İnternet mediasının tənzimlənməsi
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf
etdirilməsi
Azərbaycan müstəqqil ölkə olaraq internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra isə ilk internet media resursları yaranıb.
Qeyd edək ki, ölkəmizdə internet mediasının tənzimlənməsi ilə bağlı qanunvericilikdə ciddi problem yoxdur. Yəni, bu sektorun məzmun baxımından tənzimlənməsi üçün hər hansı qanunvericilik təşəbbüsünə ehtiyac olmayıb. Sadəcə, mövcud qanunları müəyyən qədər inkişaf etdirmək olar. Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı hesab edir ki, internet mediasının məzmun baxımından tənzimlənməsi ilə bağlı qanunvericilik bazası yetərlidir. Onun sözlərinə görə, Azərbaycanda internet mediasının texniki və infrastruktur baxımından tənzimlənməsi ilə bağlı qanunvericilik və təcrübə problemləri yoxdur.
İREX-Azərbaycan media təşkilatının hüquqşünası Ələsgər Məmmədli də internet mediasının qanunvericilikdə subyekt olaraq qəbul olunduğunu deyir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bu sahədə qanunvericiliklə bağlı ciddi problemlərin olduğunu düşünmür: "Rəsmi nümayəndələr çıxışlarında onu vurğulayırlar ki, internetdə hansısa zərərli informasiyalar, təhqirlər və digər bu kimi məsələlər yer alır və bu səbbədən tənzimləməyə ehtiyac var. Məncə, bu əndişələri əsas gətirib internet mediasını tənzimləmək cəhdində bulunmaq əsassızdır. Çünki bu məsələlərlə bağlı qanunvericilik var. "KİV haqqında" qanun, İnzibati Xətalar Məcəlləsinin, Cinayət Məcəlləsinin müvafiq maddələri, "Uşaq hüquqlarının müdafiəsi haqqında" qanunun müddəaları internetdə ortaya çıxacaq belə problemləri tənzimləməyə yetir. Ona görə də hesab edirəm ki, bu sahədə yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etmək internet mediasının fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib".
O.Gündüz ölkə rəsmilərinin beynəlxalq təcrübədən çıxış edərək tənzimləmə metodları təklif etdiklərini, amma bunun yanlış olduğunu bildirir: "Demokratik nəzarət mexanizmləri ilə bağlı fikirlər səslənir. Hətta bu mexanizmləri də Azərbaycana tətbiq etmək təhlükəlidir. Hansısa qurum yaradıb və ya hansısa quruma səlahiyyət verib internet mediasına nəzarəti ona həvalə etmək demokratik ənənəsi olan ölkələrdə problem yaratmaz".
Mütəxəssislərin bu fikirlərini müəyyən mənada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi də bölüşür. Nazir müavini Rüfət Gülməmmədov deyir ki, Azərbaycanda internet mediasının tənzimlənməsi sahəsində problem yoxdur: "Açığı, mən bilmirəm, söhbət nəyi tənzimləməkdən gedir. Avropanın belə internet mediasının tənzimlənməsi ilə bağlı standartı yoxdur. Hansı addımları atacaqlar, təklifləri nədir - məlum deyil. Azərbaycan internetin qlobal problemləri ilə məşğul olmur. Bunu müəyyənləşdirən böyük dövlətlər var. Hətta bu yaxınlarda informasiya cəmiyyəti üzrə dünya sammitində də bu məsələ müzakirə olundu və ortaq məxrəcə gələ bilmədilər. Çünki interneti tənzimləmək mümkün deyil. Əgər Avropada, dünyada hansısa standartlar qəbul olunarsa, biz də baxarıq, məqbul saysaq, həyata keçirərik. Hazırda mən Azərbaycanda buna ehtiyac görmürəm. İnternetdə təhqirə, qanun pozma hallarına gəlincə, bunun da həlli yolları var. Nə fərqi var ki, adam qanunu harda pozub - qəzetdə, ya saytda? Cinayət Məcəlləsinin müvafiq maddələri var, tədbirlər görülə bilər".
O.Gündüzün sözlərinə görə, Azərbaycanda internet mediası ilə bağlı yox, bu subyektin özünün problemləri var və diqqət ona yönəlməlidir: "Kritik anda bizim internet mediamız texniki baxımdan çökür. Gürcüstandakı müharibə, daha sonra Neft Akademiyasındakı hadisə zamanı gördük ki, internet mediası məzmun baxımından deyil, məhz texniki baxımdan fors-majora hazır deyil. Bu o deməkdir ki, münaqişə vəziyyətində olan Azərbaycanda sabah müharibə başlasa, bizim internet resurslarımız ona dözəsi halda deyil. Bu problem diqqətdə dayanmalı və mütləq müzakirə olunmalıdır".
MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin fikrincə, media qanunlarında internetlə bağlı müddəalar, hüquq varsa, bu, MTRŞ-yə aiddir: "Məsələ burasındadır ki, televiziya və radionu izləmə mexanizmi var, internetin izlənməsi mexanizmi yoxdur. Televiziyada və radioda qanun pozulursa, izlənir, tədbir görülür, internetdə isə bu, mümkün deyil. Ona görə də internet mediası tənzimlənməlidir".
Əslində internet mediasının texniki baxımından tənzimlənməsi məsələsində heç bir problem yoxdur, məzmun baxımından tənzimləmə isə söz azadlığı kontekstində həyata keçirilir. 1996-cı ildə hökumət "Kommunikasiyada əxlaq qanunu" qəbul edərək internetə müdaxiləyə çalışıb. Lakin qanun ifadə azadlığı baxımdan konstitusiyaya zidd sayılıb və ləğv olunub. Məhkəmə qərarında internetin düşüncələrin sərbəst dolaşdığı məkan olduğu, ona televiziya kimi baxmağın və dövlət tərəfindən müdaxilənin yolverilməzliyi vurğulanıb. 2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda baş verən terrordan sonra ABŞ-da internetlə bağlı sərt təhlükəsizlik tədbirləri gündəmə gəlib. Həmin ildən Vətənpərvərlik qanunu ilə internetdəki məlumatların izlənməsi qanuniləşdirilib. Almaniyada internet mediası ilə bağlı ayrıca qanun yoxdur və geniş yayılmış fikir bundan ibarətdir ki, mövcud qanunlar bu sahəni tənzimləmək üçün kifayətdir. Amma 1997-ci ildə Almaniyada 16 əyalətin iştirakı ilə media xidmətləri haqqında rəsmi müqavilə (MDStV) imzalanıb və bu müqavilə internet mediasının da fəaliyyətini tənzimləyir. Həmin müqaviləyə görə, əyalətlərin mətbuat qanunlarında yazılı mətbuat üçün qoyulan impressium şərti internet mediası üçün də keçərlidir - yəni hər bir sayt sahibi yayıma məsul olan ən azı bir nəfərin adını, soyadını və ünvanını göstərməlidir. Həmin şəxs saytdakı bütün məlumatlara görə məsuliyyət daşıyır. Eyni zamanda, sənədə görə, bütün hüquqi və fiziki şəxslər internet mediasında haqlarında yer alan məlumatlara cavab vermək və ya onları düzəltmək haqqına malikdir. Avstraliyada internetin tənzimlənməsi həm federal səviyyədə, həm də əyalətlər səviyyəsində qanunlara əsaslanır. Şikayətlərə baxan federal subyekt mövcuddur və bu subyekt yalnız hostinq və server xidmətlərini təmin edənlər üçün keçərlidir, saytın məzmununa cavabdeh olanlara aid deyil. Böyük Britaniyada internetlə bağlı ayrıca qanun mövcud deyil. 1996-cı ildə internetdə qanuna uyğun olmayan məzmunla mübarizə məqsədilə İnternet Müşahidə İdarəsi adlı qeyri-hökumət təşkilatı yaradılıb. Təşkilatın internetdə gedən materiallardan vətəndaşların fərdi şəkildə şikayət edə bilməsi üçün yardım-məsləhət xətti (hotline) var. Həmin xətlə təşkilata daxil olan məlumat, onun qanuna uyğun olub-olmadığı araşdırılır, daha sonra materialın çıxış nöqtəsi müəyyənləşdirilir və İngiltərə polisinə bildiriş göndərilir. Britaniyada dövlət sirri haqqında qanunlar internetə də tətbiq olunur. Təhqirə qarşı da qanun var Çində tənzimləmə əsil senzura xarakteri daşıyır. Saytlar süzgəcdən keçirilir. Sərt süzgəc sistemi 1996-cı ildən tətbiq edilir. Qərb saytlarına, Tayvandan yazan və hökumətə müxalif olan portallara güzəşt yoxdur - belələrini dərhal bağlayırlar. Səudiyyə Ərəbistanında internet mediası üzərində senzura hökm sürür. 1999-cu ildən internetə çıxış bir mərkəzdən həyata keçirilir. Dövlət siyasi və ya dini səbəbdən uyğun hesab etmədiyi saytlara çıxışı bu mərkəz vasitəsilə bağlayır. Vyetnamda hakimiyyəti tənqid edən xəbər saytlarına, mühacirətdə olan müxalifət partiyalarının və beynəlxalq hüquq müdafiəsi təşkilatlarının saytlarına giriş qadağandır. Bundan başqa, internetdə ifadə azadlığını müdafiə edənləri həbs gözləyir. İranda dövləti tənqid edən, qadın haqlarını dəstəkləyən saytlara, bloqlara qadağalar var. "Youtube.com"a giriş yasaqdır. Müstəqil media, vətəndaş cəmiyyəti və insan haqları ilə bağlı saytlar süzgəcdən keçirilir. İran bloq yazarlarının ən çox həbs olunduğu ölkələr sırasındadır. Kubada internetə giriş dövlət nəzarətində olan bir xətdən keçir. İstifadəçi girişini ləğv etməkdən tutmuş saytı tam bağlamağa qədər bütün "təmzimləmə metodlarından istifadə olunur. Suriya, Şimali Koreya da interneti bu şəkildə "tənzimləyir".
