"Heç vaxt
boyuma görə kompleksim
olmayıb"
Almaz Mustafayeva: "Aktyorun istedadı, bacarığı,
obrazı necə görməsi əsasdır"
Əməkdar artist Almaz Mustafayeva son dövrlər "Üç bacı" serialındakı Kübra rolu ilə bir daha məşhurluq qazandı. Həqiqətən serialın ən dadlı-duzlu epizodları Maarif və Kübra (Cəfər Namiq Kamal və Almaz Mustafayeva) cütlüyünün macəralarıdır. Obraza bu qədər yumoristik nüanslar, xırdalıqlar qatmaqla Almaz xanım epizodlarını əsl bayrama çevirir. "Kulis.az" da Gənc Tamaşaçılar Teatrının aktrisasının populyarlığının "ikinci baharını" nəzərə alaraq müsahibə götürüb. Müsahibəni oxucularımıza təqdim edirik.
"O
zaman
indiki kimi
deyildi..."
- Almaz xanım, bu qədər müsbət enerjinin mənbəyi nədir?
- Bilmirəm, yəqin, təbiətən beləyəm. Yaşımı hiss etmirəm. 64 yaşım var, amma qətiyyən bu yaşda deyiləm. Gənclərlə ünsiyyətdə olmağı sevirəm. Oğlanlarımın dostları ilə dostluq edirəm, mənə onlarla maraqlıdır...
- Öz uşaqlığınız necə keçib?
- Bakıda
yaşamışıq. Atam məmur, anam ev xanımı idi. Uşaqlıqda çoxlu dərnəklərə
getmişəm. Əfsər müəllimin
xor dərnəyinə
gedirdim. Tanınmış aktyorların çoxu o xora gəliblər. O
xorda oxuya-oxuya AzTV-nin uşaq redaksiyasının verilişlərində
-"Qaranquş" da,
"Tonqal"da, "Gecəniz
xeyrə qalsın"da
iştirak edirdim. Bu redaksiyada tanıdıqlarınızın
çoxu var idi: Fuad Poladov,
rəhmətlik Yaşar
Nuri, Pərviz Bağırov... On ilə qədər "Cücələrim" xor
ansamblında oxumuşam,
baletə də getmişəm. O zaman
indiki kimi deyildi, uşaqların təhsilə də, əlavə maraqlara da vaxtı çatırdı.
İndi uşaqlar hər şeydən məhrum olublar, nə dərnəklərə
gedə bilirlər, nə musiqiyə vaxtları qalır...
Məktəbdə oxuyanda, "Sehrli
xalat" filmində Səidə roluna çəkildim. Nitqim filmin
rejissoru Əlisəttar
Atakişiyevin elə xoşuna gəldi ki, uşaq rollarını
səsləndirmək üçün
məni dublyaj şöbəsinə apardı.
O vaxtdan -1964-cü ildən
bu günədək dublyajda çalışıram.
Gənc Tamaşaçılar Teatrında Əkrəm Əylislinin "Mənim nəğməkar bibim"
əsərini tamaşaya
hazırlayırdılar. Çox gözəl əsərdir.
Mənə o əsərdə baş qəhrəmanı
-Sadığı verdilər.
Firəngiz xanım Şərifova
mənim bibimi oynayırdı. Bu, teatrın bir nömrəli tamaşası
idi. Bu tamaşa
ilə Gənc Tamaşaçılar Teatrına
gəldim və direktorun da təkidi
ilə burada qaldım. Sonralar çoxlu baş
rollar oynadım, hətta "Qaraca qız" tamaşasını
məhz mənə görə hazırlamışdılar.
Tamaşada Qaraca qız
qavalla rəqs edib pul yığır.
Bunu o qədər canlı oynayırdım ki, tamaşaçılar səhnəyə
xırda pul atırdılar.
Bir dəfə də
"Əlvida, Hindistan!"
tamaşasında oynayırdıq.
Orada mən yoxsul hindlini -Ramonu oynayırdım. Tamaşada elə
bir situasiya oldu ki, kahin
məni itələyəndə,
yıxılıb ayağımı
sındırdım. Amma o vəziyyətdə
epizodu sonadək oynadım. Tamaşa bitən kimi
məni elə səhnə geyimindəcə
xəstəxanaya apardılar.
Təsəvvür edin, çirkli,
yamaqlı bir hindli uşaq geyimində xəstəxanaya
çatdırılmışam. Oradakı xəstələr
mənə baxıb deyirdilər: "Vay-vay!
Allah heç bir uşağı yetim eləməsin..." (gülür)
- Bəs kinodakı işləriniz...
- Çoxları
bilmirlər, amma "Şir evdən getdi" filmində meymunu mən oynamışam (gülür).
- "Üç
bacı" serialındakı
Kübra ilə daha çox populyar oldunuz...
- Özümdə
komediya cəhətinin
güclü olduğunu
bilmirdim. Bir dəfə Nicat
Kazımovun "Ah qadınlar,
qadınlar..." tamaşasında
"Zaqs" işçisi
rolunu oynadım.
Nicat əvvəlcə bu rolu verməkdə tərəddüd edirdi ki, "Almaz xanım həmişə baş rollarda oynayıb, ona kiçik rol verməyim". Amma rolu
bəyəndim və istədim. Hind rəqsi
ifa etdim, o qədər gözəl alındı ki... Azər Mirzəyevlə oynadığımız o epizoddan
sonra beş
dəqiqə əl çaldılar.
