Virtual məkanda
ümumi maraqlar
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Bu gün internet hər birimizin həyatının
ayrılmaz tərkib hissəsinə çevrilib. Virtual aləmdə
ümumi maraqlara malik insanları birləşdirən sosial
şəbəkələr həyatımızda önəmli
yerlərdən birini tutur.
Ekspert Vahid Qasımovun fikrincə
virtual aləmdə ümumi maraqlar deyilən bir şey yoxdur.
Onun sözlərinə görə, aləm virtualdır, yəni
ki, mövcud olmayan və tələb olunan hər bir insana
görə dəyişilə-uyğunlaşdırıla bilər.
"Hər kəs virtual aləmini özünə görə
qurur, abadlaşdırır, inkişaf etdirir. Həmin dinamik
proses ərzində reallıqda maraqları üst-üstə
düşən insanlar virtual aləmdə də öz
aralarında həmin maraqlar çərçivəsində
ünsiyyət yarada bilərlər. Pişikləri sevirsinizsə,
real və virtual dünyadakı ortaq maraqlar arasında
böyük bir fərq yoxdur. Şəkilləri
dostlarınıza göstərə, kiçik dostunuz
üçün ad müsabiqəsi keçirə bilərsiniz.
Sadəcə, virtual dünyada dostlarınızın
arasında heç tanımadığınız,
insanların qoşulma imkanı yaranır", - deyən həmsöhbətimiz
hesab edir ki, real dünyadan fərqli olaraq virtual dünyanın
üstünlükləri bununla bitmir. "Məsələn,
bahalı maşın həvəskarısınız, onlar
haqda hər şey bilirsiniz, amma almağa imkanınız
yoxdur. Özünüzə virtual həyat yaradıb həmin
maşın sahibləri ilə ünsiyyət qurmaq
imkanınız yarana bilər. Ya da, nitq probleminiz var, real
dünyada ünsiyyət problemləri
yaşayırsınız, amma dili öyrənmək istəyirsiniz.
Virtual aləmdə problemlər yox olur, azad, problemsiz və
mükəmməlsiniz - bütün qapılar
açıqdır. Virtual aləmdə insanların ümumi
maraqlar çərçivəsində sosial şəbəkələrdə
maraq qruplarında, tanışlıq saytlarında, müxtəlif
oyunlarda, forumlarda v.s. cəmlənməsi şəklində
özünü göstərir".
Ümumilikdə
götürdükdə isə sosial şəbəkələr
qlobal, regional, yerli və s. üzrə təsnifləşdirilir.
Hətta istifadəçilərin maraq dairəsindən
asılı olaraq sosial şəbəkələr öz səviyyəsiylə
fərqlənir.
Zaman keçdikcə texnologiyalar
inkişaf edir ki, nəticə etibarilə də yeni proqram məhsullarının
yaranması analoji şəbəkələrin ayrı-ayrı
təşkilatlar, kampaniyalar çərçivəsində
qurulmasına şərait yaradır. Bu baxımdan məşhur
olan MySpace, Flickr, eBoy, Facebook kimi sosial şəbəkə
sistemlərinin təklif etdikləri imkanların kifayət qədər
populyar olması bu şəbəkələrin istifadəçilərinin
sayının sürətlə artmasından xəbər
verir.
Qeyd edək ki, sosial şəbəkə - sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (adamlar və ya təşkilatlar) və kommunikasiyalar arasında olan sosial struktur düyünlərindən ibarət olan qrupdur. V.Qasımovun bu barədəki fikirləri də maraqlıdır. Sosial şəbəkələrin interaktiv olaraq inkişaf edən struktur olduğunu deyən ekspertin sözlərinə görə, bunu həm istifadəçiləri, həm də rəqabət mühiti tələb edir. Dediyinə görə, əgər bir sosial şəbəkə inkişaf etməzsə, o zaman istifadəçilər başqa birinə üz tutacaqlar. "Hazırda milli istifadəçilərin ən çox istifadə etdikləri Vkontakte, Odnoklassniki, Twitter, Google+ və Facebook sosial şəbəkədir. Təbii ki, hərənin özünə görə auditoriyası mövcuddur. Ən populyar olanı da Facebook-dur. Populyar olmağının sirri - istifadəçilərin nə istədiklərini əvvəlcədən hiss edib təklif etməsidir. Tələbdən əvvəl təqdimat var ki, bu da insanların xoşlarına gəlir, istifadə edirlər, edəcəklər də. Nəticədə də sosial şəbəkə istifadəçilərinin sayı artacaq".
