Sosial şəbəkələr: müsbət və mənfi tərəfləri

 

   İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   İnternetdən istifadə edənlərin sayı çoxluq təşkil edir. Əslində internetdən əsasən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və videoroliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edilir. Eyni zamanda, dünyanın müxtəlif yerlərindən fərqli insanların bir-biriləri ilə ünsiyyət qurduqları sosial şəbəkələrə də maraq artmaqdadır.

   Sosial şəbəkələrin üzvləri arasında adi vətəndaşlarla yanaşı məşhur insanlar, yüksək vəzifəli dövlət məmurları, hətta prezidentlər var. ABŞ-ın Virciniya ştatında yerləşən, internet layihələri üzrə marketinq araşdırmaları şirkəti olan "Comscore" tərəfindən yayımlanan son hesabatda dünyanın 15 yaşondan yuxarı 1,1 milyard internet istifadəçisinin üçdə ikisini əhatə edən 734,2 milyon insanın sosial şəbəkə saytlarından istifadə etdikləri bildirilir.

   Sosial şəbəkə, sosial ünsiyyət insanların həyatına daxil oldu, ancaq hər kəs bunun yaxşı tərəfə olduğunu fikirləşmir. Qeyd edək ki, alimlər sosial ünsiyyət portallarını bəşəriyyəti məhvə aparan yeni bir silah növü kimi qiymətləndirirlər. Bir çox dünya alimlərinin fikrincə, sosial ünsiyyət portalı bəşəriyyəti məhvə aparan yeni bir silah növüdür, belə sosial şəbəkələr insanların internet asılılığını artırmaqla yanaşı, onları müasir həyatdan uzaqlaşdırır, beyinlərini yuyur və robot kimi sanki özünə tabe etdirir. Ən başlıcası, insanlarda mənəvi dəyərləri məhv edir və onları real həyatdan uzaqlaşdırır. Məsələn, əgər real həyatda insanlar dostları ilə görüşür, ünsiyyət qurur, paylaşırlarsa, sosial şəbəkə insanın vaxtını və ömrünü real olmayan, virtual bir "həyata" sərf etməyə məhkum edir.

   Ekspert Vahid Qasımov deyir ki, sosial şəbəkələrlə məşğul olan alim tanımır: "Elə bir alim tanımıram ki, sosial şəbəkələri bəşəriyyəti məhvə aparan bir silah olaraq qiymətləndirsin. Peşə təcrübəsi olmayan hər hansı bir jurnalist və ya filoloq bu barədə kor-koranə fikir deyə bilər, ancaq alim belə bir fikir deyə bilməz. Savadı, bacarığı olmayan, peşəsi ilə uğur əldə edə bilməyənlər çalışırlar, başqalarını qaralasınlar ki, heç olmasa onların fonunda, onların sayəsində qabağa getməyə imkanları olsun. Sizcə saatlarla şahmat, dama, kart, bilyard, loto, nərd kimi oyunlar oynamaq, bulvarda boşuna gəzib dolanmaq vaxt itkisidir, yoxsa sosial şəbəkələrdə önəmli mövzularda diskussiya xarakterli mübahisələrdə iştirak etmək? Gördüyünüz kimi, cəmiyyətimizin böyük əksəriyyəti vaxtlarının böyük hissəsini elə boş yerə sərf edir. Və bunun da sosial şəbəkələrə heç bir aidiyyəti yoxdur. Tam əksinə, əgər bir qisim ağıllı insan sosial şəbəkələrdən faydalı məqsədlər üçün istifadə edə bilirsə, bu o deməkdir ki, yuxarıda sadalananların çoxundan fərqli olaraq, sosial şəbəkələrin faydalı tərəfi də var".

