"Ən vacib
şərt rəssamın azad
olmasıdır"
Fərhad
Xəlilov: "İndiki dövrdə dövlət bizə hər
bir cəhətdən yardım etsə də, işimizə
qarışmır"
Azərbaycan Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilovun APA-ya
müsahibəsi
-
Son vaxtlar Rəssamlar İttifaqına üzv qəbul edilməməsi
barədə fikirlər səslənir...
- Bu, yanlış fikirdir.
Hazırda Rəssamlar İttifaqının 1500-ə yaxın
üzvü var. Bu onu göstərir ki, Rəssamlar
İttifaqı ən böyük yaradıcı təşkilatlardan
biridir. İttifaqda 9 peşəkar bölmə fəaliyyət
göstərir. Bu bölmələrin sədrləri üzv
olmaq üçün kifayət qədər ərizə
yığıldıqdan sonra Rəyasət Heyətinə
müraciət edirlər və müzakirələrdən
sonra gün təyin olunur, namizədlərin əsərlərindən
ibarət sərgi açılır. Rəyasət Heyəti səsvermə
yolu ilə həmin sərgidə bəyənilən işlərin
müəlliflərini ittifaqa üzv qəbul edir. Demək olar
ki, sərgiyə buraxılan namizədlərdən heç
kimin sənədləri geri qaytarılmır. Səsvermə
çox demokratik keçir. Çalışırıq ki,
İttifaqda orta təbəqədən olan rəssamlar da
geniş təmsil olunsun. Yaradıcılıq
üçün mühit və rəqabət güclü
faktordur. Özünüz şahid oldunuz ki, Gənclər
Günü 38 gənc rəssam ittifaqın Gənclər
Birliyinə qəbul olundu. Onlar yuxarı kurs tələbələridir,
Gənclər Birliyinə üzv olmaq o deməkdir ki, təhsillərini
bitirdikdən sonra avtomatik olaraq İttifaqın üzvü
olacaqlar.
-
Ümumiyyətlə, ittifaqa üzv qəbul ediləndə
hansı keyfiyyətlər nəzərə alınır?
- Ən başlıcası rəssam
istedadlı olmalıdır. Rəssamlar İttifaqı peşəkar
bir qurumdur. İndiki dövrdə bir çox qeyri-peşəkar,
həvəskar rəssamlar da var. Onların rəssamlıq təhsili
yoxdur, amma aralarında bir çox maraqlı rəssamlar var.
Bir vaxtlar onların bir təşkilatı var idi. Təşkilat
dağıldıqdan sonra Rəyasət Heyətinin qərarı
ilə onları öz ittifaqımızda birlik kimi qəbul
etdik.
Bundan əlavə,
İttifaqın tərkibində gənc, peşəkar rəssamların
və karikaturaçı rəssamların birliyi
fəaliyyət göstərir. Biz
İttifaqın üzvü olmayan istedadlı rəssamlar üçün
də sərgilər təşkil edirik. Onlar üçün hər
zaman qapımız açıqdır. Mən
bir vaxt Şəkidə
bir rəssamla tanış olmuşdum.
Çox istedadlı olduğu
üçün onu İttifaqa qəbul etməyi təklif etdim. O özü
çaşıb qaldı ki, "bəs
mənim heç bir sərgim
olmayıb axı, necə qəbul edəcəksiniz?" Yəni,
o vaxtlar hansısa ittifaqa qəbul olmaq üçün gərək rəssamın bir neçə sərgisi keçirilməli və
Moskvada Ümumittifaq sərgisində
iştirak etməli idi.
Bu isə çox
çətin idi. Biz onu İttifaqa qəbul etdik və bu o vaxt üçün
görülməmiş hadisə oldu. Mən indiyə kimi ikinci belə bir hadisəni yada sala bilmirəm. Bu, həmin rəssam üçün istisna hal idi. İndi Rəssamlar İttifaqının
üzvü olmaq istəyən elə bir istedadlı rəssam varsa, biz istisna olaraq onu İttifaqa qəbul etməyə hazırıq. Yəni, istedad
hər şeyin göstəricisidir.
- Azərbaycanda rəssamlığın
indiki vəziyyətini
necə qiymətləndirirsiniz?
- Ən
vacib şərt rəssamın azad olmasıdır. İndiki dövrdə
ən böyük üstünlüyümüz də
budur. Sovet hakimiyyəti dövründə
dövlət yaradıcılıq
ittifaqlarının işinə
çox qarışırdı.