Qeyd edək ki, sosial şəbəkələr
XXI əsr hadisəsi
- internet fenomenidir.
Azərbaycan həqiqətlərinin təbliğində müasir
informasiya texnologiyalarının
tətbiq xalqımızın
tarixi və müasir həyatı ilə bağlı məlumatların dünya
ictimaiyyətinə çatdırılması
mexanizmlərinin müasirləşdirilməsi
məqsədlərinə xidmət
edir. Əlbəttə ki, informasiya-kommunikasiya
texnologiyalarının (İKT) ictimai həyata təsir imkanlarının
yüksələn xəttlə
inkişafı diaspor quruculuğu prosesində bu tarixi nailiyyətin
daha geniş miqyasda tətbiqini zərurətə çevirir.
Bəs soydaşlarımız diaspor
siyasətinin həyata
keçirilməsi işində
İKT-dən necə
yararlanırlar? Azərbaycan
Milli İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, Azərbaycanın
təbliği və tanınması istiqamətində
internetdən istifadə
olunması daha aktualdır: "İnternetin
minlərlə xidməti
və imkanları var.
Diasporumuz Azərbaycanın
tanınması istiqamətində
bunlardan istifadə etməlidir".
Onun sözlərinə görə,
Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) internetin
daha faydalı istiqamətlərini üzə
çıxarmalıdır: "Bundan başqa, DİDK elektron formada xidmətlər təklif edə bilər".
AİF rəhbəri
həmçinin müxtəlif
ölkələrdəki diaspor
qurumlarının özlərinin
də saytlarının
yaradılmasının vacibliyini
qeyd edib: "Bu saytlar da şəbəkələşməlidir.
Bunların saytlarının kataloqu olmalıdır ki, diasporla məşğul
olan insanlar üçün ələçatımlı
olsun".
Nəzərə alsaq ki, hazırda ən fəal virtual təbliğat
formalarından biri də sosial şəbəkələrdir, o zaman diasporumuzun bu metoddan istifadəsinin
vacib olduğunu qeyd edə bilərik.
O.Gündüz onu da qeyd edib ki,
nəinki diaspor təşkilatlarımız, bütün
dövlət qurumlarımız
sosial şəbəkələrin
imkanlarından səmərəli
istifadə etməlidirlər.
Qeyd edək ki, bəziləri üçün sosial şəbəkə gündəlik həyatın mühüm tərkib hissəsi hesab olunsa da, əksəriyyət istifadəçilər üçün vaxt itkisindən başqa bir şey deyil. V.Qasımov mövcud olan vəziyyəti əksər insanların boş-bekar olması ilə əlaqələndirir: "Sosial şəbəkələr olmasa da, onlar vaxtlarını öldürməyə başqa məkan və məşğuliyyət tapacaqlar. Çayxana və qəlyanxanalarda oturacaq, bulvarda gəzib-dolanacaq, TV-nin qabağında yatacaq, saatlarla telefonla danışacaqlar. Əslində sosial şəbəkələr çox gözəl bir şəkildə indiki cəmiyyətimizin vəziyyətini əks etdirən bir güzgüdür".
Yeri gəlmişkən, sosial şəbəkələrin yarandığı tarix də maraqlıdır. Usernet adlanan ilk sosial şəbəkənin yaranma tarixi 1979-cu ilə təsadüf edir. Ancaq bu şəbəkə populyarlıq qazana bilməyib.
Müasir dövrün sosial şəbəkəsi dedikdə isə diqqətdə daha çox Facebook və Twitter canlanır. Əslində isə bu, heç də belə deyil. Çünki bütün bloqlar, forumlar, chat saytları və bu kimi internet vasitələri də sosial şəbəkə hesab olunur.
Bu
gün sosial şəbəkələr
dünyanı idarə edən qüvvələrdən biri hesab olunur.
