Azərbaycanın domeni
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Ölkələrin internet
kodları ölkə və ya müstəqil ərazi tərəfindən
istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən
ibarət olub, əksəri İSO 3166-1 alfa-2 ölkə
kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə
internet kodu var. Hər ölkə öz domen kodu
üçün qaydalar təyin edir.
Domen - internet şəbəkəsində
domen adları fəzasının sahəsidir. Domen adı
dedikdə domenin simvolik adı nəzərdə tutulur.
Domen adı bir domen daxilində istənilən hərf və rəqəm
birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə
ayrılmış bütün domenlərin adlarından təşkil
olunur və internetdə nəşr edilmış hər
hansı veb-saytın ünvanını göstərir. Saytların rəqəm şəklində verilmiş
İP ünvanlarını yadda saxlamaq çətin
olduğundan, bu ünvanlar DNS sistemi vasitəsi ilə domen
adlarla əvəz olunur. Bu da o deməkdir
ki, domen ad - istənilən internet istifadəçisinin sayta
müraciətinə şərait yaradan ünvandır və
sayt sahibi olaraq, internet layihəsini həyata keçirmək
üçün bir neçə şərt vacibdir. İlk olaraq layihənin mövzusunu seçməli və
bundan sonra saytın birinci səviyyəli domen adını
seçmək lazım gəlir.
Ekspert Vahid Qasımovun fikrincə, əgər
1993-cü ildə ölkədə domen adlarının
sayı 500-dən aşağı, qeydiyyat qiyməti isə
500 dollar təşkil edirdisə, 2000-ci ildə bu göstəricilər
müvafiq olaraq 1000-1500 və 100 dollar, 2007-ci ildə 3000 və
80 dollar, 2012-ci ildə isə 15000 və 80 dollar təşkil
edib: "Göründüyü kimi, son 5-6 il ərzində
domen adlarının sayı 5 dəfə artsa da, qiymət
endirilməyib".
V.Qasımov əhali sayına
görə Azərbaycanı Belarusla (9,5 mln. nəfər)
müqayisə edərək bildirib ki, hazırda bu ölkədə
50 min domen adı mövcuddur, qeydiyyatın qiyməti isə 12
dollar təşkil edir: "Biz milli domen zonasında domen
adlarının artırılmasını istəyiriksə,
qeydiyyat qiymətini aşağı salmalıyıq və
qeydiyyatı on-line şəkildə təşkil etməliyik".
Hər bir ölkə adına uyğun xüsusi domenə malikdir. Məsələn,
AZ - Azərbaycanın internetdə qəbul edilmiş və
BMT-nin Beynəlxalq Standartlar Qurumu tərəfindən təsdiq
edilmiş domenidir. Funksional domenlər isə ).com, .org, .net,
.info və s) internet resursunun fəaliyyətindən
asılı olaraq müəyyən edilir: kommersiya saytları
- COM, rəsmi dövlət saytları - GOV, təşkilat
saytları - ORG, hərbi mövzuda saytlar - MİL, təhsil
haqqında saytlar - EDU və s. kimi adlandırılırlar.
Funksional domenlərin paylanması ilə əvvəllər
yalnız İnterNic Beynəlxalq təşkilatı məşğul
olurdusa, 1999-cu ildən domen adlarının qeydiyyatdan
keçirilməsi ilə dünyada bir çox nüfuzlu təşkilatlar
məşğul olmağa başladılar: GO DADDY, ENOM, NETWORK
SOLUTIONS və s.
Domen adı mülkiyyət
hüququnun obyekti deyil və alqı-satqı müqaviləsinin
obyekti ola bilməz, domenin başqa fiziki və
ya hüquqi şəxsə keçməsi yalnız sifarişçinın
yazılı müraciəti əsasında həyata
keçirilməlidir. İnternetin kütləviliyinin
artması ilə ünvanlarla əlaqədar alver və
sui-istifadələrin sayı çoxalmışdır.
