İnformasiya cəmiyyətində insan hüquqları
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf
etdirilməsi
Hazırkı durumda bəşəriyyət qarşısındakı mühüm problemlərdən biri də qlobal informasiya cəmiyyəti şəraitində insan hüquqlarının qorunmasıdır.
Əslində informasiya cəmiyyəti formalaşdıqca insan hüquqlarının təmin olunması üçün geniş imkanlar açılır. Yəni informasiya cəmiyyətinin əsas məqsədi heç bir sosial mənsubiyyətindən asılı olmadan insanların istənilən zamanda informasiya tələbatını ödəməkdən, digər tərəfdən, insanların düşündüklərini maneəsiz olaraq ictimaiyyətə çatdırmaq üçün vasitələr yaratmaqdan ibarətdir.
İnformasiya cəmiyyətinin fundamental əsasları 1948-ci ildə qəbul edilmiş "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi"nin on doqquzuncu maddəsində verilib: "Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir".
1948-ci ildə informasiya cəmiyyətindən söhbət getməsə də və bu kimi hüquqlar tanınsa da onların reallaşdırılması imkanları informasiya cəmiyyətinin verdiyi imkanlardan zəif idi. Təbii ki, informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı nəticəsində insan hüquqlarının qorunması üçün yeni texnoloji imkanlar meydana gəldi ki, nəticədə də bu hüquqların tətbiqi üçün real mühit formalaşıb. Bu cəmiyyətin əsas məqsədi İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. Bu da elektron demokratiya anlayışını əks etdirir. Elektron demokratiyada dövlət, siyasi partiyalar və vətəndaşların hüquqlarını müdafiə edən ictimai qurumlar vətəndaşların informasiyaya çıxışını, kommunikasiya tələblərini, xidmətlərlə təminini və iştirak səviyyəsini artırmaq üçün internet texnologiyalarını tətbiq edir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycanda söz azadlığı ilə insan hüquqları arasında balansın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Onun dediyinə görə, demokratik cəmiyyətdə söz azadlığının əhatəsi genişdir və demokratik cəmiyyətin vəzifəsi ondan ibarət olmalıdır ki, insan hüquqları ilə söz azadlığı arasında sərhədi tapsın və müəyyənləşdirsin ki, söz azadlığı insanların hüquqlarını pozmasın, eyni zamanda söz azadlığı prinsipləri pozulmasın: "Azərbaycanda bu balansın təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan hökuməti dünyəvi dəyərlərə əsaslanan qanunvericilik aktlarının xüsusiyyətlərini, Azərbaycan xalqının, Azərbaycanın yerləşdiyi regionun xüsusiyyətlərini nəzərə alır".
O qeyd edib ki, Azərbaycan dövlətinin söz azadlığının təmin olunması istiqamətində praktiki addımları 1995-ci ildən, yəni Azərbaycan Konstitusiyası qəbul olunduğu vaxtdan atılmaqdadır. PA rəsmisinə görə, 2008-ci ildə KİV-lərə dövlət dəstəyi konsepsiyasının da əsas məqsədi ondan ibarət idi ki, KİV-lər sahəsində, söz azadlığı sahəsində olan problemlərə dövlət konseptual şəkildə yanaşsın və bunları həll etsin. Sektor müdiri informasiya cəmiyyətinin əsas prinsipləri haqqında da danışıb: "Bu gün biz qloballaşma dövründə yaşayırıq, informasiya cəmiyyəti qururuq və informasiya cəmiyyətinin əsas prinsiplərindən biri odur ki, müxtəlif KİV-lər vasitəsilə əldə etdiyimiz informasiya fərddən, ailədən tutmuş cəmiyyətə kimi böyük bir kütləni idarə edir. İnformasiya ictimai fikri formalaşdırır, yəni informasiyanın cəmiyyətə təsiri qlobal baxımdan mühüm rol oynayır. İnformasiya cəmiyyətinin əsas parametrlərindən biri də yeni və köhnə media arasında transformasiya prosesini həyata keçirməkdir. Müasir texnologiyaların inkişafından istifadə edərək media özünə yeni forma, yeni məzmun və yeni istiqamətlər müəyyənləşdirərək öz fəaliyyətini bu istiqamətdə qurmalıdır. Bütün bunlar hamısı cəmiyyət üçün informasiya təhlükəsizliyinin vacib məsələlərindən biridir. Bu gün informasiya təhlükəsizliyinin təmin edilməsi təkcə dövlətin vəzifəsi deyil, eyni zamanda vətəndaş cəmiyyətinin, QHT-lərin, jurnalistlərin, KİV-lərin burada xüsusi rolu var. Çünki jurnalist eyni zamanda vətəndaşdır və bir vətəndaş kimi də onun dövlətçilik hissi, milli şüuru, vətəndaş təəssübkeşliyi olmalıdır".
