"Hamının Səlahəddin
Əyyubiyə sahiblənməsi sevgidəndi"
Vüqar Zifəroğlu:
"Qardaşlarının adları Turanşah,
Tuğtəkin və Börü olub, bundan nəticə
çıxarmaq lazımdır"
Avropalıların xaç
yürüşünü dəf etmiş əfsanəvi hökmdar
Səlahəddin Əyyubi şəxsiyyəti bütün
zamanlarda sevgi və maraq mənbəyi olub. Bununla paralel olaraq onun etnik
kimliyi də daim
mübahisə predmeti olub,
şəxsi ilə bağlı müxtəlif iddialar
irəli sürülüb.
"Oğuz" Müstəqil
Araşdırmaçılar Qrupunun rəhbəri, filologiya
elmləri doktoru Vüqar Zifəroğlu XII əsrdə
yaşamış Səlahəddin Əyyubi şəxsiyyəti
haqda səsləndirilən fikirlər və onun gerçək
həyatı haqda maraqlı bilgilər danışır.
- Səlahəddin Əyyubi təkcə
türk-islam aləmi üçün deyil,
bütövlükdə dünya tarixində özünəməxsus
yeri olmuş tarixi şəxsiyyətdir. O, Yaxın Şərqə
yeni sima bəxş etmiş nadir insandır. Səlahəddin
Əyyubi haqqında çox
yazılıb, bir çox
elmi araşdırmalar aparılıb. Lakin hələ də bu böyük şəxsiyyətin kimliyi, onun fikir
və ideya qayəsinin tam
olaraq nədən ibarət olması ilə
bağlı yekun fikir
söylənilməyib. Bu səbəbdən
ixtisasca tarixçi olmasam da, bu
böyük şəxsiyyətə vurğunluğumdan onun həyat
fəlsəfəsi və gerçək kimliyi
ilə bağlı araşdırma aparmaq
qərarına gəldim. Səlahəddin Əyyubi dünya tarixinə adını qızıl hərflərlə
yazdırmağı bacarmış o şəxsiyyətlərdəndir
ki, istər etnik, istər
dini kimliyindən asılı olmayaraq onun etdikləri
qarşısında valeh olmaya
bilmirsən. Səlahəddin Əyyubiyə son dərəcə böyük
hörmət və pərəstiş duyan
"şir ürəkli"
Riçardın "İnsanlığı Səlahəddindən
öyrəndim" məşhur kəlamı orta
əsr Avropa tarixi mənbələrində
dəfələrlə təkrarlanır. Ümumiyyətlə,
Avropanın adı əfsanələşmiş bu qorxmaz və cəsur
hökmdarı ilə Səlahəddin arasında qarşılıqlı
hörmət üzərində köklənmiş münasibətlər
olub. Məsələn, İngiltərə
kralı döyüşlərin birində yaralandıqda Səlahəddin
ona özünün
şəxsi həkiminin xidmətini təklif etmişdi.
Daha sonra Ərsuf döyüşündə Riçard atını itirdikdə, müsəlmanların
mərd sultanı öz rəqibinə iki at yolladı.
Frankların düşərgəsində su
çatışmazlığı haqqında eşitdikdə
isə Səlahəddin onlara dağlardan yığılmış qar içində meyvə yolladı. Öz növbəsində, Riçard
öz bacısını Səlahəddinin
qardaşına verməyi və Qüdsü
onların toy hədiyyəsi etməyi təklif
etdi.
Səlahəddin Yaxın Şərqə min ildən bəri ehtiyac duyduğu barışı və nizamı gətirdi. Dini ayrı-seçkilik olmadan Yaxın Şərqdə hamının rahat şəkildə yaşaya biləcəyini və ədalətli idarəçiliyin modelini ortaya qoymuş oldu. Amma onun vəfatı ilə Yaxın Şərqə hətta az müddətə olsa belə gəlmiş sülh və sabitlik də sona çatdı. Qohumları imperatorluğu aralarında bölüşdürməyə girişərkən, dostları İslam dünyasının ən cəsur və əliaçıq hökmdarının məzarını belə düzəltdirməyə yetəcək qədər pul ayrılmadığını gördülər. Və tarixin acı istehzası o idi ki, 1917-ci il dekabrın 11-də Qüdsə daxil olan ingilis ordularının komandanı general Edmund Hinman Allenbi Səlahəddin Əyyubinin məzarına təpiklə vuraraq, "Qalx, Səlahəddin, biz yenə gəldik" deyirdi.
- Bu gün Səlahəddin
Əyyubinin milli mənşəyi haqqında ziddiyyətli
fikirlər bildiririr. Sizcə, bu fikirlər haradan qaynaqlanır
və əsl həqiqət nə deyir?
- Böyük tarixi şəxsiyyətlər
barədə həmişə mübahisələr gedir,
onların ideya və fikirlərindən tutmuş, milli mənsubiyyətləri
və soy kökləri ilə bağlı mübahisələr
dolaşır. Bir daha
təkrarlamağı özümə borc
bilirəm ki, Səlahəddin Əyyubi etnik kimliyindən asılı olmayaraq
həm türk, həm İslam
dünyası üçün dünya öz
varlığını sürdürdükcə adının
unudulması mümkün olmayacaq
bir şəxsiyyətdir. Onu
türkün sevdiyi qədər
ərəb də, fars da,
kürd də, bəluc da,
əfqan da sevir. Sevir və ona olan bu sevgisinə sahiblənmək
arzu və istəyini o
qədər böyüdür ki, onunla öz
arasında bir bağ
axtarır. Bu böyük
tarixi şəxsiyyətin soy
kökü ilə bağlı ziddiyyətli
fikirlərin qaynaqlanmasının ilk səbəbi
də məhz bu sevgidi.
