İKT-nin hədəfləri

 

                                                                                  İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

                                       Əli Abbasov: "İnternetdən istifadəyə görə Azərbaycan MDB Orta Asiya ölkələri arasında birinci yerdədir"

 

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" adlı konfrans keçirilib. Konfransda Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov, maliyyə naziri Samir Şərifov, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak ediblər. Tədbirdə Azərbaycanın son ildə keçdiyi inkişaf yoluna nəzər salınıb.

   "Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük uğurlara imza atacaq" deyən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədovun sözlərinə görə, hazırda Azərbaycan öz tarixinin qızıl dövürünü yaşayır: "Ölkəmizin inkişaf reallıqları Azərbaycan tarixinin ən yaddaqalan hadisələridir. Dünyanın bir çox xalqları öz tarixinin qızıl dövrünü keçmişində axtarır. Azərbaycan isə öz qızıl dövrünü indi yaşamaqdadır. Son 10-20 il ərzində keçdiyimiz inkişaf tarixi bunu söyləməyə əsas verir. Məhz elə buna görə Azərbaycan xalqı bu il keçirilmiş prezident seçkilərində öz səsini yenidən İlham Əliyevə verdi".

   Baş nazirinin birinci müavini Yaqub Eyyubov qeyd edib ki, Azərbaycan beş ildir MDB dövlətləri arasında öz iqtisadi liderliyini qoruyub saxlayır. Y.Eyyubov vurğulayıb ki, beynəlxalq reytinq agentlikləri hətta beynəlxalq iqtisadi böhran zamanı da Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya səviyyəsində dəyərləndirib. Baş nazirin birinci müavini qeyd edib ki, bu, prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir.

   Eyyubov əlavə edib ki, Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması nəinki bu sahənin, bütün sahələrin inkişafına öz töhfəsini verəcək.

   Maliyyə naziri Samir Şərifov qeyd edib ki, Azərbaycan xalqının sülh, əmin-amanlıq, sosial rifah şəraitində yaşaması prezident İlham Əliyevin qarşıya qoyduğu strateji hədəflərin icrası nəticəsində mümkün olub: "Ötən 10 ilin nəticələri göstərir ki, prezident İlham Əliyev xalqımızı qələbələrdən qələbələrə apara bilib. Ona görə də xalqımız Heydər Əliyevə və onun siyasətinin uğurlu davamçısı İlham Əliyevə dərin hörmət və ehtiram bəsləyir".

   Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov informasiyakommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlardan və qarşıda duran hədəflərdən söhbət açıb. Onun sözlərinə görə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: "Bir çox göstəricilər üzrə, o cümlədən internetdən istifadəyə görə Azərbaycan 70 faizlik göstərici ilə MDB və Orta Asiya ölkələri arasında birinci yerdə gəlir. Mobil sektorda da Azərbaycan irəlidədir. Ölkənin ərazisinin çox hissəsi mobil rabitə ilə əhatə olunub".

   Nazir vurğulayıb ki, Azərbaycan ÜDM artımında telekommunikasiya sektorunun xüsusi rolu var.

   Ə.Abbasov deyib ki, Azərbaycan ilk süni rabitə peykindən artıq 10 mln. dollar gəlir əldə edib və peyklə bağlı cəlb edilən kreditlərin 70%-ə qədəri qaytarılıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda İKT-dən əldə edilən gəlir 2 mlrd. dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 mlrd. dollara çatacağı gözlənilir. Bu sahədə orta illik artımın 15-18% olacağı prqnozlaşdırılır. "Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil. Ona görə də innovaftiv xarakterli xidmət və məhsulların xaricə çıxarılması əsas götürüləcək", - deyə nazir vurğulayıb (APA).

   Abbasov 2020-ci ilə qədər dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin 100%-nin "Elektron Hökumət" vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80%-ə çatdırılması nəzərdə tutulur. O qeyd edib ki, "Qızıl üçbucaq" deyilən konsepsiya üzərində aparılır: "Birinci növbədə intellektual insan potensialı yetişdirilməlidir. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli biznes mühitinin yaradılması ilə bağlıdır. Texnoparkların yaradılması və yeni vergigömrük siyasəti bura daxildir. Üçbucağın üçüncü bucağı kapitala bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə, "Qızıl üçbucaq" konsepsiyası uğurla həyata keçiriləcək".

   Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsini zəruri sayan rabitə və informasiya texnologiyaları naziri deyib ki, 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 mlrd. dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir: "Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir verdiyini nəzərə alsaq, hədəflərimizə nail ola bilərik".

   Nazir onu da deyib ki, Azərbaycanın "Azerspace-1" süni rabitə peykinin istismarından əldə olunan gəlirlər artmaqda davam edir. Onun sözlərinə görə, təkcə bu ilin 6 ayında əsas fəaliyyətdən təxminən 10 mln. ABŞ dolları həcmində gəlir əldə olunub. Ə.Abbasovun bildirdiyinə görə, "Azerspace-1" peykinin gəlirləri artan xətt üzrə inkişaf edir. Nazir, bu peykin istismarında əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrinin maraqlı olduğunu deyib.

   "Azərbaycanda internet xidmətlərinin ucuzlaşdırılması istiqamətində dövlət tərəfindən yeni tədbirlər planı hazırlanır". Bunu isə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərlə söhbətində deyib. Onun sözlərinə görə, internetin qiymətlərində mütəmadi olaraq ucuzlaşma gedir.

   Nazir bildirib ki, internet xidmətləri adətən bazarda dövlət tərəfindən tənzimlənməyən xidmətlərə aid olur, lakin internet tariflərinin ucuzlaşmasında dövlətin də rolu var. Ə.Abbasovun sözlərinə görə, Azərbaycanda mövcud internet tariflərinin aşağı salınması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən xüsusi planlar hazırlanıb və artıq yaxın vaxtlarda onlar açıqlanacaq.

   İT-in İnkişafı üzrə Dövlət Fondu qərarlar verdi

       Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə qəzetimizə RİTN-nin mətbuat xidmətindən bildirilib.

   Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda müşahidə şurasının üzvləri dörd məsələ ətrafında müzakirələr aparıblar. İclasın gündəliyinə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitlərinin yerləşdirilməsində iştirak edəcək yeni müvəkkil kredit təşkilatları və bankların təklifləri, müvəkkil təşkilatlarla fond arasında bağlanılan nümunəvi müqavilələrə edilən dəyişikliklər, qrant müsabiqələrində iştirak edən layihələrin seçim meyarları və bundan öncə artıq qəbul edilmiş sənədlərdə texniki dəyişikliklərin edilməsi məsələləri müzakirə edilib.

   Sonda banklarlaya müvəkkil kredit təşkilatları ilə fond arasında başlanılacaq nümunəvi müqavilənin formasında, qrant müsabiqələrinin keçirilməsi qaydalarına texniki dəyişikliklər tətbiq edilməsi və gündəlikdə duran digər məsələlərlə bağlı yekdilliklə müsbət qərar qəbul edilib.

   Həvəskar proqramçıların sayı artır

   Dünyadakı 18,5 milyon proqram tərtibatçısının təxminən 7,5 milyonu üçün proqramlaşdırma əsas hesab edilmir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə "IDC" analitik şirkətinin məlumatında deyilir.

   Həvəskar proqramçıların sayı peşəkar proqramçılarla müqayisədə daha sürətlə artır və gələcəkdə onların sayının daha sürətlə artacağı gözlənilir. Analitiklər tərəfindən proqram tərtibatı ilə ayda ən azı 10 saat məşğul olanlar digər işdən qazanc əldə etmələrinə baxmayaraq həvəskar hesab edilir. Onlardan bəziləri proqramlaşdırma ilə sevimli məşğuliyyət kimi məşğul olur, digərləri əlavələrin satışından qazanc götürməyə çalışır və ya açıq kodlu layihələrdə iştirak edir, öz əsas işinin avtomatlaşdırılması üçün proqramlar yazır.

   Analitiklər qeyd edirlər ki, internet vasitəsilə biznes həyata keçirən İT şirkətlər və digər təşkilatlar bu insanları diqqətdən kənarda qoymamalıdır. Həvəskar proqramçılar bəzən yeni texnologiyalardan daha yaxşı xəbərdar olurlaronlar arasında daimi üçün namizədlər tapmaq mümkündür. "Texnologiya sektoru inkişaf edən ölkələrdə həvəskarların proqram tərtibatçıları arasında payı onların əksəriyyətinin zaman keçdikcə peşəkar tərtibatçıların sırasını doldurması səbəbindən azlıq təşkil edir".

          

   Səhifəni hazırladı Qənirə MƏMMƏDLİ

 

     Ekspress.-2013.- 24 dekabr.- S.9.