Kinoda olar, teatrda olmaz?..

 

   İsrafil İsrafilov: Teatrda artıq kastinq prosesinə keçməyin vaxtı yetişib

 

   İsrafil İsrafilov Akademik Milli Dram Teatrına rəhbər gələndən sonra teatrın yenidən dirçəlməsi üçün həyata keçirdiyi bir çox işlər, həqiqətən, böyük rezonans doğurdu. Çünki bu islahatlar teatrın özündə birmənalı qarşılanmadı. Lakin bununla belə yeni direktor soyuqqanlıqla bir çox problemləri yoluna qoymağı bacardı.

   İsrafil İsrafilovun direktor təyin edilməsindən cəmisi iki il keçib. Amma bu müddət ərzində Akademik Milli Dram Teatrında çox şey dəyişib. Artıq milli teatrımızın flaqmanı mütəmadi olaraq xarici festivallarda çıxış edir. Elə direktorla söhbətimizə də bu məqamdan başladıq.

   - İsrafil müəllim, istərdim, söhbətimizə teatrın kollektivinin xarici səfərlərindən başlayaq. Çünki hər bir teatrın fəalyyətində xarici səfərlər böyük önəm daşıyır. Xüsusən, indiki şəraitdə teatrın xaricə getməsi böyük əhəmiyyətə malikdir.

   - İndi ki, söhbət xarici səfərlərdən düşdü, mən Tiflis Beynəlxalq Teatr Festivalı barədə danışmaq istəyirəm. Bu festifal beynəlxalq arenada əhəmiyyətinə və nüfuzuna görə çox mötəbər festivaldır. Tiflisdə hər il belə festival keçirirlər. Bilirsinizmi, belə festivalların keçirilməsi ölkə üçün böyük əhəmiyyət daşıyır. Həm öz ölkələrini, həm də teatrlarını sözün yaxşı mənasında reklam etdirirlər. İstər mərkəzi, istərsə də əyalət teatrları olsun, burada hamısının böyük xeyri o olur ki, xaricdən gələn teatr kolllektivlərindən yeniklər öyrənirlər. Bu dəfə Meksikadan tutmuş İsrailə, Çinə, Fransa, Almaniyayadək 22 xarici ölkənin teatrları Tiflisin qonağı idilər. Moskvadan da MXAT-ın kollektivi iştirak edirdi. Maraqlıdır ki, bir zamanlar biz belə proqramı olan festivala yaxın düşə bilməzdik. Belə festivallarda iştirak etməyimiz bizi beynəlxalq teatr ictimaiyyətinə tanıdır. Artıq mən müşahidlə edirəm ki, bizimlə hesablaşırlar. Digər tərəfdən, xaricdən olan həmkarlarla tanışlığımızın artması əlaqələrimizi daha da möhkəmləndirir. Sevindirici haldır ki, artıq istər MDB məkanında, istər Avropa miqyasında, istərsə də dünya teatr səhnəsində gedən proseslərdən xəbərimiz olur. Budan bir az əvvəl biz Varşavada Dünya Teatr Tənqidçilərinin Konqresində iştirak etdik. Dünyanın 70-dən ölkəsinin məşhur teatr tənqidçiləri orda iştirak edirdilər. Çox maraqlı bir forum idi. Bu konqresdə haqqında eşitdiyimiz, kitablarını oxuduğumuz teatr xadimləri ilə görüşdük. Bu insanlarla etdiyimiz adi söhbətlərdə belə, özümüz üçün bir çox mətləbləri aşkar etdik. Özümüzü onlara təqdim etdik, onları Azərbaycan teatrının 140 illik tarixi barədə məlumatlandlırdıq. Azərbaycan dramaturgiyasını tanınması istiqamətində bəzi işlər gördük. İnanın ki, Azərbaycan dramaturgiyasının tanımırlar. Yenidən Tiflis festivalına qayıtmaq istəyirəm. Bu festival özündə nəinki Qafqazın, MDB, o cümlədən Avropada teatrın hansı istiqamətdə inkişaf etdiyini göstərdi. Və biz orda gördük ki, dünyanın bir çox tanınmış teatrları ilə yanaşı addımlaya bilirik.

   - Festivalda hansı tamaşanı nümayiş etdirdiniz?

