İKT ili yeni layihələrin
başlanğıcı olacaq
Əli
Abbasov: "Azərbaycanda İKT sahəsindən əldə
olunan gəlirlər neft sektorundan gələn gəlirləri
üstələyəcək"
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Xəbər
verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev 2013-cü
ili Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya
texnologiyaları ili" elan edib. Bununla bağlı verilən
sərəncamla Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə (RİTN) Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA) ilə birlikdə 2013-cü ilin Azərbaycanda
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə
dair "Tədbirlər Planı"nı hazırlayıb,
bir ay müddətində dövlət
başçısına təqdim etmək
tapşırılıb.
Sərəncamın
icrasından dərhal sonra nazirlikdə bu istiqamətdə
işlərə başlanılıb. Belə ki, sərəncamdan
irəli gələn vəzifələrin icrası məqsədilə
rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə
yaradılmış İşçi Qrup artıq fəaliyyətdədir.
Hazırlanacaq "Tədbirlər Planı"nda əks
olunacaq tədbirlərin müəyyənləşdirilməsi
zamanı dövlət və qeyri-dövlət
qurumlarının, ictimai təşkilatların və vətəndaşların
rəy və təkliflərinin nəzərə
alınması əsas prinsip götürülüb. Artıq
bununla bağlı təkliflərin verilməsi
üçün bu sahədə çalışan müxtəlif
qurumlara nazirlik tərəfindən məktubla müraciət
olunub, vətəndaşlardan təkliflərin
toplanılması üçün nazirlikdə "qaynar xətt"
yaradılıb.
"İKT ili"ndə hansı irimiqyaslı layihələrin
həyata keçirilməsi nəzərdə tutulur? Rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov
"yap.org.az"a müsahibəsində bu, eyni zamanda digər
məsələlərə aydınlıq gətirib.
- Bu gün RİTN ölkəmiz üçün strateji əhəmiyyəti olan böyük transmilli layihələrdə iştirakını, eləcə də mühüm layihələrin icrasını da davam etdirir. Ölkə rəhbəri tərəfindən İKT-nin prioritet sahə elan edilməsi "İKT sahəsində böyük layihələrin başlanğıc ili" adlandırılan 2013-cü ilin Azərbaycanın rabitə sahəsi, ümumilikdə respublikamız üçün əlamətdar hadisələrlə zəngin ilə çevriləcəyinə böyük ümidlər yaradır. Artıq fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan özünün ilk peykini fəzaya qaldıracaq. İlk peykimiz olan "Azərspace-1" Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan "Ariane Space" fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılacaq və geostasionar orbitə çıxarılacaq. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya, Şərqi Asiya ölkələrini əhatə edəcək peyk ölkəmizin bütün ərazisində internet və digər rabitə, televiziya yayımı üzrə xidmətlər təqdim edəcək.
Artıq ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Azərbaycanın "Azərspace-1" birinci peyki haqqında məlumatın Amerika ictimaiyyətinə çatdırılması üzrə kampaniyaya da başlayıb. ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerikanın qanunvericilərinə və mediasına göndərdikləri məktublarda Birləşmiş Ştatlarla ölkəmiz arasında iqtisadi-ticari əlaqələr, o cümlədən qeyri-neft sektorunda əməkdaşlıq barədə məlumat verilir, qanunvericiləri qarşılıqlı faydalı münasibətlərin inkişafına dəstək verməyə çağırırlar. "İKT ili" çərçivəsində həyata keçiriləcək digər bir mühüm layihə RİTN və Dövlət Neft Fondu tərəfindən hazırlanıb. Bu layihəyə görə, "Azərbaycanda evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur. 2013-cü ildə artıq bu layihəyə 103,6 mln manat vəsait ayrılıb. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 mbs. arasında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək.
