Mir Cəfər Bağırov və Teymur Quliyev

 

Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

   Teymur İmamqulu oğlu Quliyev 1937-ci ilin noyabrında Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri seçilmiş və 1953-cü ilin aprelinədək Mir Cəfər Bağırovla çiyin-çiyinə çalışmışdı.

   Hökumət başçısı təyin olunduqdan bir ay sonra - 1937-ci ilin dekabrın 12-də o, Sabirabad seçki dairəsindən SSRİ Ali Sovetinə deputat seçilir. Azərbaycan Milli Məclisinin sabiq deputatı Maksim Musayevin "Azərbaycanlı deputatlar SSRİ parlamentində" kitabında bununla bağlı yazır: "İttifaq Sovetinin deputatı Teymur İmamqulu oğlu Quliyev 1896-cı ildə kəndli ailəsində anadan olmuş, partiyaçı, ali təhsilli idi. Cəbrayıl rayonunda ikisinifli məktəbi qurtardıqdan sonra Qori müəllimlər seminarıyasında oxumuşdur. 1914-cü ildə seminariyanı bitirdikdən sonra Dalanlar kəndində müəllim, Cəbrayıl İnqilab Komitəsinin və Yoxsullar Komitəsinin sədri olmuşdur. 1923-cü ildən Qaryagin (indiki Füzuli) rayonunda işləmiş, 1929-cu ildən Dövlət Siyasi İdarəsinin Lənkəran Dairə Şöbəsinin rəisi, 1930-cu ildən Gəncə kooperativ bölməsinin rəisi, sonra Azərbaycan Dövlət Siyasi İdarəsinin mərkəzi aparatında işləmişdir. 1934-cü ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin Xüsusi Kollegiyasının sədri, 1936-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və 1937-ci ildən Azərbaycan Reppublikası Xalq Komissarları Sovetinin sədri olmuşdur".

   Teymur Quliyev SSRİ Ali Sovetinin 1946-cı ildə keçirilmiş ikinci, 1950-ci ildə keçirilmiş üçüncü çağırış deputatları arasında olmuşdur.

   "Kommunist" qəzetinin 1950-ci il 5 mart tarixli sayında deputatlığa namizəd haqqında geniş məqalə dərc olunmuşdu. Məqalədən bəzi parçaları oxuculara təqdim edirəm:

   "Teymur Quliyev 1909-cu ildə Cəbrayıldakı iki sinifli kənd məktəbini qurtarandan sonra Qoridə müəllimlər seminariyasına daxil olur 1914-cü ildə buranı kənd müəllimi adı ilə qurtarır. O, həmin il Cəbrayıla qayıdaraq mərtəbdə müəllimlik edir. 1918-ci ildə Teymur Quliyev məktəbi tərk edib Culfa-Bakı dəmir yolu tikintisində işləməyə başlayır. Sonra o, Cəbrayılda poçtada çalışır eyni zamanda teleqrafçılıq ixtisasını öyrənir.

   Teymur Quliyev Azərbaycanda sovet hakimiyyəti qurulmasından bir neçə il əvvəl inqilab hərəkatında iştirak etməyə başlayır, müsəlman qoşun hissələri arasında təşviqat işi aparır. Müsavat hökuməti Teymur Quliyevi həbs etmək istəyir, lakin o, gizlənməklə yaxasını qurtarır.

   Azərbaycanda sovet hakimiyyəti qurulmasının ilk günlərində Teymur Quliyev Cəbrayıl inqilab komitəsinin sədri vəzifəsinə təyin olunur, Yoxsullar Komitəsinin sədrliyində çalışır, burada böyük siyasi mədəni aparır. Yoxsul yetim uşaqlar üçün onun rəhbərliyi altında ilk uşaq evləri yaradılır. Teymur Quliyev yoldaş 1920-ci ilin noyabr ayında Kommunist (bolşeviklər) Partiyası sıralarına girir Cəbrayılda partiya özəklərinin ilk təşkilatçılarından biri olur. Azərbaycan partiya təşkilatının həyatında fəal iştiriak edən Teymur Quliyev yoldaş özünü Lenin-Stalin partiyası işinə hədsiz dərəcədə sadiq olan mətin bir kommunist kimi göstərir. Partiya ona ən mürəkkəb ən məsul sahələrini tapşırır. 1921-ci ildə partiya Teymur Quliyevi əks-inqilabla mübarizə aparan fövqəladə komisyonda işləməyə göndərir. Teymur Quliyev yoldaşın həyatında inqilabi qəhrəmanlıq nümunələriylə dolu olan yeni bir dövr başlanır.

   Teymur Quliyev yoldaş 1923-cü ilə qədər Azərbaycan Fövqəladə Komisyonunun Qaryagin şöbəsində işləyir, sonra Azərbaycan Fövqəladə Komisyonu kollegiyasının üzvü təyin olunur. Burada o, ən məsul sahələrdən birinə rəhbərlik edir, əksinqilabçı quldur dəstələrinin antisovet qrupların darmadağın olunmasında fəal iştirak edir.