Onu da qeyd edək ki, digər informasiya kanallarından fərqli olaraq, internet və onun infrastrukturu bu imkanları yaradan mükəmməl vasitələrdən biri hesab olunur. Öncə internetdən informasiya mübadiləsi üçün istifadə edilsə də, hazırda onun fəaliyyət sferası və imkanları genişlənməkdədir. Artıq bu məkan informasiya almaqdan başqa, elektron poçt, e-kitabxana, e-elm, e-ticarət, virtual əmək münasibətləri, elektron sənəd dövriyyəsi, elektron dövlət xidmətləri, bir sözlə, adi həyatımızın bir çox sahələrinin İKT-nin inkişafı ilə əlaqədar daha geniş məkanda reallaşması imkanlarını mümkün edir.
İKT-nin inkişafi hazırda vətəndaş cəmiyyətini formalaşdırır. Məhz internetin yaranması ilə insanlar arasında ünsiyyət, informasiya axtarışı, fikirlərini ifadə etmək azadlığı və bu kimi vacib insan hüquqlarının reallaşması tam mənada özünü doğrulda bildi. Tədqiqat işində əsas məqsədimiz insan hüquqları sahəsində mövcud qanunvericilik bazasının konstitusiyası sayılan Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edilən əsas insan hüquq və azadlıqlarının informasiya cəmiyyətində mümkün reallaşma texnologiyaları və ya vasitələrini önə çəkməkdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, nəzərdən keçirəcəyimiz maddələr hər bir dövlətin, həmçinin Azərbaycan Respublikasının qanunvericilik aktlarında qeyd edilən əsas hüquq və azadlıqları əks etdirir. Azərbaycan Konstitutsiyasının məhz üçdə bir hissəsi insan hüquqlarına həsr olunub. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi sayılır. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
İKT-nin inkişafı nəticəsində cəmiyyətin sosial həyatına yeni münasibətlər də əlavə olundu. İnsanların təhsili, dünyagörüşü, düşüncələri, mənəviyyatı, illərlə mövcud olan adət- ənənələri, mentaliteti və s. dəyişikliklərə məruz qaldı. Bu dəyişikliklər təbii proses kimi həyatımıza daxil olur və tədricən, demək olar ki, hamı tərəfindən təbii olaraq qəbul edilir.
Onu da qeyd edək ki, internet istifadəçilərinin böyük qismini yeniliklərə daha tez uyğunlaşan gənclər təşkil edir ki, onların da internetdə fəaliyyəti dünyagörüşlərini, tanışlıq dairələrini daha da genişləndirir və nəticədə bölgələrin yaxınlaşması baş verir.
Bir çox zaman cəmiyyətdə baş verən proseslərdən uzaq düşmüş, müxtəlif fiziki qüsurlar səbəbindən vaxtını evdə keçirməyə məcbur olan insanlar başqaları ilə ünsiyyətdən qaçaraq özlərini təcrid olunmuş hiss edirlər. Əslində isə ünsiyyət mühüm sosial proseslərdən biri olub, insan tələbatının təməlini və hər hansı bir sosial təşkilatın əsasını təşkil edir. Yəni informasiya cəmiyyətinin özəyi hesab olunur. Hər bir kəs harada olmasından asılı olmayaraq informasiya cəmiyyətində iştirak etmək imkanına malik olmalıdır və heç kimi cəmiyyətin təklif etdiyi bu imkandan məhrum etmək olmaz.
Onu da qeyd edək ki, internet, sadəcə informasiya mühiti deyil, eyni zamanda özünü ifadə vasitəsidir. Əslində internet çoxdan və əsaslı surətdə müxtəlif baxışları ifadə edən tribunaya çevrilib. Bu tribunada insanlar öz fikirlərini, baxışlarını ifadə etmək üçün şəxsi gündəliklərini yaradır, müxtəlif maraq dairələrinə görə forumların iştirakçılarına çevrilirlər.
