Mir Cəfər Bağırov və Ağasəlim Atakişiyev

 

   Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq

   1953-cü il may ayının 22-də M.C.Bağırovun imzaladığı bir qərar (o zaman Ağasəlim Atakişiyev Azərbaycan SSR Daxili İşlər naziri vəzifəsində işləyirdi - T.Q.) çox səciyyəvidir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan (fond 1, siyahı 39, saxlanma vahidi 78) bu sənədlə oxucuları tanış edirəm. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aparılmış yoxlama nəticələri haqqında: "Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aparılmış yoxlama nəticələri haqqında". Burada oxuyuruq: "İnstitut rəhbərləri kadrların seçilməsi və yerləşdirilməsinə dair partiya prinsiplərini kobudcasına pozurlar. İnstitutun direktoru B.Ağayev yoldaş öz ətrafına natəmiz, mənəviyyatca pozğun, əvvəllər cinayətkar hərəkətlərinə görə başqa təşkilatdan qovulmuş şəxsləri toplamışdır. Direktorun təsərrüfat işləri üzrə müavini Q.Qazaryan Azərbaycan KP Kirovabad Şəhər Komitəsi tərəfindən hələ 1936-cı il sentyabr ayının 10-da partiyaya zidd çıxışlarına və sərxoşluğuna görə şəxsi işinə yazılmaqla töhmət almışdır. 1938-ci il yanvar ayının 18-də Azərbaycan KP MK Bürosunun qərarı ilə, 1948-ci il noyabrın 19-da Azərbaycan KP Nizami rayon komitəsi bürosunun qərarı ilə cəzalandırılsa da, Q.Qazaryan bunlardan özünə nəticə çıxarmamışdır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda işlədiyi dövrdə Q.Qazaryan instituta şübhəli və natəmiz adamları toplamış, təsərrüfat işlərinə şəxsi və eyni millətdən olan tanışlarını cəlb etmişdir. İnstitutun baş mühasibi vəzifəsini tutmuş, maliyyə pozuntularına yol vermiş A.Karapetyan keçmişdə daşnak olmuşdur. Ekspeditor O.Muradyan dövlət əmlakını dağıdır, institut yataqxanasının komendantı A.Badamyan tələbələrdən rüşvət alır, tədris korpusunun direktoru M.İsrailyan əvvəllər cinayətkar hərəkətlərinə görə vəzifədən qovulmuşdur, zootexnik Q.Stepanyan partiyadan xaric olunmuşdur, təsərrüfat müdiri A.Kasparov daşnak ordusunun zabiti idi".

   Mərkəzi Komitə Bürosunun qərarı ilə Q.Qazaryan vəzifəsindən kənarlaşdırılmışdır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda isti yuva qurmuş daşnaklar Kreml havadarlarına şikayət məktubu göndərsələr də, Mir Cəfər Bağırovun imzaladığı qərar qüvvədə qalmışdır. 1953-cü il aprelin 18-də Mir Teymur Mir Ələkbər oğlu Yaqubov Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra Q.Qazaryan və onun daşnak dəstəsi yenidən mərkəzi təşkilatlara şikayət məktubları göndərmişlər. Nəticədə Mir Teymur Yaqubovun göstərişilə 1953-cü il may ayının 22-də məsələyə yenidən baxılmış, qərar qüvvədə saxlanılsa da, Q.Qazaryana aid bəndindən "daşnak" sözü və adlar çıxarılmışdır: "İnstitutun aparatına şübhəli və natəmiz adamlar gətirdiyinə, tələbələrə mədəni-məişət xidməti göstərilməsi işini pozduğuna görə AKTİ direktor müavini Q.Qazaryan işdən azad edilsin".

   1954-cü il fevralın 17-də İmam Daşdəmir oğlu Mustafayev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir. Həmin il martın 9-da Kirovabad daşnaklarının lideri Q.Qazaryan Bakıya aşağıdakı məktubu göndərmişdir:

 

   "Azərbaycan KP MK-nın birinci katibi İ.D.Mustafayev yoldaşa

   1928-ci ildən Sov. İKP üzvü, partiya bileti H2899341, Qazaryan Qriqori Arzumanoviç tərəfindən

   Azərbaycan KP MK-nın keçmiş birinci katibi Bağırov tərəfindən 1953-cü il may ayının 22-də Mərkəzi Komitənin büro iclasında işimdən kənarlaşdırılmışam. Bağırov uzun müddət məni lağa qoyub təhqir etdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutu inzibati-təsərrüfat işləri üzrə direktor müavinliyindən uzaqlaşdırmışdır. Bağırov məni bunda günahlandırırdı ki, guya adamları tanışlığa və milli mənsubiyyətnə görə işə götürürəm. Hətta MK qərarında baş mühasib Karapetyanın, ekspeditor Muradyanın, tədris korpusunun direktoru İsrailyanın, zootexnik Stepanyanın və təsərrüfat müdiri Kasparovun adları sadalanmışdı. Bağırovun mənə qarşı cinayəti bununla kifayətlənmirdi. O məni partiyadan qovub həbsə almaq istəyirdi.