   Teymur Quliyev yoldaş 1929-cu ildə Dövlət Siyasi İdarəsi Lənkəran şöbəsinin rəisi vəsifəsində işləyir. 1930-cu ildə isə keçmiş Gəncə operativ bölməsinin rəisi vəzifəsinə təyin olunur. 1930-cu ilin may ayında T.Quliyev yoldaş Bakıya qayıdaraq, Azərbaycan Dövlət Siyasi İdarəsinin mərkəzi aparatında çalışır. 1934-cü ilin oktyabr ayında T.Quliyev yoldaş Ali Məhkəmənin xüsusi kollegiyasının sədrliyinə, 1936-cı ilin oktyabr ayında isə Azərbaycan SSR Ali Məhkəməsinin sədrliyinə təyin olunur. Bütün bu illər ərzində T.Quliyev yoldaş ölkəmizi məhkəmləndirmək sahəsində böyük aparır, sosialist vətənimizin düşmənlərinə qarşı amansız mübarizə edir.

   Lenin-Stalin partiyasının sədaqətli oğlu Teymur Quliyev yoldaş 1937-ci ilin noyabrında Azərbaycan SSR Xalq Komissarları Sovetinin, yəni indiki Nazirlər Sovetinin sədri vəzifəsinə irəli çəkilir. O, on iki ildən artıqdır ki, bu vəzifədə çalışır və Azərbaycan xalqının etimadını şərəflə doğruldur.

   T.Quliyev yoldaş Azərbaycan K(b)P-nin on dördüncü qurultayından başlayaraq Azərbaycan K(b)P MK Bürosunun və Bakı Partiya Komitəsinin üzvüdür. O, həmçinin ÜİK(b)P Mərkəzi Komitəsi Təftiş Komissiyonunun üzvüdür.

   Teymur Quliyev yoldaş partiya və hökumətin tapşırıqlarını sədaqətlə həyata keçirir, Sovet Azərbaycanında sənayenin, kənd təsərrüfatının, elm və incəsənətin inkişafına, Azərbaycanın qabaqcıl sosialist respublikasına çevrilməsinə yorulmadan çalışır, var qüvvəsini və bacarığını xalqa xidmətə sərf edir. Teymur Quliyev yoldaşın başçılıq etdiyi hökumət Böyük vətən müharibəsi illərində qələbəmizi təmin etmək üçün cəbhəni lazım olan hər şeylə arası kəsilmədən təchiz etmək uğrunda zəhmətkeşləri mübarizəyə səfərbərliyə almışdır. Müharibədən sonrakı dinc quruculuq illərində Sovet Azərbaycanı zəhmətkeşləri böyük Stalinin dahiyanə planlarını həyata keçirərək xalq təsərrüfatının və mədəniyyətin bütün sahələrində böyük müfəqqiyyətlər qazanmışlar. Bu işdə respublikanın Nazirlər Sovetininonun sədri Teymur Quliyev yoldaşın xidməti böyükdür.

   Vətənimiz T.Quliyev yoldaşın xidmətlərini yüksək qiymətləndirmişdir. O, üç dəfə Lenin ordenilə, birinci dərəcəli Vətən müharibəsi ordenilə, Azərbaycan SSR-in Qırmızı Əmək Bayrağı ordeni ilə, habelə "Qafqazın müdafiəsi üçün" və "1941-1945-ci illərin Böyük Vətən müharibəsində fədakar əməyə görə" medalları ilə təltif olunmuşdur.

   Sovet Azərbaycanı hökumətinin başçısı Teymur İmamqulu oğlu Quliyev yoldaş belə şanlı bir həyat yolu keçmişdir. Sovet hökuməti, bolşeviklər partiyası sadə bir kəndli oğlunu, təvazökar xalq müəllimini böyük dövlət xadimi vəzifəsinə qədər yüksəltmişdir"

   Əfsuslar olsun ki, Qori seminariyasının məzunu, xalq müəllimliyindən hökumət başçısı vəzifəsinədək yüksəlmiş dövlət xadiminin həyat fəaliyyəti son zamanlaradək kölgədə qalmışdı. Nəhayət, bu ədalətsizliyə ötən il son qoyulub. Bakıda "Elm" nəşriyyatı tərəfindən tarix elmləri doktoru Əli Məmmədovun "Teymur Quliyev (Tarixin izi ilə)" monoqrafiyası nəşr olunmuşdur. Kitabın "Teymur Quliyev ömür yolu" fəslində görkəmli dövlət xadiminin həyatına dair oxuculara geniş məlumat verilir.

   Teymur Quliyevin atası İmamqulu, anası Xeyrənsə Teymura və qardaşları Mürsəl və Cəmilə Cəbrayıl qəzasında üçillik məktəbdə təhsil almaqda qayğı və köməklik göstərmişlər. Quliyev Mürsəl rayon milis şöbəsinin rəisi, rayon İpəkçilik Birliyinin müdiri vəzifələrində çalışmış, yağ-süd idarəsində işləyərkən məsuliyyətə alınmış və həbsxanada vəfat etmişdir.

   Quliyev Cəmil Yevlax rayonunda neft bazasının müdiri vəzifəsində işləmişdir. O, Bakıdan geri qayıdarkən yol qəzası zamanı həlak olmuşdur.

   Teymur Quliyevin ilk həyat yoldaşı Mirzəcanlı kəndindən olan Bilqeyis xanımdır. Onun Bilqeyis xanımdan iki övladlı olub - oğlu İskəndər və qızı Minarə.

   Minarə uzun müddət Azərbaycan Yazıçılar İttifaqında işləmişdi. Minarə xanım yazıçı İmran Qasımovun həyat yoldaşı olmuşdur.

   Teymur Quliyev Nazirlər Sovetinin sədri işlədiyi vaxt üçüncü övladı - Svetlana doğulub.

 

   (əvvəli ardı var)

 

Teyyub Qurban

 

Ekspress.-2013.-8-10 iyun.-S.15.