqlar. İllüziya attraksionlarının, ayılarla
attraksionların, hava gimnastlarının
çıxışı olacaq.
- Bildiyimiz qədər, sirkin bilet
satışı problemi olmur. Hətta bəzən
tamaşaçılar biletlərin tapılmamasından gileylənirlər.
Bu dəfə vəziyyət necədir?
- Biz biletlərimizi qabaqcadan
satırıq. Kim sirkə gəlmək istəyirsə,
bileti əvvəldən almalıdır. Tamaşaların
gətirilməsi üçün çoxlu vəsait xərclənir.
Məsələn, hər tamaşada 40-a
yaxın artist iştirak edir. Bunlar
hamısı xərcdir. Ona görə də
bir ay qabaqdan bilet satışına başlanılır.
Televiziyada, metroda, şəhərin müxtəlif
yerlərində reklamlarımız gedir. Sirkin hamı tərəfindən
qəbul olunan bir qaydası var: tamaşalar üçün
müqavilə bağlananda tamaşa sayına qarantiya verilir. Yəni artist çıxış etməyə gələndə,
əvvəlcədən şərt kəsir ki, minimum 20-25
tamaşada çıxış edəcək. Ona görə də biz bilet satışını
qabaqcadan keçirməyə məcburuq. Sirkdə rahat
iştirak etmək istəyən adam
biletini əvvəldən almalıdır. Bazar
günü nümayiş olunan nömrələr
üçün həmin gün bilet istəyəndə, əlbəttə,
problemlər olacaq. Adətən belə olur: kimsə
öz uşağını gəzməyə
çıxarır, istəyir ki, elə həmin gün də
bilet alsın, tamaşaya baxsın...
- Həmyerlilərimiz olan sirk
ustalarının çıxışı olacaqmı? Yoxsa əcnəbi peşəkarlara
üstünlük verilib?
- Bu hər tamaşada mümkün
olmur. Amma çalışırıq ki, imkan
olduqca, onların bacarığından istifadə edək.
Bizim sirk ustalarımız bütün dünyada
çıxış edir. Məsələn,
Rafiq Əliyev ailəvi şəkildə Rusiyanın sirk
kompaniyasında, Allahverdi İsrafilov Moskva sirkində
iştirak edir. Yaxud "Nikulinin
Qızıl Sirki"ndə bizim gənc həmyerlimiz altı
ay çıxış edib. Halbuki həmin
sirkdə çıxış etməyi xalq artistləri arzu
ediblər, amma mümkün olmayıb. Bizdə
yeni nömrələr yetərincə olur. Adətən,
bu proses sirkin özündə olur. Düzdür,
dünyada sirk məktəbləri var, amma bu peşə əsasən
ailədən gələn sevgi ilə bağlıdır.
Məsələn, Rafiq Əliyevin
uşaqları da sirk artistləridir. Həmişə
deyir ki, uşaqlara ən böyük cəzamız onları
sirkə buraxmamaq olar.
Yaxud, Araz Həmzəyev
ailə qurdu, həyat yoldaşı da sirk artistidir. Bəzən
ətrafdakı insanlar yeni nəsil sirk artistlərinin
yetişməsini görmürlər, amma proses gedir, gənc nəsil
gəlməkdədir.
O ki qaldı hər proqramda yerli
artistlərin çıxışına, təkrar etmək
istəyirəm: bu hər dəfə mümkün olmur.
- Bunun səbəbi nədir? Yəni, bizim tamaşaçı nəyə görə
daha çox əcnəbi sirk ustalarının
çıxışına baxmalıdır?