Problemin həlli üçün mexanizmlər
işlənmiş və vasitələr təqdim edilmiş,
eyni zamanda prinsipial xüsusiyyətlər göstərilib.
Təhlillər
göstərir ki, domen adlarının ilkin təyinatı
internet mühitində ünvanlaşdırma atributu, əmtəə
nişanlarının, şirkət və digər
qurumların adlarının daşıyıcısı
olmasına baxmayaraq, bu gün qeyri-sağlam, ədalətsiz rəqabət
vasitəsinə çevrilib. Bu məqsədlə
aparılan araşdırmalar nəticəsində müəyyən
olunub ki, Azərbaycana mənsub olan bəzi coğrafi
adları, tarixi, mədəni və digər dəyərləri
özündə əks etdirən domen adları müxtəlif
ölkələrdə yaşayan xarici vətəndaşlar tərəfindən
qeydiyyatdan keçirilib (www.azerbaijan.tv,www.azer.info,
www.baku.net, www.baku.su, www.nakhchivan.net, www.sumqait.net,www.aghdam.com və
s.).
Domen adlarının
xarici vətəndaşlar tərəfindən qeydiyyata
alınmasının bir sıra səbəbləri var. Birinci
səbəb açıq ölkə kodlu domenlərlə (məsələn,
*.ru, *.de, *.cn, *.tv, *.ws, *.cc və s.) adların alınması
və qeydiyyatdan keçirilməsi üçün, demək
olar ki, heç bir məhdudiyyətin olmamasıdır.
Buna görə də informasiya müharibəsi, qazanc əldə
etmək və s. məqsədlərlə nüfuzlu adamların
adları, tarixi-mənəvi dəyərlər, coğrafi
adlar, əmtəə nişanları, xidmət
nişanları, şirkət və digər qurumların
adları və s.-dən istifadə etməklə domenlər
yaradılır (www.baku.tv, www.karabakh.us, www.baku.ru və s.). İkinci, yüksək səviyyəli ümumi domenlərin
(*.com, *.info, *.org, *biz, *.net və s.) açıq
qeydiyyatındakı boşluqların olmasıdır. Buna görə də bəzi şəxslər,
dünyəvi dəyərləri, o cümlədən müxtəlif
ölkələrə məxsus coğrafi adları, tarixi-mədəni
dəyərləri və həqiqətləri əks etdirən
adlara sahib çıxaraq, onları müxtəlif məqsədlərlə
(siyasi, biznes və s.) domen adları kimi qeydiyyatdan keçirirlər
(www.azerbaijan.com, www.karabakh.com, www.karabakh.info, www.lachin.com,
www.sumgait.info və s.). Bu da nəinki Azərbaycan,
eyni zamanda dünya ölkələri üçün də
xarakterik məsələ olaraq ciddi əhəmiyyət kəsb
edir. Beləliklə, informasiya
resurslarından və texnologiyalarından cinayət və
terror məqsədləri ilə istifadə etməyin
qarşısının alınması, insan
hüquqlarının qorunması, informasiya sayəsində
milli təhlükəsizliyin təminatı, fərdi məlumatların
toxunulmazlığı və söz azadlığı
haqqında müddəalara əməl olunması internet məkanında
qarşıya çıxan əsas problemlərdəndir.
Bəhs etdiyimiz
problemləri nəzərə alaraq DNS-serverlərdə
yığılan domen adları haqqında informasiya
resurslarının elmi təhlilinin aparılması zəruridir.
Domen adları qeydiyyatdan keçərkən
qeydiyyat haqqında məlumatlar DNS-in reyestrində yerləşdirilir.
DNS-in reyestrində yerləşdirilmiş verilənlər
qeydiyyatdan keçənlərin əsas informasiya mənbəyidir.
