Ən yaxın tarix

                                                                     İlk yeganə qadın spiker

 

Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.

   İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.

   (əvvəli ötən şənbə saylarımızda)

   1990-cı ilin mayında Azərbaycan SSR-də, digər sovet respublikaları kimi, prezident idarəçiliyinə keçildi. Azərbaycan Ali Soveti Rəyasət Heyəti və onun sədri vəzifəsi ləğv olundu. Elmira Mikayıl qızı Qafarova deputatlar tərəfindən yekdilliklə Azərbaycan Ali Sovetinin sədri seçildi.

   Yanvar hadisələrindən sonra Elmira xanım sanki qatı millətçiyə çevrilmişdi. Məsul vəzifələrə təyinat məsələsində milləti düşüncəsi ilə seçilənlərə xeyir-dua verirdi. Azərbaycan SSR prokuroru vəzifəsinə İsmət İsmayıl oğlu Qayıbovun və daxili işlər naziri vəzifəsinə Məhəmməd Nəbi oğlu Əsədovun namizədliyinin bəyənilməsi barədə Ali Sovetinin qərarını Elmira Qafarova imzalamışdı.

   İlin ən mühüm siyasi-ictimai hadisəsi parlament seçkisi idi. Azərbaycan parlamenti necə olacaqdı? Yeniliklər nədən ibarət ola bilərdi? Əvvəlki seçkilərdən fərqli olaraq, dövlət orqanlarının başçıları deputat seçildikdə ya əvvəlki vəzifəsini tərk etməli, ya da deputat mandatından əl çəkməli idilər. .   1990-cı ildə respublika parlamentində 360 yerə mindən çox namizəd irəli sürülmüşdü. Ayrı-ayrı seçki dairələrində namizədlərin sayı on altı nəfərə çatırdı. İlk dəfə idi ki, seçkilərdə bir sıra ictimai-siyasi hərəkatlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsi bilavasitə iştirak edirdi. Xalqın müqəddəratı üçün öz məsuliyyətini dərk edən parlament üzvləri seçməliydi. Zaman elə idi ki, parlament iclaslarında kiməsə qulluq xatirinə itaətlə əl qaldıranlara deyil, səriştəli, vicdanlı güzəştsiz deputatlara ehtiyac vardı.

   Mərkəzi Seçki Komissiyasının bəzi üzvləri hüquqşünas məmurlar 20 Yanvar hadisələri zamanı həbsə alınmış şəxsləri "siyasi məhbusdur" deyərək deputatlığa namizəd göstərilməsinin qarşısını alırdılar. Onlardan iki nəfəri haqqında aşağıda yazılanlar oxucular üçün çox maraqlı ola bilər:

       MƏMMƏDOV ETİBAR SALİDAR OĞLU

   1955-ci ildə Bakı şəhərində anadan olub. Tarix elmləri namizədidir. Bakı Dövlət Universiteti tarix fakültəsinin müəllimidir. Evlidir, iki uşaq atasıdır. Azərbaycanda demokratik xalq hərəkatının liderlərindəndir. Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvüdür.

   1990-cı il 20 yanvarda Azərbaycanda dinc əhaliyə qarşı törədilən qanlı cinayətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün Moskvaya getmiş, orada xarici sovet jurnalistləri üçün təşkil edilmiş mətbuat konfransında bəyanatla çıxış etmişdir. Mətbuat konfransının təşkil olunduğu Azərbaycan SSR Nazirlər Sovetinin Daimi Nümayəndəliyinə DTK əməkdaşlarının vəhşicəsinə basqını zamanı yanvarın 25-də Etibar Məmmədov qanunsuz olaraq həbs edilmişdir. Hal-hazırda o, Moskvada DTK-nın Lefortovo həbsxanasında saxlanılır.