Peykin buraxılması kimi mühüm mərhələnin ardınca, RİTN fevralda ölkənin İT şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə və inkişafına yönələn daha bir tədbirin reallaşmasına başlayacaq və 2012-ci ilin noyabrında İnternet İdarəçiliyi Forumu və "Bakutel" İKT həftəsi çərçivəsində Bakıda keçirilmiş ilk "Azərbaycan-ABŞ İKT forumu"ndan sonra RİTN daha bir ilkə imza atacaq. Belə ki, fevralın 27-28-də birinci "Yaponiya-Azərbaycan İKT forumu" keçiriləcək. Bununla da ölkə daxilində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün aparılan əhəmiyyətli işlərin, keçirilən görüşlərin, eləcə də dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə imzalanan sənədlərin sırası daha da genişlənəcək.
- Ölkəmiz İKT-nin
inkişaf səviyyəsinə görə
bu gün hansı
mövqedə dayanır?
- Bu gün Azərbaycan İKT-nin
inkişaf göstəricilərinə görə inkişaf
etməkdə olan ölkələrlə inkişaf etmiş
ölkələr arasında qiymətləndirilir və son 5-7
ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna
daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü
dövlət siyasəti nəticəsində ölkənin
İKT sektoru hər üç ildə 2 dəfə artıb
və son 8-10 ildə orta illik artım tempi 20-25% təşkil
edib və bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə
qabaqlayır. Təkcə yola saldığımız 2012-ci
ilin göstəricilərinə nəzər salsaq, 2012-ci il ərzində
ölkə üzrə Ümümdaxili Məhsulun (ÜDM) həcmi
54,0 milyard manat, ötən illə müqayisədə real
artım tempi isə 2,2 faiz təşkil edib. İKT, poçt
və informasiya sektoru üzrə əldə olunan gəlirlərin
ÜDM-də payı 1,9 faiz təşkil edib. İKT,
informasiya və poçt sektorunda əldə olunan gəlirlərin
həcmi ötən illə müqayisədə 17,3 faiz artaraq
1503.4 milyon manat təşkil edib. Ötən illə
müqayisədə artım tempi İKT sektorunda 16,6 faiz, o
cümlədən telekommunikasiya sektorunda 17,4 faiz, İT
sektorunda 8,6 faiz, eyni zamanda, poçt sektorunda 18,2 faiz,
informasiya sektorunda isə 50,1 faiz təşkil edib. 2012-ci ilin
sonuna əhalinin hər 100 nəfərinə düşən
kompüterlərin sayı 20 ədədə, internet istifadəçilərinin
sayı 70-ə bərabər olub. Hazırda ölkədə
hər 100 nəfərə düşən genişzolaqlı
internet istifadəçilərinin sayı 50-yə bərabərdir.
Azərbaycan internet istifadəçilərinin
sıxlığına görə MDB ölkələri
arasında birinci yerdədir və dünya orta göstəricisini
təqribən 2 dəfədən çox qabaqlayır. Əldə
olunan nailiyyətlər beynəlxalq aləmin də diqqətindən
yayınmayıb. Belə ki, "Dünya İqtisadi Forumunun
Qlobal İnformasiya Texnologiyaları - 2012" ("The Global
Information Technology Report 2012") hesabatında Azərbaycan
"Şəbəkələşmə
hazırlığı indeksi"nə görə (Networked
Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək
dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib.