   - Bu festivalda biz hörmətli dramaturqumuz, xalq yazıçısı Elçinin "Şekspir" tamaşasını nümayiş etdirdik. Tamaşa böyük maraqla qarşılandı, başqa ölkədən gələn həmkarlarımız bizi təbrik etdilər. Hətta ayaq üstündə "Bravo" qışqıraraq alqışlayırdılar. Azərbaycan teatrı barədə məlumatları olmayanlar bizim tamaşaya heyranlıqla baxırdılar. Bir çox təşkilatçılar bizi öz festvallarına dəvət etdilər. Biz konkret olaraq İspanyaya, Polşaya, Edinburq festivalına, Çinə, Qazaxstana, Sankt-Peterburqa dəvətlər aldıq. Sankt-Peterburqun Komediya Teatrının rəhbəriyi ilə xoş-niyyətli söhbətlərimiz oldu. Belə razılaşdıq ki, biz mayda ora gedək, onlarda gələn sentyabr ayında bizim teatrın qonağı olsunlar. Yəni qarşılıqlı münasibətlərin qurulması üçün çox əlverişli mühitdən lazımınca istifadə etməyə çalışdıq. Biz ölkəmizdə keçiriləcək teatr festivallarına məşhur prodüserləri, teatr kollektivlərini dəvət etdik. Bilirsinizmi, artıq Azərbaycandan kənarda tanınmağın vaxtı yetişib, bundan sonra qarşımızda duran prioritet məsələlərdən biri xarici münasibətlərin möhkəmləndirilməsidir.

   - Cari mövsümdə daha hansı səfərlər gözlənilir?

   - Biz Kanadanın Monreal şəhərinin meri tərəfindən dəvət almışıq. Bundan başqa dahi öndərimiz Heydər Əliyevin 90 illiyi ilə əqaqədar bir çox ölkələrdə tədbirlərin keçirilməsi planlaşdırılıb. Biz bu tədbirlər çərçivəsində İsveçrəyə səfər edəcəyik.

   - Bildiyimizə görə, Akademik Milli Dram Teatrında bir çox klassik dramaturqların əsərləri üzərində məşqlər gedir. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

   - Bilirsiniz ki, biz əsasən klassik əsərlərlərin yenidən səhnə həyatı qazanmasına daha çox diqqət yetiririk. Cari mövsumdə Bertold Brextin "Mamaşa Kurajın uşaqları" tamaşasının premyerasını etdik. Bu yaxınlarda isə Cəlil Məmmədquluzadənin "Anamın kitabı" tamaşasını teatrsevərlərə təqdim etdik. Çox böyük maraqla qarşılandı. Bundan başqa Hüsyen Cavidin "Topal Teymur", Cəfər Cabbarlının "Almaz", Əli Əmirlinin "Şah Qacar", Kamal Abdullanın "Hamı səni sevənlər burdadır", Həsən Həsənovun "Brüsseldən məktublar", Elçinin "Sənətkarın taleyi" əsərlərini səhnəyə qoymağı planlaşdırırıq. "Şah Qacar"ı xalq artisti Azər Paşa Nemətov, "Hamı səni sevənlər burdadır" tamaşasını hazıamağı isə Mikayıl Mikayılova həvalə etmişik. Bundan başqa bir çox müasir dramaturqlarla söhbət edib onlara Akademik Milli Dram Teatrının repertuarına uyğun səviyyədə pyeslər yazılması üçün ideyalar vermişəm. Misal üçün, Orxan Fikrətoğlu ilə bu barədə söhbətimiz olub. O da artıq işə başlayıb. Orxan bir az astagəl olduğundan ciddi nəzarət edirəm. Çünki onun dramaturgiyasına bu gün ehtiyac var.

   - Teatrda rolların bölüşdürülməsi ilə bağlı yaranan problemlərdən danışmaq istərdim. Bir ara bu barədə çoxlu söz-söhbətlər vardı...

   - Mən yenə deyirəm, quruluşçu rejissor rol bölgüsündə tam sərbəstdir. Mən aktyorların qrafikinin nizamlanması baxımından yalnız onlara tövsiyələr verə bilərəm. Əslində mən tamaşalarda rolların kastinq vasitəsilə bölünməsinin tərəfdarıyam. Polşanın məşhur rejissoru Kşiştov Zanussi Bakıya gələndə onunla bizim teatrda bir tamaşanın hazırlaması barədə razılığa gəldik. O, hazırlayacağı tamaşa üçün çoxlu akytorlar arasında kastinq apardı öz aktyorlarını seçdi. Buna baxmayaraq, o, bir çox rola bir neçə aktyor seçdi dedi ki, əgər xoşuna gəlməsə, əməkdaşlığı dayandıraq. Halbuki, həmin aktyorlar ölkəmizin ən adlı-sanlı sənətkarlarıdırlar. Təsəvvür edin ki, bir rolu həm Fuad Poladova, həm Fəxrəddin Manafova verib. O, sabah qayıdıb desə ki, ay Fəxrəddin Manafov, ya da Fuad Poladov, siz məni qane etmirsiniz, təbii qəbul edilməlidir. Hamıya məlumdur ki, kinoda bir rola 10 nəfəri yoxlayıb birini çəkirlər. Necə olur, kinoda normal qəbul edilir, amma teatrda hamıya qəribə görünür? Knoda olar, teatrda olmaz?.. Ona görə mən fikirləşirəm ki, artıq kastinq prosesinə keçməyin vaxtı yetişib.