Yuxarıda bəhs etdiyimiz kimi, informasiya cəmiyyətinin fundamental əsasları adlandırdığımız on doqquzuncu maddə özünü tam olaraq internet mühitində reallaşdırır. Bəhs etdiyimiz əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı, informasiyanı yaymaq azadlığı bu gün aktual mövzu olan bloqlar, yəni on-layn fərdi gündəliklər vasitəsilə tam olaraq reallaşır. Gündəlik hadisə və faktlarla, mövzularla yenilənən, ictimai olan bloqlar ilk zamanlar yalnız bloqçu haqqında maraqlı informasiya daşıyırdısa, hazırda elmi, siyasi proseslər, xəbər şərhləri və s. də öz əksini tapmaqdadır. Tanınmış insanların, siyasi partiyaların, politoloqların, gənclər təşkilatlarının, yazarların, jurnalistlərin bloqları daha maraq çəkən və oxunanlar sırasına daxil olur.
Statistikaya görə internetdə
milyonlarla bloq vardır. Artıq bir çox
ölkələrdə, xüsusən
ABŞ-da bloqlar
KİV-ə bərabər tutulur.
Bloqçuların 34%-i verdiyi informasiyaya cavabdehlik və ciddi yanaşma
baxımından özünü
müxtəlif sahələrin
jurnalisti hesab edir.
"Ümumdünya
İnsan Hüquqları
Bəyannaməsi"nin
12-ci maddəsində deyilir
ki, heç kimin şərəf və nüfuzuna özbaşınalıqla qəsd
edilə bilməz və hər bir insan bu
cür müdaxilələrdən
və ya belə qəsdlərdən
qanunla müdafiə olunmaq hüququna malikdir.
Artıq internet milyonlarla insanın
həyatının ayrılmaz
hissəsinə çevrildiyindən
sosial institutların diqqətini cəlb etməyə başlayıb.
Hətta
bir çox ölkələrdə kibercinayətkarlıqla
mübarizə aparan xüsusi şöbələr
də yaradılıb.
Əgər əvvəllər məhkəmə qarşısında
məsuliyyətə yalnız
sayt yaradıcıları
cəlb edilirdisə, hazırda bloqerlər və forumçular da bu cavabdehliyi
daşıma riski altındadırlar. Bu məsələlərlə əlaqədar
Apple şirkətinin və
Sinqapurda milli ədavəti qızışdırma
zəminində keçirilən
məhkəmə prosesləri
xüsusilə diqqət
mərkəzində dayanır.
Yeri gəlmişkən, 2004-cü ildə Apple şirkəti
özünün yeni məhsulunun rəsmi təqdimatını keçirmədiyi
halda, informasiya sızması nəticəsində
bloqlarda bu haqda danışan bloqçulara qarşı
məhkəmədə iddia
qaldırıb. Məlumatın hansı mənbədən
alınması haqqında
açıqlama tələb
edilsə də bu tələb qəbul edilməyib.
Bundan başqa, 2005-ci ildə Sinqapurda milli ədavəti qızışdırma zəminində
ittiham edilən bloqerlərə qarşı
qaldırılan proses
də böyük əks-səda doğurub. İslam dininə və ölkənin müsəlman
əhalisinə qarşı
aparılan hücumlara
görə ittiham olunanlardan birinə bir aylıq həbs cəzası, digərinə isə cərimə və bir günlük həbs cəzası verilib.
Həmin ildə "Microsoft" şirkəti Çində
"azadlıq" və
bu kimi sözlərdən
istifadə edən bloqları bağlayan
internet portal istifadəyə verib. Əslində kommersiya qurumları
insan hüquqlarının
pozulmasında dövlətə
dəstək göstərməməlidir.
Ümumdünya İnsan Hüquqları
Bəyannaməsində o da
qeyd edilir ki, "hər bir insan və
cəmiyyətin bütün
qurumları insan hüquqlarının müdafiəsinə
və onlara hörmətlə yanaşılmasına
öz töhfəsini
verməyə çağrılır".
Ulduzə QARAQIZI
Ekspress.-2013.-5 iyun.-S.9.