"Riyaziyyatı sevmədiyim üçün aktyor oldum"

 

                                    Füzuli Hüseynov: Və məni səhnə maşinistliyindən aktyor ştatına keçirdilər...

 

Müsahibimiz Akademik Milli Dram Teatrının əməkdaşı, tanınmış aktyor Füzuli Hüseynovdur. Bir vaxtlar bu teatrda qoyulan əksər tamaşalarda əsas rolları ona tapşırardılar. Hətta Həsənağa Turabov kimi nəhəng aktyor öz rollarını ona həvalə edərdi. Səhhətində yaranan problemlə əlaqədar bir müddət səhnədən kənarda qalsa da, onun təbirincə desək, səhnənin ağ ciyərərinə işləmiş tozu onu yenidən teatra qaytardı.

       - Fizuli müəllim, özünüzdə aktyor olmaq arzusunu nə vaxt hiss etdiniz? Bildiyimə görə, riyaziyyatı sevməməyiniz sizi İncəsənət Universitetinə gətirib...

   - (Gülür) Deyəsən, rəhmətlik Vaqif Həsənoğludan eşitmişəm, deyirdi ki, istedadsız adam olmur. Adam var oğru kimi çox istedadlı olur, adam var riyaziyyatçı kimi, kiminin gözəl səsi olur, kimisi də aktyor kimi fitri istedada malik olur. Mənim uşaqlıqdan tarixə meylim güclü idi. Amma ali məktəblərin arasında, siz demişkən, təkcə Mədəniyyət və İncəsənət İnstitutunda riyaziyyatdan imtahan yox idi deyə, oranı seçdim. Bəli mən riyaziyyatı sevmədiyim üçün aktyor oldum. Əslində, bu o demək deyil ki, məhz ali məktəbə girmək xatirinə sənədlərimi İncəsənət Universitetinə vermişəm. Xeyr, böyük qardaşım həmişə kino və teatrla bağlı jurnallar alıb saxlayırdı. Mən də qardaşım evdə olmayanda, onun otağına girib jurnallara baxırdım. Amma qardaşım nədənsə həkimliyə üstünlük verdi. Mənsə tərsliyimə saldım, dedim ki, aktyor olacağam. Evdəkilər razı olmurdular. Çox dedilər ki, bu sənət mənlik deyil, bu sənətdə yalnız valideynləri aktyor olanlar irəli gedə bilirlər. Mən də xasiyyətcə çox tərsəm, fikirləşdim ki, qabiliyyət imtahanından keçə bilməsəm, sənədlərimi başqa ali məktəbə verərəm. Qabiliyyət imtahanından uğurla keçdim, yazılı imtahandan kəsildim. Amma ikinci il qarşıma məqsəd qoydum ki, İncəsənət Universitetinə mütləq girməliyəm. Və girdim də. Atam rəhmətlik çox sevinirdi. Biləndə ki, artıq tələbəyəm, dedi ki, "sənə hər şey qurbandı". Sonra maşının açarını mənə verdi ki, "götür, bu maşın sənindi". O dövrdə də "Qaz-21" ən samballı maşın sayılırdı. Dərslər başlayana qədər bir ay ərzində mən də dostlarımı yığırdım maşına hər gün gedirdik yeyib-içməyə. Axırda atam dözmədi, açarı əlimdən aldı. Bəlkə də bu müddətdə bir avtomobilin pulunu xərcləmişdim. Dedi ki, bu gedişlə sən nəinki institutu qurtara, heç oxuya da bilməyəcəksən. Mən də incimişdim, axı sonbeşik idim...

   - Sizin neftçi olmaq şansınız da olub deyəsən...