   QAZIYEV RƏHİM HƏSƏN OĞLU

   1943-cü ildə Şəkidə anadan olub. Fizika-riyaziyyat elmləri namizədidir. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ali riyaziyyat kafedrasının dosentidir. Evlidir, üç uşaq atasıdır. AXC İdarə Heyətinin ən nüfuzlu üzvlərindəndir. AXC-nin bir sıra rayon şöbələrinin formalaşmasında möhkəmlənməsində R.Qazıyev bacarıqlı təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir.

   Rəhim Qazıyev 1990-cı il martın 2-də, şəhidlərin qırxında onların qəbri üstünə getmək istərkən DTK əməkdaşları tərəfindən həbs edilmişdir. Hal-hazırda Moskvada, DTK-nın Lefortovo həbsxanasında saxlanılır

   Elmira Qafarova 20 Yanvar hadisələrində DTK tərəfindən həbsə alınmış soydaşlarımız haqqında öz fikrini çəkinmədən bəyan etdi: onlar məhbus sayıla bilməz, çünki millətin şəhid olmuş övladlarının haqqını tələb etmişdilər. Biz niyə vətənpərvər övladlarımıza yiyə durmuruq?

   Parlamentin sədri həmin il "siyasi məhbuslar"ın deputatlığa namizəd göstərilməsinə yol açdı. Etibar Məmmədov da, Rəhim Qazıyev Moskvanın Lefortovo zindanından xilas olaraq Azərbaycan Ali Sovetinin deputatı seçildilər.

   Haşiyə. Milli Məclisinin sabiq üzvü, tədqiqatçı Maksim Musayevin 2003-cü ildə Bakıda "Min bir mahnı" nəşriyyatı tərəfindən "Parlament müstəqilliyimizin astanasında (1990-1995)" adlı çox dəyərli bir kitabı nəşr olunmuşdur. Müəllif o dövrdə parlamentdə baş verənlərin bilavasitə iştirakçısı kimi müşahidələri, ən başlıcası arxiv sənədləri əsasında oxuculara obyektiv məlumat verir. Qeyd edir ki, 1990-cı ildə diktatura ənənəsi pozuldu, bir turda keçirilən seçkilər bir neçə dövrədə aparılmalı oldu. Sentyabrın 10-da, oktyabrın 4-də, dekabrın 16-da 30-da seçilmiş xalq deputatlarının səlahiyyəti 1991-ci il fevral ayının 5-də Ali Sovetin sessiyasında təsdiq edildi. Seçkiqabağı mübarizə zamanı respublika üzrə 117 nəfər deputatlığa namizədliyini geri götürdü. Bu, Azərbaycanda 1990-cı ildə keçirilmiş seçkidə tamamilə yeni hadisə idi. 66 seçki dairəsində 5 nəfər daha artıq namizəd səsə qoyulmuşdu ki, bu da o dövrdə demokratiyanın təzahürü idi. (Müəllif oxucuların nəzərinə onu da çatdırır ki, onuncu çağırış seçkilərə aid saxlanılması qorunması vacib sayılan sənədlər nədənsə bəzi idarələrdə arxivdə yoxa çıxıb. Odur ki, deputatlar barədə avtobioqrafik məlumatlar 1990-cı ilə, yəni seçkilərin başlanğıc dövrünə aiddir - T.Q.).

   Əvvəllər Ali Sovet hər bir seçkidən sonra deputatlar haqqında geniş bioqrafik məlumat kitabı nəşr edirdi. Elmira Qafarovanın parlament sədri olduğu illərdə Ali Sovetin tərkibinə dair heç bir kitabça hazırlanmamışdır. Bu, hər şeydən əvvəl, milyonlarla seçicilərə edilən etinasızlıq hörmətsizlikdir.

   Maksim Musayev əmək sərf edərək, Elmira Qafarovanın sədrlik etdiyi parlament üzvlərinin qısaca avtobioqrafik məlumatını hazırlayıb. Bu tarixi siyahının bəzi hissələrini oxuculara təqdim edirəm:

   QASIMOV FUAD FEYZULLA OĞLU. 1929-cu ildə anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirib. Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi, Bakı Sovetinin deputatı, Respublika Prezidentinin müşaviri.