   Ekspert sosial şəbəkələrin faydalı tərəflərini daha maraqlı fikirlərlə izah edir. "20 il əvvəl sosial şəbəkələr, internet, kompüter, mobil telefon v.s. texnologiyalar olmayanda saatlarla kitab oxuyur, qəhrəmanları ilə birlikdə sevinib-kədərlənirdik, onların yaşadığı dövrü və məkanı təsəvvür edirdik. Xəyal gücümüzlə özümüz üçün öz daxili dünyamızı yaradırdıq, xəyali dostlar və düşmənləri uydururduq, xəyali mübarizələr aparır, xəyali qəhrəmanlıqlar edir, xəyali qalibiyyətlər qazanırdıq. Əminəm ki, o vaxtlar da elə "alimlər" varıydı ki, kitabların, bədii ədəbiyyatın asıllıq yaratdığını, gözlərin korlanmasına gətirib çıxardığını, baş ağrıların, belin əyilməsinin səbəbi olduğunu, insanları həyatdan uzaqlaşdığını, beyinlərini yuduğu və robotlaşdığını yazırdı. Eyni şeyləri televiziya haqqında da demək mümkündür, kompüter haqqında da. Hətta bəziləri, buna "autizm xəstəliyi" deyirlər. Amma autizm, 3 yaşa kimi uşaqlıq dövründə oryaya çıxan genetik səbəbləri olan xəstəlikdir və sosial şəbəkəyə heç bir aidiyyatı yoxdur".

   Qeyd edək ki, sosial şəbəkələrdən hər kəs fərqli formada istifadə etsə də ümumi şəkildə hər kəsi birləşdirən bir amil var-ünsiyyət. Ünsiyyət qurmaq üçün saatlarca sosial şəbəkələrdə vaxt itirməyə dəyməz. Bir neçə dəqiqə içində belə sosial şəbəkə vasitəsilə lazım olan bir xəbəri oxumaq, yaymaq, eyni zamanda xəbərə şərh yazaraq həmfikirlərlə bir araya gəlmək mümkündür.

   Əlbəttə ki, sosial şəbəkələrdən istifadəyə görə və saatlarla sosial şəbəkədə zaman keçirənlər sırasında ilk yeri ruslar tutur. Rusiyada sosial saytlara daxil olanlar orta hesabla gün ərzində 6,6 saat vaxt keçirirlər. İkinci yerdə Braziliya dayanır. Braziliyada hər sosial şəbəkə istifadəçisi gün ərzində orta hesabla 6,3 saat ərzində 1220 səhifəyə baxış edir. Üçüncü yerdə isə Şimali Amerika ölkəsi Kanadada sosiallaşanlar orta hesabla gün ərzində 5,6 saat vaxt sərf etməklə 649 səhifəyə baxış edirlər. Digər maraqlı fakt isə qardaş Türkiyənin siyahıdakı 14-cü yerə sahib çıxmasıdır. Bu da o deməkdir ki, Türkiyədə sosial şəbəkələrin fəal istifadəçiləri artmaqdadır. Hətta Türkiyə siyahıda yerinə görə Fransa, İsveçrə və İtaliya kimi bir çox inkişaf etmiş ölkələri geridə qoyur. Maraq doğuran digər məqam isə əksər ilk sosial şəbəkələrin meydana gəldiyi ABŞ-ın bu siyahıda 10-cu yeri tutmasıdır. 300 milyona qədər əhalisi olan Amerikada sosial şəbəkələrdə gün ərzində 4,7 saat vaxt keçirməklə 480-ə yaxın baxış həyata keçirilir.

   Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkələrə marağın artmasını yeni texnologiyalardan istifadənin genişlənməsi ilə izah edir: "Düşünürəm ki, bunu sosial yönümlü hadisə kimi də qiymətləndirmək olar. Məsələn, insanların öz maraqları ətrafında birləşməsi, bir mövqeyi ortaya qoymaları və s. bunu maraqların ortaya qoyulması və mövqelərin qorunmasında yeni texnologiyalardan istifadə olunması kimi də dəyərləndirmək olar".