   Yoldaş Mustafayev! Yeddi aydır ki, işsiz qalmışam. Başıma gətirilən müsibətlərdən sağlamlığımı itrmişəm. Qan təzyiqim 200-ə qalxıb. Sizdən acizanə surətdə xahiş edirəm ki, ədalətsizliyə son qoyasınız və Az.KTİ-na tapşırasınız ki, məni öz xahişimlə vəzifədən azad etsin.

   Ünvanım: Kirovabad şəhəi, Puşkin küçəsi, 20. Qazaryan Q. A."

   1954-cü il aprelin 9-da Azərbaycan KP MK Bürosunun aşağıdakı qərarı qəbul edilmişdir:

   "Sov. İKP üzvü Q.A.Qazaryan yoldaşın Azərbaycan KP MK Bürosunun 22 may və 24 iyun 1953-cü il tarixli qərarlarının ona aid hissələrinin ləğv olunması barədə

   1. Azərbaycan KP MK-nın 1953-cü il 22 may və 24 iyun tarixli bürolarında Sov. İKP üzvü Q.A.Qazaryan yoldaşa partiyaya zidd davranışa, Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna şübhəli və natəmiz adamları işə götürdüyünə, tələbələrin mədəni-məişət xidmətini pozduğuna aid ittihamlar əsassız hesab edilərək qərardan çıxarılsın.

   2. Azərbaycan KP Kirovabad Şəhər Komitəsinə tapşırılsın ki, Q.A.Qazaryan yoldaşı müvafiq işlə təmin etsin.

   Azərbaycan KP MK katibi İ.Mustafayev."

   Dörd gün sonra, 1954-cü il aprelin 13-də Azərbaycan KP MK-nın birinci katibi Azərbaycanda daşnakların qənimi, peşəkar çekist, daxili işlər naziri haqqında aşağıdakı qərarı bəyan etmişdir. Üstəlik, "İmamqulu" ismindən "qulu"nu atan birinci katib "Ağasəlim"i "Səlim"ə döndərmişdir:

   "S.İ.Atakişiyev yoldaş barədə

   S.İ.Atakişiyev yoldaşın Azərbaycan SSR Dövlət İşlər Nazirliyində Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində işləməsi məqsədəuyğun olmadığına görə vəzifədən azad edilsin.

   Sov.İKP MK-dan xahiş olunsun ki, bu qərarı təsdiq etsin.

   Azərbaycan KP MK katibi İ.Mustafayev."

   Elə həmin gün, 1954-cü il aprelin 13-də Andrey Yevstafyeviç Bulıqa Azərbaycan SSR Daxili İşlər naziri təsdiq olunmuşdur.

   Dövlət Təhlükəsizliyi Komitəsində isə Ağasəlim Atakişiyevi Azərbaycan KP MK-nın inzibati orqanlar ticarət-maliyyə orqanları şöbəsinin müdiri Xəlil Məmmədoviç Məmmədov əvəz etmişdir.

   Mərkəzi Komitənin 1954-cü il aprelin 13-də keçirilən büro iclasında həmçinin Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri A.Quskovun təklifi ilə Respublika Daxili İşlər Nazirliyi kadrlar şöbəsinin müdiri polkovnik Əlizadə Əli Sadıq oğlu Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, Mustafayev Mustafa Seyidəhməd oğlu DTK 1-ci şöbə rəisi, Əliyev Heydər Əlirza oğlu DTK-nin 2-ci şöbə rəisi, Nəzərli Şamil Əhəd oğlu DTK 2-ci Xüsusi şöbə rəisi, Məmmədov Eyvaz Əbdürrəhmanoviç DTK 4-cü şöbə rəisi vəzifələrinə təsdiq edilmişdir.

 

   (ardı var)

    

 

           Teyyub Qurban

 

          Ekspress.-2013.-9-11 fevral.-S.15.