Hətta karyera, akademik
cəhətdən həm də gündəlik həyatımızda
ən çox işlədilən, ən çox vacib sayılan
vasitələrdən biri sayılır. Məsələn,
sosial şəbəkə ilə iş tapmaq daha asandır, nəinki müraciət
formalarına daxil olmaqla.
Bu baxımdan sosial
şəbəkələrdən istifadə asan
olduğu qədər də əlverişli
sayılır.
Əslində sosial şəbəkələrin
müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri
də mövcuddur. Belə ki, sosial şəbəkələrdə
vaxt itkisi olur. Hər hansı bir mövzu haqqında şərh
yazaraq uzun müddət cavab gözləyirsən. Yəni kim
bu mövzu haqqında nə düşünür, hansı
fikirdədir və s.
Sosial şəbəkələr
üzrə ekspert Hakkı Öcal isə hesab edir ki, sosial
şəbəkələrin vaxt itkisi və özəl məlumatların
istənilməyən insanların əlinə keçməsini
çıxmaq şərtilə heç bir mənfi tərəfi
yoxdur. Onun sözlərinə görə, şəxslərlə
yanaşı böyük şirkətlər də sosial şəbəkələrdən
yetərincə yararlanır. Onun fikrincə, burada belə
şəbəkələrin rolu əsasən ictimaiyyətlə
əlaqələrdir. H.Öcal deyir ki, bütün mətbuat
orqanları üçün sosial şəbəkələr
göydəndüşmə vasitədir: "Xəbərləri
istifadəçilərə sosial media vasitəsilə
çatdırmaq daha tez olur. Əks halda insanlar səhərisi
günü gözləyəcək, sayta gəlib bu xəbəri
görəcək. Halbuki hazırda sosial şəbəkəyə
bir xəbər gələndə, bu, bir anda minlərlə,
onminlərlə istifadəçiyə ünvanlanır".
Onu da qeyd edək ki, Azərbaycanda
"Facebook" istifadəçilərinin sayı 957 min
540-dır. Müqayisə üçün bildirək ki,
ötən ilin müvafiq dövrü ilə müqayisədə
bu göstərici 919 min təşkil edib.
"Socialbaker.com" saytının məlumatına görə,
son 6 ayda Azərbaycanda "Facebook" istifadəçilərinin
sayı 134 min artıb, ölkə tərtib edilmiş reytinqdə
84-cü yerdə qərarlaşıb. Vahid Qasımova görə
isə Azərbaycanda aktiv (gündəlik internetə daxil olan)
internet istifadəçilərin sayı 500-750 min
arasıdırsa, sadəcə Facebook-un Azərbaycandan 1.000.000
istifadəçisi mövcuddur. "Digər sosial şəbəkələri
də nəzərə alsaq o zaman görərik ki, internetlə
tanışlığı olan şəxslərin bir
çoxunun sosial şəbəkədə hesabı
vardır. Lakin sosial şəbəkələr hələ də
hamı tərəfindən tam olaraq dərk edilməyib.
İnsanlarımız sosial şəbəkələrə
daha çox əyləncə olaraq vaxt öldürmək
üçün istifadə etsələr də, sosial şəbəkələrdən
professional maraqlar çərçivəsində yararlananlar
da az deyil. Əslində sosial şəbəkələr
gözəl bir auditoriya təqdim edir, həmin auditoriyaya istədiyimizi
təqdim etmək bizim əlimizdədir. Kimi bahalı
maşının qabağında şəklini çəkib
onu təqdim edir, kimi yazdığı kitabı, kimi
satdığı məhsulu, ya da xidməti. Sosial şəbəkələrdən
istifadə ölçüsü ehtiyaclarımıza və səviyyəmizə
tam mütənasibdir. Hətta sosial şəbəkələrdən
istifadə etməyə istəyi olub da, bacarığı, ya
da vaxtı olmayanlar üçün, sosial media meneceri vəzifəsini
icra edən mütəxəssislər mövcuddur ki, sosial
şəbəkə vasitəsi ilə istədiyinizi
auditoriyanıza çatdıracaqlar".
Ulduzə QARAQIZI
Ekspress.-2013.-8 fevral.-S.-9.