"Virtual Qarabağ"
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi
açıldı
İnformasiya və kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
"Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisinin açılışı olub. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Mərkəzin koordinatoru Nurəddin Mehdiyevin sözlərinə görə, layihə çərçivəsində "virtualkarabakh.az" portalı hazırlanıb. Layihə koordinatoru bildirib ki, portalın məqsədi Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir: "Mərkəzdə Qarabağla bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, elektron kitabxana, foto-video studiya, işğal olunmuş rayonların adları ilə adlandırılmış otaqlar fəaliyyət göstərir".
N.Mehdiyev qeyd edib ki, "Virtual Qarabağ" layihəsi innovativ-kreativ formada Qarabağın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, insanları, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan və eləcə də dünyanın bir çox aparıcı dillərində mərkəzləşdirilmiş internet-şəbəkə resursu kimi düşünülüb. "Əsas hədəflərimizdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycanın haqlı mövqeyinin dünyanın ədalətli, sülhsevər sakinlərinəçatdırılmasına töhfə verməkdir".
Sonra Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək bildirib ki, RİTN bu istiqamətdə həyata keçirilən bütün layihələrə dəstək verir və bundan sonra da öz dəstəyini davam etdirəcək: "Yaradılan mərkəz olduqca əhəmiyyətli bir fəaliyyətlə məşğul olacaq. Virtual aləmdə gedən informasiya müharibəsində ən başlıca vasitələrdən birinə çevrilməsi üçün bütün imkanlar yaradılıb. İnformasiya mübarizəsində qalib gəlmək üçün bütün texniki imkanlar, gənclərimizin lazımi potensialı mövcuddur. Ən başlıcası ondan ibarətdir ki, haqq bizim tərəfdədir. Biz yalanları deyil, reallıqları dünyaya çatdırırıq".
Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün mübarizə apardığını deyən Elmir Vəlizadənin sözlərinə görə, bu mübarizə sadəcə real həyatda deyil, həm də internetdə aparılır. "Təbii ki, biz ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ haqqında və onun tarixi abidələrini nümayiş etdirməklə, ermənilərin ölkəmizə vurduğu ziyanı bütün dünyaya çatdıra bilirik. Əslində bu kadrlara baxmaq və orada olan dağıntıları görmək hamımız üçün ağırdır. Buna görə də bu həqiqətləri dünyaya çatdırmalıyıq ki, biz haqlıyıq və xalqımız nələr çəkib".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu gün bütün dünya informasiya zamanında yaşayır və bu zamanın nəbzini tutaraq ondan lazımi səviyyədə istifadə etməliyik: "Mən hesab edirəm ki, ölkəmizlə bağlı məlumatların yayılması təkcə dövlətin üzərinə qoyulmamalıdır. Eyni zamanda Azərbaycan gəncliyi də özünün asudə zamanından müəyyən vaxtlar ayıraraq vətəni ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır. Hesab edirəm ki, gənclərimiz virtual məkanda gedən forumlarda yaxından iştirak etməli və təmkinlə, eləcə də dəqiq faktlarla düşmənlərimizisusdurmalıdır. Zənnimcə, bu istiqamətdə "Virtual Qarabağ" layihəsinin də böyük əməyi keçəcək".
Qeyd edək ki, Mərkəz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramına uyğun olaraq yaradılıb. Onun formalaşdırılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. Digər məqsəd isə Dağlıq Qarabağ bölgəsi haqqında, Ermənistanın işğalçılıq siyasəti və münaqişə barədə dolğun, obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu ictimai birliyidir.
Yeri gəlmişkən, dünən "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin rəsmi internet səhifəsi olan "virtualkarabakh.az" portalının təqdimatı keçirilib. Gənclər və idman naziri Azad Rəhimov deyib ki, bu layihə çox vacib hadisələrdən biridir. "Biz bu gün virtual aləmdə yaşayırıq və bundan bütün dünya məharətlə istifadə edir. Qarabağ həqiqətlərinin və Azərbaycan haqqında dünyaya maraqlı məlumatların çatdırılması çox mühüm bir haldır. Bunu hələ ki, 5 təşkilat həyata keçirir. Lakin inanıram ki, təkcə 5 təşkilat yox, bütün gənclər və QHT-lər buna dəstək olacaq".