   Yuxarıda qeyd etdiyimiz kimi, sosial şəbəkələrin müsbət tərəfi olduğu kimi mənfi tərəfləri də var. Müsbət tərəflərdən biri sosial şəbəkələrin insanların bir-biri ilə ünsiyyətlərini davam etdirib əlaqələrini saxlamasıdır. Ünsiyyətə ehtiyacı olanlar, özünü tənha hiss edənlər, eləcə də hər hansı bir səbəbdən cəmiyyət içinə çıxa bilməyənlər öz ehtiyaclarını sosial şəbəkələr vasitəsilə təmin edirlər.

   Bir başqa müsbət məqam budur ki, bu sosial şəbəkələrdə canlı cəmiyyətlər yaranır. Kim hansı sahə ilə maraqlanırsa, sanki onların klubları yaranır. Məsələn, həkimlər, iqtisadçılar, hüquqşünaslar və digər klublar. Belə klublar istifadəçilərin həm də öz peşəkar biliklərinin artırılmasında da böyük rol oynayır. Burada insanlar ən müxtəlif sahələrdə öz biliklərini bölüşürlər.

   Cənubi Kaliforniya Universitetinin alimləri uzun araşdırmadan sonra bu qənaətə gəliblər ki, psixikası tam formalaşmamış uşaqlar və yeniyetmələrin sosial şəbəkə istifadəsi qorxuludur, çünki həmin uşaqlar öz əxlaqi təməllərini dağıtmaq təhlükəsi qarşısındadırlar. Alimlərin fikrincə, əgər istifadəçi şəbəkədə hər hansı fiziki ağrıdan bəhs edən informasiya görürsə, bu zaman onun beyni buna bir neçə saniyə içərisində reaksiya verir. İnsanda heyranlıq və ya mərhəmət hissi oyadan hər hansı informasiyanı emal etmək üçün isə daha çox vaxt lazımdır. Eyni zamanda, alimlər onu da qeyd edirblər ki, tez-tez meydana gələn məlumatları oxumaqla onları dərk etmək çox çətindir. Yəni bu hal insanlarda əxlaqi prinsiplərin dəyişməsinə səbəb ola bilər. Həkimlər isə xəbərdarlıq edirlər ki, sosial internet-saytlara olan maraq, intihar və özbaşına hərəkətlərin riskini artıra bilər. Hətta onu da qeyd edirlər ki, 2006-cı ildə "MySpace" şəbəkəsini ziyarət edən istifadəçilərdən biri intihar edərək həyatına son qoyub.

   Təhlükəli məqamlardan birisosial şəbəkə istifadəçilərinin kibercinayətkarların potensial qurbanına çevrilməsi ilə bağlıdır. Yəni istifadəçilərin şəbəkədə özləri haqqında ətraflı məlumat yerləşdirmələri onların asanlıqla internet cinayətkarlarının toruna düşməsinə səbəb ola bilər. "Consumer Reports" jurnalının ekspertlərinin fikrincə, ev ünvanının yazılması, ailə üzvləri haqqında məlumatların yerləşdirilməsi və şəkillərin təqdim edilməsi, hətta doğum tarixinin tam verilməsi "ideal cinayətə" səbəb ola bilər. Qeyd edək ki, yanvar ayında sorğuda iştirak edən 2 min Amerika vətəndaşının 9 faizi sosial şəbəkədə şəxsi məlumatlarının oğurlanması və müxtəlif təcavüzkarlıqlarla üzləşdiklərini etiraf ediblər.