Təbii ki, başqa bir səbəb də həqiqətlərin
aşkarlanmasında maraqlı olmayan yad qüvvələrin tarixi
mənbələri qarışdırmasının nəticəsidir.
Mənbələri, qaynaqları o qədər
qarışdırıblar ki, nəyin düz, nəyin yanlış olduğunu
ayırd etmək çox çətindir.
Lakin son
araşdırmalar Səlahəddin Əyyubinin atasının
Şadılı türk tayfasına mənsub
olduğunu ortaya qoyur. Səlahəddinin anası türk hökmdarı sülaləsindəndir
və Şəhabəddin Tokuşun
bacısıdır. Səlahəddinin həyat yoldaşı da köklü bir türk xatunu
olub - İsmet Amine bin Muin
al-Din Unur.
Bacısı da İsmət xatunun qardaşı Sadəddin Məsud ilə
ailə qurub. Məsudun vəfatından sonra isə başqa bir türk bəyi - Harran hökmdarı Gökbörü
ilə nikaha girib. Səlahəddin
Əyyubinin digər bacısı Zümrüd
Xatunun da əri türk bəyi olub.
Əyyubilərin dövlət nişanı səlcuqlarda olduğu kimi qartal olub. Dövlət
idarəçilik sistemi də eynən türk dövlətlərində olduğu kimi, divan və məşvərət qrupu sisteminə əsaslanırdı. Səlahəddinin
qardaşlarının adları da maraq doğurmaya bilmir: Turanşah, Tuğtəkin
və Börü. Bunlar
hamısı bilinən həqiqətlərdir. Sadəcə, bunlardan nəticə çıxarmaq
lazımdır.
- Bu gün ortada daha ciddi qaynaqlar
varmı ki, Səlahəddin Əyyubinin türk olmasını
sübut etsin?
- Təbii ki,
var. Sadəcə, daha
çox axtarmaq və
tapmaq lazımdır. Məsələn,
dövrün şairlərindən Sənaülmülk
Hələbin alınmasından sonra
yazdığı mədhiyyəsinin bir
beytində qeyd edir ki, "Ərəb xalqı türklərin
dövləti ilə ucaldı. Əhli-səlib Əyyubun oğlu tərəfindən pərişan edildi".
İbn Xəlliqan "Vəfayat əl-ayan" ("Görkəmli adamların ölüm tarixi") adlı əsərində yazır ki, "Şirkuh demişdir ki, bizim nəslimiz Gök Böridir". Məşhur tarixiçi ibn Xaldun müqəddiməsində Məmlüklərin və Əyyubilərin tək bir türk dövləti olduğunu yazır. Səlahəddinin təmiz türk oyunu olan çövqan oyununun mahir ustası olduğu tarixi mənbələrdə qeyd edilir. Mənbələrin sayını artırmaq olar. Həm də bura Şadılı tayfasının da etnik kimliyi ilə bağlı araşdırmaları əlavə etsək, İslam tarixinə "Vəliullah" ləqəbi ilə adı keçmiş bu böyük şəxsiyyətin türk olduğunu ortaya qoymuş oluruq. Yeri gəlmişkən, hörmətli alimimiz Firudin Ağasıoğlunun Şadılı tayfası ilə bağlı son dərəcə qiymətli araşdırmaları var.
- Ümumiyyətlə, orta əsrdə avropalıların Yaxın və Orta Şərqə təşkil etdikləri xaç yürüşlərinin məğlubiyyət səbəbini nə ilə bağlayırsınız? Xüsusilə onlar müsəlmanlardan silah, mənəvi-psixoloji cəhətdən yaxşı təchiz olunsalar da məğlub oldular. Səlahəddin Əyyubinin xaçlılar üzərində parlaq qələbə qazanmasının səbəbi nədə idi?
- Səlahəddinin mahir dövlət xadimi və sərkərdəlik qabiliyyəti. Və ən əsası da ona olan hədsiz sevgi və bağlılıq. Bu sualınıza ən gözəl cavabı böyük mütəfəkkir Əbdüllətif əl-Bağdadinin fikri ilə vermək olar: "Səlahəddin Əyyubini heybətli insan olaraq gördüm. Sözləri qəlblərə təsiredici idi. Yanına ilk gəldiyim gün məclisinin alimlərlə dolu olduğunu gördüm. Hərəsi müxtəlif elmlərdən danışırdı. Sultanın yaxınları onu özlərinə örnək götürür, yaxşılıqda yarışırdılar. Müsəlman da, kafir də sultanı çox sevirdi. Onun ölümü ilə insanlar həqiqi bir atanı itirdilər, ölümünə kədərlənməyən bir insan olmadı".
Ekspress. - 2013.- 21-23 dekabr.- S.17.