Aparılan araşdırmalar ona əsas verir ki,
domen adları sahəsində mövcud olan
çatışmazlıqlar DNS-də toplanan qeydiyyat məlumatlarının
təhlili əsasında daha dəqiq və ətraflı
informasiya almaq ehtiyacını doğurur. Qeyd edək ki,
domen adları sahəsində olan əsas çatışmazlıqlar
kimi aşağıdakıları göstərmək olar:
1. Domen adı qeydiyyatının tənzimlənməsi
sahəsində mövcud olan nöqsanlar;
2. Domen adlarının qeydiyyat
prosesindəki şəffaflığın yetərincə
olmaması;
3. Domen adları
qeydiyyatçıları tərəfindən qeydiyyat
qaydalarının pozulması;
4. Domen adının məsuliyyətsiz
qeydiyyata alınması və istifadəsi;
5. Domen adını zəbt edənlərə
(kiberskvottinq, fişinq və s.) qarşı vahid siyasətin
işlənməməsi;
6. Domen adları
qeydiyyatçılarının İP-ünvanlara, elektron
poçta (e-mail), ünvana, ada, soyada, yaşa, millətə,
dövlətə, NS serverə, təşkilata və s. əlamətlərə
görə dəqiq analizini aparmağa imkan verən proqram
vasitələrinin olmaması və s.
Əlbəttə ki,
bu problemlər bütövlükdə bütun internet şəbəkəsi
üçün xarakterikdir. Onların həlli
üçün kompleks tədbirlərin görülməsinə
ehtiyac var. Yuxarıda sadalanan çatışmazlıqlar nəzərə
alınmaqla virtual məkanda Azərbaycan həqiqətlərini,
milli və mənəvi dəyərləri əks etdirən
domen adlarının artırılması, inkişaf etdirilməsi,
onun xaricə axınının qarşısının
alınması, domen adlarının kiberskvotterlərdən
qorunması, domen bazarının tənzimlənməsi, idarə
edilməsi,nəzarəti, veb-in monitorinqi və s.
üçün, qeydiyyat məlumatlarının avtomatik təsnifatı,
domen adları sahiblərinin qruplaşdırılması,
identifikasiyası istiqamətində intellektual analiz
üsullarının və alqoritmlərinin işlənməsi
aktual məsəllərdən biridir.
Bu məslələrin
həll edilməsi respublikada informasiya cəmiyyətinin
qurulmasını nəzərdə tutan "Elektron Azərbaycan"
dövlət proqramında da öz əksini tapıb.
Proqramda nəzərdə tutulan virtual məkanda Azərbaycan
dilinin, əlifbasının, terminlərinin geniş tətbiq
olunması və qorunması, milli dəyərlərinin
(tarixi, ərazisi, mədəniyyəti və s.) mühafizəsi,
milli kontentin formalaşdırılması və s. kimi
qarşıya qoyulmuş məsələlər milli domen
adları sistemi biliklər bazasının
yaradılmasını aktuallaşdırır.
Yeri gəlmişkən,
Azərbaycanın maraqları ilə bağlı domen
adlarının qeydiyyat məlumatları əsasında
intellektual analiz sisteminin yaradılması məsələsinə
baxılmış və bu məqsədlə böyük həcmli
informasiya resurslarının analizini həyata keçirən
verilənlər xəzinəsi, operativ analitik emal, verilənlərin
intellektual analizi konsepsiyaları araşdırılmaqdadır.
Domen haqqında bəhs
edərkən mövcud olan problemlərdən bəhs etməmək
mümkün deyil. Məsələn,
hazırda virtual məkanda domen adlarının zəbt edilməsi
problem olaraq qalır. İnternetin kütləviliyinin
artması ilə ünvanlarla əlaqədar alver və
sui-istifadələrin sayı çoxalıb. AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor
müdiri Rəna Qasımovanın sözlərinə görə,
domen internetin məntiqi səviyyəsidir. Domen
adları nöqtələrlə ayrılmış simvol sahələrindən
ibarətdir. Domen adları sistemi (Domain Name System, DNS)
internet infrastrukturunun ən mühüm komponentlərindən
biridir və əsas təyinatı domen adlarını
İP-ünvanlara və İP-ünvanlarını domen
adlarına çevirməkdir: "Virtual məkanda domen
adının düzgün seçilməsi, qeydiyyatı və
istifadəsi əsas məsələlər olduğu
üçün bu sahədə mövcud vəziyyət
araşdırılıb. Domenlərin paylanması
və idarə edilməsi ilə məşğul olan beynəlxalq
təşkilatların, o cümlədən yüksək səviyyəli
domenlər, sponsorlaşdırılan yüksək səviyyəli
domenlər, məhdud istifadəli domenlərin təyinatına
baxılıb. Domen adlarının
seçilməsi zamanı müəyyən qaydalara riayət
edilməsi tövsiyə edilib. Bir sıra
ölkələrdə domen adlarının qeydiyyatına
qoyulan məhdudiyyətlər və coğrafi domen
zonalarının xüsusiyyətləri göstərilib.