Bu hesabata əsasən, ölkəmiz hər 100 nəfərə
düşən internet istifadəçilərinin say
çoxluğuna görə MDB-də I yerdədir. Həmçinin,
Dünya İqtisadi Forumunun "The Global Competitiveness Report
2012-2013" hesabatında "Qlobal rəqabətqabiliyyətlilik
indeksi" üzrə Azərbaycan əvvəlki mövqeyindən
9 pillə irəliləyərək dünyanın 144 ölkəsi
arasında 46-cı yeri tutub və beləliklə, yenə də
MDB məkanında öz liderliyini qoruyub saxlamağa müvəffəq
olub. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ)
İnformasiya Cəmiyyətinin ölçülməsi
"Measuring the Information Society - 2012" adlı hesabatında
"İKT inkişaf indeksi" (IDI) üzrə əvvəlki
hesabatla müqayisədə 6 pillə irəliləyərək
155 ölkə arasında 68-ci yeri tutub. Bu hesabatda Azərbaycan
10 "Ən dinamik inkişaf edən ölkələr"
qrupunda yerini möhkəmlədib. Məhz bu göstəricilərə
əsaslanaraq, beynəlxalq təşkilatlar ölkəmizdə
İKT sahəsinin gələcək inkişafı ilə
bağlı müsbət və optimist fikirlər səsləndirirlər.
Bu proqnozlara görə, Azərbaycan hökuməti İKT sahəsinə
investisiya yatırmaq, eyni zamanda İKT sahəsinin
inkişafına xüsusi şərait yaratmaqla, bu istiqamətdə
islahatları davam etdirərsə, 2025-ci ildə Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları sahəsindən əldə
olunan gəlirlər neft sektorundan gələn gəlirlərə
bərabər olacaq və daha sonra bu gəlirləri üstələyəcək.
-
Prezident İlham Əliyev Davosda keçirilən ənənəvi
illik Dünya İqtisadi Forumunda (DİF) iştirak etmək
üçün İsveçrə Konfederasiyasında
işgüzar səfərdə olub. Səfər çərçivəsində
forumda İKT ilə bağlı hansı təşəbbüslər
irəli sürülüb?
- Ölkə
başçısı bu yaxınlarda Davosda DİF çərçivəsində
keçirilən və "Mərkəzi Asiya
üçün yeni üfüqlər" mövzusuna həsr
olunmuş sessiyada çıxışında İKT-nin
ölkəmizdə prioritet sahə elan edildiyini, dövlətin
bu sahənin inkişaf etdirilməsinə
stimullaşdırıcı maliyyə dəstəyi verəcəyini,
eləcə də bu ilin "İKT ili" elan edildiyini bir
daha beynəlxalq birliyə bəyan edib. Prezident İlham Əliyev
Davosda "Booz&Co", "McKinsey", "Microsoft" və
"ThalesAlenia" şirkətlərinin rəhbərləri
ilə keçirdiyi görüşlərdə də İKT,
internet, peyk sənayesi və əlaqədar sahələrin
ölkəmizdə vüsətlə inkişafını təmin
etmək üçün kompleks işlərin görüləcəyini
potensial investorların diqqətinə çatdırıb. Bu
il aprelin 7-8-də DİF və Azərbaycan hökumətinin
birgə təşkilatçılığı ilə
"WEF Baku Summit" beynəlxalq tədbiri keçiriləcək
və burada İKT müzakirə olunacaq 3 əsas mövzudan
biri seçilib. Tədbir çərçivəsində
keçiriləcək sessiyalarda İKT-nin qlobal
inkişafı perspektivləri və Azərbaycan təcrübəsi
müzakirə ediləcək.
- Gələcək
perspektivlərdə hansı istiqamətlər müəyyənləşdirilib?
- Ölkə iqtisadiyyatının
şaxələndirilməsi, gücləndirilməsi və
genişləndirilməsi üçün yaxın illər ərzində
həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
"Azərbaycan 2020: Gələcəyə baxış"
İnkişaf Konsepsiyasında öz əksini tapıb. Konsepsiyanın
icrası nəticəsində Azərbaycanın rəqabətqabiliyyətini
artıraraq, iqtisadi və siyasi cəhətdən daha çox
inkişaf etmiş bir ölkəyə çevriləcəyi
gözlənilir. Bunun üçün də İKT-yə
böyük ümidlər bəslənilir və
"İnformasiya-kommunikasiya texnologiyalarının
inkişafı və informasiya cəmiyyətinə
keçidin təmin edilməsi" konsepsiyada əsas istiqamətlərdən
birini təşkil edir. Burada qoyulan məqsədlərə
görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə
keçid təmin edilməli, innovasiya yönümlü və
biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və
yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi
və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi
sahəsində fəaliyyət genişləndirilməlidir.
