İnformasiya cəmiyyətinə keçid

 

   İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

    Son 30 ilin dünyası informasiya dövrü kimi xarakterizə edilir. Həyatın elə bir sahəsi yoxdur ki, burada informasiya texnologiyalarına ehtiyac duyulmasın, onsuz uğurlu, keyfiyyətli fəaliyyət təmin edilsin.

   Tam əminliklə deyə bilərik ki, son 3 onillikdə informasiya kommunikasiya texnologiyalarının sürətlə inkişaf etməsi həyatın bütün sahələrində dəyişikliklərə gətirib çıxarıb. Bütün sahələrdə informasiya əsas vasitəyə çevrilib və onun yenilənməsi istiqamətində aparılan mübarizə daha da böyüyür. Qısası, hazırda dövran informasiya texnologiyalarının dövranıdır. Onun tələblərinə, oyun qaydalarına uyğunlaşmaq artıq azad seçim yox, bir məcburiyyətdir. İnkişaf etmək istəyən hər bir ölkə informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqinə şərait yaratmağa borcludur.

   Bu reallığı Azərbaycan dövləti də başa düşür. Elə buna görə də son 10 ildə Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin edilməsi məqsədilə dövlət səviyyəsində real addımların atılmasına başlanılıb. Bəs, bu məqsədlə hansı tədbirlər görülüb? İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi istiqamətində ilk real addım 2003-cü il fevralın 17-də atılıb. Prezident tərəfindən həmin tarixdə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" təsdiq edilib. Bu strategiya Azərbaycanda informasiya cəmiyyətinə keçid üçün sahələr üzrə qarşıda duran hədəfləri müəyyənləşdirdi. Qeyd edək ki, Milli strategiya sənədi Azərbaycan prezidentinin 2002-ci il 9 yanvar tarixli sərəncamına əsasən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birlikdə hazırlanıb.

   Milli strategiya informasiya və kommunikasiya texnologiyalarından istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Strategiya cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsini nəzərə alır və ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir.

   Milli strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Milli strategiya İKT-dən istifadə etməklə sosial yönümlü sahələrin inkişaf etdirilməsi, telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, elektron hökumət, İKT ilə əlaqədar hüquqi-normativ bazanın yaradılması, elektron iqtisadiyyatın formalaşdırılması, elmi-texniki və istehsal potensialının yüksəldilməsi, informasiya təhlükəsizliyinin təmin olunması kimi məsələlərin həllini vacib hesab edib.

   Milli strategiyanın həyata keçirilməsi üçün Azərbaycanda 2 proqram və bir sıra qanun və tədbirlər sənədi də qəbul olunub. Birinci proqram 2005-2008-ci illəri, ikinci proqram 2010-2012-ci illəri əhatə edib.

   İlk proqramın qəbuluna qədər informasiya cəmiyyətinə keçidin təmin edilməsi üçün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə qəbul olunub. Azərbaycan prezidentinin 2004-cü il 10 avqust tarixli fərmanı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tələblərə uyğun olaraq inkişafını təmin etmək məqsədilə Dövlət Proqramı"nın hazırlanması barədə verdiyi tapşırıq ölkə rəhbərliyinin müasir texnologiyaların ardıcıl inkişaf etdirilməsində növbəti addımı oldu. Bu dövrdə Azərbaycan prezidenti 2004-cü il 21 avqustda "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)"nı təsdiq etdi. Proqram 2005-2007-ci illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində, gənclərin inkişafında və ümumiyyətlə, Azərbaycanın tərəqqisində müasir texnologiyalardan istifadəyə şərait yaradır.

   2004-cü ildə qəbul edilən "Elektron imza və elektron sənəd haqqında" Qanun isə ölkədə elektron sənəd dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq edilən yeni proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait yaratdı.

   Amma Milli Strategiyanın həyata keçirilməsi üçün proqramların icrası daha əhəmiyyətli oldu. İlk proqramın məqsədi Milli Strategiyada göstərildiyi kimi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək və bu yolla ölkənin hərtərəfli tərəqqisi üçün xidmət göstərmək, eyni zamanda informasiya kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsini təmin etmək, müəyyən edilən məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələri planlaşdırmaq və icra etməkdən ibarətdir.

   Dövlət proqramında üç istiqamətdə fəaliyyət təşkil edildi. Rabitə və informasiya texnologiyaları sahəsində iqtisadi-struktur islahatlarının aparıldı. Bu islahatlar liberallaşma və tənzimləmə sahəsindəki fəaliyyəti əhatə etdi.

