"Mən sənətkaram, ya kartof satan?"
Yalçın Rzazadə:
"30 yaşım oldu, tanımadılar, 50 oldu, yada
düşmədim, 65 oldu, xatırlanmadım..."
"Səməd Səmədov bir vaxtlar özü
deyirdi ki, müğənni deyil. İndi xalq artisti
adı alıb. Səməd yaxşı dost ola bilər, görüşəndə
qucaqlaşa bilərik, amma mən onun hansı səsinə,
hansı mahnısına qulaq asım?
"Sənətkar diqqətsizlik görəndə əsəbləri
pozulur, özünü yaxşı hiss etmir". Bu sözləri
xalq artisti Yalçın Rzazadə APA-ya müsahibəsində
bildirib. Sevimli sənətkarımız özünü
yaxşı hiss etmədiyini, son vaxtlar çox əsəbi
olduğunu deyir...
- Yalçın müəllim, necəsiniz?
Səhhətinizdə problemlər
yaranmışdı, indi özünüzü necə hiss
edirsiniz?
- Vallah, desəm yaxşıyam,
yalan olar. Özümü yaxşı hiss etmirəm. Son vaxtlar çox əsəbi olmuşam. Evdə də, işdə də tez-tez əsəbiləşirəm.
Evdə bir söz deyilən kimi o dəqiqə hirslənirəm,
sonra peşman oluram ki, axı mənə kim
nə dedi? Təzyiqə görə gözümə qan dolub,
qıpqırmızı idi, indi-indi bir az
düzəlib. Bilirsiniz, belə şeylərə
dözmək olar, amma mənəvi dayaq duymuram. Sənətkar diqqətsizlik görəndə əsəbləri
pozulur, özünü yaxşı hiss etmir.
- Kimdən dayaq
görmürsünüz?
- Xalqdan, dinləyicilərdən həmişə
böyük dayaq görmüşəm. Çalışıram
maşını çox sürməyim, əsəbiləşirəm.
Bu yaxınlarda işə gəlirdim, Statistika
Komitəsinin yanında yol polisinin əməkdaşları
maşınımı saxladılar. İki yoldaş
yaxınlaşdı, dedim, qaydanı harada pozdum ki, məni
saxladınız? Dedilər, Yalçın müəllim,
heç nə etməmisiniz, sizi saxladıq ki, o kişi əlinizi bir sıxaq. Başıma elə
bil tac qoydular. Ən çətin
vaxtlarımda, sınmaq məqamında öz-özümə
demişəm ki, şikayət etməyə, sınmağa, əyilməyə
ixtiyarın yoxdur, çünki bu xalqın sevimlisisən.
Bu gün də ayaq üstəyəm,
çalışıram, yeni mahnılar hazırlayıram.
Bu gün Azərbaycan mədəniyyətində,
incəsənətində o qədər problem var ki, kənara
çəkilməyə haqqım yoxdur.
Açığı,
söhbət bilirsiniz nədən gedir? Xalq
artistiyəm, professoram. Televizora baxıram, birinə
"Şöhrət", o birinə "Şərəf"
ordeni, başqa birisinə ev verilir. Məni düz başa düşün, bunları demək
istəməzdim, amma məcburam. Bu ordenləri, evləri
alan adamların zəhməti mənim Azərbaycan
mədəniyyəti üçün çəkdiyim əziyyətin
heç on faizi də deyil. Mən Azərbaycan
musiqisinə, geyiminə zövq gətirmişəm. Görün, kimlərlə eyni səhnədə
çıxış etmişəm? Ev
üçün bir neçə dəfə məktub da
yazmışam. Bir dəfə evdə xəstə
yatmışdım, dostlar bizə gəldilər. Soruşdular ki, Yalçın, sən bu evdə
yaşayırsan? Dedim, bəs siz nə fikirləşirdiniz?
Elə bilirdiniz, üçmərtəbəli
villada yaşayıram? Nə isə, başa saldım ki,
belə şeylərə fikir vermirəm, əlbəttə,
bir az təmir lazımdır. Bilirsiniz, yenə ağlamaq kimi çıxır.
Təmir etmək üçün də pul
lazımdır. Dostlarım prezidentin
saytına gördükləri vəziyyəti
yazmışdılar. Məsələ Mədəniyyət
və Turizm Nazirliyinə tapşırılmışdı.