   - Bəli olub, bu məlumatlar sizdə haradandır? Mən Mədəniyyət və İncəsənət Universitetinə sənəd verdiyim birinci il bayaq da dedim ki, imtahandan kəsiləndən sonra valideynlərimin təkidi ilə sənədlərimi AZİ-yə (Dövlət Neft Akademiyası-İ.H) verdim. Deyəsən, orada bir nəfər tanış da tapmışdılar ki, qəbul olunmağıma kömək eləsin. Baxmayaraq ki, riyaziyyatdan zəif idim, həmin fəndən "4" aldım. Sonra gördüm ki, o biri imtahanları tapşırtdırıblar, özüm imtahana girmədim. Çünki ora qəbul olunmaq istəmirdim. Aktyorluq fakültəsi məni çox valeh eləmişdi.

   - Sizin dövrünüz İncəsənət İnstitutunun ən qaynar vaxtları idi. Amma sizdən sonra elə bil süstlük yarandı...

   - Bizim dövrümüzdə tələbələrə tam sərbəstlik verilmişdi. Biz istedadlı təbəqənin son həddi idik. Bizim kursda kimlər oxuyub: Bəhram Osmanov indi tanınmış rejissordur, Şərif Qurbanəliyev Az.TV-də, Məmmədsəfa Qasımov "Yuğ"da, Nahidə Orucova "Muzkomediya"da, Kişvər xanım, Naibə Allahverdiyeva Gənc Tamaşaçılar Teatrında, Vaqif Cabbarov İctimai Televiziyada çalışır... Bəzən hamı deyir ki, uşaq olub yenidən orta məktəbdə oxumaq istəyirəm. Amma mən orta məktəbi bitirəndə həqiqətən sevinmişəm və bu sevinci indi də duyuram. Amma mən tələbəlik illərini bir daha yaşamaq istəyirəm. Çox maraqlı tələbəliyimiz olub. Bizim kursdan sonra isə həyatını sırf teatra bağlamaq istəyənlərin sayı birdən-birə azaldı. Burada universitetin də günahı var. Mən heç kimin xətrinə dəymək istəmirəm. Amma eşitdiyimə görə, Mədəniyyət və İncəsənət Universitetində aktyorluq sənətindən dərs deməyən aktyor qalmayıb. Biz sənəti əsl sənətkarlardan öyrənirdik. İndi də müasirləşmə gedir, amma teatr köhnə olaraq qalır. Yeni janr tapmaq lazımdı. Necə ki, Həsənağa Turabov Azərbaycan teatrına səhnədə normal insan kimi danışmağı gətirdi. Ona qədər romantik, klassik danışıq tərzi hökm sürürdü. Tofiq Kazımov Azərbaycanda realist teatr məktəbini yaratdı. Teatr yeniləşməlidir, yeni məktəb yaranmalıdır. Tofiq Kazımovun böyüklüyü nədə oldu? O, Həsənağa Turabov, Fuad Poladov, Amalya Pənahova, Bəsti Cəfərova, Səməndər Rzayev kimi aktyorları teatra gətirdi. Yəni bir-birini əvəz edəcək nəsil yetişdi teatrda. Gəncləri heç olmasa, yoxlamaq üçün teatra gətirmək lazımdır. Mən institutu bitirib getdim əsgərliyə və qayıdandan sonra da teatra gəldim, girdim Həsənağa müəllimin yanına. Dedim ki, "Həsən müəllim, mən iki ərizə yazıram, biri işə qəbul olunmaq barədə, o biri də işdən getmək barədə. İşdən getmək barədə ərizəmə imza qoyuram, amma tarix yerini boş saxlayıram. Nə vaxt o yan-bu yan etsəm, tarixini yazıb məni işdən çıxararsınız. Amma məni işə qəbul edin. Özüm bilmək istəyirəm ki, bu peşədə qala bilərəm, ya yox?". Özümdə inam vardı ki, məni işə götürəcəklər. Həsənağa müəllim də özünəməxsus formada "adə, yer get işinlə məşğul ol. Elə şey olar? Götür, mənim rolumu oyna" dedi. Və "Şeyx Xiyabani" rolunu da verdi mənə. Və sonradan özünü xəstəliyə vurdu ki, o rolu həqiqətən mən oynayım. Mən də hələ o rolu tam öyrənməmişdim. Çətinliklə də olsa, tamaşanı oynadım. Tamaşanın səhəri günü işə gələndə gördüm ki, teatrın sərəncamçı direktoru o dövrdə Ədalət Vəliyev idi, mənə bir təşəkkür yazıb ki, "Şeyx Xiyabani tamaşasını xilas etdiyinə görə səhnə maşinisti Füzuli Hüseynova təşəkkür elan olunsun". Mən elə bu elanı oxuyurdum gördüm arxadan Həsənağa Turabovun səsi gəldi: "Gördün, alə, bəs deyirdin oynaya bilmərəm. Vəssalam, bundan sonra bu rolu sən oynayacaqsan..." Və məni səhnə maşinistliyindən aktyor ştatına keçirdilər.