"O
məni
dəlicəsinə sevirdi..."
- Almaz xanım, mərhum həyat yoldaşınız
Vaqif Mustafayev də teatrda rəssam işləyirdi. Necə tanış
olmuşdunuz?
- Onunla təsadüfən tanış olduq. Ümumi tanışımız
olan bir rəssam tanış
etdi bizi. Sonra uzun müddət dostluq etdik. Dostluğun nə zaman sevgiyə
çevrildiyini özümüz
də bilmədik.
O məni, doğrudan da, dəlicəsinə sevirdi. Elə mən də
onu. Məncə, hər insanın
həyatında belə
böyük bir məhəbbət olmur (gözləri dolur).
Vaqif o zaman bizdə bəlkə də yeganə ali
təhsilli modelyer-rəssam
idi. Vyaçeslav Zaytsevin tələbəsi
olmuşdu. Yüngül Sənaye Texnikumunda dərs deyirdi. Bizdə bu sənət o qədər də ciddi qavranılmır.
Amma bu, göründüyü
qədər də asan sənət deyil. Vaqif bir neçə
filmdə, o cümlədən,
"Qətl günü"
filmində geyim üzrə rəssam kimi çalışıb.
Çox
gözəl, ürəyiaçıq
insan idi. Bilirsiniz, rəssamlar qeyri-ordinar adamlar olur. Gecə saat üçdə qonaq gələ bilirdilər, qalxıb süfrə açırdıq,
məclis qururdular.
Tələbələri onu
o qədər sevirdilər
ki...
Çoxlu planları vardı...
O vəfat edəndə, uşaqlar balaca idilər. Turalın 11, Mustafanın
14 yaşı var idi. Mənə çox çətin
idi (gözü dolur). Elə bil, öldüm,
sonra təzədən
dirildim. Elə depressiyada
idim ki, həftələrlə yataqdan
qalxmırdım. Uşaqlarıma baxmırdım. Bir an başa düşdüm
ki, belə getsə, uşaqlarımı
da itirəcəyəm.
Toparlandım...
- Ailə üzvləriniz yaradıcı
insanlardır. Oğlunuz Tural
Lənkəran Teatrının
baş rejissorudur,
Mustafa teatr rəssamıdır.
Gəlininiz də opera müğənnisidir.
Belə mühitdə yaşamaq necədir?
- Hamımız
bir-birimizi anlayırıq.
Söhbətlərimiz tutur.
- Teatrla məşğul olub maddi ehtiyacları ödəmək mümkün
deyil az
qala. Ailə başçısını itirmiş
və teatrla məşğul olan, üstəlik, övladları
da bu sahəyə
yönəlmiş qadın...
- Həmişə
deyirəm, 90-cı illər
ömrümə yazılmasın.
95-ci ildə həyat
yoldaşımı itirdim.
Maaşlarımız cüzi idi və aylarla verilmirdi. Bütün qızıllarımı satdım ki, uşaqlar ehtiyac çəkməsin. Qədimi xalçalarımı,
hətta Vaqifin bağışladığı sevdiyim ətirləri, bəzək əşyalarımı
belə dəyər-dəyməzinə
satdım. Allah mənim əziyyətimi yerdə qoymadı. Uşaqlarımın tərbiyəsi ilə
öyünə bilərəm.
Sağ olsun Rəssamlar İttifaqı,
bizdən Vaqifin emalatxanasını almadılar
ki, oğlu da rəssamdır, ona lazım olacaq.
- Bu məhrumiyyətləri
görəndən sonra
uşaqlarınızın bu
sahəyə yönəlməsinə
qarşı çıxmadınız?
-
Mustafa 3 yaşından rəsm
çəkirdi. Onun qabağına
keçmək mümkün
deyildi. Tural məktəbi yaxşı
oxuyurdu. İstəyirdim ki, həkim olsun. O, tibb kollecini belə oxudu. Eyni zamanda, teatrda
səhnə maşinisti
işləyirdi. Vaqif İbrahimoğlu
ilə qonşu idik. Onu teatrda işləməyə
də o aparmışdı.
Dedi ki, tələbələrimin içində
Tural kimi biri olsa, elə
bilərəm, dərsim
hədər getməyib.
Turalın arzularının qarşısına keçə
bilmədim. Dedim
ki, "get, acların
komandasında biri də artsın". Bəlkə də yaxşı oldu, çünki Tural öz sənətini
çox sevir.
- Elə rollar varmı ki, onları arzulayırsınız, amma
hansısa səbəbdən
oynamağınız mümkün
deyil?
- Heç vaxt öz boyuma
görə kompleksim olmayıb. Axı niyə ananı
oynaya bilmərəm, bir halda ki,
həyatda anayam, nənəyəm. Məgər bunun
standartları var?
Fakturam məhdudluq yaratmamalıdır.
Aktyorun istedadı, bacarığı,
obrazı necə görməsi əsasdır.
- "Üç bacı"da gizli sevgi yaşayan
ahılların -Maarif
və Kübranın romanının axırı
necə olacaq?
- Bunu heç mən də bilmirəm. Elə bil o ssenarini yazan məni tanıyan adamdır. Bu serialdan qazandığım maddi baxımdan simvolik olsa da, mühitdən, auradan, prosesdən çox enerji alırıq. Bir ailə kimiyik orada...
Ekspress.-2013.- 21-23 dekabr.- S.20.