- Səbəbini deyim. Bizim sirk artistlərimiz xarici ölkələrdə
çıxış edəndə, uzunmüddətli
müqavilələr bağlayırlar. Məsələn,
Amerikada, Yaponiyada, Avropa ölkələrində 8-10 il çıxış edirlər. Biz
böyük əziyyətdən sonra onların bir yerdə
Bakıda çıxış etməsinə nail ola bildik və deyim ki, yüksək səviyyəli,
möhtəşəm çıxışları oldu. Hər tamaşanı gətirəndə, nəzərə
alırıq ki, tamaşaçının daha çox nəyə
ehtiyacı var? Gəlin, razılaşaq ki,
lap həmyerlimiz də olsa, biz onu nə qədər çox
istəsək də, tamaşaçı onun eyni nömrəsinə
tez-tez gəlib baxmayacaq. Bu,
tamaşaçı üçün maraqsız olacaq. Proqramı seçəndə bütün bu
detalları nəzərə alırıq. Bundan əvvəlki proqramda şirlərin nömrəsi
var idi. Bu dəfə hətta şirlərin
başqa nömrəsini də nümayiş etdirsək,
maraqsız olacaq. Yəni, biletə pul verən adam şiri keçən dəfə
görüb, ona yeni proqram lazımdır. O cümlədən,
bunu həmyerlimiz olan sirk ustalarına da aid etmək olar. Onlar fasilələrlə gəlməlidirlər ki,
insanların arzularında olsunlar.
- Sualı bir qədər fərqli
qoyaq: Azərbaycanın milli sirki nə vaxt olacaq?
- Bizim sirk ustalarından Azərbaycanın
xalq artistləri, əməkdar artistlər var. Hətta
onların arasında Rusiyanın xalq artistləri də var. Biz
yeni peşəkarlar yetişdiririk. Əgər
siz yalnız Azərbaycanda fəaliyyət göstərən,
çıxış edən artistləri nəzərdə
tutursunuzsa, bu təcrübə hətta Avropada da yoxdur. Demək istəyirəm, sirk artisti bir yerdə
qalmır. İstəyirsiniz, bunun
adını milli qoyaq, azərbaycanlı qoyaq, fərq etməz,
onlar həmişə qastrolda olurlar. Truppa
teatrlarda olur. Biz hətta truppa qursaq da, o, gələcəkdə
dağılacaq. Məsələn, Yaponiya sirki
akrobatları istəyəcək, Avropa sirkləri hava
gimnastlarını, Rusiya sirkləri təlimçilər
və s. Üstəlik, artistlər qastrola 10-15 günlük
yox, 5-6 aylıq gedirlər. Bir də
görürsən, Yaponiyada çıxış edəndə,
İngiltərədən təklif gəldi, artist
razılaşdı. Məsələn,
Hüseyn Novruzov altı ildir Kanadadan çıxa bilmir.
Tofiq Axundov Azərbaycanın və Rusiyanın xalq artistidir, 10
il Amerikadan çıxa bilmədi. Müqaviləsi başa çatmamışdı deyə,
onu Bakıya gətirə bilmirdik.
Başqa tərəfdən
də, sirkdə bir nömrə ən azı 2-3 ilə
hazırlanır.
Yaxud, təlimçilər bir
nömrəni 5-6 ilə başa gətirirlər...
- Heyvanların "kapriz"lərinə
görə əziyyətiniz çox olur? Onların
"nazı ilə oynamaq" lazım gəlir?..
- (Gülür)
İnsanlar da belədir. Mal əti yeyəni
də var, qoyun ətini xoşlayanı da. Heyvanların
öz xüsusiyyəti var, təmiz qida tələb edirlər.
Qarışıq, sintetik nəsə olanda,
yaxın durmurlar. Sirk heyvanlarının
qidalanması xüsusi normativ kitablarla aparılır. Nə qonaqpərvərlik edib artıq verə bilmərik,
nə də xəsislik edib yeməyini kəsmək olmaz.
Heyvan da artist kimi səhnədə rol
oynayır. Yeməyi artıq düşsə,
sözə baxmayacaq, oynamayacaq, əskik olsa, aqressivləşəcək.
Bir dəfə jurnalistlər şir təlimçisindən
soruşdular ki, bu çətin və təhlükəli
işin öhdəsindən necə gəlirsiniz? Təlimçi nə desə yaxşıdır?