   - Bu həm sizin üçün əlverişlidir, daha aktyorlarla aranızda problem yaranmaz...

   - Həm aktyorlar arasında bir növ sənət yarışı yaranacaq. Bəzən rejissorlar mənə təklif edirlər ki, Türkiyənin məşhur serialındakı aktyorları da tamaşalarımıza dəvət edək. Nədi-nədi məşhur serialda oynayır, teatra çoxlu tamaşaçı gətirəcək. Çox cəlbedici maraqlı variantdır, amma o aktyorları biz aylarla burada saxlaya bilmərik axı. Buna böyük maliyyə vəsaiti lazımdır. Amma hər bir halda çıxış yolu tapaq olur. Misal üçün, gürcülərlə Hüseyn Cavidin bir əsərini hazırlamaq istəyrik ki, yarı bizim, yarı gürcü dilində olsun. Həm burda, həm Gürcüstanda premyerası olsun. Amma biz bunu həyata keçirməyə çətinlik çəkirik. Həm maddi vəsaitimiz yoxdur. həm bu aktyorların gedib orda məşq etməsi, onların da burada məşq etməsi bizim üçün çox problemdir. Amma hər halda bunu həyata keçirməyi qəti surətdə planlaşdırırıq.

   - Akademik Milli Dram Teatrında aparılan əsaslı təmir imkan verir ki, texniki baxımdan tamaşaların səviyyəsi Avropa standartlarına cavab versin. Amma ötən müuddət ərzində biz Akademik Milli Dram Teatrının səhnəsində oynanılan tamaşalarda bunu heç hiss etmədik.

   - Bilirsinizmi, öz teatrımızın texniki imkanlarından tam istifadə etməyə kadr çatışmazlığımız var. Baxın, mən Vaxtanqov adına Böyük Teatrın direktorundan məktub almışam, onlar bizim kadrlarımızın orada təcrübə keçməyinə razılaşıblar. edək, axı, məcburuq ki, kadr çatışmazlıqları özümüz aradan qaldıraq. Bu gün bizdəki texnikanı lazımi səviyyədə işlətmək üçün kadr heç yerdə yetişdirilmir, məktəb yoxdur. Biz məcburuq ki, İtaliyaya, Avstriyaya təcrübəyə gəncləri göndərək. Amma burada da bir sıxıntımız var, onlarla belə müqavilələri bağlamaq üçün 4-5 il gözləməliyik. Ona görə biz daha əlverişli variant kimi bu sahədə inkişaf etmiş keçmiş sovet respublikaları ilə əməkdaşlıq edir. Çünki onlar bizi daha yaxşı başa düşürlər, həm istifadə etdiyimiz texnika, demək olar ki, eynidir. Bilirsinizmi, biz hələ yeni islahatlarla yolun başlanığıcındayıq, zaman-zaman bu problemlərin öhdəsindən gəlib öz işimizin səmərəsinin şahidi olacağıq. Bəzən bizi qınayırlar ki, islahaiların aparılması hiss olunmur. Dövlət başçısının imzaladığı Azərbaycan teatrının inkişafı ilə bağlı 2009-2019-cu illər üçün nəzərdə tutulan tədbirlər planında bu islahatların hamısı öz əksini tapıb. Zaman-zaman da həyata keçiriləcək, indii biz 10 il üçün nəzərdə tutulan islahatı bir ilin içində həyata keçirə bilmərik ki. Axı, bu gün bizdə teatrın bütün sahələrində kadr qıtlığı var, istər rejissura, istər dramaturgiya, istər aktyorluq, istərsə səhnə tərtibatında bu kadr çatışmazlığını aşkar hiss edirik. Tamaşaçı texniki heyəti görmür, amma bir tamaşanın hazırlanması üçün 200 nəfər görür. Bunlardan biri öz yerində olmayanda işimiz axsayır.

 

 

    AYXAN

 

    Ekspress.-2013.-9-11 fevral.-S.19.