Böyüktarixi kosmik uğur

 

     İlk milli peykimiz orbitdə yerini tutdu

 

     İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

2013-cü ilin fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan müstəqillik tarixinin daha bir ən önəmli hadisəsini yaşadı. Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - "Azərspace-1" uğurla orbitə buraxıldı.

   İlk milli peykimiz fevralın 8-də Bakı vaxtı ilə saat 1:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın "Arianespace" şirkətinin üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" raketdaşıyıcısı vasitəsilə fəzaya qaldırıldı. Startdan 33 dəqiqə sonra "Azerspace-1" peyki "Ariane-5" raket daşıyıcısının gövdəsindən ayrıldı. Gecə saat 02:10 radələrində - fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonrasa Azərbaycanın ilk peyki orbitdə yerini tutdu...

   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən ilk milli peykin orbitə buraxılışı münasibəti ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətində (ASC) təşkil olunan mərasimə qatılaraq "Azərspace-1" peykinin orbitə buraxılması prosesini izləyiblər.

   Prezident İlham Əliyev Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə xalqımızı təbrik edib. AzərTAc-ın məlumatına görə, dövlət başçısının təbrikində deyilir:

   "Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edirbiz artıq kosmik klubun üzvüyük.

   Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir, bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

   Eyni zamanda, peykin orbitə çıxarılması beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olmuşdur. Bu, Amerikanın "Orbital" və Fransanın "Arianespace" şirkətlərinin köməyi, dəstəyi, fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq bütün sahələrdə inkişaf edir, artır. Biz kosmik sənayedə də bu əməkdaşlığın gözəl nəticələrini görürük.

   Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə böyük quruculuq işləri aparılır. Ölkəmizin beynəlxalq nüfuzu artır. Azərbaycan bu gün dünyanın birinci beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan iqtisadiyyatı mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Ölkəmizdə çox uğurlu iqtisadi islahatlar aparılır və yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda mənim Sərəncamımla "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdir. Əminəm ki, biz bu ilbundan sonrakı illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində daha da böyük nailiyyətlərə çatacağıq.

   Birinci peykin orbitə çıxarılması, əlbəttə, çox əlamətdar tarixi bir hadisədir. Biz bu işə beş il bundan əvvəl başlamışıq. 2008-ci ildə mənim tərəfimdən Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir.

   2009-cu ildə Dövlət Proqramı qəbul edilib. 2010-cu ildə "Azərkosmos" Səhmdar Cəmiyyəti yaradılmışdır və artıq Azərbaycan kosmik klubun üzvünə çevrilib.

   Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq.

   2015-ci və 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaq.

   İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcək. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcək. Yəni, bu peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaq. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaq. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin. Bu yaxınlarda İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında imzaladığım Sərəncam dediyim sözlərin təsdiqidir.

   Bir daha bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün - 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaqdır. Əminəm ki, bundan sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək.

   Əziz həmvətənlər, sizi bu tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!"

   Dünən prezident İlham Əliyev "Azərkosmos" ASC-nin yeni inzibati binasının açılışında da iştirak edib. Burada yaradılan şərait barədə dövlət başçısına məlumat verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, "Azərkosmos" ASC müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərməyi hədəfləyir. Bu məqsədlə "Azərkosmos" fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyətli idarəetmə siyasətinin formalaşdırılması istiqamətində aparır.

   "Azərkosmos"un yerləşdiyi ərazidə "Azərspace"ə nəzarəti həyata keçirmək üçün bütün imkanlar vardır. Burada peykin idarə olunması üçün müxtəlif təyinatlı antennalar quraşdırılmışdır.

   "Azərkosmos" ASC-nin inzibati binasında yaradılan şəraitlə tanış olan ölkə rəhbərinin diqqətinə çatdırıldı ki, burada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Ötən dövrdə "Azərkosmos" ASC-də yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Texniki heyət mərhələli şəkildə ABŞ-da və Malayziyada müxtəlif kurs və təlimlərdə iştirak etmişlər. Əsas məqsəd "Azərspace" peykinin idarə və istismar edilməsinin azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilməsini təmin etməkdir.

   Prezident İlham Əliyevə hazırkı və gələcək layihələr barədə məlumat verildi. Bildirildi ki, 2015-ci ildə aşağı orbitli peykin, 2016-cı ildə isə "Azərspace-2"nin orbitə buraxılması planlaşdırılır.

   Peyk buraxılışı üzrə dünya bazarının 50 faizindən çox hissəsinə malik və fəaliyyətə başladığı 1980-ci ildən müxtəlif daşıyıcı raketlərlə bütövlükdə 242 peyk buraxılışı həyata keçirmiş "Arianespace" şirkəti üçün "Azərspace-1" peykinin buraxılışı "Ariane-5" daşıyıcı raketi ilə 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur. "Azərspace-1" peyki "Orbital Sciences" korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərən STAR-2 peyk platforması əsasında yığılmışdır.

   Faydalı yük üzrə 36 fəal transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan "Azərspace-1" peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə (Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə olunan bu geostasionar orbit "Azərkosmos" ASC-yə icarəyə verilib) yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək "Azərspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur.

   Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcəkdir. Artıq peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır. "Azərspace-1" peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən üçdə bir hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcəkdir.

   İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaqdır. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Belə ki, "Azərspace-1" peyki yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziyaradio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsini təmin edəcək, ümumiyyətlə, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət olunacaq, müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsi, həmçinin məsafədən təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu təqdim olunacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün yeni şifrələmə texnologiyası ilə mühafizə olunan və ən son tələblərə cavab verən müasir rabitə sistemi qurulacaqdır.

   "Azərspace-1" peykinin sığortalanması ilə əlaqədar bağlanılan müqaviləyə əsasən, orbitdə baş verə biləcək bütün qəza hallarında "Azərkosmos" ASC sığorta ödənişləri hesabına "Azərspace-1" layihəsini davam etdirmək imkanına sahib olacaqdır.

   Qviana Kosmik Mərkəzinin ELA-3 start kompleksindən Fransanın "Ariane 5 ECA" raketdaşıyıcısının köməyi ilə orbitə buraxılan Azərbaycanın telekommunikasiya peyki "Azerspace/Africasat-1a" "Azərkosmos" ASC-nin idarəçiliyinə verilib.

   "Peykin təyin edilən orbitə (46 dərəcə şərq uzunluğunda) çatması üçün bir neçə həftə tələb olunur. Hazırda peyk Bakı və Naxçıvanda yerləşən idarəetmə mərkəzlərindən, habelə Malayziyadakı mərkəzdən idarə edilir", - deyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

   Azərbaycanın ilk milli peykinin orbitə buraxılması layihəsinin ümumi dəyərinin təxminən 230 milyon dollar olduğu bildirilir.

   Bir qədər əvvəl rabitə və informasiya texnologiyaları naziri mətbuata bildirmişdi ki, "bura yerüstü idaretmə stansiyalarının tikintisi üzrə xərclər, həmçinin sığorta xərcləri daxildir". Əli Abbasovun sözlərinə görə, peykin sığortalanmasına 17 milyon dollar sərf olunub: "Bu məbləğdən 16 milyon dollar peykin 100 faizlik sığortalanmasına düşür, bir milyon dollar isə sığorta məbləğinə verilən zəmanətdir".

   Məlumatlara görə, təkcə peykin istehsalçısı olan "Orbital Sciences Corporation" şirkəti ilə imzalanan müqavilənin dəyəri 112 milyon manat təşkil edir. Bu, peykin istehsalı ilə yanaşı, yerüstü idarəetmə strukturunun yaradılmasına və kadrların hazırlanmasına xərclənən vəsaitin həcmidir.

   Peykin istismar müddəti 15 il, qoyulan vəsaitin götürülmə müddətinin 7 il olduğu deyilir.

   Təbii ki, peyk işində əsas məsələ maliyyə deyil, ölkəmizin kosmik uğuru, bu fonda beynəlxalq arenada əldə edəcəyi imic, nüfuzsöz sahibi olmasıdır. Necə deyərlər, söhbət kosmik uğurdan gedirsə, geridə qalanı təfərrüatdır.

   Əsas və başlıca olanı budur ki, fevralın 8-də Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyduilk peykini buraxmaqla kosmik klubun üzv ölkəsi oldu. Bu, şübhəsiz ki, böyüktarixi zəfərdir.

   Millət vəkili Azay Quliyev bildirir ki, bu peykin Azərbaycanın beynəlxalq nüfuzuna böyük təsiri olacaq,

   Azərbaycanın əldə etdiyi bu uğurlarla buya digər formada digər ölkələr də razılaşmalı olacaq. "Öz peykinə sahib olmaq heç də hər bir dövlətə, hər bir millətə müyəssər olmur. Lakin Azərbaycan belə bir tarixi nailiyyətə imza atdı və bu, Azərbaycanın müstəqilliyinin bir daha təsdiqlənməsidir", - Quliyev deyib ("Trend").

   Millət vəkili vurğulayıb ki, bu, Azərbaycanın nə qədər qüdrətli, nə qədər inkişaf etmiş və nə qədər 21-ci əsrin sivilizasiyasına uyğun inkişaf kursu götürmüş bir dövlət olduğunun konkret nümunəsidir: "Azərbaycan bu peykdən ən müxtəlif məqsədlər üçün istifadə edəcək. Bu peyk, ilk növbədə, Azərbaycanı peyk sahibi olan ölkələr sırasına çıxaracaq, yəni beynəlxalq aləmdə nüfuzunu artıracaq.

   Təsadüfi deyil ki, MDB məkanında Azərbaycan artıq 3-cü ölkədir ki, öz peykinə sahib olur. Bölgədə isə Azərbaycan yeganə ölkədir ki, belə bir uğurlu layihəyə imza atmağı bacardı".

   Digər tərəfdən, bu peyk Azərbaycana böyük iqtisadi gəlirlər gətirəcək. Milli peykimiz Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafında müstəsna rol oynayacaq. Azərbaycanın bütovlükdə internetə, informasiyaya çıxışına və bir çox İKT məhsullarının daha tez əldə olunmasına şərait yaradacaq.

 

 

A.Həmid

 

Ekspress.-2013.-9-11 fevral.-S.14-15.