Deputat Qənirə Paşayeva bildirib ki, bu gün ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bütün işlər bizi Qarabağa aparan yoldur: "Bu gün virtual dünyada informasiya mübadiləsi çox ciddi bir önəm daşıyır. Ermənilər də bu mübarizəyə fəal qoşulub. Ona görə də virtual aləmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çox vacibdir. Ona görə də Qarabağ portalının bu sahədə çox işlər görəcəyinə inanıram".
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, bu saytın təqdimatı bizim hər gün Dağlıq Qarabağın qaytarılması uğrunda durmadan çalışdığımızı göstərir: "Bilməliyik ki, beynəlxalq aləmdə təkcə güclü olmaq deyil, həm də ağıllı olmaq lazımdır. Bu işdə hər bir Azərbaycan gənci və fəalı iştirak etməlidir. İnanıram ki, bu təşəbbüs davam edəcək və Azərbaycanın haqq səsinə beynəlxalq ictimaiyyətin qoşulmasını təmin edəcəyik".
Ə.Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan gəncliyini, Azərbaycan aydınlarını, ziyalılarını, alimlərini, hər bir Azərbaycan vətəndaşını Dağlıq Qarabağ, Ermənistan Azərbaycan münaqişəsi başlayan gündən fəallığa çağırırdı: "Çünki hər bir azərbaycanlı öz fəaliyyətində bu münaqişə istiqamətində ermənilərlə mübarizəni davam etdirməli və həyata keçirməlidir".
PA rəsmisi bildirib ki, hər bir insan özünün məşğul olduğu sahədən asılı olmayaraq, ermənilərlə qonşuluğun məsuliyyətini, bizdə yaratdığı vəzifələrini unutmamalıdır. "Ermənilərlə qonşuluq Azərbaycan xalqına bir çox məsələlərdə əlavə məsuliyyət yaradıb. Bütün ötən dövrdə biz ermənilərin fiziki, mənəvi, informasiya və digər basqılarına məruz qalmışıq. Bu, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci ildən başlayaraq bu gün də daxil olmaqla davam edir. 200 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirilib. Bu siyasət müəyyən mənada ermənilərin, müəyyən mənada isə onların havadarlarının təşəbbüsü ilə həyata keçirilib. Soyqırımı siyasəti təkcə azərbaycanlıları fiziki cəhətdən yox etmək deyil, onların malik olduğu əraziləri ələ keçirmək və onları dünyada biabır etmək və dünyanın gözündə Azərbaycan xalqının mədəniyyətinin, milli adət-ənənələrinin dəyərini aşağı salmaqdır".
Həsənov qeyd edib ki, buna görə də indiki nəslin qarşısında sözün əsl mənasında ciddi bir vəzifə dayanır: "Bu vəzifə ondan ibarətdir ki, ermənilərlə qonşu olduğumuzdan onlardan gələn ziyanları, basqıları, millətimizə qarşı olan təhdidləri heç vaxt unutmamalıyıq və mütəmadi olaraq onlara qarşı mübarizə aparmalıyıq. Faktiki olaraq ermənilərlə qonşuluq Azərbaycan xalqı qarşısında ömürlük geosiyasi, geoiqtisadi, təklükəsizlik və digər vəzifələr qoyur. Mübarizə təkcə Azərbaycan xalqının, millətimizin, dövlətimizin fiziki təhlükəsizliyini təmin etməkdən ibarət deyil. Biz sərhədlərimizi möhkəmləndirə də bilərik, ərazilərimizi əldə etdikdən sonra isə fiziki təhlükəsizliyi təmin edə bilərik".
Onun sözlərinə görə, lakin ermənilərin fəaliyyəti təkcə bununla yekunlaşmır: "Cənab prezident İlham Əliyev Azərbaycan vətəndaşlarına dəfələrlə bununla bağlı bəyan edib və xəbərdar edib ki, hazırda beynəlxalq aləmdə erməni lobbisinin dəstəyi və bilavasitə iştirakı ilə bir anti-Azərbaycan kampaniyası aparılır. Bu kampaniya hər gün, hər saat, hər dəqiqə aparılır. Bu kampaniya getdikcə öz miqyasını genişləndirir. Bu kampaniya getdikcə öz həddini aşaraq, millətimizə qarşı ciddi böhtanla müşahidə olunur. Bu gün faktiki olaraq biz beynəlxalq aləmdə ermənilərlə Azərbaycan həqiqətlərinin dünyaya yayılması və onun dünya ictimaiyyətinə çatdırılması uğrunda mübarizə aparırıq".
