Elektron ödəniş
sistemi hamıya sərf edəcək
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
"Azərbaycan
Respublikasının inkişafı naminə informasiya
kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"da
müəyyənləşdirilən hədəflərdən
biri də ölkədə nağdsız ödənişlər
sisteminin inkişaf etdirilməsidir. Məlumdur ki,
nağdsız ödənişlər məhz informasiya
kommunikasiya texnologiyalarının (İKT) müasir inkişaf
səviyyəsinə çatmasından sonra mümkün olub.
İKT-nin müasir inkişaf səviyyəsinə
çatana qədər dünyanın hətta inkişaf
etmiş ölkələrində ən iri maliyə əməliyyatları
belə fiziki formada mövcud olan sənədlərin
daşınması şəklində baş tuturdu. Lakin indi
dünyanın qabaqcıl ölkələrində nəinki
iri əməliyyatlar, hətta sadə insanlar tərəfindən
həyata keçirilən kiçik ödənişlər
belə nağdsız formada reallaşdırılır.
Qabaqcıl ölkələrin təcrübəsini öyrənən
Azərbaycan da müasir ödəniş sisteminin
üstünlüklərini, əhəmiyyətli tərəflərini
nəzərə alaraq nağdsız ödəniş sisteminin
inkişafında maraqlı olduğunu bəyan edib.
Bəs, bu sistemin hansı
üstünlükləri var və Azərbaycan nəyə
görə müasir ödəniş sisteminin
inkişafında maraqlı olmalıdır?
Nağdsız ödənişlər sisteminin tətbiqi və bü cür ödənişlərin kütləviləşməsi bir neçə cəhətdən ölkə üçün əhəmiyyətlidir. İlk növbədə unutmayaq ki, elektron ödəniş sistemi ümumi işin yüngülləşdirilməsinə, ödənişlərlə bağlı dövlətin çəkdiyi xərcin minimuma enməsinə xidmət edir. Belə ki, nağdsız ödənişlər pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilən hesablaşmadır. Qeyri-elektron sistemdə isə bütün ödənişlər qiymətli kağızlar, əsginazlar və xüsusi sənədlər vasitəsilə həyata keçirilirdi. Belə bir sistem ödəniş həyata keçirənlərin hər dəfə ciddi xərcə düşməsinə səbəb olurdu. Çəkilən xərclər həm iri hesablaşmaların həyata keçirilməsi zamanı yaranırdı, həm də ümumən ölkə üzrə nağd ödənişlər zamanı baş verirdi. Nağdsız ödənişlər dövlətin daha tez-tez pul çapına məcbur edir. Çünki iri əməliyyatlar və yığımlar əsginazlarla həyata keçirildiyindən çap edilərək dövriyyə buraxılan əsginazlar faktiki olaraq dövriyyədən çıxarılırdı. Buna görə də dövlət hər dəfə əlavə vəsait ayıraraq pul çap etməyə məcbur qalırdı. Bu gələrək Mərkəzi Bank gələcəkdə 200 və 500 nominallı əsginazları buraxmaq haqqında düşünür. Amma nağdsiz ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, nəticədə isə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır.
Azərbaycan dövləti iri hesablaşmalarla bağlı elektron ödəniş sisteminin tam formalaşdırılmasına nail ola bilib. Hazırda həlli vacid olan məsələ əhali tərəfindən həyata keçirilən ödənişlərin nağdsızlaşdırılmasıdır.
İri ödənişlərin elektron sistemə keçilməsi məqsədilə 2001-ci ilin əvvəllindən real addımlar atılıb. Məhz həmin ildə milli ödəniş sisteminin əsasını təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) yaradılaraq istifadəyə verildi. AZİPS sisteminin istismara verilməsi nəticəsində banklar arasında hesablaşmaların real vaxt recimində (on-line) həyata keçirilməsinə, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına imkan yarandı.
2002-ci ilin sonlarından etibarən milli
ödəniş sisteminin ikinci
mühüm elementi olan Xırda Ödənişlər üzrə
Hesablaşma Klirinq Sistemi (XÖHKS) yaradılaraq istifadəyə verildi. Bununla, kiçik həcmli, lakin daim təkrarlanan
xırda ödənişlərin (əmək haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su,
elektrik enercisi üzrə
kommunal ödənişlər və s.) elektron
daşıyıcılar əsasında həyata keçirilməsinə,
eyni zamanda, xırda
ödənişlərin əsas iştirakçıları
olan kommunal xidməti
müəssisələrinin, böyük sayda ödəniş əməliyyatları (məsələn,
vergi, gömrük və
sosial müdafiə ödənişləri)
aparan hökumət qurumlarının milli ödəniş sisteminin
infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin
yaradıldı.
XÖHKS sisteminə bütün
banklar, Mərkəzi Bank, bank olmayan Aqrorkredit birliyi, Dövlət
Xəzinədarlığı Agentliyi, Azərbaycan İpoteka
Fondu, Azərbaycan Respublikası Mərkəzi Bankının
Naxçıvan Ərazi İdarəsi üzvdürlər.
İşlər sadalananlarla yekunlaşmadı və 2004-cü ildə dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı" təsdiqləndi. Adıçəkilən proqram ödəniş sistemləri sahəsində aparılan islahatların əhatə dairəsinin genişləndirilməsi və regionlara istiqamətləndirilməsi, yaradılan milli ödəniş sisteminin imkanlarından daha aktiv istifadə olunması, bütün ölkə üzrə vahid elektron ödəniş məkanının yaradılması, hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılımasını hədəfləyirdi.
