Haqqın var,
Məmməd Araz...
Xalq şairinin 80 illiyinə həsr olunmuş müsabiqənin qalibləri
mükafatlandırıldı
Dekabrın 13-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti və Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə xalq şairi Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və görkəmli şairə həsr olunmuş məqalələrin yer aldığı 600 səhifəlik "Haqqın var yaşamağa" adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, "Kaspi" qəzeti bir sıra layihələr həyata keçirir. Bu müsabiqənin elan olunması və kitabın nəşr edilməsi də həmin layihələrdən biridir. Onun sözlərinə görə, bu layihədə əsas məqsəd xalq şairi Məmməd Arazın yaradıcılığının tədqiqində ən yeni baxışların ədəbi mühitə çıxarılması olub.
Sona Vəliyeva bildirib ki, müsabiqəyə təqdim olunun bütün yazılara münsiflər heyəti tərəfindən diqqətlə yanaşılıb və təhlil edilib.
Sona xanım Məmməd Arazı əbədiyaşar şair kimi qiymətləndirib: "Məmməd Araz İlahidən ona verilən xüsusi missiyasını yerinə yetirərək, bir millətin xüsusi məfkurəsini yaratdı. O, azərbaycançılıq məfkurəsini yaradan şairdir və azərbaycançılıq onun poeziyasının əsas qayəsi olub. Məmməd Arazın şeirləri hələ onun sağlığında folklorlaşmışdı ki, bu da onun dilindən gələn böyüklüyü göstərirdi. Mən inanıram ki, minillər keçsə də, Məmməd Araz poeziyası yaşayacaq və yeni nəsil bu poeziyadan bəhrələnəcək".
Müsabiqədə tanınmış imzası olan və olmayanlar, hətta tələbələr də iştirak ediblər. "Müsabiqəyə təqdim edilən yazıların bir-birindən təsirli ifadələrindən həyəcanlanmamaq mümkünsüzdür. İndiyə qədər şairin yaradıcılığına müxtəlif aspektlərdən yanaşılaraq deyilməmiş, yazılmamış orijinal fikirlər toplusu Məmməd Araz poeziyasının dərya kimi dərinliyini sübut etdi. Müsabiqə yeni fikir, məlumat və fərqli düşüncələrin sərgisinə çevrildi", - deyə Sona Vəliyeva bildirib.
Tədbirdə çıxış edən "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, qəzet silsilə xarakter daşıyan müsabiqələr elan edib. Onun sözlərinə görə, şair Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqəyə yazıların qəbulu 2013-cü ilin aprelindən sentyabr ayına kimi davam edib: "Müsabiqəyə təqdim olunan məqalələrdə şairin ədəbi irsi təhlil olunmaqla yanaşı, publisistik fikirlər də yer alıb. Şair barədə bir sıra arxiv materialları və xatirələr də kitaba daxil edilib. Müsabiqəyə 80 yazı təqdim olunsa da, bunlarda 60-ı müsabiqəyə daxil edilib. Kitabda əsərləri dərc olunmuş təxminən hər iki nəfərdən birinə mükafat təqdim olunacaq. Ümumilikdə müsabiqənin fondu 10 min manat təşkil edir".
Tədbirdə çıxış edən millət vəkili, yazıçı Aqil Abbas Məmməd Arazı "millət atası" kimi xarakterizə edib: "O, yalnız öz övladlarının atası, öz nəvələrinin babası olmayıb. O, öz övladlarından, nəvələrindən çox bu millət üçün atalıq, babalıq edib, onlara verdiyi dəyərlərdən min dəfə artıq bu xalqa, millətə dəyərlər bəxş edib. Azərbaycan olduqca onun poeziyası da olacaq. Füzuli, Nəsimi, Hüseyn Cavid, Məmməd Araz kimi dahilər yaşayacaqlar".
Tənqidçi Vaqif Yusifli çıxışında böyük şairin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatında tutduğu yerdən danışaraq bildirib ki, Məmməd Araz olmasaydı, Azərbaycan poeziyasında boşluq olardı.
Tədbirdə şairin qızı, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay çıxış edərək Sona Vəliyeva və "Kaspi" qəzetinə gördükləri işlərə görə minnətdarlığını bildirib.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb. Birinci yerə yazıçı-publisist Akif Əli layiq görülüb. Müsabiqəyə qəbul edilən məqalələrin müəlliflərinin demək olar ki, yarısı mükafatlandırılıb.
Azad
Ekspress.-2013.- 14-16 dekabr.- S.21.