"İnsanlarla işləmək daha çətindir".
Məsələn, adamlar elə bilir, ayı təkcə
ət yeyir, amma belə deyil. Bir dəfə
ayıdan ötrü 3 cür Rusiya istehsalı olan şirinləşdirilmiş
süd aldıq, heç birini yemədi. Axırda
Türkiyə firmalarının birinin məhsulunu bəyəndi.
Yaxud, qonur ayıya
Rusiyadan, Türkiyədən gələn bahalı
peçenyeləri verdik yemədi, Azərbaycanda istehsal olunan ən
ucuz peçenyeni xoşladı.
Himalay ayısı gətirtmişdik,
almanın üstündə balaca ləkə olanda, yemirdi.
Göyərti, kələm, günəbaxan
yağı qarışdırılmış tərəvəzlər
verirdik. İki cür çörək alırdıq,
bir az boyatlaşandan sonra üstünə
yaxşı kərə yağı yaxırdıq,
üstündən qoz ləpəsi tökürdük, sonra yenə
bir qat yağ, daha sonra kişmiş səpirdik, üstündən
bal yaxırdıq, ötürürdü içəri. Hətta həmin qonur ayılara gündə bir
şüşə "Xırdalan" pivəsi, iki gündən
bir "Yeddi gözəl" çaxırı verirdik.
Bu qidaların hər
biri hansısa vitamini əvəz edir. Sirkdə
ən qorxulu heyvan ayıdır. Xüsusən
yazda olan proqramlarda heyvanlarla işləmək çətin
olur. Qan qaynayan vaxtı sözə
baxmırlar. Bir dəfə şirlərdən
biri özünü yaxşı aparmadı, riskli olduğuna
görə onu iki gün səhnəyə buraxmadıq.
- Heyvanları saxlamaq
üçün normal şəraitiniz varmı?
- Normal şəraitimiz olmasa, xarici
artistlər bizimlə işləməyə gəlməzlər.
Deməli, normaldır ki, gəlirlər. Dünyanın bütün sirklərində
çalışan artistlər Bakıya gəlmək istəyirlər.
- Bakıda sirk üçün
heyvan hazırlayan təsərrüfat yoxdur...
- Bizim sirkdə neçə
növ heyvan çıxış edir. Onun
üçün gərək biz şirlər, ayılar,
timsahlar, fillər üçün ayrıca sahələr
yaradaq. Bu mümkün deyil. Təzə doğulan heyvanlar zooparkdan, yaxud xaricdən
alınır və yavaş-yavaş yetişdirilir. Təlimçi onlara öz uşaqları kimi baxır,
bir evdə yaşayırlar. Zooparkda
hansısa şəkildə sahə yaratmaq, heyvan yetişdirmək
mümkün deyil. Təlimçi bəzən heyvana
görə dörd-beş il əziyyət
çəkir, amma sonra məlum olur ki, bu heyvan sirk
üçün yaramır. Bizim yerli təlimçilərdə
də belədir. Gedib meşədən
heyvan tutub təlim keçsinlər, yox, bu mümkün deyil.
Zooparkdakı bütün heyvanların sənədləri
olur və ona uyğun istifadə edilir.
- Bakı Sirkində
təmir gözlənilirmi?
- Əvvəla, ondan
başlayaq ki, təmirlə bağlı biz rəsmi heç nə
deyə bilmərik. Bircə onu deyə bilərəm
ki, dövlət səviyyəsində diqqət mərkəzindədir,
inşallah, yaxşı dəyişikliklər gözlənilir.
Rəsmi səviyyədə bizə məlumat
versələr ki, təmir prosesi başlayacaq, biz həmin xəbəri
ilk olaraq sizə verərik. Gələcəkdə
texniki problemlər həllini tapandan sonra sirk studiyaları
yaratmaq istəyirik.
- Sirkin hazırkı vəziyyəti
buna imkan vermir?