Dövlət Proqramının əsas tədbirlərindən biri kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin inkşaf etdirilərək Milli Ödəniş Sistemi infrastrukturuna texnoloci inteqrasiyanın həyata keçirilməsi, kommunal xidmətləri üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi olub. Bu tədbirin icrası məqsədilə Mərkəzi Bank tərəfindən kommunal xidməti haqlarının yığılması istiqamətində xarici təcrübə öyrənildi, bu sahədə mövcud olan informasiya sistemlərinin funksional imkanları analiz edildi. Bütün bu araşdırmaların nəticəsində Milli Ödəniş Sisiteminin yeni bir komponentinin - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) konsepsiyası hazırlandı və təsdiq edildi.
Sistemin konsepsiyasının əsas mahiyyəti respublikada fəaliyyət göstərən kommunal və digər kütləvi xidmət təşkilatları üzrə mərkəzləşdirilmiş elektron
abonent bazasını yaratmaq, bu abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının istənilən ödəniş məntəqəsində borclarını öyrənmək və ən müasir ödəniş mexanizmləri vasitəsilə ödənişlərini aparmaq imkanı yaratmaqdan ibarət olub.
Dövlət Proqramında qeyd edilirdi ki, elektron ödəniş sistemi həqiqi mənada inkişaf etdirilməsi üçün müasir elektron ödəmə sisteminin kütləviləşməsi vacibdir. Bu məqsədlə ölkədə kart ödənişlərinin inkişaf etdirilməsi və milli ödəniş sisteminin tam formalaşdırılması üçün yeni infrastruktur - MilliKart Prosessinq Mərkəzi yaradıldı. MilliKart Prosessinq Mərkəzi 18 bankın idarəçiliyinə və istifadəsinə verildi. Hazırda 11 bank MilliKart Prosessinq Mərkəzinin xidmətlərindən yararlanır. Dövriyyədə olan kartlara xidmət göstərən bu cür mərkəzlərin sayı sonralar artdı və indi ölkəmizdə 5 prosessinq mərkəzi fəaliyyət göstərir.
Kartla ödənişlər hazırda dünyada nağdsız ödənişlər sisteminin mühüm elementi kimi çıxış edir və elektron ödənişlər üzrə ən böyük paya malikdir. Lakin Azərbaycanda təəssüflər olsun ki, hələlik sistemin bu qolunun inkişafı istənilən səviyyəyə çatmayıb.
İri ödənişlərin nağdsız aparılması ilə bağlı bütün məsələlər öz həllini tapsa da, kiçik ödənişlərdə əsas vasitə olan plastik kartlardan istifadə sahəsində vəziyyət ürəkaçan deyil. Baxmayaraq ki, kartla ödənişlərin genişləndirilməsi məqsədilə indiyədək bir neçə qərar qəbul edilib. O cümlədən, yuxarıda adıçəkilən proqramdan başqa, 2005-ci ildə dövlət başçısının "Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı olub. Bu sərəncama uyğun olaraq, Nazirlər Kabineti 2006-cı ildə "POS-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin müəyyənləşdirilməsi meyarları" və "Ərazilər üzrə POS-terminal aparatlarının mərhələlərlə tətbiq edilməsi cədvəli"ni, həmçinin "Azərbaycan Respublikasının ərazisində POS-terminalların istismar və istifadə edilməsi Qaydaları"nı hazırlayıb. Bundan başqa Ədliyyə Nazirliyi tərəfindən 2009-cu ildə qeydiyyata alınmış "Prosessinq təşkilatlarına icazələrin verilməsi və prosessinq fəaliyyətinə nəzarət Qaydaları" hazırlanaraq qəbul edilib.
Aparılan islahatlarda, görülən tədbirlərdə əsas hədəf istifadədə olan plastik kartların həm sayının, həm də dövriyyəsinin artırılmasıdır.
Qeyd
edək ki, hər bir
dövlət kimi Azərbaycan dövləti
də nağdsız ödənişlərə yalnız
ödənişlərin sadələşdirilməsi və
asanlaşdırılması kimi
baxmır. Elektron sistemin
genişləndirilməsi ilə dövlət həm də hesablaşmalarda şəffaflığı təmin
etmək və maliyyə əməliyyatlarının bank vasitəsilə həyata keçirməklə
onun iqtisadi faydasından
bəhrələnməkdir.
Azərbaycanda hazırda həm fiziki, həm də hüquqi şəxslər arasında aparılan əməliyyatların dəqiq uçotu yoxdur. Bu vəziyyət vergidən yayınmaya geniş şərait yaradır, kölgə iqtisadiyyatının həcminin azaldılmasını çətinləşdirir. Dövlət hesab edir ki, elektron ödənişlərin, xüsusilə onun əsas elementi olan plastik kartlarla əməliyyatların artması vergitutma bazasını artırar.
Nağdsız ödənişlər sistemi pul dövriyyəsinin həcminin artırmaqla həm də bankların kapital ehtiyatlarının güclənməsinə böyük təsir edir. Çünki elektron ödəniş sistemlərinə məhz banklar xidmət göstərir və bütün vəsaitlər banklarda dövr edir. Bu vəziyyət bankların aktivlərinin artmasına, gəlirlilik səviyyəsinin yüksəlməsinə və ən önəmlisi ucuz kredit qaynaqları əldə etməsinə imkan verir.
Nağdsız ödənişlər vəsaitlərin təhlükəsizliyinin qorunması baxımından da əhəmiyyətlidir. Qeyri-nağd əməliyyatlar təhlükəsizliyi artırır, pulların oğurlanması, vətəndaşların əmanətlərinin əlindən alınması kimi halların qarşısını alır, inflyasiyanın həddini xeyli azaldır.
Vasif CƏFƏROV
Ekspress.-2013.-12
fevral.-S.-9.