   - "Yad qızı" tamaşasında Məzhər rolu həqiqətən də sizin üçün çox düşərli oldu. Bəzən aktyoru oynadığı rola görə çox qınayırlar. Rəhmətlik İsmayıl Osmanlı deyirdi ki, "Yeddi oğul" istərəm filmindəki Kələntər dayı roluna görə hətta onu vurublar da...

   - Vallah, siz dediyiniz kimi, "Yad qızı" televiziya tamaşasından sonra küçədə gəzə bilmirdim. İstər yaşlı bir xanım, istərsə də cavan qız olsun, yaxınlaşıb deyirdilər ki, vicdanınız necə yol verdi bir üzüyə görə sizi sevən bir qızı küçəyə atdınız. Mən, inanın ki, izah eləməkdən bezmişdim ki, bu, roldur, mənlik heç nə yoxdur. "Məzhər" rolu inanıram ki, kimə həvalə olunsaydı, o da eyni formada oynayacaqdı.

   - Bəs nə üçün məşhurluğunuzun zirvəsində birdən-birə teatrdan uzaqlaşdınız?

   - 10 ildən çox teatrdan kənarda qaldım. Bunun da bir neçə səbəbi oldu. Məni heç vaxt heç nə küsdürmür. Doğrudur, incidiyim anlar olurdu. Misalçün, bizim 90-cı ildə ilk dəfə Türkiyəyə səfərimiz oldu. "Sevgililərin cəhənnəmdə vüsalı" və "Bizim qəribə taleyimiz" tamaşaları ilə getdik Türkiyəyə. İstanbulda tamaşadan əvvəl Türkiyə mediası üçün bir mətbuat konfransı düzənləndi. Rəhmətlik Həsənağa müəllim aktyorlar barədə danışanda, məni xüsusi təqdim etdi. Dedi ki, "Füzuli teatra gəldiyi az müddətdə çoxlarının 15 ilə bacarmadığı işlərin öhdəsindən gəlib, onun gələcəyinə böyük ümidim var". Bizim bütün tamaşalarımızı və getdiyimiz yerləri lentə alırdılar. Tamaşadan sonra bəlkə də 1000 nəfər əlimizi sıxmaqdan ötrü növbəyə dayanırdı. Hətta əlimizi öpmək istəyənlər də tapılırdı. Qayıdıb gələndən sonra səfərlə bağlı veriliş hazırlandı. Lakin məni ümumiyyətlə göstərmədilər. Halbuki "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasında baş rolda oynayırdım. Hiss etdim ki, burada kiminsə əli var. Bundan sonra teatr təmirə dayandı. Demək olar ki, tövlə kimi yerlərdə tamaşa oynamağa məcbur idik. Mən özümü kiçilmiş, təhqir olunmuş hiss edirdim. Bundan başqa, həmin vaxtlar səhhətimdə problem yarandı. Get-gedə səsim batırdı. Sonra Moskvada müayinədən keçəndə, dedilər ki, "qida borusunda şiş var, mütləq əməliyyat olunmalıdır". Mən də sözün düzü, Moskvada əməliyyat olunmaqdan çəkindim, çünki tanıdığım bir adam yox, başıma bir iş gəlsə, meyitimi evə çatdırmağa adam lazımdır, ya yox? Ona görə Moskvadan qayıdıb getdim Türkiyəyə. Anamın əmisi oğlu Türkiyədə həkim işləyirdi. Türkiyəyə getməmişdən əvvəl Həsənağa müəllimin yanında oldum və ona işdən çıxmağım barədə ərizə verdim.