Rəssam azadfikirli olmalıdır.
O vaxt kommunist ideologiyası çox güclü olduğundan, rəssamlar çox əziyyət çəkirdilər.
Çünki onların hər
bir əsəri sərgidən qabaq və ya sərgi
zamanı yoxlanılırdı.
İndiki dövrdə dövlət
bizə hər bir cəhətdən yardım etsə də, işimizə qarışmır. Rəssamlar ürəklərində
nə varsa, onu azad şəkildə
təsvir edə bilirlər.
- Azərbaycanlı rəssamların
əsərlərinin dünya
hərraclarında satışa
çıxarılması üçün
əsas şərt nədir?
- Əsər
ilk növbədə maraq
yaratmalıdır. Sənətin dəyərini bilən və dünya sənətində sözləri
keçən insanlar bu əsər haqqında müxtəlif fikirlər söyləməlidir.
Bundan sonra əsəri tanımış hərraclara
çıxarmaq olar.
Rəsm əsərlərinin satış
biznesi dünyada ən güclü biznes sahələrindən
biridir. Gərək rəssamın adı
dünya bazarında tanınsın ki, əsər alqı-satqısı
ilə məşğul
olanlar da əsəri satmaqda maraqlı olsunlar. Əsəri dünya bazarına çıxarmaq isə çox çətin məsələdir. Bu, beş və ya on ilin işi
deyil. Məşhur rəssamların dünya bazarlarında öz imici var. Düzdür, Azərbaycanın
tarixində dahi rəssamlar olub, amma mədəniyyətimiz
dünyada hələ
yeni tanınmağa başlayır. Bunun üçün
vaxt, mədəniyyət
siyasəti və rəssamın uzun illər boyu çalışması lazımdır.
- Bəs bu istiqamətdə
hansı işlər görülür?
- Rəssam əsərini yaradır. Əsərin
dünyada tanınması
üçün bu işlə məşğul
olan savadlı, təcrübəli menecer olmalıdır. Azərbaycanda isə belə menecerlər yenicə yetişməyə başlayır.
Hazırda demək olmaz
ki, bizim dünyada tanınmış
menecerlərimiz var. Dünya
hərraclarında sözükeçən
menecerlərlə işləmək
lazımdır. Bu menecerlərin yaranmasına
savad, vaxt və təcrübə lazımdır. Biz istəyirik ki, bütün bunlar bir gündə əmələ gəlsin.
Bu isə mümkün
deyil.
- Bu işdə professional olan xarici menecerlərlə işləmək olmaz?
- Əlbəttə,
olar. Yeni müstəqillik qazandığımız
dövrdə bir neçə
ölkədən menecerlər
gəlmişdi. Onlar rəssamlarla
müqavilə bağlamaq
istəyirdilər. O vaxt
rəssamların dünya
bazarından xəbərləri
yox idi. Həmin menecerlər də bundan istifadə etmək istəyirdilər.
O dövrün sənət
əsərləri alınıb-satıldıqdan
sonra Sovet sənətinə də maraq soyudu. İndiki dövr
dünya hərraclarında
peşəkar kimi tanınmaq üçün
yeni bir mərhələdir. Bunun üçün
peşəkar menecerlərlə,
sənətşünaslarla və digər bu işlə məşğul olan insanlarla çalışmaq
lazımdır.
- Belə bir fikir
var ki, rəssam
ilk dəfə öz əsərinə hansı
qiyməti versə, əsərləri həmişə
həmin qiymətə
satılacaq. Bu fikirlə razısınız?
- Rəssam öz əsərlərinin
satılması üçün
bir siyasət qurmalıdır. Lakin əsərini nə qədər baha satmağa çalışsa
da, əgər əsərə maraq yoxdursa, baha qiymət qoymaqla iş düzəlmir. Rəsm əsəri sənəti bilən və sevən insanlarda maraq yaratmalıdır.
- Azərbaycanda rəssamların
əsərlərini satmaq
üçün yetərincə
şərait varmı?
- Təşkil
olunan hər bir sərgi demək olar ki, satış sərgisidir. Eyni zamanda, Bakıda
bir çox qalereyalar mövcuddur.
Əsərlərin emalatxanalarda satılmasına
da pis baxmıram.