İKT-nin ölkədə inkişaf etdirilməsi sahəsində
qarşıya qoyulan məqsədlərə həmçinin,
cəmiyyətin informasiya məhsul və xidmətlərinə
tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli
və ixrac yönümlü İKT potensialının gücləndirilməsi,
yüksəkixtisaslı mütəxəssislərin və elmi
kadrların hazırlanması da daxildir. Eyni zamanda, ölkə
əhalisinin İKT və rabitə xidmətlərindən
istifadə imkanları daha da genişləndiriləcək,
İKT-nin inkişafı istiqamətində etibarlı təhlükəsizlik
sistemi yaradılacaq, milli standartlar formalaşdırılacaq,
ölkə üzrə tam rəqəmli televiziya yayımı
tətbiq olunacaq.
Kosmik sənayenin inkişaf etdirilməsini
hədəf götürən Azərbaycan
aşağıorbitli peykini 2015-ci ildə, ikinci telekommunikasiya
peykini isə 2016-cı ildə kosmosa buraxmağa
hazırlaşır. Telekommunikasiya peyklərinin geostasionar
orbitə çıxarılması isə ölkəni daha
etibarlı peyk rabitəsi ilə təmin edəcək, bu da
öz növbəsində respublikanın informasiya təhlükəsizliyinin
gücləndirilməsinə xidmət edəcək.
Konsepsiyaya uyğun olaraq, telekommunikasiya şəbəkəsində
yeni texnologiyaların tətbiqi genişləndiriləcək,
milli radio və televiziya proqramlarının peykdən paket
yayımı təşkil ediləcək.
Aşağıorbitli peyklərin orbitə
çıxarılması isə respublikada ətraf mühitin
mühafizəsi, kənd təsərrüfatı, topoqrafiya və
kartoqrafiya, eləcə də milli təhlükəsizlik sahəsində
fəaliyyəti daha səmərəli edəcək.
2020-ci ilə qədər ölkənin
regionun İKT xidmətləri bazarına
çıxışını təmin etmək məqsədilə
tranzit informasiya magistrallarının, regional informasiya
resurslarının və şəbəkə idarəetmə
sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcək.
Azərbaycanın təşəbbüsü ilə irəli
sürülmüş və 2009-cu ildə BMT Baş
Assambleyası tərəfindən xüsusi qətnamə ilə
yekdilliklə qəbul edilmiş Trans-Avrasiya Super İnformasiya
Magistralı (TASİM) layihəsinin də başa
çatdırılması nəinki ölkəmizdə, həmçinin
böyük bir regionda yüksəksürətli internet
üçün geniş imkanlar yaradacaq. Eyni zamanda Azərbaycan
bu gün Avropa-Yaxın Şərq İnformasiya Magistralı
layihəsində həm əsas, həm də ehtiyat marşrut
olaraq iştirak edir.
"İKT ili"ndə, həmçinin
qarşıdakı illərdə insan kapitalının
yaradılması da diqqət mərkəzində olacaq ki,
konsepsiyada nəzərdə tutulan istiqamətlərdən biri
də məhz İT sahəsində kadrların
hazırlanması ilə bağlı tədbirlərdən
ibarətdir. Artıq bildiyiniz kimi, ölkə prezidentinin sərəncamı
ilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb
və 2013/2014-cü tədris ilindən tələbə qəbuluna
başlanacaq. Bu, İKT-nin gələcək inkişafı
üçün çox mühüm bir qərardır. Eyni
zamanda, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində də İKT
ixtisasları üzrə kadr hazırlığının
genişləndirilməsi nəzərdə tululur.
Q.MƏMMƏDLİ
Ekspress.-2013.-6 fevral.-S.-9.