   İkinci istiqamət rabitə və informasiya texnologiyaları sahəsində modernləşmə və yeni texnologiyaların tətbiqinin həyata keçirildi. Bu sahədəki fəaliyyət texniki və texnoloci cəhətdən modernləşmə və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını əhatə etdi.

   Üçüncü istiqamət informasiya cəmiyyətinə keçid üzrə layihələrin hazırlanması və həyata keçirilməsiydi. Bu layihələr "elektron hökumət"in formalaşdırılması, İnformasiya Texnologiyaları Texnoparkının yaradılması, milli informasiya təhlükəsizlik sisteminin yaradılması və s. kimi əhəmiyyətli işlərin həyata keçirilməsinə şərait yaratdı.

   Birinci Dövlət Proqramı Milli Strategiyanın 2005-2008-ci illər üzrə ilkin mərhələsinin icrasını təmin etdi. Birinci proqramda görülmüş işlər sayəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atıldı. Sahənin normativ hüquqi bazası inkişaf etdirildi, telekommunikasiya infrastrukturu müasirləşdirildi, ən yeni texnologiyaların tətbiqi genişləndirildi, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldildi. Respublika əhalisinin İKT-dən istifadə səviyyəsinin artırılması, sahə üçün yüksəkixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görüldü. Bütün bunlar Milli Strategiyanın növbəti mərhələsinin icrası üçün əsaslı zəmin yaratdı.

   Dövlət Proqramının yerinə yetirilməsi üzrə nəticələr və sahə üzrə baş verən dəyişikliklər nəzərə alınmaqla növbəti mərhələnin tədbirləri müəyyənləşdirildi.

   Bu tədbirlər "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutuldu.

   İkinci Dövlət Proqramı 4 əsas istiqamət - milli telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Proqramın müddəti 2012-ci ildə başa çatsa da müəyyənləşdirilən istiqamətlər üzrə tədbirlər davam etdirilir.

   İkinci Dövlət Proqramının həyata keçirilməsi İKT-nin daha geniş tətbiqinə və informasiya cəmiyyətinə keçid üçün şəraitin yaratdı, şəxslərin İKT-dən istifadəyə aktiv cəlb olunması, kompüterlərin və internetin yayılma səviyyəsini bir qədər də artırdı, respublika daxilində "rəqəmsal geriliyi" azaltdı, şəxslərə keyfiyyətli və qənaətbəxş telekommunikasiya və poçt xidmətlərinin təqdim olunması yüksəldi, e-imzanın və e-sənəd dövriyyəsi tətbiq olundu, bu dövlət orqanları arasında informasiya mübadiləsi ilə bağlı xərcləri azaltdı. Bunlarla bərabər "E-hökumət" həllərinin tətbiqi, səmərəli, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, əhalinin geniş təbəqələrinin idarəetmə prosesində iştirakı, dövlət orqanlarından informasiyanın elektron formada əldə edilməsinin genişləndirilməsi, vətəndaşların dövlət orqanları ilə əlaqəsinin daha da səmərəli təşkili, İKT üzrə yerli sənayenin inkişafı, yeni iş yerlərinin açılması, sektorun ixrac potensialının yüksəldilməsi, şəxslərin poçt şəbəkəsindən istifadə etməklə, respublikanın bütün ərazisində poçt-maliyyə xidmətlərindən istifadəsinə imkan yaratdı.

   Görülən işlər informasiya cəmiyyətinə keçidin hüquqi və praktiki əsas formalaşdıra bilib. Hələ də milli informasiya resurslarının formalaşdırılması, Azərbaycan dilinin milli elektron informasiya məkanında geniş tətbiqi, maddi-mədəni irsin qorunub saxlanılması və təbliği üçün İKT-dən istifadənin təmin olunması, e-ticarət həllərinin geniş tətbiq edilməsi, İKT infrastrukturundan istifadənin liberallaşdırılması, azad rəqabətin təmin olunduğu İKT bazarının inkişaf etdirilməsi, İKT üzrə insan kapitalının inkişaf etdirilməsi və sahə üzrə mütəxəssislərə olan tələbatın ödənilməsi kimi məsələlərin həlli aktuallığını qoruyur.

   Biz o zaman həqiqi informasiya cəmiyyəti ilə tanış olacağıq ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olsun, ümumi daxili məhsulun istehsalında İKT-nin payı 5-6 faizi ötsün, cəmiyyətin həyatında informasiya və biliyin rolu artsın.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2013.-27 fevral.-S.9.