Nazirlikdə Sevda Məlikova adlı bir xanım var, demişdi,
indiyə qədər Yalçına üç ev verilib, onu satıb, dördüncü evi də
təmir edərək kirayəyə verib. Dostlarım
cavab verib ki, axı biz gözümüzlə
gördüyümüzü deyirik, o, çətin vəziyyətdə
xəstə yatır. Həmin xanım nə desə,
yaxşıdır: "Yox, siz bilmirsiniz". Telefon
nömrəsini mənə verdilər, zəng vurdum.
Dedim, sizə ayıb deyil? Mən hansı evləri
satmışam, hansını kirayəyə vermişəm?
Üzrxahlıq elədi ki, Yalçın müəllim,
mən belə eşitmişdim. Nazir
Əbülfəs Qarayevə mənim böyük hörmətim
var. Hər yerdə demişəm ki, o, nazir olandan sonra mədəniyyət
sahəsində böyük irəliləyişlər oldu,
yubileylər keçirilir. Bunu demək
lazımdır. Səmimi qəlbdən deyirəm:
prezident bilsə ki, ev şəraitim pisdir,
bir yox, on ev verər. Amma ona gedib çatmır
axı. Baxın, insanın içində
nə qədər dözüm olmalıdır ki, belə təhqirlərə
dözsün. Hərdən məndə şübhə
yaranır: görəsən, mən sənətkaram, ya kartof satan? Sənətkara belə
münasibət olar? Mənə üç dənə ev verəndə, yuxarıdakılar bilmirlər
ki, verilib, ya yox?
- Mədəniyyət və İncəsənət
Universitetinin kafedra müdirisiniz. Nə qədər maaş alırsınız?
- 500 manatdan bir az
çox maaş alıram. Bilirsiniz,
yaşayıram e, amma belə yaşamamalıyam. Sizi dəvət edirəm, gedək evimə baxın.
Üç otaqlıdır, balkonu
uçub-dağılıb. Otaqların
döşəməsi çürükdür,
üstünü örtmüşük ki, görünməsin.
"Oboy"lar cırılıb
sallanıb, hərdən "kley"lə
yapışdırıram ki, qopub tökülməsin. Çox acınacaqlı vəziyyətdir. Başa düşmürəm, bu nə münasibətdir?
Ədavətdir, düşmənçilikdir, nədir,
bilmirəm.
- Musiqi sahəsində son vaxtlarda
"Şöhrət" ordeni alan kimlər
var?
- Açığını deyim,
o adamların çoxunu tanımıram. Məsələn,
50 yaşında Mənsum İbrahimova "Şöhrət"
verdilər. O, buna layiqdir. Amma mənim 30
yaşım oldu, tanımadılar, 50 oldu, yada düşmədim,
65 oldu, xatırlanmadım.
- Bəlkə 70
yaşınızı gözləyirlər? Üç il səbir etməyə gücünüz
çatar?
- 70-ə qədər yaşamaq
lazımdır. Ailəm məni tənqid edir ki,
sən tələb etməlisən. Övladlarım
deyirlər, zəmanə adamı deyilsən. Bəzi dostlarım məni qınayırlar ki, sənin
şöhrətinin on faizi məndə olsaydı, nələr
edərdim. Amma mənim sənətim
oxumaqdır, mədəniyyətə xidmət etməkdir.
Oğlum indiyə qədər işsizdir. Maaşımla, pensiyamla birtəhər
dolanırıq. Yoldaşım da işləmir,
bərk xəstədir.
- İstərdim,
söhbətimizin mövzusunu dəyişək. Tələbələriniz necədir, ümidlərinizi
doğruldurlar?
- Bəli, onların gələcəyinə
böyük ümidim var. Türk qızı tələbəm
var - Minə, çox gözəl oxuyur. Bir az
əvvəl dərsdə elə gözəl oxudu ki,
ağladım. Birinci kursda Zəka adında bir tələbəm
yetişir, onun böyük gələcəyi var. Tələbələrimin
içində istedadsızı olanda, üzlərinə deyirəm
ki, səndən sənətçi olmayacaq. Bu gün
televiziyada oxuyan adamların sayı 30-dan o yana
deyil. Onların çoxu eyni səslə
oxuyurlar, fərqli səs, ifa yoxdur.
- Kimdir onlar?
- Bilirsiniz, mən heç nədən
çəkinmirəm. Amma öz səviyyəmi,
şəxsiyyətimi qoruyub onların adlarını çəkmirəm.
Səviyyəsi mənə yaxın olan adam
olsa, deyərəm. Azər Zeynalova, İlqar Muradova qulaq
asıram və zövq alıram.