   - İşdən niyə çıxırdınız ki?

   - Çünki xəstəliyim uzunmüddətli müalicə tələb edirdi. Həm də təmirin sonu görünmədiyi üçün orda-burda tamaşa oynamaqdan bezmişdim. Guya teatr təmir olunurdu... Nə isə, ən yaxşı dövrlərimizi itirdik. Allaha şükür, şiş bədxassəli çıxmadı. Analizlər göstərdi ki, bir az geciksəydim, bədxassəli şişə çevriləcəkdi. Buna baxmayaraq dedilər ki, hər 3 aydan bir yoxlanmalıyam. Bu yoxlamalara görə iki il yarım İstanbulda yaşadım, demək olar ki, Türkiyənin çox hissəsini gəzdim.

   - Orada nə işlə məşğul olurdunuz?

   - Əsasən kommersiya işləri ilə məşğul olurdum. Rusiyadan ağac gətirirdik.

   - Əgər yaxşı biznes qurmuşdunuzsa, niyə qayıtdınız?

   - Bir məmləkətə alışmaq üçün gərək orda doğulasan. Mənim yaşımın elə dövrü idi ki, Türkiyəyə alışmağım çox çətin idi. Blimirəm, yaşaya bilmədim. İmkanlarım da yaxşı idi, hər şeyi atdım, getdim Rusiyaya. Təxminən 10 ilə qədər orada yaşadım. Çünki Türkiyə ilə müqayisədə Rusiyada yaşamaq mənim üçün daha rahat idi. Bu müddət ərzində burada bəzi filmlərə çəkildim, televiziya tamaşalarında rol aldım.

   - Necə oldu teatra yenidən qayıtdınız?

   - Məni teatra Mərahim Fərzəlibəyov qaytardı. Mərahim müəllim məni həqiqətən inandırdı ki, sən bu teatrın səhnəsinin neçə il tozunu udmusan, yenidən o toz ağciyərərinə gedən kimi hər şey əvvəlki kimi olacaq.

   - Türkiyədə olanda teatr və ya kinoyla bağlı təkliflər aldınızmı?

   - Teatrla bağlı olmadı, amma kino ilə bağlı oldu. "Ölülər" filmində "İsgəndər" roluna çəkilən rəhmətlik Yılmaz Durunun adamları bir dəfə gəldilər yanıma. Mən "Ölülər" filmində bir epizodik rola çəkilmişəm. Oradan Yılmaz Duru ilə tanışlığımız vardı. Əvvəlcə öyrəndim ki, qonorarımız nə olacaq. Dedilər, "Azərbaycanda nə alırdınızsa, burada da onu alacaqsınız". Dedim ki, çəkilmirəm. Yəni, yerli aktyorlarla bizim aramızda fərq qoymaları mənə pis təsir etdi.

   - Bu gün il ərzində istehsal olunan yerli filmlərin sayı artıb və digər tərəfdən ölkədə serial istehsalı günü-gündən böyüyür.

   - Mən film və serialla bağlı çoxlu təkliflər alıram. Amma hələ də nə samballı ssenari ilə rastlaşmışam, nə də samballı rejissordan dəvət almamışam. Hərdən dost-tanışların xahişi ilə bir-iki xırda rola çəkilməklə kifayətlənirəm. Çəkilərik də, hələ nə yaşımız var ki...

 

  

İltifat HACIXANOĞLU

 

Ekspress.-2013.- 21-23 dekabr.- S.19.