   Daha bir təhlükəli tərəfi ondan ibarətdir ki, bəzi sosial şəbəkələr insanların şəxsi məlumatlarının asanlıqla yayılmasına və ya əldə edilməsinə səbəb olur. Belə ki, bir sıra kəşfiyyat və təhlükəsizlik qurumları var ki, belə şəbəkələr vasitəsilə insanların şəxsi məlumatlarına göz gəzdirirlər. Yəni bəzən sosial şəbəkələr insanları nəzarət altında saxlamaq üçün bir növ vasitəyə çevrilir. Onların virtual məkanda kimlərlə dostluq etməsinə, kimlərlə nə haqqında yazışmasına və digər şəxsi informasiyalara da nəzarət olunur.

   Qeyd edək ki, sosial şəbəkələrin yaratdığı problemlər artıq dövlətləri və iri şirkətləri də narahat etməyə başlayıb. Belə ki, bu ilin əvvəlindən ABŞ-da dövlət, özəl idarə, müəssisə, təşkilat və şirkət rəhbərləri öz işçilərinə vaxtı sosial şəbəkələrə müraciət etməyi qadağan etmişlər.

   "Robert Half Technology" şirkəti tərəfindən aparılan tədqiqatlar göstərib ki, sahibkarların yarısından çoxu öz işçilərinin işə intizamının artırılması məsələlərinə ciddi fikir verməyə başlayıblar. Tədqiqatlar zamanı sorğularda 1400-dən artıq korporasiya və təşkilatın yüksək vəzifəli menecerləri (100-dən artıq əməkdaşı) iştirak edib.

   Məlum olub ki, ABŞ şirkətlərinin 54 faizi öz işçilərinə vaxtı "Twitter", "Facebook", "Linkedln" və "MySpace" kimi sosial şəbəkələrdən istifadə etməyi qadağan edib. Şirkətlərin 19 faizi isə öz işçilərinə sosial resurslardan yalnız korporativ məqsədlərlə istifadə etməyə icazə verdiklərini bildirib. 100 şirkətdən hər 16-cısı şəxsi məqsədlərlə sosial şəbəkələrə müraciət etməyə məhdudiyyətlər qoyur. Təşkilatların yalnız 10 faizi əməkdaşların bu kimi saytlara müraciət etməsinə heç bir məhdudiyyət qoymayıb.

   Sosioloq Əhməd Qəşəmoğlu da sosial şəbəkələrin mənfi tərəflərinin çox olduğu fikrindədir: "Hələ 1990-cı illərin əvvəllərində Azərbaycanda kompüterləşmə hərəkatı başlandı. Yadımdadır ki, hər kəs, hətta dövlət məmurları belə kompüterlərdən məhz "oyun" vasitəsi kimi istifadə etməyə başladılar. Təxminən 2 il vəziyyət belə davam etdikdən sonra kompüterlərdən normal şəkildə istifadə olundu" deyən Qəşəmoğlu müsahibələrin birində mosial şəbəkələrin də belə olduğunu bildirib. Dediyinə görə, hələ sosial şəbəkələrin müsbət tərəflərindən yox, mənfi tərəflərindən istifadə olunur. "İnsanlar şəbəkələrdən əsasən əyləncə, tanışlıq, sentimental söhbətlər etmək məqsədilə istifadə edir. Amma vaxt gələcək səmərəli istifadə edəcəklər".

   Sosial şəbəkələrdən mənfi istiqamətdə istifadə olunmaması üçün sosioloq hesab edir ki, bunun üçün maariflənmə işləri aparılmalı və eyni zamanda, dövlət nəzarəti olmalıdır: "Nəzarət deyəndə, cinayət tərkibli nəzarətdən söhbət getmir. Məsələn, müəyyən arzuolunmaz söhbətlər zamanı xəbərdarlıq siqnallarının daxil olması və digər elektron nəzarət halları vacibdir. Maariflənmə işi həm məktəblərdə aparılmalıdır, həm də müəyyən təşkilatlarda. Çünki insanlar çox vaxt yanlış yolda olduqlarını bilmirlər, onları düzgün yola dəvət etmək lazımdır".

 

  

Ulduzə QARAQIZI

 

Ekspress.-2013.-7 fevral.-S.-9.