O cümlədən həmin ölkələrın qeydiyyat
qaydaları haqqında məlumat verilib".
Təhlillər göstərir ki,
domen adlarının qeydiyyatına qoyulan tələblər hər
bir ölkənin apardığı siyasətdən
asılı olaraq müxtəlif ola bilər:
"Yüksək səviyyəli coğrafi domen
zonalarının müqayisəli təhlili onu göstərir
ki, domen adının qeydiyyatı və idarə edilməsi ilə
əlaqədar yaranan mübahisələrin həlli yolları
da müxtəlifdir. Domen adının
qeydiyyatı və idarə edilməsi ilə əlaqədar
yaranan mübahisələrə baxılma ölkələrin
qeydiyyat qaydalarında öz əksini tapır. Müxtəlif inkişaf səviyyəli ölkələrin
domen zonalarında əhaliyə düşən domenlərin
sayını müəyyənləşdirmək məqsədi
ilə vəziyyətin monitorinqi aparılıb və domen
adları sahəsində müasir vəziyyət analiz olunub.
Nümunə üçün müxtəlif
inkişaf səviyyəli 26 ölkədə, o cümlədən
Azərbaycan da daxil olmaqla, adambaşına düşən
domenlərin və internet istifadəçilərinin sayı
müəyyənləşdirilib".
Araşdırmalar göstərir
ki, domen adının azad seçiminin
mümkünlüyü, qanuni qeydə alınmış əmtəə
və ticarət nişanına və ya firma adına
(və ya digər başqa fərdiləşdirmə vasitələrinə)
uyğun və ya oxşar olan domen adlarının qeyri-qanuni
qeydə alınmasına gətirib çıxarır: "Bu
da domenlərin "qara bazar"ının
formalaşmasına səbəb olur. Ona görə
də domenlərlə bağlı xarakterik manipulyasiya
hallarından və domen adları bazarından bəzi məlumatlar
verilib. Azərbaycanın müasir siyasətinin
əsas strateji məqsədi maraqlarını virtual məkanda
mühafizə etmək, keçmişin mədəni irsini,
hazırda malik olduğumuz milli dəyərləri qoruyub
saxlamaq və daha da inkişaf etdirməkdən ibarətdir.
Bu məqsədlə virtual məkanda Azərbaycanla
bağlı mövcud vəziyyət təhlil edilib. Azərbaycana mənsub olan bəzi coğrafi
adları, tarixi, mədəni digər dəyərləri
özündə əks etdirən domen adlarının müxtəlif
ölkələrdə yaşayan xarici vətəndaşlar tərəfindən
qeydiyyatdan keçirildiyi müəyyən olunub. Domen adlarının xariçi vətəndaşlar
tərəfindən qeydiyyata alınmasının bir sıra səbəbləri
göstərilib".
Onu da qeyd edək ki, virtual məkanda
Azərbaycan həqiqətlərini, milli və mənəvi dəyərləri
əks etdirən domen adlarını artırmaq, inkişaf
etdirmək, onun xaricə axınının
qarşısını almaq üçün kompleks tədbirlərin
görülməsi artıq qarşıda duran mühüm vəzifələrdən
biridir.
Ulduzə
QARAQIZI
Ekspress.-2013.-14 fevral.-S.9.