- Yaxşı, onda adları mən
çəkim. Səməd Səmədova, Elariz Məmmədoğluna
qulaq asırsınız? Elarizi sənətkar
adlandırdığınıza görə sizi tənqid
etmişdilər...
- Səməd Səmədov
bir vaxtlar özü deyirdi ki, müğənni deyil. İndi xalq artisti adı alıb. Səməd
yaxşı dost ola bilər,
görüşəndə qucaqlaşa bilərik, amma mən
onun hansı səsinə, hansı mahnısına qulaq asım?
Qaldı Elariz məsələsinə, o, klassik
mahnılar oxudu, repertuarını dəyişdi və bu mənim
xoşuma gəldi. Yəni öz
üstündə işlədi, çalışdı, bir
yerdə dayanmadı. Yaxud Nadir Qafarzadə
son vaxtlarda "Füzuli" kantatasını oxudu və
özünə görə pis oxumadı. Bir
dəfə Flora Kərimova demişdi ki, Yalçından sonra
onun mahnılarını oxumaq böyük riskdir, amma mən
risk etdim. Kiminsə mahnısını
oxuyanda, ya yaxşı oxumalısan, ya da bu işə baş
vurmamalısan. Sənət təkrarsızlığı
sevir. Bir dəfə televiziyada ana
haqqında mahnı oxudum, aktrisalar ağladılar. Sonra mənə dedilər, Yalçın müəllim,
siz bizə ziyan vurdunuz, makiyajımız silindi. (Gülür).
- Mütaliə ilə aranız necədir?
Kitab oxuyursunuz?
- Açığını deyim,
son vaxtlar oxumuram. Cek London, Fenimor Kuper mənim sevimli yazıçılarımdır.
Sonuncu dəfə təkrar oxuduğum kitab
"Sonuncu mogikan"dır. Müasir Azərbaycan
ədəbiyyatından daha çox şeirləri oxuyuram.
Cabir Novruz mənim dostum olub, Bəxtiyar Vahabzadənin,
Fikrət Qocanın şeirlərinə yazılan
mahnıları oxumuşam. Bu şairlərin
yaradıcılığı mənə doğmadır.
Həm də gözümə görə oxuya
bilmirəm.
- Gənc Azərbaycan
yazıçılarından kimi tanıyırsınız?
- Lap gəncləri
soruşursunuzsa, heç kimi tanımıram. Anarı,
Elçin Əfəndiyevi tanıyıram. Onlara böyük hörmətim var.
- Elçinin və Anarın əsərlərindən
hansıları oxumusunuz? Hərəsinin bir əsərinin
adını çəkə bilərsiniz?
- Yox, açığını
deyim, əsərlərindən heç birini oxumamışam.
- Seriallara necə,
baxırsınız?
- Yox, ümumiyyətlə, seriala
baxmıram. Yoldaşım bizim seriallara baxır.
Mən evə gələn kimi kanalı dəyişir.
Televiziyalarda "şoka düşəcəksiniz"
deyirlərsə, mən onun nəyinə baxmalıyam?
- Son illərdə çəkilən
filmlərdən hansına baxmısınız?
- Heç birinə
baxmamışam. Mən pafosu xoşlamıram.
Bir də görürsən, beş vərəq
nəsə yazıb, axırda məlum olmur ki, bu nə demək
istəyib. Bu gün nə teatrda, nə kinoda, nə
də ədəbiyyatda pafos zamanı deyil. Teatrda, kinoda olan aktyor oyunları mənim xoşuma gəlmir.
"Qorxma, mən səninləyəm 1919"
filminə axıra qədər baxa bilmədim. Polad
Bülbüloğlunun oynadığı rolun adı nə
idi, bilmirəm, mahnı oxuyur, bu da üzr istəyirəm,
deyir, "sukinsın, kakoy qolos"... Bu nə deməkdir? Ümumiyyətlə,
o nə oxumaqdır? Polad böyük sənətkardır,
amma mənə də yox da, mən Müslümlə
oxumuşam. O filmdə mən nəyə
baxmalıydım ki? Heç nə məni cəlb
eləmədi. Ümumiyyətlə, o filmdə
obraz yox idi.
- Polad
Bülbüloğlunun rolunu necə qiymətləndirdiniz?
- Heç necə. Noolsun?
Orda obraz yox idi axı. Kinoya bir az baxıb, zaldan çıxdım. "Qorxma, mən səninləyəm" filminin
birincisində aktyorlar oynamışdı, ikinci filmdə isə
aktyor görmədim.
Ekspress.-2013.- 26 dekabr.- S.15.