Virtual məkanda əqli mülkiyyət hüquqları

                                                                                  

                                                                                     İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Dünən Müəllif Hüquqları Agentliyi (MHA) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birgə təşkilatçılığı ilə "Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması" mövzusunda elmi-praktik konfrans işinə başlayıb. Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, dkputatlar Rəbiyyət Aslanova, Xanhüseyn Kazımlı və digər rəsmi şəxslər iştirak ediblər.

   Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun sözlərinə görə, bu gün dünyada İKT sürətlə inkişaf edir, əhatə dairəsi genişlənir və təklif olunan xidmətlər artır: "Virtual məkanda əqli mülkiyyət bir fenomen kimi öz kontekstindən fərqli fəaliyyət göstərir. Əqli mülkiyyət obyektləri, müəlliflik hüquq qorunan obyektlərin əksəriyyəti internetə inteqrasiya olunub" deyən MHA sədrinin bildirdiyinə görə, müasir dövrdə internet əqli mülkiyyət obyektlərinin virtual bazarına çevrilib. Onun sözlərinə görə, müşahidələr göstərir ki, elektron ticarət qaydasında alqı-satqısı həyata keçirilən malların sırasında əqli mülkiyyət hüquqları ilə qorunan obyektlər üstünlük təşkil edir. "Belə malların payı 50%-dən çoxdur. Satılan hər 4 maldan 3-ü müəlliflik hüququnun obyektidir. İnformasiya-kommunikasiya texnologiyaları obyektlərinin əksəriyyəti əqli mülkiyyət hüquqları ilə qorunur. Bu gün internet şəbəkəsində əqli mülkiyyətin hüquqlarının qorunması çox vacibdir" deyən K.İmanov bildirib ki, bunun üçünsə mühüm müzakirələr aparılmalı, qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir.

   Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə bildirib ki, ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etməsi əqli mülkiyyətin qorunması ilə bağlı yeni məsələləri ortaya çıxır, mövcud məsələlərin əhatəsini genişləndirir. Onun sözlərinə görə, İKT özünün əsasında bilavasitə əqli mülkiyyətin qorunması dayanır: "Hər bir istehsal olunmuş məhsulun müəlliflik hüquqları qorunmalıdır. Azərbaycanda əqli mülkiyyət hüquqları yüksək səviyyədə qorunur" deyən nazir müavininə görə, əqli mülkiyyətin qorunmasında vacib olan məsələlərdən biri də Azərbaycanda yeni "star-up"ların genişlənməsidir. Vəlizadə bildirib ki, yeni məhsulu, ideyanı ortaya qoya biləcək gənclər, şəxslərin formalaşması, onlara cəmiyyətdə geniş imkanlar üçün addımlar atır. "Onların ideyalarının qorunması və ictimaiyyətə çatdırılmasında əqli mülkiyyətin qorunmasından vacib rol oynanır. "İP-İT" birliyi də ölkədə bir-birinə təkan verərək İKT sahəsinin həm inkişaf etməsinə, həmdə burada mövcud olan ziddiyyətlərin azaldılmasına xidmət edəcək".

   E.Vəlizadə Azərbaycanın internet istifadəçilərinin sayına görə MDB ölkələri arasında lider olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə hər 100 nəfərdən 70-i internet istifadəçisidir. Hökumətun bu göstəricilərlə qane olmadığını deyən nazir müavini bildirib ki, növbəti il genişzolaqlı internetin genişləndirilməsi nəzərdə tutulur. "Respublikanın bütün kəndlərinə faber-optik qurğunun tətbiqi nəticəsində genişzolaqlı internet istifadəçilərinin sayı 85%-ə çatdırılacaq. Bununla da gələcəkdə genişzolaqlı internetdən bütün insanların istifadə etməsi təmin olunacaq".

   Nazir müavini bu il Azərbaycanda lisenziyalı proqram təminatından istifadə səviyyəsinin yüksəldiyini deyib: "Bir neçə il öncə dövlət tərəfindən 10 min lisenziya alınaraq dövlət qurumları arasında paylanıb. Yaxşı haldır ki, bu proses artıq həm dövlət hüquqları tərəfindən davam etdirilir, həm də banklar, özəl şirkətlər bu işə qoşularaq əqli mülkiyyətin qorunmasına töhfələrini verirlər. Bunun nəticəsində cari il lisenziyalı proqram təminatından istifadə artıb".

   Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Rəbiyyət Aslanova da virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunmasının vacibliyini qeyd edib. Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunmasının hər kəsi narahat edən, maraqlandıran məsələ olduğunu deyən R.Aslanovanın sözlərinə görə, yavaş-yavaş gerçək məkandan virtual məkana keçdikcə, onun sakini olduqca, yeni münasibətlərlə, çətinliklərlə üzləşilir: "Virtual məkan bizim yaşadığımız gerçək məkandan tamamilə fərqlənir. Bu məkanın sərhədləri yoxdur, onun içərisində olan münasibətlər çox çətinliklə tənzimlənir. Ancaq istər-istəməz biz artıq bu məkanın insanlarıyıq. Azərbaycanda təxminən 4 milyona qədər insan bu virtual məkanın sakinidir. Zamanı gələndə, bu məkanı tənzimləyən qanunların sayı getdikcə artacaq. Düzdür, oradakı münasibətləri nizamlamaq üçün kifayət qədər qanun qəbul edilib, amma zamanın öz çağırışı var. Bu məkandakı münasibətlərin tənzimlənməsi də insan hüquqlarının vacib şərtləridir".

