Qara Qarayev anıldı

                

  Bəstəkarın Fəxri Xiyabandakı məzarı ziyarət edildi

 

  Dünən böyük Azərbaycan bəstəkarı və pedaqoqu, akademik, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 95 illiyi münasibətilə onun Fəxri Xiyabandakı məzarı ziyarət edilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər, ictimaiyyət nümayəndələri iştirak edib.

   Dahi bəstəkarın məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi yad olunub.

   Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə musiqiçinin yaradıcılığının böyük məktəb olduğunu vurğulayıb, Qara Qarayevin yaratdığı musiqi ənənələrindən söz açıb: "Qara Qarayev tələbələrinə hər zaman deyirdi ki, "müəllim dərsdə necədirsə, həyatda da o cür olmalıdır". O, tələbə üçün nümunə olmağa çalışırdı".

   Bəstəkar, əməkdar incəsənət xadimi, professor Sevda İbrahimova Qara Qarayevin tələbəsi olduğu üçün hər zaman fəxr etdiyini bildirib, onun dərslərinin yüksək peşəkarlığından, dərinliyindən söhbət açıb. Bildirib ki, görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir: "O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Qara Qarayev Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir".

   Qara Qarayevin ilk tələbələrindən olan xalq artisti, professor Musa Mirzəyev bəstəkardan dərs almaq üçün müxtəlif ölkələrdən insanların gəldiyini xatırlayıb: "O, əsl bəstəkar və peşəsinə dərindən yiyələnmiş pedaqoq idi. Ona görə də yeni nəsil bəstəkarlar yetişdirməklə musiqi tariximizdə böyük musiqiçi və müəllim olaraq qaldı".

   Xalq artisti, baletmeyster Rəfiqə Axundova bildirib ki, Qara Qarayev bəstəsi bütün zamanlarda dahiyanə olaraq qalacaq: "Mən çox yaşamaq istərdim ki, onun musiqilərini çox eşidim, onun musiqi sirlərini gələcək nəsillərə ötürüm".

   Qara Qarayev Azərbaycan musiqi sənətini dünyada tanıdan, dünya musiqi xəzinəsinə daxil olan "Yeddi gözəl", "İldırımlı yollarla" baletlərinin, üç simfoniyanın, "Don Kixot" simfonik qravürünün, "Leyli və Məcnun" simfonik poemasının, "Vyetnam" süitasının, fortepiano üçün prelüdlər, skripkafortepiano üçün sonata və romansların müəllifidir.

   Bəstəkar "Uzaq sahillərdə", "Bir məhəlləli iki oğlan", "İnsan məskən salır", "Nizami" və s. filmlərə musiqi yazıb.

   Bu arada, Mexiko şəhərində dünya şöhrətli dirijorviolonçel ifaçısı, Qəbələ şəhərində keçirilmiş IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri olmuş Dmitri Yablonskinin rəhbərliyi altında və maestronun anası, məşhur pianoçu Oksana Yablonskayanın solo ifası ilə Meksika Milli Muxtar Universitetinin (UNAM) simfonik orkestrinin konserti keçirilib. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, konsert proqramına dünya klassik musiqisinə aid əsərlər daxil edilib. Konsertdə Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vals" da səsləndirilib. 

 

    

      Ekspress.-2013.-6 fevral.-S.-23.