Kanada, Danimarka, Norveç kimi ölkələrdə internetin məzmunu heç bir şəkildə tənzimlənmir.
Hər sahədə təcrübəsinə istinad etdiyimiz Türkiyədə internet mediasının texniki tənzimlənməsində ciddi problem mövcud deyil. Bu ölkədə kommunikasiyanın digər sahələri kimi internet sektoru da sürətlə inkişaf edir. Amma internet məzmunu baxımından xeyli problem var. Beynəlxalq internet hüququ üzrə ekspert olan Yaman Akdəniz Türkiyənin internet baxımından inkişaf etməkdə olan ölkə sayıldığını, amma məzmuna müdaxilə məsələsində ciddi problemlərin olduğunu deyir. Onun sözlərinə görə, Türkiyədə internetdə dövlət məmurları və siyasətçilərə dair məlumatların, dövlətçilik dəyərlərini aşağılayan ifadələrin yayılmasına, irqçilik və terror təbliğatının aparılmasına yönəlik fəaliyyət göstərən saytlara əngəlləmə və süzgəc tətbiq edilir. Türkiyədə internet 1996-97-ci illərdə yayılmağa başlayıb. 1997-ci ilin sonlarına doğru xəbər portalları və tematik saytların sayı artmağa başlayıb. 2000-ci ildə yaşanan iqtisadi böhran nəticəsində işsiz qalan professional jurnalistlərin də alternativ media adlanan internet sektoruna transferi ilə bu sahədə xüsusi canlanma yaranıb. Bu baxımdan Y.Akdəniz hesab edir ki, internetdə yol verilən cinayətlərlə bağlı dövlətin inzibati metodları işə yaramır və Türkiyədəki 5651 saylı qanun da effektiv deyil: "Əgər internetdə cinayət baş veribsə, bunun üçün əlavə qanun qəbul etməyə ehtiyac yoxdur, mövcud qanunvericilik də həmin cinayətlə bağlı cəza tədbirlərinin görülməsinə imkan verir".
Türkiyənin "gerçekgundem.com saytının sahibi və redaktoru Barış Yarkadaş da eyni düşüncədədir. O da hesab edir ki, saytların qapadılması, məhdudiyyətlərin gətirilməsi problemləri həll etmədiyi kimi, internet mediasının inkişafına da zərbə vurur. B.Yarkadaş Türkiyədə internetdəki məzmun problemləri ilə bağlə mübarizə metodunun düz olmadığını düşünür: "Məsələn, Türkiyə Atatürkü təhqir edən videolar yayımladığı üçün "youtube.com" saytına girişi qadağan edib. Halbuki inkişaf etmiş ölkələrdə belə məsələlər olduğu zaman məhkəmə o videonun qaldırılmasına qərar verir və yazılar, videogörüntülər, şərhlər silinir. Kimsənin də o bilgilərə çıxışına icazə verilmir. Amma Türkiyə problemi kökündən həll etdi - saytı qapatdı".
B.Yarkadaş hesab edir ki, dövlət internet mediasını qaydaya salmalıdır, sadəcə, bu tənzimləmə məhdudiyyət və nəzarət şəklində olmalı deyil, əksinə, internet mediasını təmsil edənlərin hüquqlarının qorunması istiqamətinə yönəlməlidir: "Türkiyədə internet hüququna dair qanun yoxdur. İnternetdə bir problem olduğu zaman o, mətbuat haqqında qanuna istinad edilməklə həll olunur. Bu isə çox zaman yanlış qərarlara, yanlış nəticələrə gətirib çıxarır. Ona görə də biz hesab edirik ki, internet mediası digər media növlərindən ayrılmalıdır. Dünya təcrübəsindən göründüyü kimi interneti və internet mediasını tənzimləmək o qədər də asan məsəslə deyil. Ancaq nəticə etibarilə bütün ölkələrdə internet mediasına münasibət demokratiyaya, söz və fikir azadlığına, informasiya əldə etmək hüququna münasibətə paraleldir".
Ulduzə QARAQIZI
Ekspress.-2013.-14 iyun.-S.9.