   NƏCƏFOV NİYAZİ NƏCƏFQULU OĞLU. 1922-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. Polkovnik, SSRİ-nin əməkdar hüquqşünası, "Qırmızı Əmək Bayrağı", "Oktyabr inqilabı", "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Əzizbəyov rayon partiya komitəsinin birinci katibi.

   ƏLİZADƏ SƏNAN ƏLƏŞRƏF OĞLU. 1943-cü ildə anadan olmuşdur. Azərbaycan Neft Kimya İnstitutunu bitirib. Geologiya-minerologiya elmləri doktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatıdır. "Xalqlar dostluğu" "Şərəf nişanı" ordenləri ilə təltif olunmuşdur.

   ƏLİYEV ŞAİTDİN SƏRDAR OĞLU. 1947-ci ildə anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirib, mühəndis-hidrotexnikdir. Şüvəlan qəsəbə sovetinin sədri.

   AĞAYEV RÜFƏT AĞABABA OĞLU. 1945-ci ildə anadan olmuşdur. Azərbaycan Neft Kimya İnstitutunu bitirib. Bakı Şəhər Sovetinin deputatı, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi.

 

   ASLANOV SƏRVƏR RİZA OĞLU. 1930-cu ildə anadan olmuşdur. Tarix elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Pedoqoci Universitetinin rektoru.

   MEHDİYEV NADİR XUDAVERDİ OĞLU. 1939-cu ildə anadan olmuşdur. Səmərqənd Kənd Təsərrüfatı İnstitutunu bitirib. Biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası "BİOTEK" Elm-İstehsalat Birliyinin baş direktoru.

   ƏLƏSGƏROV FUAD NƏSRULLA OĞLU. 1937-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru.

   ŞİRİNOV İXTİYAR ƏLİBABA OĞLU. 1952-ci ildə anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirib. Beyləqan rayon prokuroru.

   DAŞDƏMİROV ƏFRAN FİRİDUN OĞLU. 1945-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü. "Qırmılzı Əmək Bayrağı" ordeni ilə təltif olunub. Azərbaycan KP MK-nın şöbə müdiri.

   AXUNDZADƏ YILMAZ CAVAD OĞLU. 1938-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. Bakı şəhəri Kirov rayon prokuroru.

   GÜLMƏMMƏDOV RAUF MƏMMƏD OĞLU. 1944-cü ildə anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Bakı Baş Tikinti İdarəsinin rəisi.

   NƏCƏFOV NƏCƏF ADİL OĞLU. 1955-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. "Azadlıq" qəzetinin redaktoru.

   CƏLİLOV FİRUDİN AĞASI OĞLU. 1947-ci ildə anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirib. Filologiya elmləri doktorudur. Bakı Dövlət Universitetinin dosenti.

   ƏLİYEVA DİLARA ƏLƏKBƏR QIZI. 1929-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. Filologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun bölmə müdiri.

   XƏLİLOV FƏRHAD QURBAN OĞLU. 1946-cı ildə anadan olmuşdur. Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbini Moskva Poliqrafiya İnstitutunu bitirib. Rəssamlar İttifaqının sədri.

   HÜSEYNOV İLHÜSEYN PİR HÜSEYN OĞLU. 1925-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirib. General-mayor, SSRİ DTK-nin fəxri əməkdaşı, "Qırmızı bayraq", "Qırmızı Əmək Bayrağı", "Qırmızı Ulduz" ordenləri ilə təltif olunmuşdur. Azərbaycan SSR DTK sədrinin birinci müavini.

 

   (ardı var)

 

Teyyub QURBAN

 

Ekspress.-2013.- 21-23 dekabr.- S.15.