Əsərlər yaradılır və
satış yerləri
də mövcuddur.
Bizim bir arzumuz var
ki, sənətsevərlərin
və əsər alanların sayı çoxalsın.
- Bir neçə ay öncə İçərişəhərdə
yerləşən Miniatür
Sənət Mərkəzini
özəlləşdirdiyiniz haqda xəbərlər yayılmışdı...
- Sovet dövlətinin süqutu ərəfəsində belə
anonim müəllif tərəfindən yazılan
yazıların çap
olunması və ərizələrinin qəbulu
qadağan idi. İndi isə belə deyil. Bu ittihamlar
müəllifsiz çap
olunduğuna görə,
naməlum müəllifin
sözlərini ciddi qəbul etmədim. Ona görə ki, mən boşluğa cavab verə bilmərəm. Lakin bu sizi maraqlandırırsa, Sizə cavab verə bilərəm.
Qalereya özəlləşdirilməyib və hazırda orada Rəssamlar Klubu, Miniatür Mərkəzi və Müasir İncəsənət
Mərkəzi fəaliyyət
göstərir. O vaxt
oranı özəlləşdirə
bilərdik, lakin buna ehtiyac yox
idi. Oranın təmirə ehtiyacı
vardı, böyük
çətinliklə imkan
tapdıq və təmir etdirdik. Ora bu gün rəssamların
ən sevimli yeridir.
- İndiki dövrdə
hansı rəssamların
yaradıcılığını bəyənirsiniz?
- Azərbaycanda
hər zaman istedadlı rəssamlar olub və bu
gün də var. Məsələn, Adil Yusifov, onun həyat
yoldaşı Zərnişan
Yusifova, Emin Əsgərov, Anar Hüseynzadə, Rəşad
Babayev, gənc rəssamlar Fərəc Rəhmanov, Arif Əmirov, Fərhad Fərzəliyev, Budunoy Haqverdiyev və Həsən Haqverdiyev qardaşları çox istedadlıdırlar. Adlarını çəkdiyim və çəkmədiyim bir çox rəssamların tanınmasında Rəssamlar
İttifaqının da
əməyi var. Bu yaxınlarda
Rəssamlar İttifaqı
İçərişəhərdəki qalereyada çox istedadlı rəssam Arzu Rzayevin fərdi
sərgisini təşkil
etdi. O bir rəssam kimi formalaşsa da, çox təvazökar olduğu üçün
tanınmır. Bizim üçün
də yeni bir rəssam idi.
- Artıq neçə ildir ki, İttifaqın
sədrisiniz. Bu hələ də Sizə qəribə gəlmirmi?
- Məni o vaxt rəssamlar seçib. Əvvəllər Rəssamlar İttifaqının
sədri postuna namizəd həmişə
Mərkəzi Komitə
tərəfindən irəli
sürülürdü. Sonra həmin namizəd Rəssamlar İttifaqının
partiya təşkilatı
vasitəsilə qurultayda
irəli sürülür
və ona səs verilməsi təşkil olunurdu.
İlk dəfə mən dediyim inqilabi qurultayda isə belə olmadı. Bütün gecə səsvermənin nəticələrini gizli
deyil, səhnədə
apardılar ki, heç bir saxtakarlıq baş verməsin. Birinci katib və Mərkəzi Komitənin üzvləri birinci sırada oturub səsverməyə nəzarət
edirdilər. Baxmayaraq ki,
Mərkəzi Komitənin
namizədi var idi, rəssamlar məni seçdilər.
Mən seçilən zaman 1987-ci
ilin axırı idi. Bu hadisə
demokratiyanın ilk addımları
idi. Qurultayımız Moskva başda
olmaqla bütün
SSRİ ölkələrini çaşdırmışdı. O vaxt mən seçiləndə,
dövlət rəssamları
demişdilər ki, Fərhad sədrlikdə bir il qalsa, adımızı dəyişərik. Onlar fikirləşirdilər ki,
uzunsaçlı azad bir adam
sədrlikdə necə
qala bilər? Amma onlar bir şeyi
nəzərdən qaçırmışdılar
ki, hər bir insanın məsuliyyət hissi var. Hər şey onun dərəcəsindən
asılıdır. Mən belə
seçildiyimə görə
fəxr edirəm.
Ekspress.-2013.-9-11 fevral.-S.20.