   Rəbiyət Aslanova qeyd edib ki, əqli mülkiyyət olduqca qiymətli, toxunulmaz hüquqdur və başqasının hüququna müdaxilə edən, ondan istifadə edən insanlar cəzalanmalıdır: "Bu gün dünyada ən qiymətli əmtəə ideyadır. Həmin əqli mülkiyyətin ortaya qoyduğu sərvətdir və onun istifadəsində bir pozuntular olarsa, bu xoşagəlməz nəticələr verə bilər. Əqli mülkiyyətdən istifadənin özününöz qaydaları var. Əgər əlində həmin əqli mülkiyyət olan çox düşüncəli bir insan cəmiyyətin tərəqqisinə xidmət edəcəksə, dünyasında pislik olan bir başqa insanın əlinə keçən o mülkiyyət yalnız və yalnız cəmiyyətdə çaxnaşmaya, təlatümlərə, fəlakətlərə gətirib çıxara bilər" deyən R.Aslanova hesab edir ki, bu baxımdan həmin mülkiyyətə olan xüsusi münasibət və bu münasibətlərin tənzimlənməsi üçün təkcə milli qanunvericiliyin deyil, beynəlxalq aləmdə əməkdaşlığın olması çox vacibdir (APA). Onun sözlərinə görə, virtual məkanda da gerçək dünyada yaranan qanunlar kimi qaydaların, qanunların yaranması çox mühümdür.

   Çıxış edən digər qonaqlar da bu sahədə müəyyən işlərin görülməsinin əhəmiyyətindən danışıblar.

    Yevlaxda regional alternativ provayder mərkəzi açıldı

       "Aztelekom.net" İnternet Server Provayderinin Yevlax telekommunikasiya qovşağında yaradılmış regional alternativ provayder mərkəzi istifadəyə verilib. Bu münasibətlə Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin (İB), Yevlax Şəhər İcra Hakimiyyətinin məsul işçilərinin ətraf rayonların telekommunikasiya qovşaqları rəislərinin iştirakı ilə mərasim keçirilib.

   "Aztelekom" İB-nin baş direktorunun müavini Mehman Həsənov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Yevlax telekommunikasiya qovşağının rəisi Şahlar Vəliyev başqaları çıxış edərək son illərdə ölkədə informasiya kommunikasiya texnologiyaları sahəsində böyük inkişafa nail olunduğunu bildirmiş, bu sahədə əldə olunan uğurlardan danışıblar.

   Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə qeyd edilib ki, regional alternativ provayder mərkəzi "İnformasiya-kommunikasiya texnologiyaları ili" ilə bağlı tədbirlər planına uyğun olaraq genişzolaqlı internet istifadəçilərinə yüksək keyfiyyətli, dayanıqlı internet xidmətləri göstərmək məqsədi ilə yaradılıb. Ən müasir texnologiyaların quraşdırıldığı yeni internet mərkəzi Yevlax, Mingəçevir, Naftalan, Samux, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İmişli, Beyləqan, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Göygöl, Daşkəsən, Mərəzə, Ağsu, İsmayıllı, Göyçay, Zərdab, Ucar sakinlərinə xidmət göstərəcəkdir. Bununla həm qərb regionunda internet xidmətinin keyfiyyəti dəfələrlə artacaq, həm digər bölgələrin genişzolaqlı internet istifadəçiləri üçün günün istənilən vaxtı yüksək sürətli xidmət təmin olunacaq.

   Tədbirdə genişzolaqlı internet xidmətinin 100 mininci Yevlax telekommunikasiya qovşağının 3 mininci abonentinə, həmçinin bir qrup əlaçı şagirdə hədiyyələr təqdim olunub.

   Sonra tədbir iştirakçıları mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

   Fərdi kompüter monitorlarının tədarükü azalacaq

       2013-cü ildə dünya bazarına ümumilikdə 158 milyon kompüter monitoru tədarük ediləcək. Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətin məlumatına görə, bu barədə displey məhsullarının tədqiqində ixtisaslaşan "TrendForce" analitik şirkətinin "WitsView" bölməsinin proqnozlarında deyilir.

   Qeyd olunan həcmin 15 milyonunu monoblok kompüterlər, 143 milyonunu ayrı-ayrı monitorlar təşkil edəcək. Qiymətləndirmə özünü doğrultsa, ötən illə müqayisədə tədarük həcmi ümumilikdə 5 faiz azalacaq.

   Analitiklər güman edirlər ki, növbəti ildə azalma tendensiyası qorunub saxlanılacaq. Tədarük həcminin 150 milyon ədəd (-5,1faiz) səviyyəsində olacağı gözlənilir ki, bunun da 134 milyon ədədini (-6,3 faiz) maye-kristal monitorlar, 16 milyon ədədini (+6,7 faiz) monoblok kompüterlər təşkil edəcək.

   Ekspertlər həmçinin geniş baxış bucağına malik monitorların populyarlığının artmasına xüsusi diqqət yetirirlər. Proqnoza əsasən, cari ildə bu modellərin bazar payı cəmi 10 faiz olacaq, 2014-cü ildə onların bazara nüfuzetmə səviyyəsi 25-30 faizədək artacaq.

   Bundan başqa, gələn il kompüter monoblok monitor istehsalçılarının məhsullarında yüksək təsvir ölçüsünə malik panellərdən geniş istifadə ediləcəyi gözlənilir. "Bununla onlar texniki xüsusiyyətləri yaxşılaşdırılan modellərin satış həcminin artırılmasına kömək edəcəyinə ümid edirlər".

 

Səhifəni hazırladı Qənirə MƏMMƏDLİ

 

Ekspress.-2013.- 26 dekabr.- S.9.