- Yox, belə demək olmaz. Bilirsiniz, bu, çətin prosesdir. Hansısa təlimçi hər hansı heyvanı
bizim adımızdan götürüb səhnəyə
hazırlasa da, o, həmişə qastrolda olacaq, Bakıda
tapılmayacaq. Həmin adam oturub
gözləyə bilməz ki, onun tamaşasına nə vaxt gəlib
baxacaqlar. Teatr olsa, bunu etmək olar. Sirkdə belə şeylər baş tutmur. Çünki buna illər lazımdır.
- Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev demişdi ki, sirkin binası
köhnəlib və onu yeni bina ilə əvəz etmək
lazımdır. Siz 1967-ci ildən fəaliyyət
göstərən bu binanın təmir olunmasının tərəfdarısınız,
yoxsa doğrudan da köhnə binada işləmək olmur?
- Bilirsiniz, bizə hər iki variant
sərf edir. Təzə bina olsa, hər şey
yeni olacaq, müasir texnikaları yerləşdirməkdə
çətinliyimiz olmayacaq. Yenə deyirəm,
biz hər ikisinə razıyıq.
- Amma 40 ildən çoxdur insanlar
buranı sirk kimi tanıyırlar...
- Hər şeyin zamana ehtiyacı
var. 1967-ci il XX əsrdir, üstündən
az qala yarım əsr vaxt keçib. Siz yəqin
ki, köhnə "Moskviç"də gəzmək istəməzsiniz,
düzdür? Bu mənim subyektiv fikrimdir:
düzünü deyim ki, Bakı Dövlət Sirkinin
hazırki yeri o qədər də münasib yer deyil. Bura gəlmək tamaşaçılar
üçün də əziyyətdir. Nə
hansısa parka yaxın deyil ki, tamaşaçı
uşağını birbaşa bura gətirsin, nə də
metroya yaxınlığı yoxdur ki, gəliş-gediş
rahat olsun. Bəlkə daha münasib yer tapmaq olar...
- Məsələn, yeni bina tikilməli
olsa, hansı ərazini istəyərsiniz?
- Məsələn, "Bakı
Kristal Hall"un yaxınlığı
sirk üçün daha münasib yerdir. Hər
halda, bu mənim subyektiv fikrimdir. Amma bir
şeyə əminəm ki, nə olacaqsa, yaxşısı
olacaq.
- Xarici artistlər bizim
tamaşaçıların etik davranışından razı
qalırlarmı?
- Tamaşaçı cürbəcür
olur. Biz onlara kömək etməliyik ki, özlərini
düzgün aparsınlar. Bu bizim
işimizdir. Ümumi götürsək,
artistlər tamaşaçılarımızdan narazı getməyiblər.
Hətta deyirlər, heç bir sirkdə artistə
gül vermək ənənəsi qalmayıb. Bizim tamaşaçılar həssas
tamaşaçılardır. Görəndə
ki, artist çətin və maraqlı nömrə
nümayiş etdirdi, onu qiymətləndirirlər. Tamaşaçılar əsasən hava gimnastları
və şirlərin çıxışını səbirsizliklə
gözləyirlər. Sirk "xaltura"nı
sevmir. Tamaşaçı görəndə ki,
sənətkarlar necə həvəslə işləyirlər,
onların əziyyətini yüksək qiymətləndirirlər.
Əlbəttə, maariflənməyə həmişə
ehtiyac var. 20 metr hündürlükdə olan hava
gimnastının gözünə lazer işığı
salan uşağın qarşısını birinci növbədə
valideyn almalıdır.
- Dövlət büdcəsindən
sirkin saxlanılması üçün nə qədər vəsai
ayrılır?
- Bu, sirr deyil, amma bir tərəfdən də konkret məbləğ yoxdur. Dövlət büdcəsindən yalnız əməkhaqqı alırıq. Qalan bütün xərcləri özümüz çəkirik. Yəni, dövlət büdcəsindən qismən maliyyələşmə olur.
Ekspress.-2013.- 14-16 dekabr.- S.20.