Ə.Həsənov vurğulayıb ki, beynəlxalq aləmi isə erməni yalanlarından mühafizə etməyə çalışırıq: "Əlbəttə, bu mübarizə tək dövlətin gücü ilə aparıla bilməz. Çox sevinirəm ki, bu gün bu mübarizəyə Azərbaycan gəncliyi qoşulub. Biz çox sevinirik ki, Azərbaycan gəncliyi artıq ermənilərin qarşısına təkcə silahla, fiziki cəhətdən hazır çıxmaq haqqında deyil, beynəlxalq aləmdə, müasir dünyanın tələb etdiyi intellektlə və bu kimi vasitələrlə çıxmağa hazırlaşır və çıxır, çıxmağa da özünün hazırlığını nümayiş etdirir".
Tədbirdə eyni zamanda "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ilk istehsalı olan "Qarabağa doğru" filminin Azərbaycan, ingilis dilində versiyalarının və "Şuşa-Virtual Səyahət" 3D qrafik təsvirli filminin də təqdimatı baş tutub (APA).
virtualkarabakh.az portalı eyni zamanda org/com/net/co.uk domen adları ilə də fəaliyyət göstərir. Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazası olan www.virtualkarabakh.az portalında ölkəmizdə və xaricdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, gənclər təşkilatları tərəfindən Azərbaycanın haqlı mövqeyi nəzərindən Qarabağ mövzusunda hazırlanan müxtəlif ikt məhsullarının, yazı, foto, video materialların yerləşdirilməsi mümkündür.
"Dünyanın çoxsaylı lokal və planetar münaqişələri sırasında 25 ildən artıq bir müddətdə beynəlxalq ictimaiyyəti narahat edən Qarabağ problemi hələ də öz həllini gözləyir. Ermənistan tərəfindən qədim Azərbaycan torpağı sayılan Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların - respublikamızın 20 faiz torpaqlarının işğal edilməsi və uzun müddət nəzarətsiz qalması, əslində dünya tarixində az-az təsadüf edilən hadisələrdəndir. Əsas məqsədimiz Qarabağı virtual çərçivəyə salmaq deyil, əksinə Qarabağ həqiqətlərinin İnternet məkanında tanıdılmasına xidmət etməkdir", - deyə "virtualkarabakh.az" portalından bildirilib. Bu elektron resursdakı geniş məlumatlar, foto-video materiallar, e-kitablar, tarixi sənədlər, araşdırmalar, analitik yazılar, faciə qurbanlarının şəhadətləri, xarici müəlliflərin Qarabağla bağlı tədqiqat xarakterli ciddi elmi-kütləvi kitabları, virtual oyunlar, virtual sərgilər, müsabiqələr, bir sözlə, Qarabağla əlaqədar hər şey ölkəmizin yeni nəsil nümayəndələrinə, 50 milyonluq soydaşlarımıza və onların xaricdəki dostlarına, həmyaşıdlarına, dünyanın sülhsevər insanlarına düzgün, həqiqi faktlarla çatdırılmasına yönəlib. "Hər kəsi "Virtual Qarabağ" layihəsinə öz tövfəsini verməyə, bu resursun sadəcə bir internet layihəsi olaraq mövcudluğuna deyil, həm də müxtəlif nəsil insanlar, xüsusən yeniyetmə və gənclərin tez-tez müraciət edəcəyi, öyrənəcəyi bir qlobal informasiya-bilik şəbəkə mənbəyinə çevrilməsinə yardımçı olmağa səsləyirik. Əgər sizlər də gələcək nəsillərə milli həqiqətlərimizi çatdırmaqda maraqlısınızsa, bizə qoşulub bu internet hərəkatında fəal iştirak edin, əziz gənclər, ictimai fəal insanlar".
Səhifəni
hazırladı Qənirə MƏMMƏDLİ
Ekspress.-2013.- 17 dekabr.- S.9.